Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-426/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı nümayəndəsi X5 və vəkili X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(012)-298/2020 saylı qətnaməsindən İddiaçı, nümayəndəsi R.İ.Qədirov və vəkili M.Q.Əliyevin birgə qaydada verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(012)-298/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv olunması və töhmət elan olunması ilə bağlı sənədlərin tələb edilməsi barədə iddia ərizəsi təmin olunmamışdır. İddiaçı, nümayəndəsi R.İ.Qədirov və vəkili M.Q.Əliyevin birgə qaydada apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(012)- 298/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirmiş və 1975-ci ilin avqust ayından öz ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1994cü ildən Abşeron rayon Ceyranbatan 1 saylı tam orta məktəbində kitabxana müdiri vəzifəsində işləmiş və işlədiyi müddətdə müdiriyyət tərəfindən heç bir xəbərdarlıq və töhmət almamışdır. O, kollektivdə heç zaman problem yaratmamış və həmişə öhdəsinə düşən işi layiqincə yerinə yetirmişdir. Keçən il təqaüd vaxtı çatdığına görə o, rəhbərliyin təklifi ilə 1 il də əlavə qalıb öz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin F-346 saylı əmri ilə ehtiyac olduqda təhsil işçilərinin müqavilə yolu ilə əlavə olaraq 5 (beş) il müddətinə qədər işləməyinə şərait yaradılmasına icazə verilmişdir. Məktəbin direktor əvəzedicisi Çinarə Atayeva onun bu vəzifədə yenə də qalacağını əvvəlcədən bildirməsinə və 2 aylıq kursa göndərməsinə baxmayaraq, sonradan fikrini dəyişərək ona qarşı aqressiv mövqe tutmuş və ona “sənin yerinə başqa adam götürəcəm, səninlə işləmək istəmirəm, get hara şikayət edirsən et” şəklində cavab vermişdir. Bununla bağlı 08.04.2019-cu ildə o, Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə xanımın qəbulunda olsa da problem öz həllini tapmamışdır. Səbəbi belə göstərilmişdir ki, guya ona 2018-ci ilin noyabrın 2-də direktor tərəfindən töhmət verilmişdir. Halbuki, onun heç bir rəsmi töhməti yoxdur. Buna görə o, Ceyranbatan 1 saylı tam orta məktəbinin X9 müraciət edərək bildirmişdir ki, rəhbərlik onun xəbəri olmadan ona töhmət vermişdir. Töhmət verilərsə bu, onun və ilk həmkarlar təşkilatının iştirakı ilə müzakirə olunmalı, protokollaşdırılmalı, ondan izahat alınmalı, bundan sonra o, əmrlə tanış olaraq bunu öz imzası ilə təsdiq etməli idi. Lakin bu qeyd etdiklərinin heç biri olmamışdır. Həmkarlar Təşkilatının sədri də ona verilmiş töhmətdən xəbərsiz olduğunu bildirmişdir. Rəhbərlikdən yuxarıda qeyd edilən sənədlərin surəti onun tərəfindən tələb edilsə də sənədlər faktiki mövcud olmadığı üçün sənədlərin surətini ona təqdim edə bilməmişlər. Məktəb direktoru onunla müqaviləni uzatmamaq üçün əlindən gələni edir və müqaviləni pozmaq üçün ona elan edilmiş saxta töhməti əlində əsas tutur. Direktor həmçinin bununla bağlı yalançı şahidlər də tutmuşdur. Aktın tərtib olunmasında iştirak edən şəxslər cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru X6 tabe olan şəxslərdir və məcburiyyət altında aktı tərtib etmişdirlər. Həmin şəxslər ona demişdir ki, aktı tərtib etməsəydilər direktor onları işdən çıxaracaqmış, odur ki, buna məcbur olmuşlar. Direktorun sonradan tərtib etdiyi “töhmət”, “izahat” və “əmr” saxtalaşdırılaraq Təhsil şöbəsinə təqdim olunmuşdur. Belə ki, izahatı o, yazmamış, onun adından kiməsə yazdırılmışdır, orada olan imza da ona məxsus deyildir. 02 noyabr 2018-ci il tarixli əmrə əlavə olunmuş izahatda olan imza onun imzası deyildir, həmin imza skanerlə başqa sənəddən köçürülərək kompüter yolu ilə həmin izahatın və əmrin üzərinə basdırılmışdır. Həmin zaman o, cəmi 5 (beş) dəqiqə müddətində kitabxanadan çıxaraq məktəbin inzibati binasında fəaliyyət göstərən kserokopiya otağında olmuş və kitab rəfləri üçün yazıların kserosurəti ilə məşğul olmuşdur. Yəni faktiki olaraq o, məktəbin inzibati binasını tərk etməmiş və işdə olmuşdur. Hal-hazırda ortada olan və məktəb direktorunun hər kəsə təqdim etdiyi saxta əmrdə ona “töhmət” verilməsi yazılır. Bu da bir daha həm izahatların, həm də əmrlərin sonradan saxtalaşdırılmasını sübut edir. O, bundan narazı qalaraq Abşeron rayon Təhsil şöbəsinə müraciət etmişdir. 06 iyun 2019-cu il tarixində Abşeron Rayon Təhsil şöbəsinin müdiri guya onun müraciətini araşdırmaq məqsədilə məktəbə gəlmişdir. O, hətta orada təhsil şöbəsinin müdirindən də soruşmuşdur ki, 5 (beş) dəqiqə xidməti otağı tərk edib məktəbin inzibati binasında başqa otağa işlə bağlı getməyə görə töhmət verilməlidirmi? Təhsil şöbəsinin müdiri də cavabında qeyd etmişdir ki, “xeyr, verilməməlidir”. Əvvəlki və saxta izahat sonradan yenə də saxtalaşadırılaraq başqa izahatla əvəz olunmuşdur. Abşeron Təhsil şöbəsinin müdiri elə orada öz kabinetində ona 1 cümləlik izahat yazdırmış və ona imzalatmışdır. Sonra həmin izahatı və imzanı əvvəl yazılmış və təhsil şöbəsinin müdirində olan izahatla tutuşdurmuş və demişdir ki, “müəllimə, izahat da, imza da sizə məxsus deyil”. Bir daha aydın olmuşdur ki, məktəb direktoru Təhsil şöbəsinə ona məxsus olmayan imza ilə saxta izahat təqdim etmişdir. Həmin saxta izahat araşdırma aparılmadan Təhsil Nazirliyindən gələn məktuba cavab olaraq nazirliyə göndərilmiş və yazılmışdır ki, “töhməti var, bu vətəndaşla müqavilə bağlana biməz”. Məktəb direktoru əvəzedicisi təhsil şöbəsinin müdiri ilə əlbir olaraq həmin izahatın məzmununu dəyişmiş, izahatı başqa adama yenidən yazdıraraq guya onun işə gecikməyini boynuna almasına dair izahat tərtib olunmuş və ora saxta imza qoyulmuşdur. Ona görə də məktəb direktoru əvəzi, Ç.Atayevanın imzaladığı ona “töhmət” elan olunmasına dair 02 noyabr 2018-ci il tarixli, 595 nömrəli əmr ləğv edilməlidir. Çünki, bu əmr həqiqəti əks etdirmir, onun kollektiv arasında nüfuzuna xələl gətirir, ona mənəvi əzab verir və ən əsası isə məktəb direktoru əvəzi, Ç.Atayeva həmin saxta əmri əlində əsas tutaraq onunla müqavilə bağlanmasından imtina edir, gələcəkdə isə onu həmin əmrlə ləkələyəcəyi ilə şantaj edir. Ç.Atayeva həmin əmrin surətini istədikdə yeni saxtakarlığa imza ataraq ayrı sənədləri təqdim etmişdir ki, guya həmin sənədlərlə o, tanış olmuşdur, izahat yazmışdır. Halbuki artıq qeyd olunduğu kimi, "töhmət” adlı sənəddə tanış olma yerindəki imza ona məxsus deyildir, izahatı isə özü yazmamışdır, həmin imza skanerlə başqa sənəddən köçürülərək kompüter yolu ilə həmin izahatın və “Töhmət” adlı sənədin üzərinə basdırılmışdır. Hal-hazırda eyni töhmətə görə ortalıqda 2 (iki) sənəd- əmr, və töhmət adlı sənədlər mövcuddur. İkinci dəfə tərtib olunmuş “Töhmət” adlı sənəd isə Abşeron Rayon Təhsil şöbəsinin müdirinin məktəbə gəlişindən sonra peyda olmuşdur. Göründüyü kimi, məktəb direktorunun ona töhmət elan olunmasına dair əmri saxtadır və sonradan yenidən saxtralaşdırılmışdır, həmin əmr onun hüquq və azadlıqlarını pozur, ona görə də həmin əmrin ləğvi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məsələnin məhkəmədənkənar həlli qaydasında sonuncu dəfə 24 iyul 2019-cu il tarixində Abşeron rayonu Ceyranbatan 1 saylı tam orta məktəb direktoruna müraciət edərək həmin əmrin ləğv olunmasını xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, Abşeron rayonu Ceyranbatan 1 saylı tam orta məktəb direktorunun ona “töhmət” elan olunmasına dair 02 noyabr 2018-ci il tarixli, 595 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı, nümayəndəsi R.İ.Qədirov və vəkili M.Q.Əliyevin birgə qaydada verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi 04 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.İ.Qədirov və vəkili M.Q.Əliyev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Ceyranbatan 1 saylı tam orta məktəbin direktorunun 2 noyabr 2018-ci il tarixli, 595 nömrəli əmri ilə məktəbin kitabxana müdiri İddiaçı iş nizam-intizam qaydalarını pozduğu üçün ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bölməsinə uyğun olaraq töhmət elan edilmişdir. Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Solmaz Yusifova, rus bölməsi üzrə direktor müavini Səidə Mehtiyeva, direktor müavini Vüsalə Sadıxova, təşkilati işlər üzrə direktor müavini Pərvanə Qarayeva, UBTR İlhamə Vəliyeva, qapıçı Kifayət İsgəndərova tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı və kitabxanaçı X7 iş rejiminə düzgün əməl etməmişlər. Hər ikisi gündəlik işə 8:00-da deyil, 9:00-da gəlmişdir. 02 noyabr 2018-ci il tarixdə isə Sücayət işə 9:15-də, Lətafət isə 9:50-də arxa qapıdan- yeməkxananın qapısından daxil olmuşdurlar. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq kitabxana müdiri İddiaçı işini düzgün qurmamışdır, iş funksiyalarını tam yerinə yetirməmişdir. Kitabxana müdirinin illik planı hələ də hazır deyildir. Kitabxanaya gedən oxucuları “sənin kitab borcun var” bəhanəsi ilə geri qaytarırmış. Məktəbdə ibtidai sinif müəllimlərini məcbur edərək, “Namazov” müəllifli müxtəlif kitabları satmağa cəhd etmişdir, bunun qarşısı onlar tərəfindən alınmışdır. Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin kitabxana müdiri İddiaçı və kitabxanaçı X4 verilmiş intizam tənbehlərindən görünür ki, Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Ç.Atayeva tərəfindən 02 noyabr 2018-ci il tarixdə iş vaxtı nizam-intizam qaydalarını pozduqları üçün məktəbin kitabxanaçısı X4 şifahi xəbərdarlıq, kitabxana müdiri İddiaçı töhmət elan edilmişdir. Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin kitabxana müdiri İddiaçı tərəfindən yazılaraq imzalanmış 02.11.2018-ci il tarixli izahatdan görünür ki, Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin kitabxana müdiri İddiaçı məktəbin direktoru Çinarə Atayevaya izahat yazaraq bildirmişdir, kitabxanada kitab rəflərinin yerlərində dəyişiklik edilmişdir. Məlum səbəbə görə onların başlıqları və hərflər yenilənməli olduğundan işə gecikməsinin səbəbi onların sifarişi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarında olan Abşeron Rayon Təhsil Şöbəsinin 08 may 2019-cu il tarixli, M- 39/27(6) saylı məktubu ilə İddiaçı müraciəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna edilmədiyi və məkbər rəhbərliyinin təqdim etdiyi sənədlərdən verilmiş intizam tənbehi haqında əmrlə tanış olaraq imzası ilə təsdiqlədiyi, Azərbaycan Respublikası Təhsil Nazirinin 05.05.2018ci il tarixli, F-346 nömrəli əmrinin 2.3-cü bəndinə əsasən onunla yenidən əmək müqaviləsinin bağlanmasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Abşeron Rayon Təhsil Şöbəsinin 17 aprel 2019-cu il tarixli məktubu ilə İddiaçı müraciəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 05.05.2018-ci il tarixli, F-346 nömrəli əmrinin 2.3-cü bəndinə əsasən onunla yenidən əmək müqaviləsinin bağlanmasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Abşeron Rayon Təhsil Şöbəsinin 18 iyun 2019-cu il tarixli məktubu ilə İddiaçı müraciəti ilə bağlı bildirilmişdir ki, sizinlə yenidən əmək müqaviləsi bağlanması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10.1-ci maddəsinə, Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli, 1404 nömrəli əmri ilə müəyyənləşdirimiş tələblər və meyarlarla (son bir ildə haqında intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi və s.) Təhsil Nazirliyinin 24.05.2019-cu il tarixli, F-321 nömrəli əmri ilə təsdiq edilmiş Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəsissələrində müəllimlərə tələbbatın müəyyənləşdirilməsi pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydalarının 2.3-cü bəndinə zidd olduğu bildirilmişdir. Cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru X10 birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir və iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus izahatdakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Töhmət verilərkən həmkarlar təşkilatı ilə müzakirə edilmir. O, akta əsasən iddiaçını cəzalandırmış və töhmət vermişdir. Bu işi müxtəlif qurumlar araşdırmış və müəyyən olunmuşdur ki, iddiaçı töhmətə layiq olmuşdur. İddiaçı töhmət aldığı üçün işdən çıxarılmasına dair Təhsil Nazirliyinə müraciət etməmişdir. Həmçinin İddiaçı 6 aydan çox bülletendə olmuş və işə qayıtmamışdır. Bu da onu göstərir ki, iddiaçı iş qabiliyyətini itirmişdir. Töhmət isə iddiaçı işə gecikdiyi üçün verilmişdir. Həmin vaxt iddiaçının yanında iş yoldaşı da olmuşdur. İddiaçı işə gecikməsini iş yoldaşı və qapıçı da təsdiqləmişdir. İddiaçı işə gec gələrək arxa qapıdan məktəbə girmişdir. İddiaçı bütün iş günü deyil, 50 dəqiqə işə gecikdiyinə görə həmin gün üçün onun əmək haqqı yazılmışdır. O, göstəriş vermişdir ki, birinci dərs başlayan zaman kitabxana açıq olmalıdır. Lakin iddiaçı hər dəfə işə gec gəlmişdir. Odur ki, işə gecikdiyi zaman iddiaçıdan izahat tələb edilmiş və iddiaçı izahat yazaraq ona təqdim etmişdir. İzahatda saxtakarlıq etməyə ehtiyac yoxdur, akta əsasən iddiaçıya töhmət verilməsinə əsas olmuşdur. Bundan əlavə iddiaçı onu təhqir etdiyi üçün o, məhkəməyə müraciət etmiş və bununla bağlı iddiaçı cərimələnmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2019-cu il tarixli, 30688 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqəsində İddiaçı adından olan 2 noyabr 2018-ci il tarixli izahatda “İmza: İddiaçı” yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə xətşünaslıq ekspertizası barədə 01 aprel 2021-ci il tarixli, 4/149 saylı ekspert rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqəsində İddiaçı adından olan 2 noyabr 2018-ci il tarixli izahatın aşağı hissəsində “İmza:İddiaçı” yazıları qarşısındakı imza və həmin imzadan aşağıda “Tarix:” sözü qarşısındakı “2-X..- 2018” tarix göstəricliləri - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqəsində İddiaçı adından olan 2 noyabr 2018-ci il tarixli izahatındakı yazılar (“Tarix:” sözü qarşısındakı “2-X..-2018” tarix göstəriclilərindən başqa) - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqəsində İddiaçı adından olan 2 noyabr 2018-ci il tarixli izahatın aşağı hissəsində “Tarix:” sözü qarşısındakı “2-Xİ-2018” tarix göstəricisində olan “..Xİ..” rum rəqəmindəki “..İ” cizgisi tədqiqat prosesin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildirilmişdir ki, həmin cizginin İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması barədə rəy vermək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ceyranbatan 1 nömrəli tam orta məktəbi üzrə 2 noyabr 2018-ci il tarixli, 595 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı iş nizam-intizam qaydalarını pozduğu üçün ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bölməsinə uyğun olaraq töhmət elan edilmiş, iddiaçıya töhmət verilməsinin səbəbi işə gecikmə ilə əlaqədar olan əmək intizamının pozulması olmuşdur. İddiaçı 02.11.2018-ci il tarixli verdiyi izahatında işə geçikməsinin səbəbi kimi “kitabxanada kitab hərflərin yerlərində dəyişiklik edilməsi, onların yenilənməsi üçün sifariş verilməsi” ni göstərmiş,lakin bu hal iş materiaları ilə tam təkzib olunmuş və heç bir üzürlü səbəb olmadan iddiaçı işə gecikmişdir.İddiaçı işə gecikmə ilə bağlı izahatında olan imzanın ona məxsus olmaması, əmrin ona təqdim edilməməsini iddia etsədə, bu hallar iş materialları ilə, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.12.2019-cu il tarixli, 30688 saylı ekspert rəyi ilə təkzib edilir. Belə ki, qeyd edilən ekspert rəyində göstərilmişdir ki, 02.11.2018-ci il tarixli izahatda “İmza: İddiaçı” yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi əmr üzrə fərdi əmək mübahisələrinin həlli ilə bağlı iddia müddətini də ötürmüş, bunun üzürlü səbəbdən baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut və müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən bu Məcəllə ilə intizam tənbehi verilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı X1 cavabdeh Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat pul iddia ərizəsi təmin edilmədiyindən İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı, nümayəndəsi R.İ.Qədirov və vəkili M.Q.Əliyevin birgə qaydada verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(012)-298/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-426/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-426/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver