Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-400/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Azər İsmayılov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4030 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə onun hüquqları pozulmuşdur. Məhkəmə işi araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Bildirir ki, mebel mağazasında satıcı işləmişdir. Həmin vaxtlarda mağazaya X3 rəhbərlik edirdi. Müştərilərlə danışıqları Fuad aparır, mebellərin növlərini, çeşidlərini, ödəniş məlumatlarını o təqdim edirdi. O, ancaq deyilən ünvandan müştəridən pulu alaraq Fuada vermişdir. İddiaçıdan pulu almasını inkar etmir. Lakin həmin pullar onun tərəfindən götürülməmiş, xərcləməmişdir. Götürdüyü pulların məsuliyyətini daşımır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh mebel satmaq adı ilə onu aldadaraq Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində 4000 (dörd min) manat pulunu ələ keçirmişdir. Faktla bağlı Suraxanı RPİ-nin 31-ci PB-ya cinayət işinin açılması ilə bağlı müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh təhqiqatda izahat verərək göstərmişdir ki, o, 2017-ci ildən 2020-ci ilə qədər Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Orbita” mebel dükanında fəhlə işləmişdir. 2019-cu ilin yay aylarında sonradan tanıdığı İddiaçı adlı şəxsdən həmin vaxt mebel dükanının müdiri işləyən 1980-ci il təvəllüdlü X1 göstərişi ilə Suraxanı rayonu ərazisində 3 ay müddətinə iki dəfə eyni yerdə görüşərək, ümumilikdə 4000 (dörd min) manat pul almış və həmin pulu Sumqayıt şəhərində mebel dükanında Fuada vermişdir. İzahatdan göründüyü kimi cavabdeh ondan pulu almağı təhqiqat zamanı etiraf etmişdir. Cavabdeh tərəfindən pulun geri qaytarılmaması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nın 28.04.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh iddiaçıdan 4000 manat pul aldığını və həmin pulu X2 verdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mebel almaq üçün cavabdehə ayrı-ayrı vaxtlarda cəmi 4000 manat pul verməsini, cavabdeh həmin pulu iddiaçıdan almasına baxmayaraq razılaşdıqları alğı-satqı üzrə öhdəliyini yerinə yetirməyərək vəd etdiyi mebelləri iddiaçıya təhvil verməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan mebel satışı ilə əlaqədar 4000 manat almasını etiraf etmişdir ki, bu da iddianın əsaslı olmasını dəlalət edir. Cavabdeh iddiaçıdan aldığı 4000 manatın mağazanın sahibi Fuad adlı şəxsə verməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi cavabdehin etirafı ilə təsdiq edilsə də, həmin pulun Fuad adlı şəxsə verilməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olduğundan ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)- 5428/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-5428/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Hüseynov Cahid İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-400/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-400/2022
18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver