Məhkəmə qərarları › İş №2(105)-3646/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3646/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3646/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(060)-6930/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(060)-6930/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə qismən təmin edilib, cavabdeh X1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(060)-6930/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(060)-6930/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şəxsiyyətini, şərəf və ləyaqətin alçaldılmasına görə vurulmuş mənəvi ziyan olaraq 50.000 manat məbləğində pulun, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclərə görə vurulmuş 100 manat məbləğində maddi ziyanın, cəmi 50.100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh Nəsibillu oğlunun əməlində cinayət tərkibi aşkar edildiyi təqdirdə barəsində cinayət işi başlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xalası oğludur. Cavabdeh son illərdə onların evinə daha çox gediş-gəliş etmiş, hətta bəzən onların evində qalmış və o, xalası oğlu olduğu üçün onun bu hərəkətlərindən şübhələnməmişdir. Daha sonra uşaqları ona bildirdikdən sonra xalası oğlu Rasifin onun həyat yoldaşı ilə birgə uşaqların gözü qarşısında qeyri-etik hərəkətlərə yol verərək ona xəyanət etdiyini, Rasifin bununla həyat yoldaşı Gülananı şantaj edərək əli ilə anasına məxsus qızıl-zinət əşyalarını oğurlayaraq mənzildən apardığını öyrənmişdir. Bunu hər iki övladı təsdiq edə bilər. Ona görə də cavabdeh X2 qarşı «nikahın pozulması və uşağın atanın yanında qalması tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hərəkətlərindən xəbər tutmamışdan öncə və sonra Cavabdeh ona və həyat yoldaşı Gülana Qədirovaya qarşı şantaj xarakterli hərəkətlərə yol verərək, onun çimdiyi yerdə və ayaqyolunda pis vəziyyətdə videogörüntülərini çəkərək (həmin videogörüntü bir il youtube sosial şəbəkəsində qalmışdır), daha sonra onun şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan video görüntüləri (hansı ki həmin videogörüntü üç il youtube sosial şəbəkəsində qalmışdır) sosial şəbəkələrə qoymuş, insanlarla paylaşmışdır. Onun qonşuları, dostları həmin video görüntüyə baxmış və sonda onu bundan xəbərdar etmişlər. Belə ki, səhhəti ilə bağlı bunu ondan gizlədərək sonradan bildirmişlər. O, Cavabdeh öz iradlarını bildirsə də, nəticəsi olmamış, Cavabdeh videogörüntləri sosial şəbəkələrdən götürməmişdir. Daha sonra Cavabdeh onu və anasını öldürməklə hədələmiş, həyat yoldaşını şantaj etmiş, daha da azğınlaşaraq anasının yanında 12 yaşlı qız övladını pis-pis sözlərlə söyüb və uşağın üzünə anasının yanında «böyüt ona da təcavüz edərəm və arvadım kimi saxlayaram» sözlərini demiş, onun, anasının, qızının əsəb, sarsıntı, stress keçirməsinə səbəb olmuşdur. Bundan başqa, 5 dəfə bıçaqla evilərinə hücum çəkərək, anasını və onu öldürməklə hədələmişdir. Həyat yoldaşı Gülana Qədirovadan şantaj yolu ilə ondan boşanmasını tələb etmiş, əks halda telefonunda Gülanaya məxsus görüntüləri ona, Gülananın atasına və anasına göndərəcəyi ilə hədələmişdir. Ona görə də AR 102 Mərkəzi Məlumat xidmətinə də mobildən zəng edərək müraciət etmişdir. Anası ondan bu hərəkətlərə son qoymasını, iki qız övladına görə oğlunun ailəsinin dağılmaması üçün 1000 manat pul müqabilində gəlinini şantaj etməməsini Cavabdeh xahiş etmiş, ona yalvarmışdır. Cavabdeh öz hərəkətlərindən əl çəkməmiş, hətta bildirmişdir ki, həmin vidogörüntülər silinsə də, yaddaş kartında saxlamışdır, istədiyi vaxt təqdim edəcəkdir. Bu günə qədər həmin videoların nədən ibarət olmasını bilməsə də, Gülana həmin videogörüntüləri atası və anasına göndərməməsini yalvararaq Cavabdeh xahiş etmiş və ondan boşanacağını bildirmişdir. Göstərdiyi səbəblərdən onun ailəsi tamamilə dağılmış, özü intihar etmək dərəcəsinə çatmış, 9-cu mərtəbəyə çıxaraq hətta özünü atmaq istəmişdir. Qonşuların müdaxiləsindən sonra fikrindən dönmüşdür. Bunu təsdiq edən çoxsaylı şahidləri vardır. Cavabdeh onun şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan video görüntüləri sosial şəbəkələrə qoyaraq, paylaşdığı üçün, əlacsız qalıb anası sahə müvəkkilinə bildirsə də, şikayət ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, qeyd etdiyiniz xüsusatlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin TŞ-nin 23 aprel 2021-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarından da görünür ki, izahatı alınmış Cavabdeh youtube sosial şəbəkəsində xalası oğlu İbrahimi 3 il əvvəl zarafat etmək məqsədi ilə video yerləşdirdiyini etiraf etmiş, guya özünün bundan narazı olmadığını qeyd etmişdir. Halbuki, onun həmin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan həmin videogörüntüdən ümumiyyətlə xəbəri olmamış, həmin videogörüntülər barədə o, sonradan dost-tanışlardan, qonşulardan eşidib, xəbər tutaraq baxmışdır. Bundan başqa keçirdiyi əsəb və stressdən iflic keçirdərək xəstəxanaya düşmüş və xəstəxana şəraitində 12 gün, ev şəraitində bir ay müalicə olunmuşdur. Hesab edir ki, Cavabdeh onun şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan videoları sosial şəbəkələrdə paylaşmaqla, onu özünü intihar həddinə çatdırmaqla, ona mənəvi ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 10 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 10 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddia tələbindən görünür ki, cavabdeh 2018-ci ildən öz dediyi kimi 2021-ci ilin bir neçə ayınadək youtube sosial şəbəkəsində musiqi fonunda üzərində nalayiq söz yazılmış iddiaçıya məxsus fotoşəkillər paylaşmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdeh izahatında həmin faktı (videoçarxda səslənən musiqi insan ləyaqətini alçaldan, cinsi azlıq kimi təqdim edən musiqidir, eləcə də fotoşəkil üzərində alt yazı olaraq yazdığı söz inanın şərəf-ləyaqətini alçaldan sözdür) təsdiq etmişdir. Bundan başqa, iddianın əsası olaraq iddiaçı tərəfindən təqdim edilən və tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilən videodiskə baxış zamanı cavabdeh tərəfindən youtube sosial şəbəkəsində musiqi fonunda üzərində nalayiq söz yazıldığı iddiaçıya məxsus fotoşəkillərin paylaşıldığı, səslənin musiqinin sözlərinin nalayiq sözlər olduğu və həmin videoçarxa 151 sayda baxış olduğu müəyyən edildi. Birinci instansiya məhkəməsi qətnamə Azərbaycan Respublikası adından çıxarılan rəsmi akt olmaqla burada qeyri-etik söz, fikir və ifadələrin ifadə olmasını məqsədə müvafiq deyildir. Bu baxımdan məhkəmə sözügedən videoçarxda nümayiş olunan iddiaçının şərəf və ləyaqətin alçaldan sözləri məhkəmə aktında qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibai və s. hüquq pozuntularında) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmçinin qeyd olunan Plenum Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsi mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən davranış şəxsiyyət haqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən qanun normalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Cavabdeh həmin hərəkətləri etməklə iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini dərk etmiş, bunu arzu edərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Bu hal cavabdehin izahatında göstərdiyi fikirlərlə də öz təsdiqini tapır. Digər tərəfdən, cavabdeh iddiaçıya yönəlmiş mübahisləndirilən davranışı ilə iddiaçının şərəf və ləyaqətini alçaldaraq sonuncuya mənəvi zərər yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab etmişdir ki, cavabdehin iddiaçının ünvanına sosial şəbəkədə, geniş kütlənin izləmək imkanın olduğu məkanda şərəf və ləyaqəti alçaldan nalayiq ifadələr işlətməsi iddiaçıya mənəvi zərər vurması qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. MM-nin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı göstərmişdir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Birinci instansiya məhkəməsi sadalanan hallara istinad edib, cavabdeh tərəfindən iddiaçının ünvanına işlədilmiş ifadələrin ağrlığını, keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası iddia ərizəsinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh X1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(060)-6930/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar