Məhkəmə qərarları › İş №2(105)-419/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-419/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-419/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin mübahisələndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə (sonuncu məhkəmə iclasında iştirak etmir) İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2932/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024- cü il tarixli, PB-OUT- 00669-2024 nömrəli bildirişdən görünür ki, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.

2. Courier Service tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 ASC tərəfindən xx.xx.2024-cü il tarixində 845164 saylı qaimə ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ə/D, Aşağı Güzdək qəsəbəsi ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Bildirilir ki, göstərilən ********** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən məktub geri qaytarılmışdır.

3. Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4440 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, sənədlər üzrə Cavabdeh1 ASC-nin (VÖEN:**********) xeyrinə İddiaçı DCLT00273626-03 nömrəli müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 53696,52 manat tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır.

4. “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 2022-ci ilin sentyabr ayında onlayn qaydada müraciəti əsasında 33800 manat məbləğində kredit ona rəsmiləşdirilmişdir. Həmin krediti vaxtında ödəyə bilməmişdir. Buna baxmayaraq, bank ondan süni şişirdilmiş əsassız faiz və cərimə rəqəmləri ilə kredit borcunu tələb edərək, Abşeron rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, 6254.57 manat məbləğində cərimə peniyası, cəmi 59976.09 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İcra qeydində DCLT00273626-03 nömrəli müqaviləyə istinad olunsa da, icra qeydində müqavilənin tarixi göstərilməmişdir. Burdan belə anlaşılır ki, Abşeron rayonu 1 saylı Notariat Ofisi rəsmi müqavilə olmadığı üçün mücərrəd və mübahisəli rəqəmlərlə iddiaçı bankın tələbini qeyri-müəyyən formada təmin edərək icra qeydi vermişdir. Cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixli icra qeydi almış və Abşeron rayon İcra Şöbəsinə göndərmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli icra qeydinə əsasən tələb olunan 59976.09 manat məbləğində tələb Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən öz maraqlarını nəzərə almaqla hesablandığı və həqiqətə uyğun olmadığı üçün və onun əsasında qanunsuz və əssasız verilmiş icra qeydi ləğv olunmalıdır. Əlavə olaraq qeyd edib ki, barəsində Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin mövcud olduğunu, xx.xx.2024-cü tarixində Abşeron rayon İcra şöbəsinin icra məmurundan götürdükdən sonra məlumatı olmuşdur. Beləliklə, cavabdehlə aralarında bağlanmış onlayn kredit müqaviləsinə əsasən, iddiaçıdan 6254.57 manat məbləğində cərimə peniyası, cəmi 59976.09 manat olmaqla borcu tələb edilir. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyəti Cavabdeh1 ASC tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən mübahisəli rəqəmləri əks etdirən verilmiş olan xx.xx.2024-cü il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq məcburi dayandırılmalıdır.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2932/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən müəyyən olunur ki, notarius “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan 53696.52 manat borcun tutulması barədə icra qeydi vermişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB-OUT00669-2024 nömrəli bildirişdən göründüyü kimi borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Poçt xidmətləri aparan Courier Service tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan göründüyü kimi Cavabdeh1 ASC tərəfindən xx.xx.2024-cü il tarixində 845164 saylı qaimə ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ə/D, Aşağı Güzdək qəsəbəsi ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, göstərilən ********** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən məktub geri qaytarılmışdır. Məktuba bu faktı təsdiq edən qəbz də əlavə edilmişdir. Odur ki, iş materiallarından göründüyü kimi tələbkar tərəfindən borcluya ödəniş etməsi barədə bildiriş göndərilmiş, lakin borclunun ünvanına gedilməsinə baxmayaraq, borclu ilə əlaqə saxlamaq mümkün olmamış, bildiriş borcluya çatmamış və bu barədə bildirişdə qeyd aparılmış, daha sonra isə icra qeydi verilmişdir. Bu səbəbdən də icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın bəndlərinə uyğun və qanuni şəkildə aparılmışdır. İddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianı təmin etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 76, 78, 79-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 739.1, 739.2, 324.1, 329.2, 331.1, 334.1-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 224-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

11. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda əsaslandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, mübahisələndirilən icra qeydində tərəflər arasında bağlanan onlayn kredit müqaviləsinə əsasən, iddiaçıdan 6254.57 manat məbləğində cərimə peniyası daxil olmaqla cəmi 59976.09 manat borc tələb edilir. Göründüyü kimi rəqəmlər arasında olan ziddiyət Cavabdeh1 ASC tərəfindən öz maraqlarına uyğun hesablanmış və həqiqətə uyğun deyil. Bu səbəbdən Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən əsassız verilmiş xx.xx.2024-cü il tarixli icra sənədi icra edilə bilməz. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydi aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Məhkəmə bu hala istinad etsə də işin hallarını tam araşdırmamış, qeyd olunan hissədə qanunvericiliyin və təlimatın tələblərinə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Məhkəmənin qətnaməsində əlaqələndirdiyi sübutlar bir-birinə ziddir. Məhkəmə ziddiyyətli sübutları və halları rəhbər tutaraq iddianı rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iş üzrə tələbkar bank tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcluya xüsusi kuryer poçt xidməti vasitəsilə göndərilmişdir. Halbuki bildiriş mərkəzi poçt vasitəsilə göndərilməli idi. Mərkəzi poçt vasitəsilə göndərilən sənədlərə müvafiq nömrə verilir ki, həmin nömrə vasitəsilə poçt göndərişinin izlənilməsi mümkün olur. Hüquqlarını müdafiə etdiyi şəxs başqa ünvanda yaşadığından icra qeydinin aparılacağı barədə bildirişi almamışdır. Bu səbəbdən iddiaçı notarius tərəfindən verilən icra qeydini prosessual qaydalara uyğun olmaması əsası ilə mübahisələndirir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2932/2024 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tələbkar Cavabdeh1 ASC tərəfindən borcluya icra qeydinin veriləcəyi barədə bildiriş məhz sonuncunun banka təqdim etdiyi ünvanına göndərilmişdir. Bildiriş rəsmi qaydada göndərilmiş və bank qanunda göstərilən müddətə əməl etməklə icra qeydinin verilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir. Qanunverici qeyd olunan münasibətlərin tənzimləyən normalarda tələbkarın üzərinə bildirişin borcluya çatdırılması öhdəliyini qoymamışdır. Notarius tərəfindən verilən icra qeydinin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2932/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etdiyi iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir və həmin bildiriş ona çatmışdır. İddiaçı tərəfindən öz tələbi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2932/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə digər cavabdeh Abşeron rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Madddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Madddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Madddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır.

20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” Bənd 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Bənd 162. İcra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı . Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması... 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin oluması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Tələb notariusun icra qeydinin ləğv edilməsi barədədir. İşin faktiki halları bu qərarın 1- 4-cü paraqraflarında əksini tapmışdır.

28. İddia tələbinin düzgün həlli üçün işin halları “Notariat haqqında” Qanunun 76-cı maddəsi, habelə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinin müddəaları əsasında təhlil olunmalıdır.

29. “Notariat haqqında” Qanunun 76-cı maddəsindən göründüyü kimi icra qeydinin verilməsi üçün iki şərt eyni zamanda mövcud olmalıdır: 1. Borcun mübahisəsiz olduğunun təsdiq edilməsi; 2. Qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi.

30. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici hal, tərəflər arasında bağlanmış müqavilənin mübahisələndirilməməsi və həmin müqavilənin tərəflərin iradə ifadəsinə uyğun rəsmiləşdirilməsidir.

31. Baxılan iş üzrə iddiaçı müqavilənin mübahisəsiz olmadığını bildirmişdir. İşin halları baxımından da iddiaçının bu dəlili aşıq-aşkar aydındır.

32. Belə ki, araşdırılan işin məhkəmə tərəfindən müəyyən edilən halına görə, İddiaçı Cavabdeh1 ASC ilə bağladığı kredit müqaviləsinə əsasən, Cavabdeh1 ASC tərəfindən İddiaçı 50000 manat kredit xətti açılmışdır.

33. Müqavilə bağlanan zaman tərəflər hüquq və vəzifələri, notariat hərəkətlərinin aparılmasının hüquqi nəticələri barədə xəbərdar edilmiş, şəxsiyyətləri müəyyən edildikdən sonra heç bir təzyiq olmadan müqaviləni imzalamışlar. Borc mübahisəsiz olduğundan, borclunun tələbkar qarşısında məsuliyyəti təsdiq edildiyindən, həmçinin kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildikdən sonra Abşeron rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2024- cü il tarixli, 8İ-4440 reyestr nömrəli icra qeydi aparılmışdır

34. Notariusun icra qeydini mübahisələndirən iddiaçı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətini onunla əsaslandırır ki, bağlanmış kredit xətti müaviləsinə əsasən o əldə etdiyi kredit vəsaiti üzrə ödənişləri lazımı qaydada icra edə bilməmişdir. Buna baxmayaraq bank tərəfindən ondan süni şəkildə şişirdilmiş borc tələb edilir.

35. Göründüyü kimi iddiaçı onunla bank arasında müqavilə bağlandığını inkar etmir, sadəcə borc məbləğinin icra qeydində göstərilən həcmdən az olduğunu bildirir.

36. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, iddiaçının icra qeydi verilən kredit xətti müqaviləsi üzrə borcunun daha az olması barədə dəlilini əsassız hesab edərək bildirir ki, bu istiqamətdə iddiaçının dəlilləri formal mülahizələrdən irəli keçməmişdir.

37. Nəzərə alınmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri borcun mübahisəsiz olmasıdır. O da qeyd edilməlidir ki, notarius tərəfindən borcun mübahisəsizliyi, tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Bu cür yoxlama üsullarından biri, icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsidir. Həmin bildiriş məhz təqdim olunmuş borc sənədi üzrə mübahisənin olub-olmamasının müəyyən olunmasına xidmət edir.

38. İddiaçının dəlillərindən biri ondan ibarətdir ki, sonuncu Bank tərəfindən göndərilmiş bildirişin ona çatmadığını, bildirişdə qeyd olunan mobil telefon nömrəsinin neçə vaxtdır işləmədiyini bildirir. Kollegiyanın araşdırması zamanı da iddiaçının nümayəndəsi və vəkili iddiaçının neçə vaxtdır həmin ünvanda yaşamadığını, Bakı şəhəri 20 Yanvar ərazisində kirayədə qaldığını bildirmişdir.

39. Apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayan kollegiya ilk olaraq bildirir ki, iddiaçı özü Bankla müqavilə bağlanan zaman həmin ünvanı (Abşeron rayonu, Güzdək qəs. Ərazi dairəsi, Aşağı Güzdək qəs.) və mobil telefon nömrəsini vermiş, nümayəndəsi məhkəmə iclasında bu halı təsdiq etmişdir.

40. Qeyd olunmaldır ki, bu kimi hallarda borclunun ünvanını dəqiqləşdirmək kreditorun yox, məhz məlumat vermək vəsifəsi borclunun üzərinə düşür. Yəni kreditorun borclu qarşısında belə bir öhdəliyi yoxdur. Əks halda, bu borclunun hər dəfə müxtəlif ünvanlar göstərməklə tələbdən (ödənişdən) yayınması hallarına gətirib çıxarar.

41. Digər tərəfdən, iddiaçı borcun çox hesablandığını bildirsə də bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarında olan sənədlərdən (i/m 8) müəyyən edilir ki, sonuncunun gecikmə günlərinin sayı 294 gün təşkil edir.

42. Beləlilkə apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşan kollegiya bildirir ki, borclu iddiaçı kreditor (cavabdeh) qarşısında pul öhdəliyinin olmasını bilir və bunu inkar etmir, hətta iddiaçının nümayəndəsi və vəkili yaranmış müəyyən çətinliklərə görə pulu ödəyə bilmədiklərini, lakin yaxın vaxtlarda ödənişə başlayacaqlarını da bildirir.

43. Deməli, əsl həqiqətdə iddiaçının niyyəti ödənişləri bir qədər də uzatmaq məqsədi daşıyır ki, bu da kredit verənin mənafeyinə uyğun olmamaqla, ümumi prinsiplərinə ziddir. Çünki, bu kimi yayınmalar kredit institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən kredit institutlarına və Banklara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox Banklar (kredit təşkilatları) zərər çəkə bilər. Çünki, cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd iddiaçının hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.

44. Apellyasiya şikayətinin digər hissədə dəlilləri isə natamam formada qeyd olunmuş, işə baxan məhkəmənin qətnaməsinin əsassızlığı ilə bağlı dəlillər konkret göstərilməmişdir.

45. Belə ki, iddiaçı apellyasiya şikayətinin məzmununda notarius tərəfindən bildirişin göndərilməsi ilə bağlı qanunvericiliyin tələbinə istinad etmişdir ki, hətta bu hala da şikayətin dəlili kimi yanaşılsa belə həmin hal da öz təsdiqini tapmamışdır.

46. Beləliklə məhkəmə kollegiyasının mövqeyinə görə, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmir və birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar