Məhkəmə qərarları › İş №2(105)-3675/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3675/2021

29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3675/2021 29.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı1, Cavabdeh: Cavabdeh, 3-cü şəxs: X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı1 xeyrinə 5100 (beş min yüz) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması ilə bağlı ödənilmiş 5100 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 Quba rayonu İ-Nügədi İƏD üzrə Almaz Qazmaları kəndində yaşayır. X11 ilə birlikdə meyvətərəvəz alveri etmək məqsədilə avtomobil almaq istəmişdir. İnternetdə maşın axtardığı zaman VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilin satıldığını görmüşdür. Lakin avtomobil almağa pulu olmadığı üçün o, qohumu İddiaçı2 ona avtomobil almaq üçün ona borc pul verilməsini xahiş etmişdir. Həmin avtomobili almaq üçün qohumu İddiaçı2 5100 manat məbləğində borc pul almışdır. O, cavabdehlə razılaşdığı üçün İddiaçı2 borc aldığı 5100 manat pulu Cavabdeh vermişdir. Bundan sonra Sumqayıt şəhər 01 saylı notariat ofisinə gedərək cavabdeh avtomobili ona satmasını bildirən ƏV-Vİl 284371 nömrəli etibarnamə vermişdir. O, həmin avtomobili yaşadığı Quba rayonu Almas Qazmalar kəndinə gətirmişdir. Lakin həmin günün səhəri avtomobildə nasazlıq olduğunu görüb, həmin nasazlıqların düzəldilməsinin çox çətin olması səbəbindən avtomobili satmaq qərarına gəlmişdir. Ona görə də avtomobili internetdə satışa qoymuşdur. Bu zaman Elməddin Əliyev adlı şəxs ona zəng edərək avtomobilin ona məxsus olduğunu və verilmiş etibarnamənin Cavabdeh tərəfindən ləğv edildiyini bildirmişdir. O da artıq cavabdeh tərəfindən aldadıldığını bildiyi üçün alqısatqı faktının baş tutması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)-1045/2021 saylı qətnaməsi ilə onun cavabdehlər X5 və Cavabdeh Fərzalı oğluna qarşı alqı-satqı faktının baş tutması tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, E.Ə.Əliyevin İddiaçı1 qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, E.Ə.Əliyevə məxsus VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı1 alınaraq E.Ə.Əliyevə verilməsi qət edilmişdir. Beləliklə, göründüyü kimi avtomobilin alınması ilə bağlı 5100 manat məbləğində pul versə, avtomobili alsa da faktiki olaraq avtomobilinə mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olmuşdur. Cavabdeh onu aldadaraq E.Əliyevə məxsus avtomobili ona sataraq ondan 5100 manat məbləğində pul almışdır. Hazırda İddiaçı2 aldığı 5100 manat məbləğində pulu qaytara bilmir. Cavabdeh isə ona olan borcunu qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, maşın alqı-satqısı ilə məşğuldur. 2021-ci ildə Orxan adlı şəxsdən 4000 manata VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan 1200 manat xərc çəkib maşını təmir etdirmişdir. Sonradan həmin avtomobili təcili şəkildə pul lazım olduğundan 5100 manata iddiaçı Romikə satmışdır. Bundan sonra notariat kontorunda onun adına etibarnamə vermişdir. Etibarnamənin ləğv olunmasından onun xəbəri olmamışdır. O, aralarında olan razılaşmaya əmək edərək, maşını iddiaçıya satmışdır və ona 16 may 2020-ci ildə etibarnamə vermişdir. Yəni üzərinə düşən öhdəliyi icra etmişdir. 08 iyun 2020-ci ildə isə Elməddin adlı şəxs etibarnaməni ləğv etdirmişdir. Belə olan halda iddianın təmin olunması və 5100 manat pulun ondan tutulması tamamilə qanunsuz ıə əsassızdır. İddiaçı ona verdiyi etibarnamə əsasında maşını öz adına sənədləşdirməmişdir. Avtomobil ondan alındıqdan sonra isə ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, qanunun tələbinə əməl etmişdir. Hazırkı vəziyyətdə iddia tələbinə cavab verən şəxs o yox, Elməddin Əliyevdir. Çünki qeyd etdiyi kimi etibarnaməni o, ləğv etdirib. Məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(060)-5459/2021 saylı qətnaməsini ləğv edib, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. 3-cü şəxs E.Ə.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya avtomobilin qanunsuz satılması nəticəsində borcunun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş ƏN-Vİİ 284371 saylı etibarnamədən görünür ki, Cavabdeh VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilə dair 16.05.2020-ci il tarixdə İddiaçı1 etibarnamə vermişdir. Etibarnamə 9 ay 1 gün müddətinə, 17.02.2021-ci il tarixədək verilmişdir. İşdə olan ƏN-Vİİ 218113 saylı etibarnamənin surətindən görünür ki, X7 VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilə dair 23.02.2020-ci il tarixdə Cavabdehə etibarnamə vermişdir. Etibarnamə 11 ay 25 gün müddətinə, 17.02.2021-ci il tarixədək verilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)- 1045/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 cavabdehlər E.Ə.Əliyev və Cavabdeh qarşı alqısatqı faktının baş tutması tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, E.Ə.Əliyevin İddiaçı1 qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, E.Ə.Əliyevə məxsus VAZ 21099 markalı 90-VG369 qeydiyyat nişanlı avtomobilin İddiaçı1 alınaraq E.Ə.Əliyevə verilməsi qət edilmişdir. İşdə olan 01.06.2021-ci il tarixli 236 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı1 iddia ərizəsinin yazılması ilə bağlı Quba Asan Vəkil bürosu tərəfindən hüquqi yardım göstərilmiş, 108039 saylı qəbzə əsasən İddiaçı1 tərəfindən Quba Asan Vəkil bürosuna 50 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Cavabdeh tərəf qətnaməyə etirazını İddiaçı1 verilmiş etibarnamənin ləğv edilməsində təqsirinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin bu hissədə qətnaməyə etirazının dəlilini qəbul etmir. Belə ki, Mülki Məcəllənin əsassız varlanma haqqında müddəalarında hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş - varlanmış şəxsin əldə etdiklərini qaytarmaq üçün təqsirinin olması zəruri hal kimi nəzərdə tutulmamışdır. Deməli məhrumolana dəymiş ziyanın əvəzinin ödənilməsi üçün əsassız varlanan şəxsin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası İddiaçı1 iddiasının təmin edilməsi, Cavabdehdən 5100 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə İddiaçı2 iddiasına münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına görə 5100 manat məbləğində pul şəxsən İddiaçı1 tərəfindən Cavabdeh verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı2 tələb olunan pul məbləğinə dair hər hansı mübahisə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, onu bu barədə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 14 sentyabr 2021-ci il tarixli 2(060)- 5459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar