Məhkəmə qərarları › İş №2(105)-414/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-414/2024

03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-414/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abduləzı̇ mov Cavanşı̇ r Bəşı̇ r oğlunun cavabdeh Şalyarov Calaləddı̇ n Əsgər oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Abduləzı̇ mov Cavanşı̇ r Bəşı̇ r oğlunun cavabdeh Şalyarov Calaləddı̇ n Əsgər oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 58500 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Aşağı Güzdək qəsəbəsində yerləşən ona məxsus daş sexini 4 il ərzində istifadə etsə də, 2019-cu il tarixədək icarə haqqını ödəməmişdir. Belə ki, onunla cavabdeh “icarəyə götürən” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən “icarəyə götürən” sahibkarın mülkündə olan daş sexini hər ay 500 manat ödəmək şərti ilə istifadəyə götürmüşdür. Lakin Cavabdeh həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat məbləğində pul vəsaiti ödəməsinə dair öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda onun "xxxx" MMC-dən alınaraq Güzdəkdə ona məxsus həmin vaxt Cavabdeh icarəsində olan daş sexinə gətirdiyi blok 40 x 40 x 80 1-ci növ 20 maşın hər biri 1000 manat olmaqla, cəmi 20.000 manat, blok 40 x 40 x 80 2-ci növ 15 maşın hər biri 800 manat olmaqla, cəmi 12.000 manat, blok 40 x 40 x 80 3-cü növ 5 maşın hər biri 500 manat olmaqla, cəmi 2500 manat, ümumilikdə 34.500 manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) və dəyərinin bugünkü günədək ona ödəməmişdir. Daş sexində olan daş blokların cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı şahidlər də vardır. O, dəfələrlə cavabdehə öhdəliklərini və daş blokların dəyərini ödəməli olduğunu bildirsə də, cavabdeh buna məhəl qoymur və borcu ödəməkdən yayınır. Hesab edir ki, Cavabdeh öhdəliklərini yerinə yetirmək, daş blokların dəyərini ədalətli ödəmək əvəzinə onu get-gələ salmaqla aldatmış və ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində onun haqqı çatanlardan məhrum olunmağı səbəbindən zərərin əvəzi tam olaraq ödənilməlidir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 ifadəsində bildirdi ki, o, hər iki tərəfi 15-20 ildir ki, tanıyır. Mübahisə predmeti olan sex iddiaçıya məxsusdur və Aşağı Güzdək qəsəbəsində yerləşir. Onda olan məlumata görə, iddiaçı daş sexini 2015-ci il tarixdə Cavabdeh vermişdir və cavabdeh daş sexində ən az beş il sexin müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonradan cavabdeh Cavanşirə icarə haqqı vermədiyi üçün, 2019-cu il tarixdə daş sexini Cavabdeh alaraq ona icarəyə vermiş və cavabdeh də həmin tarixdə daş sexindən çıxmışdır. Cavabdeh nə qədər borcu olduğunu bilmir və tərəflər arasında olan sövdələşmənin şərtlərindən məlumatı yoxdur. Hazırda daş sexini o, icarəyə götürmüş və aya 700 manat icarə haqqı ödəyir. Eyni zamanda o, sexə gələndə orada heç bir daş blok olmamış və ona boş sex təhvil verilmişdir. O, cavabdehi sexdən zorla qovmamışdır və Calaləddin 2019-cu ilin aprel ayından sonra sexə bir daha gəlməmişdir.

5. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 ifadəsində bildirdi ki, o, hər iki tərəfi 2005-ci il tarixdən bəri tanıyır. O, daş sexinin hazırki müdiri Qadaşov Bəhramın işçisidir və cavabdeh ilə işləməmişdir. Bəhram ilə şəhərdə yerləşən daş sexində işləyən zaman Calaləddinin Güzdək qəsəbəsində sex işlətdiyini eşitmiş və Bəhram ilə birlikdə Güzdək qəsəbəsindəki sexə gələndə isə sexdə heç bir daş blok olmamışdır. 2019-cu ilin aprel ayında sexdə işıq və qaz olmasa da təchizatlar sexdə olmuşdur.

6. 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar-İddiaçı mülkində olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz manat) müəyyən olunmuş, icarəyə götürən fiziki şəxs-Cavabdeh torpaqdan istifadəyə görə torpaq, mədən vergisi haqqında yerli maliyyə orqanlarına hesabat verməyi və ödənişləri öz öhdəsinə götürmüş, icarəyə götürən fiziki şəxs-Cavabdeh istehsal zamanı işlətdiyi işçilərin sığorta olunmasını, əmək müqaviləsi bağlamağı, onlara əmək haqqı və digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüş, icarəyə götürən fiziki şəxs-Cavabdeh istifadə etdiyi sahədə təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunmasına və onun nəticəsində hər hansı bir bədbəxt hadisənin baş verməsinə şəxsən özü cavabdehlik daşımış, «icarəyə götürən» ödəmə məbləğindən 14 % gəlir vergisini «İcarəyə verənin» əvəzindən ödəməyə öz öhdəsinə götürmüş, «icarəyə götürən» müqavilə şərtlərinə əməl etmədikdə və ya zəruri ehtiyac yarandıqda «icarəyə verənin» müqaviləsini vaxtından əvvəl ləğv edə bilər, «icarəyə götürən» icarə haqqını gecikdirərsə hər gün üçün ümumi məbləğin 5%-ni ödəməyi öhdəsinə götürmüş, «icarəyə götürən» avadanlıqlara (daş kəsən maşınlara və dəzgahlara) düzgün əməl etmədikdə (əmlaka ziyan vurduqda) həmin «icarədar» məhkəməyə verilib külli miqdarda cərimə olunacaq və sahədən çıxarılacaqdır. Bu müqavilənin müddəti bir il müəyyən edilmişdir.

7. “Bərəkət-98” firmasının 30 sentyabr 2015-ci il tarixli, 315503 nömrəli QaiməFakturadan görünür ki, X3 Calaləddin Əsgər oğlunun icarəsində olan daş sexinə blok 40 x 40 x 80 1-ci növ 20 maşın hər biri 1000 manat olmaqla, cəmi 20.000 manat, blok 40 x 40 x 80 2-ci növ 15 maşın hər biri 800 manat olmaqla, cəmi 12.000 manat, blok 40 x 40 x 80 3-cü növ 5 maşın hər biri 500 manat olmaqla, cəmi 2500 manat, ümumilikdə 34.500 manat mal vermişdir.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 dekabr 2019-cu il qeydiyyat tarixli ********** reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 58500 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700 və 706-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən cavabdehin onun xüsusi mülkündə olan daş sexini hər ay 500 (beş yüz) manat ödəmək şərti ilə istifadəyə götürməsi, həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 (beş yüz) manat məbləğində pul vəsaitini ödəməsinə dair öhdəliklərini yerinə yetirməməsi faktı məhkəməyə şahid qismində cəlb edilmiş şəxslərin ifadəsində öz əksinin tapmışdır. Lakin məhkəmə tərəfindən şahid qismində dindirilmiş şəxslərin sexin iddiaçıya məxsus olması, iddiaçının daş sexini 2015-ci il tarixdə cavabdehə verməsi, cavabdehin daş sexində ən az beş il sex müdiri kimi fəaliyyət göstərməsi, sonradan cavabdehin icarə haqqı vermədiyi üçün, 2019- cu il tarixdə daş sexini cavabdehdən alaraq başqa şəxsə hər ay 700 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verməsi və cavabdehin də həmin tarixdə daş sexindən çıxması barədə verdiyi ifadələr nəzərə alınmamışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(105)-990/2022 nömrəli qətnaməsi ilə (hakimlər-Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçı şikayətinin əsasını təşkil edən 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi və əmlakın məhv edilməsi barədə dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 442, 448 və 700-cü maddələri, Mülki Prosessual Məcəllə 14, 77, 88, 217 və 384-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı Abduləzimov Calaləddin Əsgər oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli 2(102)-5202/2022 nömrəli qərarı ilə (hakimlər İlqar Xələfov (məruzəçi),Ələsgər Əliyev, İsmayıl Xəlilov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinin sübuta yetirilməməsinə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməsinə və sübutların düzgün qiymətləndirilməsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi isə, işdən göründüyü kimi, iddianın əsassız olması barədə nəticəyə gələrkən tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisə predmeti olan daş sexinin harada yerləşməsinin göstərilməməsinə, eləcə də 500 manat məbləğində icarə haqqının aylıq və ya illik olmasını müəyyən etməyin mümkün olmamasına istinad etmişdir. Göstərilən səbəblərdən məhkəmə həmin icarə müqaviləsi əsasında iddianın təmin edilməsini qeyri-mümkün saymışdır. Halbuki, daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. İşin 9-cu vərəqəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşir. Daş sexi həmin torpaq sahəsində yerləşməklə cavabdeh həmin sexdən uzun müddət istifadə etmiş və müqavilədə göstərilən icarə haqqının aylıq icarə haqqına aid olması ona məlum olmuşdur. Lakin apellyasiya məhkəməsi göstərilərn halları nəzərə almadan birinci instansiya məhkəməsi qətnamənin qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir.

20. Ali Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 700.1 və 700.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X16 - sədrlik edən və məruzəçi, X19 və X21) xx.xx.2023-ci il tarixli 2(105)-412/2023 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qisməniddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilmişdir, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin olunması, Cavabdeh 21000 (iyirmi bir min) manat ödənilməyən icarə haqqı alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirimədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. Müqavilədə göstərilən məbləğin icarə haqqı olması da işin mübahisəsiz halıdır. Sözügedən daş sexinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla sübut olunur. Beləliklə, tərəflər arasında qeyriyaşayış sahəsinin icarəsi ilə əlaqədar münasibətlər yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətləri olmuşdur. Cavabdeh icarə haqlarının iddiaçıya ödənildiyini bildirsə də, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Belə olan halda iddiaçı həmin dövr üzrə icarə haqqını tələb etməkdə haqlıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməli və cavabdehdən icarə haqqı üzrə tutulmalı məbləğ 21000 manat (42 ay x 500 manat) müəyyən edilməlidir. İddiaçının yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması tələbi və mənəvi ziyan tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən daş bloklarının mülkiyyətçisi, kimin istifadəsində olması, cavabdeh tərəfindən yararsız hala gətirilməsi, bütün bu baş verənlərə görə iddiaçının mənəvi zərər görməsi tələbinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1, 21.2, 385.1, 442, 448.2, 700.1 və 700.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Cavabdeh (və onun vəkili X17) kasasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-412/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(102)-4223/2023 nömrəli Qərarı ilə (hakimlər X4 (məruzəçi - hakim), X10 və X22) cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-412/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətlərinin olması, cavabdehin müqavilə ilə müəyyən edilmiş aylıq icarə haqlarını ödəməməsi, bununla müqavilə öhdəliklərinə əməl etməməsi, göstərilən dövr üçün cavabdehdən 21000 manat tutulmalı olması, qalan hissədə birinci instansiya məhkəməsinin qətnamsiənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlməsinə baxmayaraq iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini müzakirə etməmiş, həmin ərizəyə hüquqi qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.2, 385.1, 386.1, 442. 448.2, 700.1 və 700.2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 407.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

28. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

29. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı ilə aralarında mübahisə predmetinin əsasını təşkil edən İcarə müqaviləsi bağlansa da faktiki icarə münasibətləri olmamışdır, həmin icarə obyektindən istifadə etməmişdir. İddiaçı ilə arasında digər bir İcarə müqaviləsi olmuş, həmin müqavilə üzrə də öhdəliyini yerinə yetirmişdir. Qeyd olunanlara əsasən iddianı əsassız hesab edir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)- 3786/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən- iddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır.

34. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə götürən fiziki şəxs- Cavabdeh icarəyə verən sahibkar-İddiaçı mülkündə olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz) manat müəyyən olunmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir.

35. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir.

36. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilənin müddəti bir il nəzərdə tutulmuş, icarə haqqı iki tərəfin razılığı ilə 500 manat müəyyən edilsədə,müqavilədən icarə haqqının aylıq və ya illik olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsində iddiaçının mülkində olan daş sexinin icarəyə verildiyi göstərilsə də həmin mülkin harada yerləşdiyi və bunu təstiq edən müvafiq sənədlər (icarəyə verilən daşınmaz əmlakı müəyyən etməyə əsas verən sənədlər) icarə müqaviləsində göstərilməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı da həmin sənədlər müəyyən edilməmiş, bu kateqoriyadan olan pozulmuş hüquqlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139,146,152,700 və 706-cı maddələrinə əsasən təminat verildiyindən və məhkəmədə qeyd olunan maddələrdən irəli gələn təminatlarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə 15 oktyabr 2015-ci il tarixli müqavilə üzrə tələbin təmin edilməsini mümkün hesab etmir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbinin yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissələri ilə də bağlı da kifayət qədər mötəbər sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissələrdə də rədd dilməlidir. Belə ki, iddiaçı tərəf sübut kimi izahata və şahid ifadələrinə istinad etmiş, məhkəmədə şahidlər ifadələrində ümumi ifadələr işlətmiş, bütün şübhə və anlaşılmazlıqlardan kənar iddianın təmin olunmasına əsas verən halları göstərə bilmədiyindən, iddiaçının nümayəndəsinin izahatı isə digər sübutlarla təstiqini tapmadığından məhkəmə həmin izahata tənqidi yanaşmışdır.

37. Məhkəmə həmçinin iddia müddəti barədə qeyd etmişdir ki, iddia tələbi qeyd olunduğu kimi digər əsasla rədd edildiyindən həmin əsaslarla iddianın qiymətləndirilməsinə də zərurəti aradan qaldırmışdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə icarə haqqının tutulması hissədə qismən razılaşmır və mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır:

39. Kollegiya ilk növbədə qeyd edir ki, müqavilədə göstərilən məbləğin icarə haqqı olması işin mübahisəsiz halıdır. Sözügedən daş sexinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla sübut olunur. Tərəflər arasında icarə münasibətləri yaranmışdır. Daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması məhkəmə araşdırması zamanı tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır.

40. Kollegiya həmçinin qeyd edir ki, bu sadalanan hallarla bağlı tərəflər arasında mübahisə olmamasına Kassasiya instansiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli Qərarının 34, 35, 36-cı bəndi ilə də qiymət verilmişdir.

41. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətləri olmuşdur. Cavabdeh icarə haqlarının iddiaçıya ödənildiyini bildirsə də, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

42. Kollegiya qeyd edir ki, İcarə müqaviləsi bir il müddətinə bağlansa da tərəflər arasında icarə münasibətlərinin 15 aprel 2019-cu il tarixədək davam etməsi iş materialları ilə öz təsdiqini tapır.

43. Kollegiya cavabdehin məhkəmə iclasında verdiyi izahatında iddiaya dair etirazının dəlilərini mülki iş materialları ilə müqaisəli qaydada araşdırıraq həmin məlumatları işin faktiki hallarına uyğun hesab etmir.

44. İlk növbədə kollegiya qeyd edir ki, hazırki haladək cavabdeh iddiaçı ilə araşdırılan icarə müqaviləsi üzrə icarə münasibətlərində olmasını mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə başqa bir müqavilə üzrə icarə münasibətlərində olduğunu və öhdəliyini yerinə yetirdiyini, araşdırılan icarə müqaviləsi üzrə icarə münasibətlərinin yaranmadığını göstərsə də bu dediklərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli, 80 kv.m sahəsinin icarəyə verilməklə 150 manat icarə haqqı ödənilməsini nəzərdə tutulan İcarə müqavilə isə kserosurətdir. Digər tərəfdən tərəflər arasında belə bir müqavilənin bağlanması, eyni tarixli digər İcarə müqavilənin bağlanmasını və icrarə münasibətlərinin yaranmasını inkar edən hal kimi qəbul edilə bilməz.

45. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində, eləcə də kollegiya araşdırması zamanı vermiş olduğu izahatlarda araşdırılan iddianın əsasında duran İcarə müqaviləsini bağlanmasını təsdiq etmişdir.

46. Birinci instansiya məhkəməsində araşdırma zamanı izahat verən cavabdeh göstərmişdir ki, iddiaçı ilə aralarında bir il müddətinə,xx.xx.2015-ci il tarixdə İcarə müqaviləsi bağlanmışdır, müqavilə üzrə 500 manat icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

47. Bundan başqa, mülki iş materiallarında olan (cild 1, i/v 50) «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahat verən Cavabdeh göstərmişdir ki, ,….sexdə quruculuq işləri 2015-ci ildə yekunlaşmış, .. həmin ildə Cavanşirlə icarə müqaviləsi bağlanmış, ….orada işini fiziki şəxs kimi davam etdirməyə başlamış, …. 15 aprel 2019-cu il tarixdə Bəhram və Radik adlı şəxs sexə gəlmiş, Bəhram sexin giriş qapısının açarlarını götürərək onun çıxmasını, sexi özünün işlədəcəyini demişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında icra münasibətləri xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək davam etdiyindən, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdlim edilmədiyindən iddiaçı həmin dövr üzrə icarə haqqını tələb etməkdə haqlıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməli və cavabdehdən icarə haqqı üzrə tutulmalı məbləğ 21000 manat (42 ay x 500 manat) müəyyən edilməlidir.

49. İddiaçının yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması və mənəvi zərərin ödənilməsi tələbləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən daş blokların cavabdehin istifadəsinə verilməsi, cavabdeh tərəfindən yararsız hala gətirilməsinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

50. Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Kollegiya mənəvi zərərin əvəzinin ödənilməsi barədə də tələbin təmin edilməsi üçün əsaslar görmür. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X6”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

52. Kollegiya hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı tələb irəli sürsədə bu tələbini məhkəmədə əsaslandıra bilmədi, mənəvi zərərin nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübuta edə bilmədi.

53. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi mötəbər sübutlarla sübuta yetirilmədiyindən müzakirə edilən hissədə maddi və mənəvi zərərin təmin edilməməsi barədə iddiaya düzgün hüquqi qiymət vermişdir.

54. Kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi sonuncu qərarının məzmunundan görünür ki, məhkəmə kollegiyasının göstərişi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməsi ilə bağlıdır.

55. Apellyasiya məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarının 49-cu bəndinin göstərişlərini rəhbər tutaraq cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə araşdırma apararaq hesab edir ki, iddia müddəti ötürülməmişdir, müddətin tətbiqi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmir.

56. Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında icarə münasibətlərinin 15 aprel 2019-cu il tarixədək davam etməsi iş materialları ilə öz təsdiqini tapır. Yuxarıda istinad olunan «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 06 may 2021-ci il tarixli Qərarın məzmunundan göründüyü kimi Cavabdeh izahatında 15 aprel 2019-cu il tarixdə Bəhram və Radik adlı şəxs sexə gələrək onun çıxmasını, sexi özlərinin işlədəcəyini dediklərini göstərmişdir.

57. İddiaçı tərəfindən araşdırılan iddia tələbinə dair ərizə ilə məhkəməyə 09 mart 2022-ci il tarixdə müraciət edilmişdir.

58. Mülki Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqinə əsas yoxdur.

60. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) manat ödənilməyən icarə haqqı İddiaçı ödənilsin. İddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar