Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-364/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-253/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.
2. xx.xx.2020-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” nəqliyyat vasitəsi ilə ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı nəqliyyat vasitəsi toqquşmuşdur.
3. Hadisə nəticəsində X2 və X6 sağlamlıqlarına xəsarətlər yetirilmişdir.
4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli sığorta aktlarına əsasən 4000 manat məbləğində sığorta ödənişi X3 və X7 ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 4000 manat məbləğində ziyanın və ödənilmiş 60 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidməti xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” nəqliyyat vasitəsi ilə ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində X2 və X6 sağlamlıqlarına xəsarətlər yetirilmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən 2500 manat məbləğində sığorta ödənişinin ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı nəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixli sığorta aktlarına əsasən X4 və X6 sağlamlıqlarına dəymiş xəsarətlə bağlı 1500 manat sığorta ödənişi həyata keçirilmişdir.
7. X8 ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə PGU********** nömrəli icbari sığorta müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X5 məxsus “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur.
8. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəbə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli № 641 saylı ekspert rəyindən görünür ki, Q.B.Məhərrəmovun bədəni üzərində sol körpücük sümüyünün akromial ucunun natamam çıxdığı aşkar edilmiş. Qeyd olunan xəsarət küt əyşa təsirindən onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətdən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.
9. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 8/924 saylı Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, G.M.Məhərrəmovanın bədəni üzərində alının əzilmiş yarası və sıyrığı, sağ dizin qançırı aşkar edilmiş. Qeyd olunan xəsarətlər küt əyşa təsirindən onun 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciətdən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.
10. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Buzovna qəsəbəsi, K.Axundov küçəsində sürücü Cavabdeh2 idarə etdiyi “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü X7 məxsus ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı avtomobillə toqquşmuş və nəticədə X11 və oğlu X2 bədən xəsarətləri alaraq xəstəxanaya müraciət etmişlər. Cavabdeh2 qeyd edilən əməlində cinayət tərkibi olmadığı olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, o, X16 Qanunun tələblərini pozaraq İXM-nin 332.4-cü maddəsinin tərkibinin əlamətləri olduğu üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin DYPŞ-nın Xəzər rayon Məhkəməsinə göndərilmişdir. X6 əməlində Azərbaycan Respublikası İXP-nin 327.1-ci maddəsində tərkib əlamətləri olduğundan qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin DYPŞ-yə göndərilmişdir.
11. İş materiallarında olan yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində sürücü Cavabdeh2 məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı və sürücü X7 məxsus ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı avtomobillərə baxış keçirilmişdir.
12. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından və ödəniş tapşırıqlarının surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X7 750 manat zərər dəymiş və dəymiş ziyana görə 750 manat ödənilmişdir.
13. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından və ödəniş tapşırıqlarının surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 750 manat zərər dəymiş və dəymiş ziyana görə 750 manat ödənilmişdir.
14. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Hermes Avto MMC-nin bank hesabına 2500 manat köçürülmüşdür.
15. İş materiallarında olan ƏN-Vİİ 286454 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı etibarnamə üzrə səlahiyyətləri Cavabdeh2 vermişdir.
16. İş materiallarına əlavə edilmiş AD seriyalı, 160556 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı avtomobilin mülkiyyətçisi X9r.
17. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-253/2022 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat və bank xidməti xərcləri kimi ödənilmiş 0,40 (qırx qəpik) manat pulun müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2020ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 idarə etdiyi “Toyota Vitz” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu həmin avtomobilə və avtomobildə olan sərnişinlərin sağlamlığına zərər dəymişdir. Onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında icraat aparılmışdır. "xxxx" ASC tərəfindən “Toyota Vitz” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2500 manat zərər və həmin avtomobilin sərnişinləri X4 və X1 dəymiş zərərə görə 1500 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh2 qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır.
19. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1. 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci, “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3, 25.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv edilərək subroqasiya qaydasında 4000 (dörd min) manat pul tələbinin ona aid olan hissədə rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində avtoqəza hadisəsini Cavabdeh2 törətmişdir. Avtoqəza nəticəsində zərərçəkmiş şəxslər olan Q.B.Məhərrəmov və G.M.Məhərrəmova qısamüddətli yüngül xəsarətlər almışlar və onlar hadisəni törədən şəxs Cavabdeh2 şikayətçi olmadıqlarına görə cinayət işinin başlanması rədd edilmişdir. Bununla bağlı həm “Mersedes Benz 190” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə, həm də “Toyota Vitz” markalı, **-LO-*** nömrəli avtomobilini idarə edən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilmişdir. Deməli baş vermiş həmin avtoqəza hadisəsində günahkarlar yalnız bu iki şəxslərdir. Avtomobillərdən biri onun mülkiyyətində olsa da, o, həmin hadisəni törədən şəxs deyil. Əgər Cavabdeh2 avtoqəza hadisəsini törədərkən həmin avtomobili səlahiyyyət müddəti bitmiş etibarnamə ilə və yaxud səlahiyyət müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə edibsə, bu zaman bütün hallarda təqsirkar yalnız və yalnız onun özüdür. Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 253/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 936.1-ci, 936.2-ci, 936.5-ci, 1096-cı, 1097.1-ci maddələri düzgün tətbiq olunmamışdır. Bundan əlavə, sözügedən qətnamədə “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü və 25.2-ci maddələri isə düzgün tətbiq edilməməklə yanaşı, həm də düzgün təfsir edilməmişdir. Mülkiyyətində olan əmlakla kimsə hansısa hadisəni törədibsə, bu zaman əmlakın mülkiyyətçisi olan şəxs günahkar deyildir, hadisəni törədən şəxsin özü günahkardır. Əmlak avtomobildirsə, onu idarə edən şəxsin özü avtomobili idarə etmək üçün ona verilmiş etibarnamənin müddətini vaxtında uzatdırmalıdır, sürücülük vəsiqəsinin müddəti bitibsə yenə də həmin şəxs özü onun müddətini uzatdırmalıdır və sair.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
28. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
31. Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
32. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
38. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
43. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-253/2022 saylı qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
46. İş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 idarə etdiyi “Toyota Vitz” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu avtomobilə və avtomobildə olan sərnişinlərin sağlamlığına zərər dəymişdir. "xxxx" ASC tərəfindən “Toyota Vitz” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2500 manat zərər və həmin avtomobilin sərnişinləri X4 və X1 dəymiş zərərə görə 1500 manat sığorta ödənişi edilmişdir.
47. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödənilmiş sığorta ödənişi məbləğini subroqasiya hüququ (geriyə tələb) qaydasında tələb etmək hüququ yaranmışdır. Sığorta şirkəti dəymiş zərərin əvəzini zərərvuran şəxsə ödədiyindən, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçir və onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranır.
48. İşdən görünür ki, “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, etibarlılıq müddəti 1 il olan xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 istifadəsində olmuşdur. Göründüyü kimi avtomobil hadisə baş verən vaxt Cavabdeh2 istifadəsində olmuşdur.
49. Hadisə baş verən zaman Cavabdeh1 mülkiyyətində olmuş avtomobil qanuni əsaslarla digər bir şəxsin sahiblik və istifadəsində olmuşdur. Bu da həmin an avtomobilin Cavabdeh1 sahibliyindən qanuni əsaslarla çıxdığı qənaətini qaçılmaz etməklə, onun baş vermiş yol nəqliyyat hadisəsinə görə maddi məsuliyyət daşımasını istisna edir.
50. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
51. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi Cavabdeh1 aid hissədə əsassız olmuş və birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəldiyi nəticə isə düzgün olmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(074)-253/2022 saylı qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.