Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-377/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası”na və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil1, cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”nın nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”na və həkim Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin cavabdeh həkim Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı görmə qabiliyyətimin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 22 sentyabr 2014-cü il tarixində X9 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada görmə orqanları müayinə olunuqdan sonra ona "OU - Hipermetriya orta dərəcəli" diaqnozu qoyulub və müvafiq müalicə təyin edilib. Lakin zaman keçdikcə görmə qabiliyyətimin daha da zəifləməsi, kəskinliyin daha da azalması, vizual sahənin daha da daralması, səhər və axşam saatlarında başının alın və gicgah nahiyələrində baş verən küt ağrılar şikayəti ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda çalışan həkim-oftalmoloq Cavabdeh2 müraciət etmişdir. Həkim Cavabdeh2 onun gözlərini müayinə edib və təcili cərrahiyyə əməliyyatının zəruriliyini bildirib. Onun dediyinə görə iddiaçının sol gözü uşaqlıqdan “tənbəl gözdür” (ambliopiya) və artıq müalicə oluna bilməz. Sağ gözündə isə görmə qabiliyyəti 50-60 %-dir, keçirəcəyi cərrahiyyə əməliyyatından sonra görmə qabiliyyətini tam bərpa edəcək və həmin gözdəki gərginlik aradan qaldırıldıqdan sonra baş ağrıları da kəsiləcək. İddiaçının bacısı oftalmoskopiya, MRT və sair yoxlamaların aparılıbaparılmayacağı barədə soruşanda, həkim Cavabdeh2 belə bir yoxlamalara ehtiyac olmadığını bildirib. İddiaçı üzərində 23 aprel 2017-ci il tarixində "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" əməliyyatı aparılıb və əməliyyatdan çıxandan sonra həkim Cavabdeh2 əməliyyatın çox uğurla keçdiyini bildirib. Əməliyyatdan öncə həkim Cavabdeh2 iddiaçıya bu əməliyyatın çox sadə əməliyyat olacağını və əməliyyatdan sonra 3-4 aya sağalacağını bildirsə də bu, belə olmayıb. Belə ki, əməliyyatdan sonra iddiaçının görmə qabiliyyəti bərpa olunmur və baş ağlıları kəsilmirdi. Dövri olaraq həkim qəbuluna gələrək, vəziyyətinin əməliyyatdan sonra getdikcə daha da ağırlaşdığını bildirdikdə, həkim Cavabdeh2 narahat olmağa heç bir əsas olmadığını, təyin etdiyi dərman müalicəsini davam etdirməyi, zaman keçdikcə sağalacağını bildirərək idiaçını sakitləşdirirdi. Əməliyyatdan 9 aydan çox vaxt keçsə də iddiaçı əməliyyatdan öncəki şikayətlərinin keçmədiyini və daha da artdığını gördükdə, 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Hərbi Hospitalında çalışan həkimoftalmoloq Anar Rəhimov onu müayinə edib və bildirib ki, aparılmış "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" cərrahiyyə əməliyyatının ona heç bir köməyi ola bilməzdi. Belə ki, gözləri ilə əlaqədar onun heç bir problemi yoxdur və təcili MRT yoxlamasından keçməlidir. Beləliklə həkim-oftalmoloq Anar Rəhimovun göndərişinə əsasən 13 mart 2018-cı ildə "MedEra Hospital" a müraciət etmiş, burada həkim-radioloq X13 X5" və "Orbital X5" müayinələrini keçirərək iddiaçıya bildirmişdir ki, beynində türk yəhəri nayihəsində meningioma vardır və bu xoşxassəli törəmənin ölçüləri artıq 40x40x30 mm-ə çatmışdır. Beynindəki bu meningioma zaman keçdikcə böyümüş, görmə sinirlərini və digər ətraf sinirləri sıxmış, nəticədə həmin sinirlər zədələnmiş, baş ağrıları artmış, ümumiyyətlə həyatına təhlükə yaranmışdır. Bütün bunlar onunla nəticələnib ki, yol verilmiş həkim səhvi nəticəsində səhhətində yaranmış problemlə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında ona İ qrup əlillik təyin edilib. Əlilliyin təyin olunması üçün müayinə olunduğu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi tibb üzrə fəlsəfə doktoru Ruhəngiz Balayeva da əməliyyatdan öncə zəruri olan müayinələrin keçirilməməsi səbəbindən onkiloji yeni törəmənin aşkar edilməməsi, uzun sürən təsir nəticəsində "OU - görmə sinirlərinin atrofiyası" diaqnozu qoymuşdur. Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”na və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir (sədrlik edən, hakim Emin Abdullayev). Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya maddi və mənəvi ziyanın məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması iş materialları ilə sübut edilmir. Bu səbəbdən iddia maddi ziyanın tutulması hissəsində əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1112-ci maddələrinə istinadla əsaslandırmışdır. İşin məhkəmə baxışı zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. "xxxx" MMC-nin «Liman Klinikası» tərəfindən tərtib edilmiş 23 aprel 2017-ci il tarixli epikrizə əsasən İddiaçı «OU-komplikat katarakta» diaqnozu qoyulması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş «Kliniki protokollara» əsasən ən zəruri müayinələr ceçirilmişdirmi və qoyulmuş diaqnoz düzgündürmü? 2. «MedEra Hospital» tərəfindən tərtib edilmiş 10 mart 2018-ci il tarixli Beyinin MRT müayinəsinə dair Diaqnostika nəticə hesabına əsasən İddiaçı «Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə-meningioma» diaqnozu qoyulanadək «Liman Klinikası»nın həkimi Cavabdeh2 xəstəliyin inkişafını (proqressiyasmı) dayandıra bilərdirmi və bunun üçün hansı tədbirləri görülməli idi? 3. Xəstə İddiaçı hazırda görmə qabiliyyətinin itirməsi Liman Klinikası»nın həkimi Cavabdeh2 qoyduğu «OU-komplikat katarakta» diaqnozu nəticəsində baş verə bilərdirmi? 4. "xxxx" MMC-nin «Liman Klinikası» tərəfindən tərtib edilmiş 23 aprel 2017-ci il tarixli epikrizə əsasən İddiaçı «OU-komplikat katarakta» diaqnozunun qoyulması və keçirilmiş müvafiq müalicə nəticəsində xəstənin sağlamlığına, digər daxili orqanlarına və gələcək həyat keyfiyyətinə vurulmuş zərərin dərəcəsi hansı səviyyədədir? İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 601 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəməmeningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyyədə meningioma diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə «Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iddianın təmin edilməsi üçün iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edilməməsi, “Liman” Klinikasında aparılmış müayinə nəticəsində Cavabdeh2 iddiaçının beynində patalogiyanın olmasını aşkar etməli olduğu halda bunu etməməsi, iddiaçıda sonradan aşkar edilmiş “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə meningioma”nın Cavabdeh2 tərəfindən iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı və müalicələrin səhv aparılması nəticəsində yaranması və ya daha da irəliləməsi sübut edilməlidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyində isə iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edildiyi, göz müayinəsi zamanı baş beyində hər hansı patalogiyasnı aşkar etməyin mümkün olmadığı, “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə-meningioma”nın “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozu və aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya maddi və mənəvi ziyanın məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması iş materialları ilə sübut edilmir. Bu səbəbdən iddia maddi ziyanın tutulması hissəsində əsaslı sayıla və təmin edilə bilməz. İddiaçıın nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində məhkəməyə daxil olmuş vəsatətdə X9 adına Milli Oftalmologiya Mərkəzində aparılmış xx.xx.2021-ci il tarixli konsiliumda tərtib edilmiş rəyin alınması üçün sorğu göndərilməsi xahiş edilmişdir. Vəsatətə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ərizə araşdırılması üçün X9 adına Milli Oftalmologiya Mərkəzinə göndərilmişdir. İddiaçı tərəfindən X9 adına Milli Oftalmologiya Mərkəzində hər hansı konsiliumun keçirilməsi və rəy verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən vəsatət təmin edilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında təqdim edilmiş vəsatətdə sağlamlığın pozulması ilə bağlı iddiaçının əlavə çəkdiyi keçmiş və gələcək xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə və digər məsələlərə çəkilmiş xərclərin cavbdehlər tərəfindən iddiaçıya ödənilməsi xahiş edilmişdir. Həmin vəsatətdə hər hansı konkret prosessual hərəkətin edilməsi nəzərdə tutulmadığından məhkəmə ərizəni iddia tələbinin aydınlaşdırılması barədə ərizə kimi qəbul edərək ona hər hansı münasibət bildirməmişdir. Mənəvi zərərlə bağlı qeyd edilməlidir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi onun maddi ziyanla bağlı tələbinə əsaslandığından və iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulması müəyyən edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şiayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4267 saylı Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Apelyant apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdi. Burada keçirilmiş tibbi müayinələr nəticəsində ona “OU Hipermetropiya orta dərəcəli” diaqnozu qoyulmuşdur. Eyni şikayətlə 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası"na müraciət etdikdə də, burada keçirilmiş tibbi müayinələr nəticəsində ona “OU orta dərəcəli Hipermetropiya” diaqnozu qoyulmuşdur. Hər iki tibb müəssisəsində müvafiq müayinələr nəticəsində ona qoyulmuş eyni diaqnoz-"OU Hipermetropiya orta dərəcəli" təsdiq edilmiş, həkim məsləhəti və müalicəsi “Eynək korreksiyası" olmuşdur. 11 aprel 2017-ci il tarixində "Liman Klinikası"na görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə müraciət etdikdə, burada keçirilmiş tibbi müayinələr nəticəsində ona “OU Komplikat katarakta" diaqnoz qoyulmuş və 23 aprel 2017-ci il tarixində üzərində “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatı aparılmiş, əməliyyatdan sonra həkim məsləhəti üzrə müalicə göz damcıları və vitamin qəbulu olmuşdur. Beləliklə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozu ilə 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU Hipermetropiya orta dərəcəli” diaqnozu və 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU orta dərəcəli Hipermetropiya” diaqnozu arasında kəskin ziddiyyət, uyğunsuzluq olmuşdur. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz olduğunu, sol gözündə “OU Komplikat katarakta”nın olmadığını hesab etməyə əsas verir. 30 yanvar 2018-ci il tarixində bir daha görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdi. Burada keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raporu”nun nəticəsində göstərilir ki, VEP (pattern) OU-PİOO kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. VEP (flash) OUP2 latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun və 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası" cərrahi əməliyyatının, əməliyyatdan sonrakı müalicənin nəticəsində görmə qabiliyyəti nəinki bərpa olunmamış, 30 yanvar 2018-ci il tarixində keçirilmiş “VEP (Beyin və göz erasında görmə traktları) müayinə raporu”nun nəticəsinə əsasən daha da pisləşmişdir. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" cərrahi əməliyyatının yanlış müalicə olduğunun ikinci sübutudur. 05 mart 2018-ci il tarixində görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsinə müraciət etmişdi. Burada onu müvafiq müayinələrdən keçirdikdən sonra müəyyən edildir ki, görmə qabiliyyətinin zəifləməsinin səbəbi bilavasitə gözləri ilə əlaqədar deyildir və göz dibinin müayinəsinin nəticələrinə əsasən təcili “Beynin X5” və “Orbital X5” müayinələrindən keçməyi məsləhət görülmüşdü. Həkim-oftalmoloqun müvafiq göndərişinə əsasən 10 mart 2018-ci il tarixində “MedEra Hospitalı”nın həkim radioloqu çəkilən MRT müayinələrini (kontrastlı) keçirərək müəyyən etmişdir ki, beyninin türk yəhəri nayihəsində xoşxassəli yeni törəmə-meningioma vardır və görmə sinirləri əhəmiyyətli dərəcədə sıxılmışdır. Beləliklə 05 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsində keçirilmiş “Göz dibinin müayinəsi”nin nəticələri və 10 mart 2018-ci il tarixində “MedEra Hospitalın”da keçirilmiş “Beyinin X5 müayinəsi” və “Orbital X5 müayinəsi”nin nəticələri bir daha göstərir ki, görmə qabiliyyətinin kəskin zəifləməsi "OU Komplikat katarakta" nəticəsində deyil, beyninin türk yəhəri nayihəsində yaranmış meningiomanın görmə sinirlərini sıxması nəticəsində baş vermişdir. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 2017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatının yanlış müalicə olduğunun üçüncü sübutudur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Kliniki protokollar”, X3 qəbul etdiyi “X4”, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblərə əsasən kataraktanın ilkin obyektiv müayinəsi zamanı görmə itiliyi korreksiya ilə, maksimal vizual korreksiya (göstəriş olduqda refraksiya ilə), göz almasının vəziyyəti və hərəkətliliyi, bəbək reaksiyası və funksiyaları, GDT-nin ölçülməsi, xarici müayinə, yarıqlı lampa biomikroskopiyası, göz dibinin müayinəsi (genəlmiş bəbəklə), fiziki və əqli sağlamlığın uyğun aspektlərinin qiymətləndirilməsi kimi zəruri müayinələri həkimoftalmoloq tərəfindən mütləq qaydada aparılmalı idi. Lakin cavabdeh “Liman Klinikası”nın həkim-oftalmoloqu Cavabdeh2 tərəfindən 11 aprel 2017-ci il tarixində aparılmış ilkin obyektiv müayinə zamanı hər hansı patologiya, o cümlədən onkologiya ehtimalının istisna edilməsi üçün əhəmiyyətli olan göz dibinin müayinəsi keçirilməmişdir. “Liman Klinikası”nda tərtib edilmiş 11 aprel 2017-ci il tarixli ambulator kartda və 23 aprel 2017-ci il tarixli epikrizdə göz dibinin müayinəsi barədə heç bir qeydiyyat yoxdur. Bu fakt 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda ona qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz, 23 aprel 017-ci il tarixində üzərində aparılmiş “OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası+İOL implantasiyası” cərrahi əməliyyatının yanlış müalicə olduğunu hesab etməyə əsas verir. Bütün bu sübutların mövcudluğuna baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərində əhəmiyyət kəsb edən bu faktlar nəzərə alınmamışdır. Belə ki, 22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU Hipermetropiya orta dərəcəli” diaqnozu, habelə 24 dekabr 2015-ci il tarixində “İOL Göz Klinikası”nda keçirilmiş tibbi müayinələr nəticəsində qoyulmuş “OU orta dərəcəli Hipermetropiya” diaqnozu ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda qoyulmuş “OU Komplikat katarakta” diaqnozu arasındakı kəskin ziddiyyət, uyğunsuzluq araşdırılmamışdır. 30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raporu”nun nəticəsində göstərilir ki, VEP (pattern) OU-PİOO kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. VEP (flash) OU-P2 latentliyi sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərə çarpacaq dərəcədə azalmışdır. Həmin tibbi məlumatlara əsasən görmə qabiliyyətində baş vermiş kəskin pozuntuların səbəb-nəticə əlaqələri araşdırılmamışdır. 05 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya şöbəsində keçirilmiş göz dibinin müayinəsinin nəticələri və 10 mart 2018-ci il tarixində “MedEra Hospitalın”da keçirilmiş “Beyinin X5” və “Orbital X5” müayinələrinin nəticələri bir daha göstərir ki, görmə qabiliyyətinin kəskin zəifləməsi “OU Komplikat katarakta” nəticəsində deyildir. Beyninin türk yəhəri nayihəsində yaranmış meningiomanın görmə sinirlərini sıxması nəticəsində baş verməsi faktına mütəxəssis müayinəsini keçirmiş ATUnun X1 şöbəsinin müdiri Qurban İsmayılov rəy vermişdir ki, İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmiş olsa idi, görmə sinirindəki atrofiyanm qarşısının alınması imkanı çox ola bilərdi. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın ekspert rəylərində 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda qoyulmuş “OU Komplikat katarakta” diaqnozunun yanlış diaqnoz olması barədə səbəbli əlaqələr araşdırılarkən, mütəxəssis-ekspert Qurban İsmayılovun yuxarıda göstərilən rəyi nəzərə alınmamışdır. Cavabdeh “Liman Klinikası”nın həkimoftalmoloqu Cavabdeh2 tərəfindən 11 aprel 2017-ci il tarixində aparılmış ilkin obyektiv müayinə zamanı hər hansı patologiya, o cümlədən onkologiya ehtimalının istisna edilməsi üçün əhəmiyyətli olan göz dibinin müayinəsi keçirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Kliniki Protokollar”, X3 qəbul etdiyi “X4”, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblər kobud şəkildə pozulmuşdur. Burada qoyulmuş “OU Komplikat katarakta" diaqnozu həkim-oftalmoloq Cavabdeh2 tibb sahəsində natamam biliyinə əsaslanmışdır və yanlışdır. Bu səbəblərdən iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X7" PHŞ-nin 17 mart 2021-ci il tarixli 601 №-li məhkəmətibbi ekspert rəyi məhkəmə qətnaməsinin çıxarılması üçün obyektiv, əsaslandırılmış, tam həcmli rəy hesab edilə bilməz. Belə ki, rəylə ekspert komissiyası “Liman Klinikası”nda tərtib edilmiş 11 aprel 2017-ci il tarixli ambulator kartda və 23 aprel 2017-ci il tarixli epikrizdə göstərilmiş məlumatları təsdiq etmiş, diqər tibb müəssisələrinin (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 adına Milli Oftalmologiya mərkəzi, “İOL Göz Klinikası”, “MedEra Hospital” və s.) sənədlərində göstərilmiş məlumatlara əsasən səbəbli əlaqələri araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Bundan başqa bildirdi ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə razı deyil. Daha sonra bildirdi ki, İddiaçı müayinə edən Cavabdeh2 olub və onu əməliyyat otağına da o aparıb. Həmin otaqda Cavabdeh2 başqa daha iki nəfər olub. İddiaçı gözünə dərman tökdüklərindən o, onu kimin əməliyyat edildiyini görməyib və xatırlamır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iş üzrə keçirilmiş ekspertiza rəylərindən müəyyən olunur ki, gözün müalicəsi zamanı oftalmoloq tərəfindən baş beyindəki patologiya müəyyənləşdirə bilməz. O, 35 ildir ki, tibb sahəsində həkim-oftolmoloq kimi fəaliyyət göstərir. Birinci instansiya məhkəməsində iddiaçı bildirdi ki, əməliyyatdan sonra eynəkdən azad olmuş və görməsi qısa müddətli bərpa olmuşdur. Görmənin qısa müddətli bərpası bunu deməyə əsas verir ki, mövcud şiş gözdə atrofiya verməyib. Əgər vermiş olsa idi, xəstə əməliyyat nəticəsində görməməli idi. Sonrakı mərhələdə xəstədə baş ağrısı olduğu üçün nevropatoloqa yönləndirildi. Onu MRT-yə nevropatoloq göndərə bilərdi. Protokolda da belə göstərilib. Onlar isə təkcə katarakt əməliyyatını icra edib. Əməliyyatı o icra etməyib, “Dünya Göz” klinikasının baş həkimi Fərəh Əbdüləliyeva icra edib. Həmin əməliyyatın nəticəsi beyin şişi yarada bilməz. Şiş yaranıbsa bunu oftalmoloq müəyyən edə bilməz. Katarakt diaqnozu ilə heç bir xəstə MRT-yə göndərilmir. Daha sonra qeyd etdi ki, protokola uyğun olaraq, əgər xəstə ilkin olaraq oftalmoloqa müraciət edibsə və anamnez toplanılarkən X9 adına milli oftalmologiya mərkəzində müayinədən keçdiyini deməyibsə və yalnız eynəkdən azad olmaq istədiyini bildirirsə, MRT-yə göndərilmir. İddiaçı daha 3 yerdə də müayinə olunub və MRT-yə heç bir yerdə göndərilməyib. O, xəstənin qəbul həkimi olub, xəstədə komplikat katarakt olması diaqnozunu qoyub, bundan sonra bütün məlumatlar Fərəh Əbdüləliyevaya verilib və müayinəni də o aparıb. Oftalmoloq xəstəni xəstə ikili görmədən şikayət edəndə, görmə sahəsini yoxladığı zaman görmə sahəsində daralma olduğunu görəndə MRT-yə göndərə bilər. Əgər görmə sahəsində daralma yoxdursa xəstəni MRT-yə göndərmək müalicənin lüzumsuz mərhələlərlə uzadılması kimi qiymətləndirilir. Anamnezdə yazılıb ki, xəstə həkimə müraciət edərkən baş ağrısının olduğunu və çox zəif gördüyünü, eynəkdən azad olmaq istədiyini bildirirb. Nevropatoloq tövsiyyə etdikdə Nailə xanım bildirib ki, dəfələrlə nevropatoloq qəbulunda olub və onu MRT-yə göndərməyiblər. Katarakt baş ağrısına səbəb olar. Bu zaman eynəklə korreksiyanın düz olmaması baş ağrısını yaradır. Baş ağrısından görmə qabiliyyəti zəifləyirsə, eynək təyin olunanda görmədə zəiflik artmamalıdır. Təbii bülluru süni büllurla əvəz etdikdə xəstənin görməsi 100 % bərpa olub. İddiaçı əməliyyatdan sonrakı gün görməyə başladı. Bir müddət sonra təkrar gəldi ki, başında ağrılar var. Gözdə heç bir problem olmadığından xəstəni nevropatolqa göndərdi. Göz dibinə baxanda sinirdə quruma olduqda xəstə MRT-yə göndərilir. İddiaçının göz dibində quruma olmayıb. Çünki o, eynəklə 100 faiz görürdü. Əməliyyatdan öncə gözün görmə itiliyi, göz təzyiqi və göz dibinin müayinəsi (kataraktın yerləşmə vəziyyəti göz dibini tamamilə örtməyibsə və müayinəyə imkan verirsə) yoxlanılır, bu zaman MRT müayinə olmur. Xəstənin tək dioqnozu katarakt hipermetropiya (müsbət dərəcəli eynək) olub. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”nın nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, əməliyyatla bağlı bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert X8 bilirdi ki, tərtibat zamanı bütün təqdim olunmuş sənədlər tədqiq olunub, vətəndaşın mütəxəssislər tərəfindən müayinəsi həyata keçirilib və suallara tam şəkildə cavab verilib. Sonuncu ekspertiza sənədlər əsasına aparılıb. Klinikadan təqdim olunmuş sənələrdən belə aydın olur ki, diaqnoz obyektiv şəkildə müəyyənləşdirilib. Diaqnozun hansı üsulla müəyyən olunduğunu oftalmoloqlar daha yaxşı bilir. Hər iki gözdə görmə qabiliyyəti zəifdir. Bir gözdə 0,01, bir gözdə 0,05 müəyyən olunub. Müəyyən olunub ki, gözdə katarakta məxsus patoloji dəyişikliklər var. Diaqnoz düzgün qoyulub. Əməliyyat yerli keyitmə ilə baş tutub. Əməliyyatla bağlı sənədlərdən görünür ki, xəstə əməliyyatdan öncə bir neçə müayinədən keçib. Katarakt əməliyyatı zamanı xəstəni MRT-yə göndərilməsi barədə protokolda qayda yoxdur. MRT-yə göndəriş üçün əsas omalıdı. Katarakta görə MRT-yə göndərilmir. Rəydə qeyd olunan «MRT keçirilsə idi, görmə sinirinin atrofiyasının qarşısının alınma imkanı çox olardı» cümləsi tövsiyyə xarakterlidir. Rəyə əsasən görmə sinirinin atrofiyasının səbəbi beyində mövcud olan meningiomadır. Onun da aparılmış əməliyyatla heç bir əlaqəsi yoxdur. Atrofiya beyinlə bağlıdır, görmə sinirini atrofiyasının cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. Atrofiya beyin mənşəlidir və göz əməliyyatı ilə əlaqəsi yoxdur. Daha sonra qeyd etdi ki, xəstənin anamnezində beyin əməliyyatı, beyin şişi, onkoloji xəstəlik oluqda MRT-yə göndərilir. Göndərişi oftalmoloq etmir. Göz dibiin müalicəsi üçün oftalmoloqların özündə xüsusi cihazlar var, bu zaman MRT müayinəsinə göndəriş olmur. Beyindəki şiş katarakta əməliyyatının nəticəsi ola bilməzdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.1. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. madəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). 1112. maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda salanana iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr əməliyyatdan öncə və sonradan müayinələrin tam və lazımi qaydada aparılmasını, tibbi sənədlərin dzgün tərtib edilməsini, idiaçının etdiyi şikayətlər əsasında onun göstərdiyi kimi «göz dibinin» yoxlanılmasının və ya MRT müayinəsinin (həm əməliyyatdan əvvəl, həm də sonra) zəruri olduğunu, bu müayinələr ediləcəyi halda iddiaçının beynində olan meningioma zəstəliyinin 2017-ci ilin aprel ayında və sonrakı dövrdə müəyyən edilməsinin, həmin zaman bu xəstəlk müəyyən ediləcəyi halda, zəruri müayinələr aparılmaqla onun fəsadlarının ardan qaldırılmasının mümkünlüyünü araşdırmamış, həmin suallara cavab alınması zəruri tibbi sənədlərin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, əlavə məhkəmə –tibbi eksperizasının təyin edilməsini müzakirə etməmişdir. Müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)- 78/2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-nin «Liman Klinikası»na və Cavabdeh2 qarşı həkim səhvi və səhlənkarığı nəticəsində dəymiş maddi və mənəvi zərərəin ödənilməsi tələbinə dair iddiası tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbi ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan görünür ki, idiaçı İddiaçı iddia ərizəsi lə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin «Liman Klinikası»ndan vurulmuş maddi və mənəvi zərərə görə 91420 manatın, həmçinin Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 91.420 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasıı xahiş etmişdir. Bundan başqa məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 129/KEŞ saylı ekspert rəyindən görünür ki, «Liman Klinikası»nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-komplikat katarakta” diaqnozu düzgün təyin ediimişidir. İddiaçı xx.xx.2018-ci il tarixdə «MedEra Hospital»da baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası «Liman Klinikası»nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. İddiaçı «Liman Klinikası»nda təyin edilmiş “OU-komplikat katarakta" diaqnozu ilə onun görmə qabiliyyətinin pozulması arasında səbəbli əlaqəsi olmamışdır. Tibbi manipuiyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Bundan başqa məhkəmə kollegiyasının iclasında iş üzrə rəy vermiş ekspert rəyi müdafiə edərək bildirdi ki, iddiaçıya düzgün diaqnoz qoyulub. Ümumiyyətlə katarakt əməliyyatı zamanı xəstəni MRT-yə göndərilməsi barədə protokolda qayda yoxdur. MRT-yə göndəriş üçün əsas omalıdır. Katarakta görə MRT-yə göndərilmir. Rəydə qeyd olunan «MRT keçirilsə idi, görmə sinirinin atrofiyasının qarşısının alınma imkanı çox olardı» cümləsi tövsiyyə xarakterlidir. Rəyə əsasən görmə sinirinin atrofiyasının səbəbi beyində mövcud olan meningiomadır. Onun da aparılmış əməliyyatla heç bir əlaqəsi yoxdur. Atrofiya beyinlə bağlıdır, görmə sinirini atrofiyasının cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur, xəstənin anamnezində beyin əməliyyatı, beyin şişi, onkoloji xəstəlik oluqda MRT-yə göndərilir. Göndərişi oftalmoloq etmir. Göz dibiin müalicəsi üçün oftalmoloqların özündə xüsusi cihazlar var, bu zaman MRT müayinəsinə göndəriş olmur. Beyindəki şiş katarakta əməliyyatının nəticəsi ola bilməzdi. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən iddiaçı öz tələbini məhkəmədə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin diaqnozun düzgün qoyulmaması, əməliyyatən düzgün müalicə metodu olmaması, vaxtında MRT aparılmaması, bunlarn nəticəsində iddiaçının gözünün kor olması və s. dəlilləri iş materialları ilə, iş üzrə təyin edilmiş ekspert rəyi, o cümlədən ekspertin ifadəsi ilə təkzib olunur. Bundan başqa məhkəmə kollegiyasında müəyyən olundu ki, ümumiyyətlə iddiaçının əməliyyatını hazırkı iş üzrə Cavabdeh2 deyil, başqa həkim icra etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin iddianın təmin edilməsinə dair hissədə apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiası İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-377/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-377/2023
24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver