Məhkəmə qərarları › İş №2(105)-381/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-381/2024

25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-381/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X21 (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5389/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh, atası X2 miras qalan Sumayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/25 saylı evin 28 saylı mənzilini satdıqdan sonra qardaşı X7 vərəsəsi X8 5000 manat verilməsinə dair üzərinə öhdəlik götürmüşdür.

2. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Aytən Telman qızı ilə xx.xx.2020-ci il tarixində nikahada daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Daşdəmirova soyadı verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5000 (beş min) manatın alınıb iddiaçıya verilməsi, həmçinin ödənilmiş 70 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dogma əmisidir. O, xx.xx.2019-cu ildə ərizə yazaraq və öz imzası ilə təsdiq edərək qeyd etmişdir ki, atası X3 miras qalan Sumqayıt şəhəri, 9-cu mkr, ev 7/25, mənzil 28-i satdıqdan sonra qardaşı X9 vərəsəsi X8, yəni iddiaçıya 5000 manatın verilməsini öz üzərinə öhdəlik götürür. Bildirir ki, iddiaçı atasının vərəsəsi kimi həmin vaxt cavabdeh olan əmisi ilə bu barədə razılaşmış və mənzilin əmisinin adına sənədləşdirilməsinə etiraz etməmişdir. O, da öz növbəsində bunun əvəzində ona 5000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. 2023-cü ildə cavabdeh həmin mənzili satmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin pulun verilməsini tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək öz öhdəliyini icra etməkdən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5389/2023 nömrəli qətnaməsi (hakim E.Hüseynov) ilə iddia təmin edilmiş, Cavabdeh 5000 manat və 70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilmsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının əmisidir. Cavabdeh, atası X2 miras qalan Sumayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/25 saylı evin 28 saylı mənzilini satdıqdan sonra qardaşı X7 vərəsəsi X8 5000 manat verilməsinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edib ki, Cavabdeh 5000 manat tutularaq İddiaçı ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələri, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

8. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Mübahisə onun mülkiyyətində olan mənzillə əlaqəli yaranmışdır. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı mənzili (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı mərhum qardaşı X11 ilə Banu adlı qadının faktiki nikahdan olan qızıdır. O, xx.xx.2008-ci il tarixdə doğulmuş, qardaşı da uşağa öz soyadını vermişdir. Əvvəllər cavabdehin atasının mülkiyyətində olan mənzildə qanunsuz olaraq iddiaçı anası ilə birlikdə bir müddət yaşamışdır. Cavabdehin qardaşı Telman 09 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd olunan mənzil xx.xx.1969-cu il tarixdə 10/524 nömrəli orderlə atası X4 məxsus olmuşdur. 2019-cu il tarixdə mənzil onun adına özəlləşmişdir. Daha sonra 2019-cu il tarixdə iddiaçı azyaşlı olduğuna görə anası ilə birlikdə heç bir hüququ olmadan, qanunsuz və əsassız olaraq o mənzildə yaşadıqlarına görə cavabdeh onların mənzildən çıxarılmaları barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Məmmədova Fatma Müstəqim qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” iddia tələbi təmin edilmiş, azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) mənzildən çıxarılsın və istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Sözügedən qətnamə Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə əsaslandırılmışdır. Həmin məhkəmə mübahisələri zamanı iddiaçı azyaşlı olduğuna görə qanuni nümayəndəsi olan anası Məmmədova Fatma Müstəqim qızı Sumqayıt İnzibati Məhkəməsinə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilin özəlləşdirməsinin ləğv edilməsi və Cavabdeh Feyazəli oğlunun adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqaylt İnzibati Məhkəməsinin 2-1(118)-1087/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının ona qarşı pul tələbi iddiasının əsas predmeti sözü gedən mənzildir. Məhkəmə mübahisələri uğursuz olduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Halbuki həmin pulu iddiaçının mərhum qardaşının vərəsəsi kimi tələb etməsi mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı cavabdehin mərhum qardaşının vərəsəsi olmamış, bununla bağlı qanunda nəzərdə tutulan qaydada vərəsəlik işi açılmamışdır. Qətnamə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən adi kağız üzərində yazılan sənədlə əsaslandırılmışdır. Belə ki, həmin kağızın heç bir hüquqi tərəfi mövcud deyildir. Həmin kağızda cavabdehin şəxsiyyət vəsiqəsinin məlumatları qeyd olunsa da, orada yazılan yazını xatırlamır, imza isə ona məxsus deyildir. Həmçinin həmin yazı qanun çərçivəsində, şahidlərlə bərabər yazılmamışdır. Məhkəmə həmin kağızı sübut kimi qəbul etməməli idi. Göründüyü kimi məhkəmə işə birtərəfli qaydada baxmış və iddiaçının formal mülahizələri əsasında qanunsuz qətnamə qəbul etmişdir.

a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Mübahisəli mənzil onun ata mülkü olmuşdur. İddiaçı isə onun mərhum qardaşının qızıdır. Həmin ev satılmış və alqısatqıdan əldə edilmiş vəsait vərəsələr arasında bölünmüşdür. Cavabdeh ona çatası puldan əlavə kredit götürərək, yeni mənzil almışdır. İddiaçının istinad etdiyi qəbz isə vəkil tərəfindən tərtib olunmuşdur. O, həmin qəbzi imzalasa da, yazının mətninin nədən ibarət olduğunu bilməmişdir. O hazırda da bildirir ki, iddiaçıya mərhum qardaşının övladı kimi miras əmlakdan 2000 manat məbləğində pulu hissə-hissə verə bilər. Çünki o işləmir, xəstədir, aldığı pensiya məbləği onun dolanışığına bəs etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qanuni və əsaslı qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir..

14. Mülki Prosessual Məcəllə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5389/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Başqa sözlə qətnamə tam şəkildə mübahisələndirilmişdir.

16. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

18. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb cavabdehin sənədləşdirdiyi mənzilin alqı-satqısı ilə bağlı əldə etdyi pul məbləğindən iddiaçıya verilməli olan pul barədədir.

19. Bu tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdən keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir

21. Nəzərə alınmalıdır ki, əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıbvarlanmamasıdır

22. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin mərhum qardaşının qızıdır. İddiaçının istinad etdiyi “cavabdehin iddiaçıya qarşı pul öhdəliyinin mövcudluğunu özündə əks etdirən sadə yazılı qəbz” isə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı mənzilinə dair tərtib olunmuşdur. Belə ki, həmin mənzilin xx.xx.1969-cu il tarixdə 10/524 nömrəli orderlə cavabdehin atası X4 məxsus olmuşdur. Daha sonra isə xx.xx.2019-cu il tarixli çıxarışla mənzil cavabdehin adına özəlləşdirilmişdir. İddiaçının istinad etdiyi qəbzin tərtib olunma tarixi (xx.xx.2019-cu il) mənzilin sonuncunun adına qeydə alınması tarixindən (xx.xx.2019-cu il) daha öncəyə təsadüf edir.

23. Apellyasiya instansiya məhkəməsinin araşdırması zamanı da cavabdeh bunu mübahisələndirməmiş, mübahisələndirdiyi hal əsasən hazırda maddi imkanının yaxşı olmaması, eləcə də evin satışından əldə olunmuş puldan cəmi 49000 manatın ona çatdığını bildirməsi olmuşdur. Bundan əlavə cavabdeh iddiaçıya 5000 manat deyil, hissəhissə 2000 manat verə biləcəyini qeyd etmişdir.

24. Göründüyü kimi Cavabdeh atası X2 miras qalan Sumayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/25 saylı evin 28 saylı mənzilini satdıqdan sonra pulun hamısının ona deyil, cəmi 49000 manatının ona çatdığını və üstünə də əlavə pul qoyaraq yeni mənzil aldığını etiraf etmişdir.

25. Buradan da belə qənaətə gəlinir ki, Cavabdeh sözügedən mənzilin satışından sonra mərhum qardaşı X7 vərəsəsi X8 5000 manat verilməsinə dair üzərinə öhdəlik götürsə də hazırki vaxtadək üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmiş, müxtəlif bəhanələr gətirərək yayınmışdır.

26. Beləliklə kollegiya belə qənaətə gəlir ki, istinad edilən qəbz dolayısıyla iddiaçının mübahahisəli mənzildən ona çatan pay hüququndan imtinası məqsədi ilə tərəflər arasında razılığın əldə edilməsi məqsədi ilə tərtib olunmuşdur.

27. Cavabdeh apellyasiya şikayətində həmin qəbzin hansı şəraitdə tərtib olunduğundan məlumatsız olduğunu bildirsə də, digər tərəfdən qəbzin mötəbərliyini şübhə altına almağa çalışmışdır.

28. Kollegiya apellyasiya şikayətini dəlili ilə razılaşmır və hesab edir ki, bu dəlillər sonuncunun izahatı ilə uzlaşmamaqla, iddia tələbinin təkzib edilməsi üçün yetərli hesab edilmir.

29. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§21-§23) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında razılaşdırılmış razılaşmanın yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.

31. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(060)-5389/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar