Məhkəmə qərarları › İş №2(105)-394/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-394/2024

08.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-394/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və X3 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-473/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən sahəsi 0,10 ha olan 1970 saylı bağ sahəsinin dəyəri olan 80000 (səksən min) manat məbləğində pul və 330 (üç yüz otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xərci olaraq Cavabdeh 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80000 (səksən min) manat məbləğində pulun və 330 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1970 saylı bağ sahəsinin, bu mümkün olmadıqda isə onun dəyəri olan 80000 (səksən min) manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə aralarında bağlanmış 24 sentyabr 1990-cı il tarixli 615 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri Corat bağları ərazisində sahəsi 0,18 ha olan 1970 saylı bağ sahəsi iddiaçıya icarəyə verilmişdir. 03 iyun 2005-ci il tarixdə Sumqayıt bələdiyyəsi qanunsuz qərar qəbul edərək həmin bağ torpaq sahəsindən 0,10 ha torpaq sahəsini B-1970 nömrəsi ilə Cavabdeh mülkiyyətinə vermişdir. Bununla bağlı tərəflərindən məhkəmədə iddia qaldırılmış, Sumqayıt şəhər məhkəməsinin 22 iyul 2008-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, Sumqayıt şəhər Bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt şəhər bələdiyyəsi həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 17 noyabr 2008-ci il tarixli 2(105)-1230/2008 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. O vaxtdan keçən müddət ərzində Cavabdeh Xankalam oğlu torpaq sahəsini boşaltmamış və iddiaçıya təhvil verməmişdir. Əksinə, 29 iyul 2015-ci il tarixdə həmin torpaq sahəsinə dair əldə etdiyi qanunsuz sənədlərin məhkəmə qərarı əsasında ləğv olunduğunu bildiyi halda, həmin torpaq sahəsini X2. Bununla da o, faktiki olaraq cinayət törədərək, iddiaçıya məxsus əmlakı öz əmlakı kimi təqdim edərək başqa şəxsə satmış və gəlir əldə etmişdir və əldə etdiyi məbləği də iddiaçıya verməmişdir. Həmin ərazidə 1 sot torpaq sahəsinin bazar qiyməti minimum 8 min manat olduğu üçün hesab edir ki, cavabdehdən 80 min manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsindən də görünür ki, həmin torpaq sahəsinin xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə həmin tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1970 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi 30000 manata Cavabdeh tərəfindən X1. Yəni alqı-satqı müqaviləsində məbləğ 30000 olduğu halda, cavabdehdən 80000 manat tutulması qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi nə ekspertizanın rəyini almış, nə də cavabdehdən tutulan məbləği əsaslandıra bilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə sübutlara düzgün hüquqi qiymət vermədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə qərarının məhkəmə aktına əsasən ləğv edildiyi halda digər şəxsə satması nəticəsində iddiaçıya ziyan vurduğundan, torpaq sahəsinin dəyərinin alınaraq iddiaçıya verilməli olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator qətnaməni iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1970 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh Xankələm oğlunun adına qeydiyyata alınması barədə Sumqayıt şəhər Bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli 20 nömrəli qərarının qüvvədə olan məhkəmə aktı ilə qanunsuz hesab edilməsi işin mübahisəsiz halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia zərərin əvəzi olaraq mübahisəli torpaq sahəsinin dəyərinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21, 1096.1., 1097.1-ci maddələri təşkil edir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1. və 1097.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Mülki Məcəllənin 560.1. və 560.2. maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi mübahisəli torpaq sahəsinin cavabdehə verilməsinə əsas olan Bələdiyyə qərarı məhkəmə aktı ilə ləğv edildiyi halda, sonuncu həmin torpaq sahəsini digər üçüncü şəxs Leyla Məşədiyevaya satmaqla bu hərəkəti ilə iddiaçıya ziyan vurduğundan, ekspert rəyinə uyğun olaraq həmin vəsaitin cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin alqı-satqı müqaviləsində məbləğin 30000 olduğu halda, cavabdehdən 80000 manat tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin 0,01 ha hazırda mövcud olan orta bazar qiyməti təqribən 8.000 manat məbləğindədir (0,01ha=8000 manat, 0,10ha=80.000). Cavabdeh mübahisəli torpaq sahəsini başqa şəxsə satmaqla faktiki olaraq iddiaçının gözlənilən mülkiyyət hüququ olan torpaq sahəsindən məhrum etdiyindən həmin torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun dəyərinin, yəni ekspert rəyi ilə müəyyən edilmiş 80.000 manat məbləğində tutulması qanuni və əsaslı olduğundan alqısatqı müqaviləsində göstərilən 30.000 manat məbləğində tutulması barədə apellyasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası razılaşmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar