Məhkəmə qərarları › İş №2(105)-410/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-410/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-410/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Xidmət Mərkəzinin xüsusi notariusu olan cavabdeh X2 xidmətdən əsassız imtina etməklə vəzifə öhdəliklərini kobud şəkildə pozması səbəbindən ona vurulmuş 5000 manat mənəvi və 1000 manat maddi ziyanın əvəzinin, habelə dövlət rüsumu olaraq ödədiyi 80 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Fərid Yaqubov). Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir... İş materiallarından görünür ki, cavabdeh X2 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsidir. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilməmişdir. MPM-in 152.1.3-cü maddəsinə görə isə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır... Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanı aradan qaldırdıqdan sonra, ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, hazırkı iddianı adi fiziki şəxsə qarşı deyil, vəzifəli şəxs olan notariusa qarşı qaldırmışdır. Hesab edir ki, qaldırdığı iddia notariusun fəaliyyətindən irəli gələn hüquq pozuntuları ilə bağlı olduğundan, həmin iddiaya cavabdeh X2 rəsmi qeydə alındığı yerin məhkəməsində deyil, onun notarius kimi VÖEN üzrə hüquqi qeydiyyatda olduğu yerə görə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadı ləğv edilməli və sözügedən iddia ərizəsinin ərazi üzrə məhkəmə aidiyyəti müəyyənləşdirilməklə iddiaçıya qanuna müvafiq izah verilməsi ilə əlaqədar yeni qərardad qəbul olunmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi cavabdeh qismində X8 Xidmət Mərkəzinin xüsusi notariusu X3 qarşı irəli sürülmüşdür. İddiaçı cavabdehin notarius olaraq fəaliyyətindən narazı qalmışdır; sonuncunun xidmətdən əsassız imtina etməklə vəzifə öhdəliklərini kobud şəkildə pozması səbəbindən ona maddi-mənəvi zərər dəydiyini iddia edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya icarəyə götürülmüş və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir. Hər bir xüsusi notariusun ofisi olmalıdır. İki və ya daha çox notarius müvafiq icra hakimiyyəti orqanının razılığı ilə aralarında bağlanılmış müqavilə üzrə bir ofisdə fəaliyyət göstərə bilərlər... Həmin Qanunun 33-cü maddəsinə əsasən, notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır... Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər... Həmin Qanunun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Göründüyü kimi, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən, yəni notariat fəaliyyətini həyata keçirən şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən), eyni zamanda həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində yetirilmiş zərərin aradan qaldırılması ilə bağlı şikayətlərin (iddiaların) ərazi üzrə hansı məhkəməyə aid (verilməli) olması “Notariat haqqında” Qanunun 41-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu normaya müvafiq olaraq xüsusi notariusa qarşı irəli sürülən iddia həmin notariusun iş yerinin (ofisinin) olduğu ərazi üzrə məhkəməyə verilməlidir. Belə olduğu halda hazırkı iddia ərizəsi də cavabdeh X2 xüsusi notarius vəzifəsində işlədiyi qurumun (X8 Xidmət Mərkəzinin) yerləşdiyi ərazi üzrə məhkəməyə (Qəbələ Rayon Məhkəməsinə) verilə bilər. İddia ərizəsini ərazi aidiyyəti üzrə verilmədiyinə görə geri qaytaran birinci instansiya məhkəməsinin istinad etdiyi MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin mübahisəli halda iddia ərizəsinin ərazi üzrə məhkəmə aidiyyəti konkret qanunla müəyyən edildiyindən, həmin ərizənin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi istisna olunur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdeh X2 rəsmi qeydə alındığı (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi) yerin məhkəməsinə verilməli olması barədə düzgün olmayan nəticəyə gəlməklə prosessual normanı səhv tətbiq etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh X2 adına vergi orqanı tərəfindən verilmiş (açılmış) VÖEN-in onun xüsusi notarius kimi fəaliyyəti ilə əlaqəsi yoxdur. Ona görə ki, qanunvericilik notariuslara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə vermir. Belə ki, “Notariat haqqında” Qanunun 7-1-ci maddəsinə əsasən, xüsusi notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır... Həmin Qanunun 25-ci maddəsinə görə isə, notariat fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir... Odur ki, iddiaçı cavabdehin VÖEN üzrə hüquqi qeydiyyatda olduğu yeri onun notarius kimi iş (fəaliyyət) yeri hesab edərək iddia ərizəsinə məhz həmin yer üzrə məhkəmədə (yəni Şamaxı Rayon Məhkəməsində) baxılmalı olmasını israr etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı X8 Xidmət Mərkəzinin xüsusi notariusu olan cavabdeh X3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə cavabdehin notarius vəzifəsində işlədiyi qurumun (X8 Xidmət Mərkəzinin) yerləşdiyi ərazi üzrə məhkəməyə (Qəbələ Rayon Məhkəməsinə) müraciət edə bilər. Məhkəmə kollegiyasının belə nəticəyə gəlməsinin hüquqi əsasını “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi təşkil edir. Ona görə də, iddiaçının şikayəti qismən təmin edilərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadı ləğv edilməli və sözügedən iddia ərizəsinin cavabdeh X2 xüsusi notarius vəzifəsində işlədiyi qurumun (X8 Xidmət Mərkəzinin) yerləşdiyi ərazi üzrə məhkəməyə (Qəbələ Rayon Məhkəməsinə) verilməli (aid) olması iddiaçıya izah olunmalıdır. Bununla əlaqədar həmçinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxaraq, birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələnin həlli barədə qərardad qəbul etmək hüququ vardır. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 5-ci maddəsinin müddəaları baxımından, ərizə (iddia ərizəsi) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-437/2025 nömrəli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2025-ci il tarixdə ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaiti (qəbz nömrə **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı onun X8 Xidmət Mərkəzinin xüsusi notariusu olan cavabdeh X3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin cavabdehin xüsusi notarius vəzifəsində işlədiyi qurumun yerləşdiyi ərazi üzrə məhkəməyə aid olması izah olunsun. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar