Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-418/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən və evdən istifadəyə maneənin aradan qaldırılması, qeyriqanuni tikilinin söküməsi, açılmış qapının bağlanması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, ilk İddiaçı, qarşılıqlı iddiaçının nümayəndə və vəkilləri Vəkil2 və Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən istifadəyə maneənin aradan qaldırılması, qeyri-qanuni tikilinin sökülməsi və açılmış qapının bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qeyri-qanuni qoyulmuş qapının bağlanması və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı massivində X5 0,05 ha torpaq sahəsini notariat qaydada alğ-satqı etməklə almışdır. Sonradan razılaşdıqları kimi bu torpaq sahəsinin 0,027 ha hissəsini X10 (mərhum), 0,018 ha hissəsini isə özünün adına sənədləşdirmişdir. İbadov Əvəzin torpağı 0,027 ha olduğundan torpağın arxa tərəfini, özü isə qarşı tərəfini götürməyi razılaşmışlar. Bu zaman yerdə qalan torpaq sahəsini yol üçün vermişdir. Bu yoldan da ortaq yol kimi istifadə etmişlər. Hər ikisinə aid torpaq sahəsi hal-hazırda sənəddə olduğu kimidir. Eyni zamanda onun avtomaşın yolu bu yol üçün uyğun olmadığından həyətinə başqa maşın yolu da qoymuşdur. Beləliklə o, torpaq sahəsindən eni 3,3m, uzunluğu 19m olan yol vermişdir ki, bu yol sənəddə göstərilən yoldan artıqdır. Çünkü 0,054 ha torpaq almış, sənəddə də 0,05 ha-dır. Yəni hal-hazırda yol 0,0063 ha-dır, əslində isə 0,0047ha olamlıdır. Amma bu yolda olan torpaq sahəsinin əvvəlki mülkyyətçisi o olmuşdur. İndi heç birinin mülkünə aid deyil. Sənəddə də göstərildiyi kimi ümumi yoldur. Əvəz İbadovun razılığı ilə ev tikdirmişdir. Evi hasar əvəzinə torpağın ortasından və bir tərəfin də, hər ikisinin istifadə edəcəyi yol üçün nəzərdə tutduqları torpaq sahəsində qoymaq istəmiş, X16 buna razı olmuşdur. O da pəncərəsinin birini o ümumi yola tərəf qoymuş və eyni zamanda o yola bir həyət qapısı qoymuşdur ki, uşaqları bir başa əsas yola çıxmasın. Çünki o yol onların ümumi yoludur. Əgər o vaxt razılıq olmasaydı o evi, hasarın yerinə qoymazdı, həmin hissəyə pəncərə qoymazdı, özünə hasar çəkərdi. Yola düşən torpaq sahəsinin də ödənişini ondan alıb yolu tam olaraq onun mülkiyyətinə verərdi. Hər ikisi ev tikmiş, normal olaraq yaşamışlar. İllər sonra Əvəz İbadov vəfat etmişdir. O, evi tikəndə də oğlu İbad Bakı şəhərində oxuyurdu və evin necə tikdiyini görmüşdür. Bu günə qədər də heç bir etiraz bildirməmiş, heç bir problemləri olmamışdır. İbadın evi tam hazır olandan bir müddət sonra öz həyətini hasara almış və sənəddə özünə aid olan torpaq sahəsinə də darvaza qoymuşdur. Yəni atası ilə razılaşdırdıqları ümumi yol olan torpaq sahəsinə girməmişdir. Ora elə ümumi yol olaraq qalmışdır. Bu yolun digər qonşu tərəfində isə yarı tikili və uçuq hasar var idi. Onunla cavabdeh bu yoldan istifadə etmişlər. İbad maşın alana qədər həmin yolda o, öz maşınını saxlayırdı. İbad maşın alan gündən o yolda maşın saxlamamışdır. Onun həmin yolda bir qədər tikinti materialı (qum) var idi. İbad maşın alandan sonra onu da yoldan götürmüşdür. Hər şey yaxşı davam etmiş, bu günə qədər bütün bu deyilənlərə heç bir etirazı olmamışdır. Bu yarımçıq qalan yerə də şərikli hasar çəkmək barədə aralarında söhbət olmuş, amma cavabdeh ona heç nə deməmişdir. Bir gün səhər ustanın yarımçıq tikilini sökdüyünü görmüş, səbəbini soruşduqda cavabdehin onun yerində yenidən hasar çəkəcəyini və darvazanı da hal-hazırda olan yerindən çıxarıb bura, yəni yolun sonuna qoyacağını öyrənmişdir. O, cavabdeh ilə bu barədə danışmışdır. Cavabdeh ona bildirmişdir ki, darvazanı söküb gətirib burdan qoyacaq. Yəni bu vaxt o sənədlərdə də qeyd olunan ümumi yolu zəbt etmiş olacaqdı. Nə qədər təkliflər etsə də cavabdeh razı olmamışdır. Hasarı da axıra qədər hörmuş, eyni zamanda darvazanın da arxasına qıfıl vurub girəndə və çıxanda da bağlayır. Bu müddət ərzində onun və ailəsinin haqlı olmağına baxmayaraq psixoloji olaraq əziyyət çəkirlər və çox narahat olurlar. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun istifadəsində olan yola açılmış qapısının bağlanması, həyətinə icazəsiz olaraq açdığı pəncərəsinin bağlanması və icazəsiz olaraq həyətinə düşən ərazidə quraşdırdığı peyk antenasının sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X10 tikdirdiyi fərdi yaşayış evində məskunlaşmışdır. İddiaçı 2013-cü ildə atasına zəng edərək Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində 0,01 hektarı 3000,00 (üç min) manat olan cəmi 0,05 ha torpaq sahəsinin ümumi qiyməti 15000,00 (on beş min) manat məbləğində bütöv olmaqla satışda olduğunu bildirmiş və atası ilə birlikdə həmin torpaq sahəsinin satın alınmasını təklif etmişdir. Atası təklifi qəbul etmiş və qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinin atası tərəfindən, 0,02 ha hissəsinin isə İddiaçı tərəfindən alınması tərəflər arasında telefon danışığı zamanı şifahi razılaşdırılmışdır. Şifahi telefon danışığından sonra həmin torpaq sahəsinin satın alınması üçün atası Bakı şəhərinə gəlmişdir. Atası tərəfindən qeyd olunan torpaq sahəsində tikiləcək fərdi yaşayış evində onun yaşayacağı üçün o da atası ilə birlikdə həmin torpaq sahəsinə getmişdir. İddiaçı ilə görüşmüşlər. Qeyd olunan torpaq sahəsinə birlikdə baxış keçirdikdən şonra həmin torpaq sahəsinin həm atasının adına rəsmiləşdiriləcək 0.03 ha hissəsi, həm də İddiaçı adına rəsmiləşdiriləcək 0.02 ha hissəsi tərəflər olaraq aralarında müəyyənləşdirilmiş, həmçinin, hər iki tərəfin baş yola bir-birindən asılı olmayan giriş və çıxışları tərəflər olaraq aralarında dəqiqləşdirilmişdir. Həmin dövrə qədər İddiaçı Binəqədi rayonu ərazisində məskunlaşdığı özünə məxsus fərdi yaşayış evini satmış və qeyd olunan torpaq sahəsinə yaxın ərazidə kirayə məskunlaşmışdır. İddiaçı yaşayış vəziyyətinin yaxşı olmadığını və qısa müddət ərzində qeyd olunan torpaq sahəsində özünə bölüşdürüləcək ərazidə təcili ev tikməyi planlaşdırdığını qeyd etmişdir. Buna görə də həmin torpaq sahəsinin həm onların payına düşən hissəsinin, həm də özünün payına düşən hissəsinin dəyərini birlikdə toplayaraq qeyd olunan ərazinin təcili satın alınmasını bildirirdi. İddiaçı tərəfindən torpaq satışı zamanı dövlət büdcəsinə ödəniləcək vergi və digər məcburi ödənişlərdən yayınmaq üçün “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı” sənədində həmin torpaq sahəsinin əvvəlcədən razılaşdırılmış 0,03 ha hissəsinin rəsmiləşdirilməli olduğu halda 0,027 ha hissəsi rəsmiləşdirilmişdir. O cümlədən, atası tərəfindən İddiaçı torpağın 0,03 ha hissəsi üçün 9,000 (doqquz min) manat təqdim edildiyi halda, İddiaçı tərəfindən torpaq alğı-satqısı müqaviləsində 5000,00 (beş min) manat qeyd olunmuşdur. Tərəflər arasında torpaq sahəsi rəsmiləşdirildikdən sonra İddiaçı tərəfindən qısa müddət ərzində tikinti işləri aparılmışdır. Torpaq sahəsinin alğı-satqı prosesindən bir müddət sonra atası tərəfindən 2017-ci ilin sonuna kimi öz adına olan torpaq sahəsində bir mərtəbədən ibarət fərdi yaşayış evinin hissə-hissə tikintisi həyata keçirildi. Onlar tikinti işinə başlayan zaman İddiaçı tərəfindən özünə aid olan iki mərtəbədən ibarət fərdi yaşayış evi artıq tikilmişdir. İddiaçı atasının ona olan güvənindən, etibarından istifadə edərək onlar ilə özünə aid olan torpaq sahəsinin arasına hasar tikmədən, birbaşa olaraq hasar çəkiləcək yerdən öz evini tikmişdir. Atası isə onun bu hərəkətini görməzdən gələrək qonşuluq xatirinə ona narazıçılığını bildirməmişdir. Bir müddət sonra tikilməkdə olan öz evlərinə baxış keçirmək üçün həmin əraziyə gəlmişdir. İddiaçı özünə aid olan torpaq sahəsinə hasar çəkdiyini və onlarla məsləhətləşmədən onlara aid olan sahəyə, yəni yola qapı qoyduğunun şahidi olmuşdur. Bu zaman İddiaçı onlara aid olan torpaq sahəsinə icazəsiz qapı açmasının səbəbini soruşduqda, ona bildirmişdir ki, narahat olmasın, bu qapını açmaqda məqsədi ailə üzvləri ilə birlikdə qohumlarıgilə müvəqqəti olaraq qarşılıqlı gediş-gəlişi təmin etməkdir. Ona bildirdikdə ki, indi qapını açdıqdan sonra gələcəkdə iddia etməsin ki, burdan onun da istifadə etmək hüququ var, o, bildirmişdir ki, qonşudular, belə vicdansızlıq etməz, o, öz evinə köçdükdən, öz ərazinə hasar çəkdikdən sonra bu qapını bağlayacaqdır. O zaman özlərinə aid olan torpaq sahəsinə hasar çəkdirməmişdilər. Qonşuluq xatirinə onlara həyətdən istifadə edərək qohumları ilə birlikdə qarşılıqlı olaraq bir-birlərinə gediş-gəlişlərinə etiraz etmirdilər. Mövcud vəziyyətin göstərdiyi kimi İddiaçı yenidən ona olan etibarlarından istifadə etmişdir. 2017-ci ilin dekabr ayından başlayaraq o, öz evində yaşamağa başlamışdır. Yaşamağa başladığı zamana qədər onlara aid olan torpaq sahəsinə hasar tikməmişdir. 2018-ci ildən davamlı olaraq öz evində yaşamağa başlamışdır. 2019-cu ildən isə öz ərazisnin bir hissəsinə hasar tikdirmişdir. Onlara aid olan torpaq sahəsinin yan tərəfi relyef baxımından əlverişli olmadığından tikdiyi hasar qəzalı vəziyyətə düşmüşdür. Özlərinə aid olan torpaq sahəsində tam olaraq hasar tikmək üçün qəzalı vəziyyətdə olan hasarın sökülməsi lazım idi. 2019-cu ildə hasar çəkdikdən sonra İddiaçı və onun qohumları qarşılıqlı olaraq bir-birinə gedi-gəlişi İddiaçı baş yola çıxışını təmin edən darvazadan istifadə etdilər. Onun hasarının bir hissəsi qəzalı vəziyyətdə olduğu üçün həmin hasarı tam tikib yekunlaşdırmamışdır. 2021-ci ilin yanvar ayında hasarının qəzalı vəziyyətdə olan hissəsini sökmüş və özünə aid olan torpaq sahəsində hasarını yenidən, tam olaraq tikib yekunlaşmışdır və baş yola çıxışını təmin edən yola öz darvazasını yerləşdirmişdir. Bundan sonra Aliyev Səxavət, arvadı Süsanə və onun yuxarıda qeyd etdiyi qayınları onu təhqir etməyə, hədələrlə danışmağa başladılar. Onlar baş yola giriş-çıxışını təmin edən ərazinin şərikli olduğunu bildirirdilər. O isə qarşılığında əvvəlcədən danışıqları olduğunu, baş yola giriş-çıxışını təmin edən torpaq sahəsinə iddia irəli sürməklə onun mülkiyyət hüquqlarını pozduqlarını bildirmişdir. Torpaq sahəsini birlikdə aldıqları halda, Səxavətin baş yola giriş-çıxışı olduğu halda onun baş yola giriş-çıxışı niyə olmamalıdır və yaxud niyə şərikli olmalıdır. Yaşayış evlərinin tikintisi haqqında qaydalar var, qeyd olunur ki, hər bir evin ayrıca giriş-çıxışı olmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsinin Cavabdeh tərəfindən boşaldılması, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə etdiyi yolun küçə tərəfdən qoyduğu qapının bağlanması, İddiaçı həmin ərazidən istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, qarşılıqlı iddia tələbinin əsassız olduğundan təmin olunmaması, iş üzrə ödənilmiş 250 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 172.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci maddələrinə istinad edərək ilk iddianı qismən təmin etmiş, qarşılıqı iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində dəyişdirilərək iddiasın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il, 2(012)-173/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyi sənədlərdə və ekpertizanın rəyindən açıq-aşkar görünür ki, qarşı tərəfin qeyri-qanuni zəbt etdiyi torpaq sahəsinin bir hissəsi, yəni 20m2 sənədlə ona məxsus, (onun mülkiyyəti) yerdə qalan hissəsi isə ümumi yoldur. Buna görə onun mülkiyyət hüququ qarşı tərəfdən açıqaşkar şəkildə pozulur. Ümumi yola düşən torpaq sahəsinin bir hissəsi 20m2 sənədlə ona aid olduğu halda qarşı tərəfdən qeyri-qanini şəkildə zəbt olunub. O hissə ümumi yol olduğundan həmin hissəyə pəncərə və həyət qapısı qoyulub. Amma indi qarşı tərəf oranı öz həyətyanı sahəsi edib, onun pəncərəsi və qapısı artıq onun həyətinə düşüb. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ərazi deyilən yol onun tərəfindən həyətyanı sahəsinə gediş üçün nəzərdə tutulan yeganə yoldur. O, anası Maraqlı şəxs mülkiyyətində olan 0,0273 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və həmin yaşayış evinə gedən yolda həmin torpaq sahəsində yerləşir. O, iddiaçıya məxsus torpaq sahəsini heç vaxt zəbt etməyib. Qeyd edir ki, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi rəy özlüyündə hazırkı iş üzrə ziddiyətlidir. Əvvəla ona görə ki, məhkəmə iclasında dindirilmiş mütəxəssisin izahatından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi özü faktiki olaraq naturaya uyğun deyildir və onun tikdiyi evin bir hissəsi anasının mülkiyyətində olan torpaq sahəsinə düşür. Belə olan halda həmin torpaq sahəsi üzrə İddiaçı ilkin yerquruluşu sənədləri düzgün tərtib edilməyərək, koordinatları yerində düzgün müəyyənləşməmişdir. Göründüyü kimi hazırkı rəy ziddiyət təşkil etməklə bu hal məhkəmə tərəfindən araşdırılmamışdır və təkrar ekspertiza keçirilməklə müvafiq halı araşdırılmışdır. Həmçinin anası Maraqlı şəxs torpağın mülkiyyətçisi olduğu halda işə cəlb edilməmişdir və nəticədə qəbul edilən qətnamə onun hüqularının pozulmasına səbəb olmuşdur. Digər tərəfdən məhkəmə qarşılıqlı iddiaya düzgün hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini müdafiə edi, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, o, qarşı tərəflə razılaşmaq üçün çox təkliflər etmiş, amma razılığa gələ bilməyiblər. O, əvvəlcə cavabdehin atası ilə razılaşmışdı. Qarşı tərəf 7 il öz həyətyanı sahəsində darvaza qoyub. Sonradan heç bir əsas olmadan ümumi yolu tutub, darvazanın yerini dəyişib. Sənədlərdə həmin hissə ümumi yoldur. Onun evi hazırda qonşunun həyətindədir. O, qarşı tərəfə təklif etdi ki, heç olmasa ona həmin hissədən 50 sm torpaq sahəsi versinlər ki, pəncərəsi onların həyətinə düşməsin. Yolun qalan hissəsini istəmirdi. Darvazanın yerində qalmasına da razı idi. Amma razılaşmadılar, iş polis bölməsinə qədər uzandı. Artıq barışığa gəlmək istəmir. Əlavə olaraq bildirdi ki, qarşı tərəf onun ailəsini, uşaqlarını təhqir edib. Qarşı tərəfin birinci instansiya məhkəməsindəki vəkili onu təhdid edib. Amma həmin səs yazısı onda qalmayıb. O, pəncərəni qarşılıqlı iddiaçının atasının razılığı ilə qoymuşdur. Nə ata, nə oğul heç bir narazılıq etməyib. 7 ildən sonra darvazanın yerini heç bir əsas olmadan dəyişib. O, 20 m2-dən qarşı tərəfin çıxmasını tələb etmir, darvazanın sökülüb əvvəlki yerinə qayıtmasını istəyir, başqa tələbi yoxdur. Darvaza yeni yerində ona maneə törədir, evindən çıxa bilmir, əvvəlki yerinə qayıtsa, heç bir problem olmayacaq. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində dəyişdirilərək iddiasının tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh-qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh anasıdır. O, maraqlı şəxs qismində işə cəlb olunmayıb. AR ƏMDX DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin məktubundan da görünür ki, həmin ərazi ümumi istifadədə olan yoldur. İlkin iddiaçının əsas yola çıxmağa ayrıca darvazası var. Ümumi yola münasibətdə iddiaçının hansı maraqlarına toxunulması iş materiallarından görünmür. Çünki qarşılıqlı iddiaçının darvaza qoyduğu yer ilkin iddiaçının tək gediş-gəliş yolu deyil. Hər bir şəxsin öz əmlakına sərbəst gedib gəlməyə hüququ var. Orada başqa maşınların saxlanılması cavabdehin bu hüququna toxunur. İddiaçının dəlili budur ki, onun torpağının 20 m2 hissəsi zəbt olunub. Həmin hissə ona qaytarılarsa, qalan ərazidən maşın keçə bilməyəcək. İddiaçının evinin bir hissəsi cavabdehin torpaq sahəsinə düşür. Bu səbəbdən hesab edir ki, iş üzrə ekspertiza təyin olunmalı, hər iki tərəfə münasibətdə üst-üstə düşmə məsələsi araşdırılmalıdır. İddiaçıya məxsus evin hansı hissəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşmə məsələsi də araşdırılmalıdır. Eləcə də bildirdi ki, torpaq sahəsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ilkin iddiaçının anası Maraqlı şəxs adına keçirilib. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il, 2(012)-173/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh-qarşılıqlı iddiaçının nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, ekspertin verdiyi rəydə koordinatlar üst-üstə düşmür. İddiaçı torpağının sol yan tərəfində böyük bir ərazi var və qonşular bildirir ki, həmin ərazi İddiaçıdir. Ekspert rəy verərkən bildirir ki, koordinatlarda sürüşmə var və sənədlərlə faktiki ərazi uyğun gəlmir. Apellyasiya şikayətinin əsasını da bu məsələ təşkil edir. İddiaçı torpaq sahəsinin sənədlə və naturada üst-üstə düşüb-düşməməsi müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il, 2(012)-173/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 332 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli Torpaq alğı-satqı müqaviləsindən görünür ki, X12 ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 14.400 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.018 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə **********60 (qeydiyyat nömrəsi: 1********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-059A nömrəli Şəhadətnaməyə əsasən). X12 həmin torpaq sahəsinin 0.07 ha hissəsini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2012-ci il tarixli, 4Ə-05-1832 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X1. Yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində X7 mülkiyət hüququ xx.xx.2012-ci il tarixdə **********47 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X4 həmin torpaq sahəsini Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 4Ə/845 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ona satmışdır. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində onun (İddiaçı) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********47 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin o həmin torpaq sahəsinin 0.0273 ha hissəsini Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 4Ə/3117 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən X2. Yerdə qalan 0.018 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə **********56 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (0.0047 ha hissəsi ümumi yoldur). Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X9 Abşeron rayon Hökməli bələdiyyəsi tərəfindən 22 may 2003-cü il tarixli, 55 nömrəli qərarla əsas yola giriş-çıxış nəzərə alınaraq 0,05 ha torpaq sahəsi ayrılmışdır. Bildirilmişdir ki, X5 alğı-satqı yolu ilə aldığı 0,05 ha torpaq sahəsindən 0,0273 ha hissəsini X13 (mərhum) satmaq üçün onun mülkiyyətində olan 0,0047 ha hissəsi ümumi yol kimi tərəfindən nəzərə alınmışdır. Vaxtı ilə onun mülkiyyətində olan torpaq sahəsinin yol üçün nəzərdə tutulan hissəsi ərizəsində qeyd etdiyi Cavabdeh tərəfindən zəbt edildiyindən hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Məlumat üçün bildirilmişdir ki, İbadov X15 bələdiyyəsinə 16 fevral 2021-ci il tarixli ərizə ilə müraciət edərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirilməsi barədə xahiş etmişdir. Cavab olaraq Cavabdeh həmin torpaq sahəsinin vaxtı ilə vətəndaş İddiaçı mülkiyyətində olub, həmin hissənin yol kimi nəzərdə tutulması bildirilmişdir. xx.xx.2013-cü il tarixli torpaq alğı-satqısı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini 5000 manata X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.0273 ha olan torpaq sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021 tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.0273 ha olan torpaq sahəsi Maraqlı şəxs xsüsi mülkiyyətindədir. Məhkəmə kollegiyası tərəfindən Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2999 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunduğu müəyyən olunmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, X12 ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini X2. Həmin torpaq sahəsi xx.xx.2013cü il tarixdə X10 adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər və ailələri ilə birlikdə orada yaşayırlar. Cavabdeh atası Əvəz İbadovun ölümündən sonra faktiki olaraq həmin torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edir. İddiaçının fərdi yaşayış evinin arxa divarı cavabdehin həyətyanı torpaq sahəsinin arakəsmə divarı olub, əlavə hasar çəkilməmişdir. Təqdim edilən fotoşəkillərdən və tərəflərin izahatlarından göründüyü kimi ilkin iddiaçının evinin qarşı hissəsindən küçəyə giriş-cıxışı, həmçinin evinə nisbətdə sol tərəfdən küçəyə əlavə giriş-çıxış qapısı vardır. Həmçinin iş materiallarından göründüyü kimi cavabdeh-qarşılıqlı iddiaçının həyətyanı torpaq sahəsi və evi ilkin iddiaçının evinin arxa hissəsində yerləşir, həmin evin giriş-çıxış qapısı ev tikilən vaxtdan ilkin iddiaçının evinin arxa tərəfi sol hissəsi qurtaran yerdən olmuşdur. Cavabdeh-qarşılıqlı iddiaçınin baş yoldan evinə gediş-gəliş yolu ilkin iddiaçının evinin və torpaq sahəsinin sol tərəfindən olmuşdur. İş üzrə keçirilmiş ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsi Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur.Yəni, gediş-gəliş yolunun 20 kv.m. hissəsi ilkin iddiaçının mülkiyyətində olan 0.018 ha torpaq sahəsinin bir hissəsidir. Cavabdeh-qarşılıqlı iddiaçı həyətinə giriş-çıxış qapısının yerini dəyişib gediş-gəliş yolunun küçə hissəsinə gətirməklə, sanki ilkin iddiaçının torpaq sahəsini və evini özünün həyətinə salmış, bununla bərabər ilkin iddiaçının küçəyə əlavə çıxışını məhdudlaşdırmışdır. Hansı ki, həmin gediş gəliş yolunun bir hissəsi qeyd edildiyi kimi ilkin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 20 kv.m. hissəsi olmuş, qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla tərəflərin hər ikisinin istifadəsində olan yol olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi ilkin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin 20 kv.m hissəsindən cavabdehin çıxarılması hissəsində əsaslı olmaqla həmin hissə cavabdeh tərəfindən boşaldılmalı, onun qeyri-qanuni qoyulmuş qapı bağlanmalı və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İddia tələbi qeyri-qanuni tikilinin sökülməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən qapı-pəncərələr ev tikilən vaxtdan mövcud olmuşdur, qarşılıqlı iddiaçının atası hələ sağlığında bunu heç vaxt mübahisələndirməmişdir, həmin qapı-pəncərə qarşılıqlı iddiaçının qanuni mənafelərini pozmur, habelə mübahisələndirilən peyk antenasının qarşılıqlı iddiaçıya hər hansı maneçiliyinin olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən ilk iddianı qismən təmin etməkdə, qarşılıqlı iddianı isə təmin etməməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunmasını yəni, ekspertizanın yekun qərarına görə sənəd də olan 20m2 torpaq sahəsinin qarşı tərəfdən tam boşaldılmasını və mülkiyyətinə verilməsini eyni zamanda darvazanın cavbdehin hesabına sökülərək 7 (yeddi) il əvvəl qoyduğu yerə qaytarmasını və yerdə qalan tarpaq sahəsinin isə ümumi yol kimi istifadə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı arpellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsas dəlili isə iş üzrə yenidən ekspertiza keçirilməməsidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh ekspertiza rəyinin əsassız olduğunu bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin bundan başqa apellyasiya şikayətlərində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-418/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-418/2023
07.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver