Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3814/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(068)-174/2021 saylı qərardadından iddiaçı Səfərov Raci Sənan oğlunun şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(068)-174/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim İlqar Cabbarov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçıSənan oğlu iddia ilə məhkəməyə müraciət edərək göstərdiyi taksi xidmətinə görə 70 manat, mənəvi ziyana və iş vaxtını itirməyə görə 300 manat, əlavə xərclərə görə 10 manat olmaqla, cəmi 380 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, dövlət rüsumu ödənilməməsinə görə məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmasa da, 2-ci Qarabağ Vətən müharibəsi zamanı hərbi xidmətdə olmağı barədə arayış təqdim etmiş və “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə istinad edərək müharibə veteranı kimi dövlət rüsumu ödəməkdən azad olunduğunu qeyd etmişdir. Lakin məhkəmə bu hala qiymət verməmiş, başqa sözlə, onun dövlət rüsumu ödəməkdən azad olunduğunu təsdiq etməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xızı Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətindəyazılı icraat qaydasında baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 19 oktyabr 2021-ci il tarixli, 2(068)-174/2021 saylı qərardadla iddia ərizəsini baxılmamış saxlayarkən iddiaçının “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranı olmaqla, dövlət rüsumu ödəməkdən azad olunmasını əsas gətirərək müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməməsinə, lakin müharibə veteranı olmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməməsinə istinad etməklə Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsaslanaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 19-cu fəslində ərizənin baxılmamış saxlanılmasının əsasları, qaydası və nəticələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin mənasına görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim bu nöqsanı aradan qaldırmaq üçün iddiaçıya müddət müəyyən etməli, həmin müddətdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, işin məhkəmə hazırılıq iclası 30 sentyabr 2021-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı 19 oktyabr 2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçıya dövlət rüsumu ödəməsi barədə müddət müəyyən edilməsi iş materiallarından görünmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsində nəzərdə tutulan əsasla iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edərkən işin yuxarıda göstərilən halını nəzərə almamış, bununla da prosessual hüquq normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xızı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı şikayəti təmin edilsin. İş üzrə Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(068)-174/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xızı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3814/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3814/2021
18.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver