Məhkəmə qərarları › İş №2(105)-425/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-425/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-425/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı ASC “xxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(012)- 3565/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı «xxxx» Sığorta Şirkəti ASC-nin xeyrinə 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir (hakim Elman Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilən 30 (otuz) manat dövlət rüsumunun «xxxx» Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırki iş üzrə subroqasiyaya heç bir əsas yoxdur. Məhkəmə tərəfləri dinləyib və iddiaçıya dəfələrlə təklif edib ki, əllərindəki sənədləri təqdim etsinlər. Amma sığorta şirkəti iki aydan sonra bildirib ki, DYP tərəfindən tərtib olunmuş hər hansı protokol mövcud deyil. Bundan başqa zərərin miqdarı da çox şişirdilib. O hadisə zamanı əsas xəsarəti özü almışdır, maşın ciddi ziyan görməmişdi. Maşının öz qiyməti elə 1500-2000 manat idi. Ona iddiaçının təqdim etdiyi sənədlərlə tanış olmağa birinci instansiya məhkəməsində şərait yaradılmadı. Habelə dəymiş ziyanın ekspert tərəfindən hesablanması da həyata keçirilmədi. Qeyd etdiklərinə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(012)-3569/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçı təşkilatın nümayəndəsi X3 izahatında apelyasiya şikayətinə etioraz edərək onun təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(012)-3569/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı «xxxx» Sığorta Şirkəti ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin çap formasından görünür ki, sığortaçı «xxxx» Sığorta Şirkəti ASC ilə sığortalı Cavabdeh arasında “VAZ-21074” minik markalı, 10HL515 dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanması ilə bağlı müqavilə bağlanılmış, müqavilə 19.04.2016cı il tarixdə qüvvəyə minmiş və 18.04.2017-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin 24.01.2017-ci il tarixli, 15/1510 saylı arayışından görünür ki, 01.01.2017-ci il tarixdə, saat 19:00-da Bakı- Quba-Dağıstan sərhədi yolunun 24.5-ci km-də toqquşma yol-nəqliyyat hadisəsi baş vermiş, “VAZ-21074” minik markalı, 10HL515 dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən Cavabdeh tərəfindən X1 idarə etdiyi “OPEL Astra” minik markalı, 90HT241 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan Əmlaka dair qiymətləndirmə Aktından görünür ki, “OPEL Astra” minik markalı, 90HT241 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi həcmi 1500 manat müəyyən edilmişdir. İş materiallarında olan İC AA 0213/17 saylı işə dair sığorta aktından görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində “OPEL Astra” minik markalı, **-HT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə «xxxx» Sığorta Şirkəti ASC tərəfindən X2 1500 manat məbləğində hesablanmış sığorta ödənişi köçürülmüşdür. Barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdehdur. Birinci instansiya qeyd edilən iş materiallarına istinad edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63, Mülki Məcəllənin 21,936, 1108, 1096, 1097, 1114-cü, MPM-nin 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, avonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaçmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekundə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbini əsası kimi, cavabdehin avtomobili içkili vəziyyətdə idarə etməsinə, onun əməlində İXM-nin 333.3-cü maddəsinin tərkib əlaməti olmasına istinad etmişdir. Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarından cavabdeh barəsində qeyd edilən maddələrlə inzibatı xəta barədə hər hansı protokol əlavə edilməmişdir. Qeyd edilən xüsusatın araşdırılması üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə sorğu göndərərək Cavabdeh barəsində inzibati xəta protokolunun tərtib olunub-olunmamasını barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 04.02.2021-ci il tarixli, 18698-1221 saylı məktubundan görünür ki, 01.01.2017-ci il tarixdə baş vermiş qəzada sürücü Cavabdeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, araşdırma Daxili İşlər Nazirliyinin Baş İstintaq və TƏhqiqat idarəsinin X4 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində aparılmışdır. Müraciət baxılması üçün aidiyyəti üzrə göstərilən şöbəyə yönəldilmişdir. Lakin Cavabdeh barəsində inzibati xəta protokolunun tərtib edilməsi barədə hər hansı məlumat verilməmişdir. Bununla da yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirkar olmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddianın əsasını təşkil edən sübutu, qəzanın cavabdehin təqsiri üzündən baş verməsini, onun barəsində inzibti xəta protokoluun tərtib edilib-edilməməsi araşdırmamış, yekunda səhv nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X7 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X7 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda, yol nəqliyyat hadisəsində cavabdehi təqsirkar kimi qəbul edərək iddia tələbini təmin etməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın iddianın əsası kimi göstərdiyi hallar iş materialları ilə təkzib edildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(012)-3565/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar