Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-375/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2(027)-1807/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manatı Cavabdeh, qalan hissəsi İddiaçı aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 8 (səkkiz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ildən 2023-cü ilə qədər olan yaşayış minimumlarını nəzərə alaraq ümumilikdə 9145 (doqquz min yüz qırx beş) manat məbləğində maddi ziyanın, 10000 (on min) manat məbləğində mənəvi ziyanın və hüquqi xidmətlər üçün ödədiyi 150 (bir yüz əlli) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 147 (bir yüz qırx yeddi) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki övladı olmuşdur. İlk vaxtlarda münasibətləri normal olmuş, sonradan onun və atasının telefonuna tanımadığı nömrədən cavabdehin ona xəyanət etməsi ilə bağlı mesajlar gəlmiş, hətta həmin mesajlarda ikinci uşağının atasının o olmadığını yazmışlar. Mesajlardan sonra cavabdeh evi tərk edərək anasının yanına Quba şəhərinə getmiş, orada ancaq ondan pul tələb etmişdir. Həmçinin nikahın pozulması iddiası ilə ilkin addımlar ataraq mediasiyaya müraciət etmişdir. Bir çox araşdırmadan sonra həmin mesajların kim tərəfindən gəldiyini öyrənmişlər. Bu mübahisələr ucbatından o, Quba Rayon Məhkəməsinə nikahın pozulması iddia tələbi ilə müarciət etmişdir. Quba Rayon Məhkəməsinin e-2(027)-1983/2022 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bağlanmış 1733 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra onların birgə nikahından doğulmuş xx.xx.2013- cü il təvəllüdlü X3 adlı uşağın anası Cavabdeh himayəsində qalması, Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Həmçinin məhkəmə prosesi zamanı cavabdeh özü də onun Baxışlı Cəsurun atası olmadığını etiraf etmişdir. Bundan başqa Cavabdeh qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmadığının müəyyən edilməsi və doğum akt qeydinə ata haqqında məlumatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-291/2023 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, onun xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmadığı müəyyən edilmişdir. Bu qətnamə xx.xx.2017-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsinin “atası” qrafasında dəyişikliklərin edilməsi üçün əsas hesab olunmuşdur. O uşaqlarla görüşmüş, Baxışlı Cəsurun öz övladı olmadığını bilsə də uşaq ata deyərək üstümə gəldiyi üçün uşaqla indiyədək normal davranmışdır. Uşaqların hər ikisinin ehtiyaclarını ödəmiş, onların qayğısına qalmışdır. Lakin bütün bunlar ona mənfi təsir göstərir, mənəvi tərəfdən onu çox incidir. Hər dəfə Cəsuru görəndə mənəvi iztirablar çəkir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş, 2017-ci ildən indiyədək ölkə üzrə yaşayış minimumlarını nəzərə alaraq 2017-ci il üçün 272 manat, 2018-ci il üçün 1848 manat, 2019-cu il üçün 1920 manat, 2020-ci il üçün 2040 manat 2021-ci il üçün 2100 manat, 2022-ci il üçün 965 manat ümumilikdə 9145 manat ona dəymiş maddi ziyanın və 20000 manat dəyərində mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edərək, iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1807/2023 nömrəli 06 oktyabr 2023-cü tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına və tərəflərin izahatlarına düzgün qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərini kobud surətdə pozmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X2 2017-ci ildən 2022-ci ilədək saxlanması üçün çəkdiyi xərci sübuta yetirəcək hər hansı sənəd təqdim edilmədiyindən iddia tələbi maddi sübut hissəsində təmin edilməməlidir. Qətnamədə qeyd olunduğu halda iddia qismən təmin olunmuş, ədalətsiz qətnamə qət olunmuşdur. Baxışlı Cəsurun atası olmadığını biləndə mənəvi iztirablar çəkmiş və bu hələ də davam edir. Məhkəmə iddianı qismən təmin edərək, ona mənəvi zərər dəyməsini qəbul edir. Lakin mənəvi zərərə görə təyin etdiyi məbləğ onun çəkdiyi mənəvi zərərə görə hesab edir ki, çox azdır. Qarşı tərəf bunu nəzərə almalıdır. Bundan başqa hər dəfə qızını görməyə gedəndə Cəsur da ata deyərək üstünə gəlir və o da hər dəfə mənəvi əziyyət çəkir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsində İddiaçı tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X2 2017-ci ildən 2022-ci ilədək saxlanılması üçün çəkdiyi xərci sübuta yetirəcək hər hansı sənəd təqdim edilməməsi, mənəvi zərərin tutulması hissəsində isə qismən əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Tərəflərin rəsmi nikahlarının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Nərgiz Baxışlının anasının himayəsində qalması, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə Elşad Baxışovun xx.xx.2017-ci il təvəllüdlü Cəsur Baxışlının atası olmadığı işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. İddia tələbinin mənəvi zərərin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-375/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-375/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver