Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-395/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4274/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1246 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********87 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına 1 nömrəli reyestr kitabının 069 səhifəsində 273 reyestr nömrəsi ilə qeydə alınmışdır.
3. Hazırda iddiaçı cavabdeh tərəfindən qoyulmuş 1 ədəd kondisioner matoru, 1 ədəd su çəni və 1 ədəd pəncərənin onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə mane törətdiyini iddia edərək, məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 306 ünvanında yerləşən 0.0039 (39 kv.metr) ha torpaq sahəsi reyestr № **********87, qeydiyyat № ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu nəzərə alıb, həmin torpaqdan istifadə etməyinə mane olan 1 ədəd kondisioner matoru, 1 ədəd su çəni və 1 ədəd pəncərənin Cavabdeh öz vəsaiti hesabına çıxarılması, həmçinin də, cavabdeh tərəfindən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması və dövlət qaydasında ödədiyi 100 manat vəsaitin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 306 ünvanda yerləşən 0.0039 (39 kv.metr) ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Bu barədə iddiaçıya “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” reyestr № **********87, qeydiyyat № ********** olan elektron çıxarış və plan ölçü verilmişdir. Qonşuluqda yerləşən cavabdehə məxsus qanunsuz və sənədsiz inşa edilmiş qeyri-yaşayış sahəsinə dair 1 ədəd kondisioner matoru, 1 ədəd su çəni və 1 ədəd pəncərə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə mane törədir. Baxmayaraq ki, bu barədə dəfələrlə cavabdehə iradını bildirsə də, cavabdeh iradını qəbul etməmiş və iddiaçıya qarşı aqressiv davranmışdır. Cavabdehə məxsus qeyri-yaşayış binasının digər üç tərəfi heç kimə mane olmur, istəsə kondisioner motorlarını və pəncərəni özünə məxsus qeyri-yaşayış binasının digər üç tərəfindən birinə quraşdıra bilər, lakin bunu etmək istəmir, iddiaçıya qarşı qərəzli mövqe göstərərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsini ondan almaq istəyir. Həmin torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və hal-hazırda mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə və ərazidə tikinti inşa etməyinə imkan vermir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz verərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, etiraza əlavə etdiyi 273 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçının özbaşına tikili adlandırdığı tikili qeyri-yaşayış sahəsi olaraq 2003-cü ildə dövlət reyestrində qeydiyyata alınaraq həmin tikiliyə texniki pasport verilib, iddiaçı torpaq sahəsindən uzun müddətdir ki, istifadə etdiyini göstərsə də iddia ərizəsinə əlavə etdiyi çıxarışdan görünür ki, 39 kv.m torpaq sahəsinə xx.xx.2023-cü ildə mülkiyyət hüququ əldə etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının mülkiyyətində olan 39 kv.m torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Mövcud vəziyyətdə cavabdehin qanuni istifadəsində olan tikilidə quraşdırılmış kondisioner matorunun, 1 ədəd su çəninin və 1 ədəd pəncərənin iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olmasının iddia edilməsi mümkünsüzdür. Belə ki, tikiliyə pəncərə qoyulanda 39 kv.m torpaq sahəsi boş ərazi olmuşdur. Özünə məxsus torpaq sahəsində tikinti işlərinə imkan verilməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddia ərizəsinə əlavə etdiyi Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, həmin ərazidə tikinti işləri aparılmasına razılıq verilməmişdir. Yəni layihə sənədləri olmayan tikinti işlərinin aparılmasına maneçilik törədilməsi mümkünsüzdür. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 39 kv.m ərazidə diametri 22 sm olan şam ağacı vardır. İddiaçı göstərilən ağaca mülkiyyət hüququ əldə etməmişdir. Yəni bəhs olunan ağacın mövcudluğu da həmin ərazidə tikintini məhdudlaşdırır. İddianın hüquqi əsaslandırılmasına münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh tərəfdən iddiaçının mülkiyyət hüququndan istifadəsinə hər-hansı bir maneçilik mövcud deyildir. Eyni zamanda iddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin 96.5.1-ci maddəsinə istinad etmişdir. Yuxarıda göstərildiyi kimi cavabdeh tilikiyə mülkiyyət hüququnu 2003-cü ildə əldə edib ki, həmin vaxt Şəhəralma və Tikinti Məcəlləsi qəbul edilməmişdir.
7. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeyri-yaşayış obyektinin qarşısında tikinti aparılması barədə 11 iyul 2023-cü il tarixli müraciəti Memarlıq və tikinti şöbəsində araşdırılmışdır. Araşdırma zamanı Abşeron rayon Xırdalan şəhəri, Heydər Əliyev prospektində onun istifadəsində olan obyektin qarşısında tikinti işlərinin aparılması aşkar olunmamışdır. Məktubda qeyd olunan ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvan nəzarətə götürülmüşdür.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4274/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
10. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2,157.4-ci, Mülki Prosessual Məcəllənin 14.2, 17.2, 77.1, 119.1, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun və cavabdehin mülkiyyətində daşınmaz əmlakların olduğu mülki iş materialları ilə sübut olunur. Amma iddia etdiyi, qeyri-yaşayış sahəsində quraşdırılmış əşyaların cavabdehin mülkiyyətində olması halları müəyyən edilməmiş, sadəcə həmin əşyaların onun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikintisinə maneçilik törədəcəyindən cavabdehə həmin əşyaların yerinin dəyişdirilməsi yönümündə razılaşma olmadığından mübahisə yaranmışdır. Maddi normanın tələbinə uyğun olaraq, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmçin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Cavabdeh isə belə hərəkətləri ilə mülkiyyətində olan torpaq sahəsinə belə sahib çıxmaq istəyir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülıkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olur ki, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə dair sənədləri, sübutları (çıxarışı və s.) məhkəməyə təqdim etmişdir. Məhkəmə isə belə nəticəyə gəlir ki, mülkiyyət çıxarışının təqdim edilməsinə baxmayaraq, qonşu tərəfindən müəyyən maneələrin törədilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə əsl həqiqətə nail olmaq üçün, heç olmazsa, əmlakın yerləşdiyi yer üzrə yerli baxış keçirə bilərdi. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətlərinin movcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə, iddiaçı olaraq “məhkəmə mühəndis tikinti ekspertizası”nın keçirilməsinə dair verdiyi vəsatəti təmin etməmiş, cavabdehin iddia tələbinə qarşı verdiyi etirazı əsas tutaraq, yalnız birtərəfli qaydada, mülkiyyət çıxarışına istinad etmiş, təqdim etdiyi sənədlər və sübutlara isə ümumiyyətlə qiymət verməmişdir. Bu hal, onun səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməməyi ilə nəticələnsə də, tərəfindən teleqramma yolu ilə bildirdiyi məlumatlar isə nəzərə alınmamışdır. Məhkəmə MPM-in 97.1ci maddəsinin tələblərinə əməl etməli olduğu halda, öz təşəbbüsü ilə ekspertiza təyin etməmiş, bir dəfə məhkəmə iclası keçirməklə işini bitmiş hesab etmişdir. Məhkəmə araşdırma aparmamışdır. Məhkəmə iclaslarında iştirak edə bilməməyi səbəbindən məhkəmə tərəfindən güman edilən sübutlar (nəzərdə tutulan) aidiyyəti üzrə təqdim edilsə də, məhkəmə iddia tələblərinə düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
16. 18. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
17. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
19. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 173. Çıxıntılı binalar 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
26. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4274/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner matoru və 1 ədəd su çəni Cavabdeh vəsaiti hesabına çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız çıxarışları və məhkəmə aktını təqdim etməklə kifayətlənmişdir ki, həmin sənədlər də iddia tələbinin əsaslılığının sübut edilməsi üçün kifayət deyildir.
34. Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, iş üzrə obyekyiv nəticəyə gəlmək üçün xüsusi bilik tələb edən sualları izah etmək üçün ekspertiza təyin etməmişdir.
35. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-395/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
36. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-10/1353 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi **********87 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edir. Cavabdeh istifadəsində olan kondisioner motoru və 1 ədəd su çəni tam olaraq **********87 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir.
37. Göründüyü kimi iş üzrə təqdim edilmiş sənədlərə əsasən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək ölçmə işləri aparılmışdır.
38. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
39. Beləliklə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehin 1 ədəd kondisioner matoru və 1 ədəd su çəni quraşdırması öz təsdiqini tapır.
40. Mülki Məcəllənin 173.1-ci maddəsinə görə başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
41. Hazırkı işdən görünür ki, tərəflər arasında qeyd olunan qurğuların yerləşdirilməsi ilə bağlı hər hansı razılıq mövcud olmamış, iddiaçı həmin qurğuların onun torpaq sahəsi hüdudlarında yerləşməsinə etiraz edir və çıxarılmasını tələb edir. Mülkiyyətçi olan iddiaçının isə bu hərəkətlərə son qoymağı tələb etmək hüququ vardır. Odur ki, iddia tələbi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner matoru və 1 ədəd su çəninin cavabdehin vəsaiti hesabına çıxarılması hissəsində əsaslıdır.
42. Kollegiya iddia tələbinin-1 ədəd pəncərənin Cavabdeh öz vəsaiti hesabına çıxarılması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
43. Belə ki, iş materialları ilə iddiaçının torpaq sahəsi hüdudları daxilində cavabdehin pəncərəsinin yerləşdiyi və həmin pəncərənin hazırda onun mülkiyyət hüququna qəsd və ya başqa maneələr törətməsi halı müəyyən edilməmişdir.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir.
47. Beləliklə məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutlara və işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4274/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərərk iddia tələbi qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş **********87 reyetr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner matoru və 1 ədəd su çəni Cavabdeh vəsaiti hesabına çıxarılmalı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4274/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş **********87 reyetr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0039 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 (bir) ədəd kondisioner matoru və 1 (bir) ədəd su çəni Cavabdeh vəsaiti hesabına çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizası tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.