Məhkəmə qərarları › İş №2(105)-368/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-368/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-368/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Abşeron rayon 1 saylı Dövlət notariat ofisinə qarşı mülki iş üzrə (Açar söz: icra qeydinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinin Xüsusi notariusu X3 tərfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli, 8İ-17564 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023-cü il tarixində reyestr nömrəsi 8İ-17564 olan icra qeydi tərtib edilmiş, həmin icra qeydi icra olunması üçün Abşeron rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra qeydində "xxxx" ASC-nin xeyrinə İddiaçındən DCL00297772-02 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32.746,48 (otuz iki min yeddi yüz qırx altı manat 48 qəpik) manat pulun tutulması qeyd edilmişdir. Bundan əlavə borclu İddiaçı MMC-dən 12.707,73 (on iki min yeddi yüz yeddi manat 73 qəpik) manat məbləğində cərimə, penya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, ümumlikdə 45.479,21 (qırx beş min dörd yüz yetmiş doqquz manat 21 qəpik) manat məbləğində pulun tutulmalı olduğu qeyd edilmişdir. 15 dekabr 2023-cü il tarixində Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhz belə bir qərarın varlığından 28 dekabr 2023-cü il tarixində xəbər tutmuşlar. 30 dekabr 2023-cü il tarixində rəsmi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək icra qeydinin surətini almışdır. Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023-cü il tarixində tərtib edilmiş icra qeydinin heç bir hüquqi əsası yoxdur. Belə ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında imzalanmış olan DCL00297772-02 nömrəli müqaviləyə əsasən Borclu tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmişdir. Tələbkar "xxxx" ASC tərəfindən hesablanmış olan əsas borc məbləği və həmin məbləğə hesablanmış cərimə və penya məbləği həddindən artıq şişirdildiyi üçün yaranmış olan ümumi borc məbləği mübahisəli bir məbləğdir. Borclu ilə tələbkar arasında daha əvvəlcədən alınmış olan kredit məbləği ilə bağlı borclu tərəfindən aparılan ödənişlərin əsas və faiz məbləğindən silinməsinin düzgün formada aparılmaması ilə bağlı mübahisəsindən notariat orqanının xəbəri ola bilməzdi. Sadəcə bildirişə cavab verilməməsi borcun mübahisəsiz olması ilə nəticələnməməli idi. Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023cü il tarixində tərtib edilmiş icra qeydinin ləğv edilməsi üçün 09 yanvar 2024-cü il tarixində ona rəsmi qaydada müraciət etmişlər. Maraqlı olan haldır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən qeyd edilən müraciətə cavab verilməmişdir. Daha sonradan həmin icra qeydi icra edilməsi məqsədi ilə Abşeron rayon icra və Probasiya Şöbəsinə həvalə edilmiş və həmin şöbənin icra məmuru X1 tərəfindən 15 dekabr 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə sonuncunun imzalamış olduğu 08 sentyabr 2021-ci il tarixli DCL00297772-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 79.405,00 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində illik 17% həddində olmaqla 12 (on iki) ay müddətinə kredit xətti açılmışdır. Həmin kredit xəttinə əsasən verilmiş olan kredit xəttinə illik 32% (gündəlik 0,0889%) olmaqla cərimə faizinin hesablanacağı qeyd olunmuşdur. Tərəflər arasında imzalanmış kredit xətti müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-dən 09 sentyabr 2021-ci il tarixində 43.000 (qırx üç min) manat, 10 sentyabr 2021-ci il tarixində 17.500 (on yeddi min beş yüz) manat, 12 oktyabr 2021-ci il tarixində 1.440,00 (bir min dörd yüz qırx) manat olmaqla, ümumlikdə 61.940,00 (altmış bir min doqquz yüz qırx) manat pul vəsaiti kredit olaraq cəlb edilmişdir. 2021-ci ildə ümumlikdə İddiaçı MMC tərəfindən "xxxx" QSC-nə 2.572,49 (iki min beş yüz yetmiş iki manat 49 qəpik) manat pul vəsaiti ödənilmişdir ki, bu vəsaitin tamamı "xxxx" ASC tərəfindən faiz borcuna silinmişdir. 2022-ci il tarixində ümumlikdə İddiaçı MMC tərəfindən "xxxx" ASC-nə 10.714,60 (on min yeddi yüz on dörd manat 60 qəpik) manat pul vəsaiti ödənimişdir ki, bunun 298,53 (iki yüz doxsan səkkiz manat 53 qəpik) manat hissəsi əsas borcdan, 7.897,32 (yeddi min səkkiz yüz doxsan yeddi manat 32 qəpik) manat faiz borcundan, 2.518,75 (iki min beş yüz on səkkiz manat 75 qəpik) manat cərimə borcundan silinmişdir. 14 sentyabr 2022-ci il tarixində qabaqcadan ödəniş qaydasında edilən ödəniş bank tərəfindən tamamilə cərimə borcu olaraq silinmişdir. Həmçinin 31 oktyabr 2022-ci il tarixində qabaqcadan ödəniş şəklində həyata keçirilən 2.190,00 (iki min yüz doxsan) manatlıq ödəniş tam şəkildə cərimə borcuna silinmişdir. 2023-cü il tarixində 28 avqust 2023-cü il tarixinə qədər 30.816,99 (otuz min səkkiz yüz on altı manat 99 qəpik) manat pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir ki, bunun 28.894,99 (iyirmi səkkiz min səkkiz yüz doxsan dörd manat 99 qəpik) manat pul vəsaiti əsas borcdan, 1.922,00 (bir min doqquz yüz iyirmi iki) manatlıq hissəsi tam şəkildə cərimə borcuna silinmişdir. İşdə də olan cədvəldən göründüyü kimi İddiaçı MMC tərəfindən ödənişlərin aparılmasında gecikmə olmadığı halda 1.922 manatlıq vəsait birbaşa faiz borcuna silinməkdə və bunun səbəbləri ilə bağlı Cəmiyyətə məlumat verilməməkdədir. "xxxx" ASC-dən əldə edilən maliyyə arayış cədvəlinə əsasən İddiaçı MMC tərəfindən 08 sentyabr 2021-ci il tarixli kredit xətti üzrə alınmış olan kreditə görə "xxxx" ASC-yə 29.193,52 (iyirmi doqquz min yüz doxsan üç manat 52 qəpik) manat əsas borc, 10.469,81 (on min dörd yüz altmış doqquz manat 81 qəpik) manat faiz borcu, 4.440,75 (dörd min dörd yüz qırx manat 75 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 44.104,08 (qırx dörd min yüz dörd manat 08 qəpik) manat pul vəsaitinin ödənildiyi qeyd olunmuşdur. Cəmiyyət tərəfindən bu günə qədər ümumlikdə 44.104,08 manat pul vəsaiti ödənildiyi halda, BANK bunun 10.469,81 manatlıq hissəsini faiz borcuna, gecikmə olmadığı halda 4440, 75 manat cərimə borcuna silmiş, bu səbəbdən 32.746,48 manatlıq borcunun olduğu qeyd edilmişdir. Bir digər maraqlı məqam ondan ibarətdir ki, cəmiyyət tərəfindən kredit vəsaitləri vaxtında ödənildiyi halda 4.440,75 manatlıq cərimə yazaraq ödənilən pul vəsaitindən silməklə yanaşı, icra qeydində yenidən əlavə olaraq 12.707,73 manat cərimə borcu hesablanmışdır. İşdə olan materiallardan da göründüyü kimi İddiaçı MMC tərəfindən verilən hazırki iddia üzrə tələb mübahisəlidir. Hər nə qədər cavabdeh notarius bankın tələbini mübahisəsiz olduğu və bu səbəbdən qeyd edilən borcun mübahisəsiz qaydada tutulmalı olduğu qənaətinə gəlmişsə, Cəmiyyət tərəfindən ödənilmiş olan vəsaitlər Bank tərəfindən qəbul edilərək Cəmiyyətin kredit borcuna münasibətdə düzgün hesablanmamışdır.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən iddiaya yazılı etiraz verilərək qeyd edilmişdir ki, “Azel Group" MMC ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/7533 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini “Azel Group" MMC ASAN İmza vasitəsi ilə imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Daha sonra X9 çərçivəsində DCL00295772-02 saylı xx.xx.2021 -cı il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən “Azel Group" MMC-yə xx.xx.2022-ci il tarixədək nominal illik faiz dərəcəsi 17%, kreditin illik cərimə faizi 15% olmaqla (kredit müddəti bitdikdən soma 32%), 79405,00 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində nağdsız qaydada məhsulların alışı məqsədi ilə üzrə kredit xətti açılmışdır. “Azel Group" MMC-nin xx.xx.2023-cü il tarixinə "xxxx" ASC qarşısında öhdəlikləri DCL00295772-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,746.48 (otuz iki min yeddi yüz qırx altı manat qırx səkkiz qəpik) manat əsas borc, 12,707.73 (on iki min yeddi yüz yeddi manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 45,454.21 (qırx beş min dörd yüz əlli dörd manat iyirmi bir qəpik) manat təşkil etmişdir. Yuxarıda qeyd edilən öhdəlik 343 gün icra edilmədiyindən Bank tərəfindən “Azel Group" MMC-yə xx.xx.2023-cü il tarixində borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023cü il tarixində “Azel Group" MMC-yə çatdırılmışdır. Bildiriş qəbul edildikdən sonra 20 gün müddətində borc ödənilmədiyi üçün borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. Bildiriş və onun borcluya çatdırıldığını təsdiq edən sənəd “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. İş üzrə təsdiq edilmiş sübutlardan görünür ki, “Azel Group" MMC 79405,00 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində krediti xx.xx.2021-ci il tarixdə aldıqdan sonra Razılaşma ilə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432 və 448.1-ci maddələrinə uyğun olaraq Rövşən Nəsirov tərəfindən həyata keçirilmiş ödənişlərin əsas, faiz və ya cərimə borcundan silinmələrə yönləndirilməsi bankın hüququdur. “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinin ikinci hissəsində qeyd olunmuşdur ki, İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı’nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən notariat ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdəki xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borclu İddiaçı MMC-yə ümumilikdə 45454,21 manatı borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin İddiaçı MMC həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmişdir. Bu hal iddiaçının vəkilinümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda da öz əksini tapmışdır. İddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı MMC tərəfindən apellaysiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələbkar ("xxxx" ASC) tərəfindən təqdim edilən sənədlərə və borclunun onun ünvanına göndərilən bildirişə 20 gün ərzində etiraz bildirməməsinə artıq borcun mübahisəsiz olması kimi yanaşmaqdadır. Yəni borclu 20 gün ərzində bu bildirişə etiraz etsəydi, bu mübahisəli borc halına gələcək və notariusun icra qeydinə ehtiyac qalmayacaqdı. O zaman “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin 8-ci paraqrafında qeyd edilən “İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.” Məhz iddiaçı cavabdeh notariat orqanının icra qeydini aldıqdan sonra yenidən notariat orqanına müraciət edərək mübahisələndirilən icra qeydinin ləğv edilməsini istəmişdir. Belə ki, 09 yanvar 2024-cü il tarixində icra qeydinin əsassızlığı ilə bağlı İddiaçı MMC tərəfindən cavabdeh notariat orqanına müraciət olunmuşdu. Ancaq icra qeydini qəbul edən notariat orqanı bununla bağlı heç bir tədbir görməmiş, hətta bununla bağlı iddiaçıya rəsmi cavab belə verməmişdir. Bildirişə dair notariat orqanına etiraz verilməsə də tərtib edilmiş icra qeydinin əsassızlığına dair iddiaçı tərəfindən müvafiq addımlar atılmışdır. Bir digər məqam ondan ibarətdir ki, icra qeydinin əsassızlığı ilə bağlı birinci instansiya məhkəməsində dəfələrcə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini şifahi vəsatətlə məhkəmədən xahiş etsələr də hər dəfə məhkəmə tərəfindən bu tələblərinə məhəl qoyulmamışdır. Belə ki, icra qeydində sadəcə əsas məbləğ və həmin əsas məbləğin 39% həddində təşkil edən cərimə məbləği qeyd edildiyi halda faiz borcu 0 (sıfır) manat təşkil edirdi. Yəni, üçüncü şəxs tərəfindən iddiaçı tərəfindən ödənilən vəsaitin sadəcə faiz borcuna silindiyinə, əsas məbləğdən lazımi qaydada silinmə aparılmadığına, o cümlədən icra qeydinin də bank tərəfindən qəsdən uzun müddət gözlədilərək əsas məbləğindən 39% həddində cərimə borcu məbləği şişirdilərək hesablandıqdan sonra notariusa müraciət edərək icra qeydinin çıxarılmasına nail olmaqdadır. Təbii ki, notariat orqanında əsas məbləğin 39% həddində cərimə borcu məbləğinin hesablanması araşdırıla bilməzdi. Bu notariusun səlahiyyətlərinə aid olan bir məsələ deyildi. Bu birbaşa məhkəmənin səlahiyyətinə aid olan bir məsələ idi ki, birinci instansiya məhkəməsi bu dəfə notariat orqanının heç bir araşdırma aparmadan qəbul etdiyi icra qeydini özü notariat orqanı kimi davranmaqla yenidən təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən bu cür davranması həm gələcəkdə araşdırma aparılmadan qəbul edilmiş icra qeydlərinin məhkəmələr tərəfindən birbaşa və əsassız qaydada təsdiqlənməsinə zəmin yaradacaq, həm də ki, “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin 8-ci paraqrafını əhəmiyyətsiz bir maddə halına gətirəcəkdir. Məhz həmin maddənin tələblərinə əsaslanaraq İddiaçı MMC icra qeydini məhkəmə qaydasında mübahisələndirmək istəmişdir. Notariat haqqında AR Qanununun 76-cı maddəsində qeyd edilən tələblərindən də göründüyü kimi icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Əgər notariat orqanı tələbkarın icra qeydinin aparılması üçün notariat orqanına müraciət etməmişdən əvvəl borcluya sifarişli poçt vasitəsilə bildiriş göndərilməsini və bu bildirişə cavab verilməməsini borcun mübahisəsiz olması üçün yetərli saymışdırsa, hesab edirlər ki, bu da əsassızdır. Belə ki, borclu ilə tələbkar arasında daha əvvəlcədən alınmış olan kredit məbləği ilə bağlı borclu tərəfindən aparılan ödənişlərin əsas və faiz məbləğindən silinməsinin düzgün formada aparılmaması ilə bağlı mübahisəsindən notariat orqanının xəbəri ola bilməzdi. Sadəcə bildirişə cavab verilməməsi borcun mübahisəsiz olması ilə nəticələnməməli idi. Borclunun bunu bilmədən cavablandırmaması və ya bildirişə cavab verilməməsinin onun borcunun mübahisəsiz hala gələcəyinə dair əsaslandırma yuxarıda da qeyd edilən kimi icra qeydinin mübahisələndirilməsinə dair institutun faktiki olaraq ortadan qaldırılması mənasına gəlməkdədir. Belə ki, iddiaçı tərəfindən məhkəmədə mübahisələndirmə aparılarkən cərimə məbləğinin əsas məbləğə nisbətdə 39% həddində hesablanması məhkəmənin diqqətinə çatdırıldı. O zaman ortaya haqlı olaraq bir sual çıxır: Məhkəmə qeyd edilən bu xüsusatı araşdırmamalı idi? Və yaxud hesablanmış olan 39%-ə qədər yuxarı həddə cərimə məbləğinin və faiz borcunun 0 olması və əsas məbləğin demək olar ki, azalmamasının araşdırılması hansı bir iddianın predmetini təşkil etməli idi? "xxxx" ASC tərəfindən vaxtında icra qeydi üçün və ya iddia tələbi ilə məhkəməyə müraciət etməyərək cərimə məbləğinin əsas məbləğin 39% həddində şişirdilməsi, bunun notariat orqanı tərəfindən araşdırılmaması, iddia tələbində bu qeyd edildiyi halda məhkəmənin bu məsələ ilə heç bir araşdırma aparmaması bilavasitə hüquqdan sui-istifadə halına dəlalət etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, umumi məbləğə 39 faiz həcmində cərimə məbləği müəyyən edilib, kredit üzrə faiz borcu olmayıb. Cərimə məbləği çox yüksəkdir. Notariat orqanı bu halı araşdırmadan icra qeydi verib. 6000 manata yaxın ödəniş edilir, həmin məbləğ cərimə borcuna silinib, hazırda da 12747 manat cərimə borcu hesablanıb. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. Bildirişə cavab verilməməsi tələb olunan məbləğin qəbulu edilməsi kimi qəbul edilməməlidir. Bank bilərəkdən vaxtı uzadıb. Ödənişlərdə problem yaranmış və müddətin uzadılması ilə bağlı banka müraciət etsələr də razılıq əldə edilməmişdir.

11. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, işin halları birinci instansiya məhkəməsində tərəfindən ətraflı araşdırılıb. Borc məbləği barədə qarşı tərəfə bildiriş göndərilib, bildiriş alındıqdan 20 gün müddətinə hər hansı etiraz bildirməyib. Bu səbəbdən icra qeydi əsaslı verilmişdir. Cərimə borcunun hesablanması tərəflər arasıdna bağlanmış razılığa əsasın hesablanıb. Belə ki, razılıqda da qeyd olunur ki, ilkin olaraq cərimə, daha sonra faiz borcu, daha sonra əsas borcdan silinir. İcra qeydi qanunvericiliyin tələblərinə uyğun verilib. İş üzrə ekspertiza təyin edilməsi mübahisənin həllinə aid məsələ deyildir.

12. Cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-17564 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə "xxxx" MMC-dən 32 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32746 manat 48 qəpik (otuz iki min yeddi yüz qırx altı manat qırx səkkiz qəpik), 12707 manat 73 qəpik (on iki min yeddi yüz yeddi manat yetmiş üç qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 45479 manat 21 qəpik (qırx beş min dörd yüz yetmiş doqquz manat iyirmi bir qəpik) pul tutulmalıdır.

14. xx.xx.2021-ci il tarixli, DCL00297772-02 nömrəli maliyyələşdirmə üçün ərizədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə illik 17% həddində olmaqla 12 (on iki) ay müddətinə qaytarılmaq şərtilə 79.405,00 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xəttinə əsasən verilmiş olan kredit məbləğinə kredit müqaviləsi üzrə müddət daxilində gecikdirməyə görə illik 15 faiz (gündəlik 0,0416), kredit müqaviləsi üzrə müddət bitdikdən sonra isə illik 32% (gündəlik 0,0889%) olmaqla cərimə faizinin hesablanacağı qeyd olunmuşdur.

15. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron Rayonu 1 Saylı Notariat Kontorunin 8İ-17564 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu İddiaçınə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur.

16. "xxxx" ASC tərəfindən borclu İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu xx.xx.2021-ci il tarixli, DCL00297772-02 nömrəli maliyyələşdirmə üçün ərizə ilə bağlı yaranmış borcun ödənilməsi üçün xəbərdar edilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Bildirişdə 17 avqust 2023-cü il tarixinə hesablanmış əsas borcun 32746 manat 48 qəpik, cərimə məbləğinin isə 12707 manat 73 qəpik olmaqla, cəmi 45479 manat 21 qəpik borcun ödənilməsi tələb olunmuşdur.

17. Bildirişin göndərilməsi ilə bağlı 822503 saylı xəbərnamədən görünür ki, İddiaçı MMC-nin adından Nümayəndə3 xx.xx.2023-cü il tarixdə zərfi qəbul etmişdir.

Tətbiq edilən hüquq

18. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu:

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materiallarnda olan "xxxx" ASC tərəfindən borclu İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu xx.xx.2021-ci il tarixli, DCL00297772-02 nömrəli razılaşma ilə bağlı yaranmış borcun ödənilməsi üçün xəbərdar edilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişdə 17 avqust 2023-cü il tarixinə hesablanmış əsas borcun 32746 manat 48 qəpik, cərimə məbləğinin isə 12707 manat 73 qəpik olmaqla, cəmi 45479 manat 21 qəpik borcun ödənilməsi tələb olunmuşdur. İddiaçı MMC-nin adından direktor Nümayəndə3 xx.xx.2023-cü il tarixdə zərfi qəbul etmiş, bildirişə hər hansı münasibət bildirilməmiş, tələb edilən borc məbləğinə qarşı etirazını rəsmi qaydada mübahisələndirməmişdir. Qeyd edilən fakt cavabdeh notariat ofisi üçün borcun mübahisəsiz olmasını və borclunun tələbkar qarşısında məsuliyyətini təsdiq etmişdir ki, buna müvafiq olaraq da notariat ofisi tərəfindən icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələbinin pozulmaması halları müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının tələbkar "xxxx" ASC tərəfindən hesablanmış olan əsas borc məbləği və həmin məbləğə hesablanmış cərimə məbləğinin həddindən artıq şişirdilməsi, kredit məbləği ilə bağlı borclu tərəfindən aparılan ödənişlərin əsas və faiz məbləğindən silinməsinin düzgün formada aparılmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir.

26. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, DCL00297772-02 nömrəli razılaşmaya əsasən "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə illik 17% həddində olmaqla 12 (on iki) ay müddətinə qaytarılmaq şərtilə 79.405 (yetmiş doqquz min dörd yüz beş) manat məbləğində kredit xətti açılmış, faizlər üzrə ödəniş hər ayın 8-i, əsas məbləğin ödənişi isə müqavilə üzrə öhdəliyin icrasının son günü, yəni xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Buna görə də ödənişlərin ilk əvvəl faiz üzrə, daha sonra isə cərimə məbləğləri üzrə silinməsi ilə bağlı hər hansı bir pozuntu müəyyən edilməmişdir.

27. Kredit hesabı üzrə çıxarışdan isə görünür ki, iddiaçı kredit xəttindən istifadə etməklə xx.xx.2021-ci il tarixdə 43000 manat, xx.xx.2021-ci il tarixdə 17500 manat, xx.xx.2021-ci il tarixdə isə 1440 manat olmaqla, ümumilikdə 61940 manat borc pulu bankdan götürmüşdür. 2021-ci ilin sonunadək kredit öhdəliyi üzrə təxminən 3 aylıq dövr üzrə hesablanmış 2572,49 manat faiz məbləğini tələbkara ödəmişdir. 2022-ci il dövr üzrə isə iddiaçı müqavilə üzrə öhdəliyin icrasının son günü, yəni xx.xx.2022-ci il tarixədək hesablanmış faizləri ödəmişdir ki, bununla da iddiaçı kredit müqaviləsi üzrə faizlərin hesablanması və ödənilməsi ilə bağlı öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Hətta xx.xx.2022-ci il tarixdə hesablanmış faiz məbləğindən 298,53 manat artıq ödəniş etmişdir ki, həmin məbləğ də müqavilə şərtinə uyğun olaraq əsas borcundan silinmişdir.

28. Lakin, iddiaçı tələkardan götürdüyü 61940 manat borc pulu müqavilə üzrə öhdəliyin icrasının son günü, yəni xx.xx.2022-ci il tarixədə həyata keçirməmiş və həmin tarixdən etibarən öhdəliyin icrasının gecikdirilməsinə görə kredit müqaviləsi üzrə müddət bitdikdən sonra illik 32% (gündəlik 0,0889%) olmaqla cərimə faizinin hesablanması başlanmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 328,75 manat, 31 oktyabr 2022-ci il tarixdə isə 2190 manat ödəniş edilmişdir ki, həmin məbləğlər də iddiaçı tərəfindən müqavilə şərtlərinə müvafiq olaraq hesablanmış cərimə məbləğinə silinmişdir. Razılşamaya əsasən gecikdirilmiş əsas məbləğə illik 32% (gündəlik 0,0889%) cərimə faizinin hesablanması nəzərə alındıqda, xx.xx.2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixiədək olan 53 günlük müddət üçün (61940 manat x 0,0889%=55,06 manat x 53 gün=2918,18 manat) hesablanmış cərimə məbləğinin 2918,18 manat təşkil etməsi müəyyən edilməkdədir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 328,75 manat, 31 oktyabr 2022-ci il tarixdə isə 2190 manat olmaqla, cəmi ödənilmiş 2518,75 manat cərimə məbləğinə silinmişdir.

29. İddiaçı tərəfindən növbəti ödəniş 21 fevral 2023-cü il tarixdə 17104,99 manat, 30 mart 2023-cü il tarixdə 6790 manat, 31 may 2023-cü il tarixdə 5000 manat məbləğində olmaqla, cəmi 28894,99 manat ödəniş edilmişdir ki, həmin məbləğlər, o cümlədən xx.xx.2022-ci il tarixdə əsas borc məbləğindən edilmiş 298,53 manat ödəniş məbləği çıxıldıqda, icra qeydində qeyd olunan (61940-28894,99-298,53=32747,47) 32746,48 manat əsas borc məbləğinin əsaslı olması təsdiq olunmuşdur.

30. Kredit hesabı üzrə çıxarışdan və yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən 31 oktyabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixinədək hər hansı bir ödəniş edilməmişdir ki, razılşamaya əsasən illik 32% (gündəlik 0,0889%) olmaqla qeyd olunan 112 günlük müddət üçün hesablanmalı olan cərimə faizi (61940 manat x 0,0889%=55,06 manat x 110 gün=6056,6 manat) 6056,6 manat təşkil etmiş, lakin iddiaçı tərəfindən 21 fevral 2023, 30 mart 2023, 31 may 2023-cü il tarixlərdə edilmiş cəmi 28894,99 manat ödəniş məbləğinin hamısı əsas borc məbləğindən silinmişdir. Hərçənd ki, tələbkarın edilən ödəniş məbləğinin hesablanmış cərimə məbləğindən silmək hüququ mövcud olmuşdur.

31. İddiaçının 21 fevral 2023-cü il tarixdə 17104,99 manat ödəniş etməsi və həmin məbləğin əsas borcdan silinməsi, növbəti ödənişin isə 30 mart 2023-cü il tarixdə olması nəzərə alıdıqda, 30 mart 2023-cü il tarixədək razılaşmaya əsasən hesablanmalı olan cərimə məbləğinin (61940-17104,99=44835,01 manat, 44835,01 x 0,0889%=55,06 manat x 37 gün=1474,45 manat) 1474,45 manat olması müəyyən edilir. 30 mart 2023-cü il tarixdə isə 6790 manat ödənişin edilməsi, həmin məbləğin əsas borcdan silinməsi, növbəti ödənişin isə 31 may 2023-cü il tarixdə olması nəzərə alıdıqda isə 31 may 2023-cü il tarixədək razılaşmaya əsasən hesablanmalı olan cərimə məbləğinin (44835,01-6790=38045,01 manat, 38045,01 x 0,0889%=33,82 manat x 60 gün=2029,2 manat) 2029,02 manat olması müəyyən edilir. 31 may 2023-cü il tarixdə isə 5000 manat ödənişin edilməsi, həmin məbləğin əsas borcdan silinməsi, iddiaçıya göndərilən icra qeydinin aparılacağı barədə bildirişdə qeyd olunan 17 avqust 2023-cü il tarixədək olan dövrədək razılaşmaya əsasən hesablanmalı olan cərimə məbləğinin (38.0xx.xx-5000=33045,01 manat, 33045,01 x 0,0889%=29,37 manat x 77 gün=2261,49 manat) manat olması müəyyən edilir ki, bununla da xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əsas borcun öənilməsinin gecikdirilməsinə görə hesablanmalı olan cərimə məbləğinin (2918,18+6056,6+1474,45+2029,02+2261,49=14739,74 manat) 14739,74 manat olması müəyyən edilir ki, 17 avqust 2023-cü il tarixinədək iddiaçının cərimə məbləğlərindən etdiyi ödəniş nəzərə alındıqda tələb olunan 12707 manat cərimə məbləğinin razılaşmaya əsasən düzgün olaraq hesablandığı təsdiq olunur.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 1914 manat ödəniş edilmişdir ki, həmin məbləğ də tələbkar tərəfindən cərimə məbləğindən silinmişdir. Həmin məbləğ 17 avqust 2023-cü il tarixdən sonra ödənildiyindən, qeyd olunan ödəniş 17 avqust 2023-cü il tarixədək hesablanmış 12707 manat cərimə məbləğindən silinməli olan məbləğ olmuşdur.

33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar