Məhkəmə qərarları › İş №2(105)-3761/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3761/2021

06.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3761/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Abşeron rayonu Hökməli Bələdiyyəsi və Cavabdeh4 qarşı çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə, Hökməli qəsəbə Bələdiyyəsinə və Cavabdeh4 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə, Hökməli qəsəbə Bələdiyyəsinə və Cavabdeh4 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh4 adına bərabər paylı mülkiyyətlə 03.06.2015-ci il tarixli **********2910301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Nikahın pozulmasına qədər həmin çıxarış barədə məlumatı olmamışdır. Həmin çıxarışın ilkin sənədləşməsi saxtalaşdırılmışdır. Belə ki, çıxarışda qeydə alınan ev bacısı oğlu X2 məxsusdur. Kommunal qeydiyyatı və ilkin sənədləşmələrdə öz əksini tapmışdır. O, hal-hazırda Almaniyadadır. Keçmiş yoldaşı bacısı oğlunun Almaniyada olmasından sui-istifadə edərək qonşudan evə aidiyyəti olmayan, tamamilə kənarda yerləşən JN-335A nömrəli torpağın 0.0135 ha sahəsini alqı-satqı müqaviləsi ilə almış, həmin sahənin koordinatlarını Hökməli Bələdiyyəsində dəyişdirmişdir. Ləğv edilmiş DTXK-nin verdiyi koordinatlardakı faktiki sahənin üzərinə salmış, planı və ölçünü qeyri qanuni dəyişdirmişdir. Buna görə Hökməli bələdiyyəsindən məktub və baş plandan çıxarış alaraq reyestr xidmətinə təqdim edərək, faktiki uyğunsuzluq olan sənədlərlə qeyri-qanuni olaraq evi torpağa yerləşdirərək qeydə aldırmışdır. DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi saxtalaşdırılmış sənədləri qəbul etmiş və qeydə almışdır. O, aidiyyəti üzrə ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə dəfələrlə müraciətlər edib sənədlərin yoxlanılmasını və ləğv edilməsini tələb etmişdir. Oradan ona sənədlərdə uyğunsuzluğun olduğu bildirilmişdir. Lakin ləğv edilməsinin məhkəmə qaydasında olduğunu şifahi bildirərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşlə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsi 2- 1(118)-1189/2021 saylı, 22 iyun 2021-ci tarixli qərardadla işin mülki məhkəmədə baxılmasını tövsiyə etmişdir. Eyni zamanda izah etmişdir ki, guya o, bacısı oğlunun hüquqlarının müdafiəsi ilə məşğul olur. Mübahisələndirilən fərdi-yaşayış evində faktiki yaşayır. Bacısı oğlu gedərkən evini yaşamaq üçün ona vermişdir. Cavabdeh evə saxta yolla çıxarış almışdır. O, çıxarışa onu da payçı olaraq daxil etmişdir. Payçı olaraq sənədlərin saxtalaşdırılmasını iddia edir və çıxarışın ləğvini tələb edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmışdır. 4 saylı Abşeron Ərazi İdarəsinin şöbə müdirləri bu saxta sənədi necə hazırlanmasını cavablandırmamış, bu sənədlərdə onların imzası yoxdur. Ondan xəbərsiz saxta yolla hazırlanan, onunda payçı edilərək qanunsuz çıxarış verilmişdir. Məhkəmə yalnız 4 saylı idarənin nümayəndəsinin və Cavabdeh4 iştirakı ilə qətnamə qəbul edərək məhkəmə hüquq normalarını, qaydalarını pozmuşdur. Tərəfləri qarşılaşdırmamış, onlara özünü müdafiə etməyə, dəlilləri təqdim etməyə, sübutları təqdim edib müdafiə etməyə şərait yaratmamışdır. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(012)- 4212/2021 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh4 adına onunla bərabər paylı hüquqla verilmiş, 03 may 2015-ci il tarixli **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlərin nümayəndəsi və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 64.8 kv.m olan əmlak daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 26.09.2019cu il tarixdə Cavabdeh4 və İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair texniki pasport 24.09.2019-cu il tarixdə tərtib olunaraq təsdiq edilmişdir; İşə əlavə olan Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(118)- 1189/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı Cavabdeh4 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.10.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-335A nömrəli “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamə əsasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 0.0135 ha torpaq sahəsi Cavabdeh4 adına 03.06.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Sözügedən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş koordinat məktubu əsasında verilmişdir. Bundan başqa, bildirilmişdir ki, Cavabdeh4 adına olan 0.0135 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə sənəd arasında uyğunsuzluq olduğu üçün Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında 23.06.2016-cı il tarixdə, ********** nömrəli ərizə ilə torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq “torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında olan nikah 01 may 2018-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-335A nömrəli “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamə əsasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 0.0135 ha torpaq sahəsi Cavabdeh4 adına 03.06.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” sənədin verilməsini mübahisələndirmişdir. Həmin sənəd isə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmişdir. Eyni zamanda məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, mübahisə edilən torpaq sahəsi ona yox, bacısı oğlu X2 məxsusdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və ərizəçiyə həmin tələblə bağlı İnzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 25 avqust 2021-ci il tarixli, 2(012)- 4212/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1, Abşeron rayonu Hökməli Bələdiyyəsi və Cavabdeh4 qarşı çıxarışın ləğv olunması tələbinə dair ərizə üzrə icraata xitam verilsin. Ərizəçiyə həmin tələblə İnzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar