Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-378/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilmiş hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. X3 Yekunları barədə xx.xx.2020-ci il tarixli 13/01 №-li protokolundan müəyyən edilir ki, “X16” MMC tərəfindən keçirilən hərrac zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 nömrəli evin, 38 nömrəli mənzili 57375 manata olmaqla İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı BOKT ASC-yə təklif edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzil İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən X2 verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzildə Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X6 qeydiyyatdadırlar.
4. AZ-İİ 108543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür.
5. xx.xx.2015-ci il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X7, X9 hər biri X4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etmirlər, həmin əmlaka tutma yönəldiyi və o satıldıqda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-378/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 4197/2024 nömrəli qətnaməsi qismən – “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 38 saylı mənzildə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları” tələbinə dair hissəsində ləğv edilməsi, iddianın həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, X10, X13, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 38 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və mənzildə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı BOKT ASC-nə təhvil verilməsi, ödənilmiş dövlət rüsumu 100 manatın İddiaçı BOKT ASC-nin xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə cavabdeh Hüseynov Əyyub Fərhad oğlu arasında bağlanmış 12 avqust 2015-ci il tariхli, 2015/00131- 01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 28 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Hüseynov Əyyub Fərhad oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Hüseynov Əyyub Fərhad oğlu tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan İddiaçı BOKT ASC tərəfindən ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Abşeron rayon Məhkəməsində iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Hüseynov Əyyub Fərhad oğlundan yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 90 000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(105)- 1001/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Qeyd olunan qətnamədən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5231/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X16” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X16” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət ReyestrindənA bşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 38 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: xx.xx.2020). Hüseynov Əyyub Fərhad oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırdada ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, mülkiyyət hüququ ilə İddiaçı BOKT ASC-yə məxsus olan ünvan 1 ndə faktiki yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları və daşınmaz əmlakın (mənzil) boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 165, 178.1, 203.1, 228.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsinin ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Lakin Abşeron Rayon Məhkəməsi qeyd olunan xüsusatı araşdırmamış, ipoteka qoyanın ailə üzvlərinin belə bir notarial razılıqlarının olub-olmamasına qiymət verməmiş və yekunda cavabdehlərin qanunla qorunan hüquqlarını pozan qətnamə qəbul etmişdir. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Belə ki, cavabdehlərin yeganə yaşayış yerləri mübahisəli mənzil olduğundan onların oradan çıxarılmaları gələcəkdə evsiz və qeydiyyatsız qalmaları ilə nəticələnəcəkdir. Həmçinin İddiaçı BOKT ASC tərəfindən mənzilin onlar tərəfindən satılmasına razılğı verilməmişdir, halbuki mənzilin real bazar dəyəri borc məbləğində çoxdur və satıldığı halda cavabdehlər özlərinə başqa mənzil ala bilərlər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında Cavabdeh2 da apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məkhəmə iclasına gəlməmişlər.
17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-378/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsi qismən – “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 38 saylı mənzildə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları” tələbinə dair hissəsində ləğv edilməsi, iddianın həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzil İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzil məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılmış, həmin əmlak iddiaçının mülkiyyətinə keçirilmiş və bu barədə ona müvafiq çıxarış verilmişdir. Lakin cavabdehlər həmin əmlakda yaşayırlar və oranın boşaldılmasından imtina edirlər. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 38 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və mənzildə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı BOKT ASC-nə təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
40. Apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, mənzilin real bazar dəyəri borc məbləğində çox olması və satıldığı halda cavabdehlərin özlərinə başqa mənzilin ala bilməsi mübahisəli mənzilin hazırkı mülkiyyətçi olan iddiaçının öz mülkiyyətinin müdafiəsinə dair hüququnu istisna etmir.
41. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
44. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə mənzil üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
45. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
46. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4197/2024 nömrəli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.