Məhkəmə qərarları › İş №2(105)-3903/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3903/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3903/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimov Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 2 nömrəli Doğum evinə və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)- 4071/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-4071/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-4071/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İŞİ N HALLARİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 2 saylı Doğum evindən 100000 (yüz min) manat mənəvi zərərin, həmin Doğum evinə uşağın doğulması üçün ödədiyi 1000 (bir min) manat maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 101030 (yüz bir min otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4071/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəsatətinə əsasən Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnamə qəbul edərkən öz fikrini onunla əsaslandırmışdır ki, oğlu Nihat Vahabovda yaranmış kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu (pataloji dəyişikliklər) anadangəlmə qüsur kimi qiymətlənməlidir. Məhkəmə öz istinadlarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 23.01.2021-ci il tarixli, 643/KES saylı rəyinə əsaslanmışdır. Rəyə görə Nihat Vahabovda qeyd edilən dəyişikliklərin “spinalanesteziya” nəticəsində yaranması istisna edilir. Həmin rəyə görə 05.01.2014-cü ildə təbii yolla doğulmuş N.Vahabovda “Kəskin İntranatal hipoksiya” əlamətlərindən başqa digər hər hansı bir xəsarət almamışdır. Məhkəmənin gəldiyi nəticə və ekspert rəyi ziddiyyətli olub, uşağın doğuş zamanı travma almasını düzgün qiymətləndirməmişdir. Uşaq 2 saylı Doğum evindən buraxılarkən “Əvəzləmə kartın”da onun sağlam olduğu göstərilmişdir. Ekspert yanlış olaraq belə nəticəyə gəlmişdir ki, N.Vahabovun səhhətində yaranmış problemlər sonradan əmələ gəlmişdir. Lakin həmin problemin hansı səbəbdən baş verməsinə aydınlıq gətirilməmişdir. O, bunu hakimin nəzərinə çatdırmış və əlavə ekspertizanın keçirilməsinin zəruriliyini bildirmişdir. Lakin məhkəmə qərəzli olaraq iş üzrə təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul etməmişdir. Bir daha bildirir ki, uşağın səhhətində olan problemlər 2 saylı Doğum evinin həkimi Cavabdeh2 səhlənkarlığı, günahı, məsuliyyətsizliyi səbəbindən baş vermişdir. Uşağın anadan olması barədə tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərdən fərqli olaraq onun sağlamlıq durumunda bir çox problemlər yaranmışdır. Bu problemlər bilavasitə həkim Cavabdeh2 səhlənkarlığının, səriştəsizliyinin nəticəsidir. O, doğuşa qədər dəfələrlə həkim müayinəsindən keçmişdir. Həmin müayinə sənədlərində uşağın inkişafı barədə mənfi rəyə rast gəlinmir. Uşağın hazırki durumunda olan problemlər doğuş zamanı aldığı travma və zədələrlə bağlıdır. Hesab edir ki, uşağın çəkisi böyük olduğundan keysəriyyə yolu ilə doğuş həyata keçirilməli idi. Daha sonra qeyd etdi ki, onun bundan qabaq da təbii doğuşla 4 kiloqramdan artıq çəkisi ola uşağı doğulub. Onun məcburi olaraq təbii doğuşa getdiyini təsdiq edən sübutu yoxdur.O, dopler sənədlərini son vaxtlarda tapdığından məhkəməyə gec müraciət etmişdir. Problem beyin nahiyəsində olduğundan həkimlər onun doğuş zamanı travmadan əmələ gəldiyini yoxsa anadangəlmə olduğunu müəyyən edə bilmirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-4071/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı iddia edir ki, uşağın çəkisi 4,5 kq olduğundan onun üzərində mütləq keysəriyyə əməliyyatı icra edilməli idi. Bildirir ki, ilk növbədə bu doğuş edən xəstənin öz seçimidir. Bundan başqa isə 4,5 kq çəki keysəriyyə əməliyyatının mütləq qaydada icrası üçün göstəriş hesab olunmur. İddiaçını xatırlamır və iddiaçı ona 1000 manat verməyib, bu mümkünsüzdür. Sənədlərə əsasən iddiaçı 3 gün xəstəxanada qalıb. Uşaq bir gün zondla qidalanıb. Sonradan ana südü ilə qidalandırılmaq üçün anaya verilib. Əgər doğuşdan sonra uşaqda hər hansı bir xəstəlik olsaydı ana və uşaq evə buraxıla bilməzdi. Bundan əlavə xanım doğuşdan az sonra uşağı həkimlərə apardığını deyir. Bildirir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən bütün tibb müəssisələri Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin nəzarət və tabeliyindədirlər. Əgər onların sağlam adı ilə evə göndərdikləri uşaqda hər hansı xəstəliyin olması ilə bağlı pediatrlara müraciət olunsaydı, Səhiyyə Şöbəsi dərhal onları məlumatlandırardı. Belə bir məlumat isə olmayıb. Əgər uşaqdakı xəstəlik genetikdirsə bu o demək deyil ki, valideynlərdən hansısa biri mütləq xəstədir. Bu xromosom çatışmazlığıdır və bir neçə nəsil sonra da özünü göstərə bilər.Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-4071/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh Sumqayıt şəhər 2 nömrəli Doğum evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L ƏR : Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının, cavabehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan, AZ-İİİ № 262882 saylı, 13.02.2014-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 05.01.2014cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinika “Nevrologiya və X10”nın 25.12.2015-ci il tarixli müayinəsinin surətindən görünür ki, X7 müayinə zamanı “Mikrofiriya,” yəni nitq inkişafının ləngiməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti X2 şöbəsinin 31.10.2018-ci il tarixli müayinəsinin surətindən görünür ki, X7 müayinə zamanı “Mikrofiriya,” yəni psixi-fiziki, əsasən əqli və nitq inkişafının ləngiməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışın surətindən görünür ki, 05.01.2014-cü il təvəllüdlü X11 “Sağlamlıq imkanları məhdud uşaq” kimi qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 2 saylı Doğum evinin «əvəzləmə kartı»nın surətindən görünür ki, X9 tərəfindən 05.01.2014-cü il tarixdə çəkisi 4400 qram olan, sağlam iri uşaq doğulmuşdur. Doğuşdan üç gün sonra, yəni 08.01.2014cü il tarixdə X4 vəziyyətdə evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 2 nömrəli doğum evinin 20.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan 1981-ci il təvəllüdlü X9 04.01.2014-cü il tarixində saat 23:00-da doğum evinə daxil olub. Diaqnoz: 40 həftə, doğuşun İ dövrü, iri döl, Preeklamsiya orta dərəcə. 05.01.2014-cü il tarixində saat 04:45-də çəkisi 4400 qram, boyu 54 sm olan kişi cinsində uşaq doğmuşdur. Diaqnoz doğuş. İri uşaq. 08.01.2014-cü il tarixində uşaqla birlikdə kafi vəziyyətdə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 12.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2013-2014-cü il tarixlərində Sumqayıt Şəhər Perinatal Mərkəzinə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 23.01.2021-ci il tarixli, 643/KES saylı rəyindən görünür ki, Nihat Vahabovun mütəxəssis müayinəsi zamanı hazırda onda orta kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusunun olduğu müəyyən edilmişdir. Qeyd olunan pataloji dəyişikliklər anadangəlmə qüsur kimi qiymətləndirilir. Sumqayıt şəhər 2 nömrəli X15 Vahabovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 05.01.2014-cü il tarixdə təbii yolla doğulmuş və onda “Kəskin intranatal hipoksiya” əlamətlərindən başqa digər hər hansı bir pataloji dəyişikliklərin olduğu qeyd edilməmişdir. N.Vahabovda mövcud olan anadangəlmə patalogiya inkişaf mərhələsindən asılı olaraq bir neçə müddət sonra özünü biruzə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2 saylı Sumqayıt Doğum evinə hamiləliklə əlaqədar olaraq 04 yanvar 2014-cü ildə müraciət etmiş, 05.01.2014-cü ildə doğuş baş vermiş və 4400 qram çəkidə oğlan uşağı doğulmuş, Sumqayıt şəhər 2 saylı Doğum evinin “Əvəzləmə kartına” görə uşaq doğularkən qoyulmuş diaqnoza görə “sağlam iri uşaq” olması qeyd olunsa da uşağın anadan olması barədə tərtib olunmuş sənədlərdə göstərilənlərdən fərqli olaraq uşaq anadan olandan sonra onun sağlamlıq durumunda bir çox problemlər aşkar olunmuşdur. Nəticəyə görə ona vurulmuş maddi ziyanın həcmini 1000 manat, mənəvi ziyanın həcmini 100000 manat məbləğində dəyərləndirir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş 643/KEŞ nömrəli, 17.06.2021-ci il tarixli rəyindən görünür ki, Nihat Vahabovun mütəxəssis müayinəsi zamanı hazırda onda orta kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusunun olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklər anadangəlmə qüsur kimi qiymətləndirilir. Sumqayıt şəhər 2 nömrəli X15 Vahabovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 05.01.2014-cü il tarixdə təbii yolla doğulmuş və onda “Kəskin intranatal hipoksiya” əlamətlərindən başqa digər hər hansı bir patoloji dəyişikliklərin olduğu qeyd edilməmişdir. N.Vahabovda mövcud olan anadangəlmə patologiya inkişaf mərhələsindən asılı olaraq bir neçə müddət sonra özünü biruzə vermişdir. Qeyd olunan dəyişikliklərin spinal anesteziya nəticəsində yaranması istisna edilir. Həmin eksprert rəyi ilə iddiaçının övladında olan qüsurun anadangəlmə qüsur olduğunu bildirmiş və bunun doğuş zamanı hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa iddiaçı övladında yaranmış qüsurun doğuş zamanı yarandığını qeyd etsə də övladının 2014-cü il təvəllüdlü olmasını və oun hazırki ərizə ilə məhkəməyə müraciət etməsi bir daha sonuncunun övladında yaranmış qüsurun doğuş zamanı yaranmamasını bir daha sübuta yetirir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçının övladında yaranmış qüsurun sübuta yetirilməsi ilə bağlı halların ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqa zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehlərin hərəkətləri nəticəsində ona 1000 manat maddi ziyan, 100000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün Cavabdeh2 səhlənkarlığı nəticəsində övladının doğuş zamanı travma alması, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülkiprosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdeh R. Əliəsgərovanın doğuş zamanı etdiyi səhlənkarlıq səbəbindən mənəvi sarsıntı keçirməsi, övladının sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinəəsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər 2 nömrəli Doğum evinə və Cavabdeh2 Ələsgər qızına qarşı “cavabdeh 2 saylı Doğum evindən 100000 (yüz min) manat mənəvi zərərin, həmin Doğum evinə uşağın doğulması üçün ödədiyi 1000 (bir min) manat maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 101030 (yüz bir min otuz) manatın tutularaq ona ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətindən görünür ki, apelyant birinci instansiya qətnaməsinin qaunsuz və ədalətsz oluğunu, uşağında yaramış fəsadların cavabdeh X1 nəticəsində yaradığını, iş üzrə təkrar ekspertiza keçrilməsini zəruriliyini qeyd edərə qətnaməin ləğv olunmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının uşağı 05 yanvar 2014-cü idə doğulmuşdur. Lakin iddiaçı isə hazırkı iddia ilə 2021-ci ildə, yəni yeddi ildən sonra məhkəməyə müraciət etmişdir. Bu illər ərzində uşağının xəstəliyi ilə əlaqədar nə cavabdehlərə, nə də ki məhkəməyə müraciət etməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı doğum evində uzun müddət olduğunu, doğuşun sürətləndirilməsi üçün ona yüzdən çox iynə vurulduğunu, əziyyət verildiyini, məcburi təbii doğuş edildiyini bildirsə də bu, iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli Doğum evinn 20.05.2021-ci il tarixli, 213 saylı məktubunda görünür ki, İddiaçı doğum evinə 04.01.2014-cü il tarixdə saat 23-00-da daxil olmuş, 05.01.2014-cü il tarixdə saat 04.45-də doğuş baş vermişdir, yəni uşaq iddiaçı iddia etdiyi kimi uzun müddətdən sonra yox, xəstəxanaya daxil oluqdan 04 saat 45 dəqiqə sonra doğulmuşdur. Bundan başqa doğuşun süni surətdə sürətləndirilməsinə görə ona çox saylı iynə vurulmasına dair iş materiallarında, o cümlədən xəstəlik tarixçələrində heç bir məlumat yoxdur. Cavabdehin səhlənkarlığı nəticəsində uşaqda fəsadların yaranmasına dair iddiaçının dəlili də iş materialları ilə təkzib olunur, belə ki, iddiaçı bu barədə də hər hansı bir sübut təqdim edə bilmədi. Apelyant iş üzrə təkrar ekspertiza rəyinin keçirilməsini iddia etsə də iş üzrə verilmiş ekspert rəyinin əsassız olğunu əsaslandıra bilmədi. Belə ki, ekspert rəyinin əsassız olması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-4071/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar