Məhkəmə qərarları › İş №2(105)-438/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-438/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-438/2024 02.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(012)- 1673/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 14 oktyabr 2015-ci il tarixli, ********* saylı payçı müqaviləsindən müəyyən edilir ki, “MTK” adlanan Cavabdeh pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzili tikib “Payçı” İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə əsasən mənzilin sahəsi 85,5 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 94110,68 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 23,10 faiz, yəni 21740,8 manatdır. İddiaçı müqavilə qiymətinin qalan 72370 manat məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən cədvəl üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı (ümumi sahəsi 81.0 kv.m) Daşınmaz Əmlakın Dövlət Reyestrində 302 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********69-05305- 093018 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, reyestr nömrəsi **********6905305- 093018 olan ünvan 1 ünvanı İddiaçı adına xx.xx.2017-ci il tarixdə 31875 inventar nömrəsi ilə qeydə alınmışdır. Mənzil 9-cu mərtəbədə yerləşir, 3 otaqlı, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 50.5 kv.m-dir.

5. xx.xx.2018-ci il tarixli ipoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanını (ümumi sahəsi 81.0 kv.m) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri onlar arasında olan razılığa əsasən 94110.68 (doxsan dörd min bir yüz on manar altmış səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir.

6. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, 16 oktyabr 2015-ci il tarixdə götürdüyü 72,370.00 (yetmiş iki min üç yüz yetmiş) manat məbləğində kredit öhdəliyi tam ödənilmiş və 16 oktyabr 2018-ci il tarixinə həmin kredit üzrə borcu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh MTK-ya qarşı artıq alınmış pulların geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 5173 manat məbləğində pulun, dövlət rüsumu kimi köçürdüyü 60.40 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MTK-nın Sumqayıt filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən həmin şirkətə məxsus, ünvan 2 ünvanında yerləşən 62 saylı, sahəsi 85,5 kv.m. olan 3 otaqlı mənzili 98285 (doxsan səkkiz min iki yüz səksən beş) manata almaq barədə razılığa gəlmiş və həmin mənzilin 1 kv.m-nin dəyəri 1149.53 manat müəyyən edilmişdir. O, həmin mənzilin dəyərini tam olaraq ödəmiş və xx.xx.2017-ci il tarixdə onun həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməklə ona ******* nömrəli RX seriyalı çıxarış da verilmişdir. Həmin çıxarışda mənzilin sahəsi 81 kv.m. göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 85.5 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4.5 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 5173 (beş min yüz yetmiş üç) manat məbləğində artıq pul almışdır. Ondan artıq alınmış həmin vəsait vurulmuş maddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır. O, bu mənzilləri alarkən pulları bankdan kredit götürmüş və həmin pula görə banka əlavə faiz ödənişləri həyata keçirmiş və nəticədə 2000 manat məbləğində əlavə maddi ziyana da düşmüşdür. Bundan başqa cavabdehin onu aldatması, ona aldığından kiçik ölçüdə mənzil satması ona ağır mənəvi stress yaratmış, ona 3000 (üç min) manat mənəvi ziyan vurmuşdur.

9. Birinci instansiya məhkəməsinin 03 aprel 2023-cü il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2676 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayon S.Vurğun küçəsində yerləşən 5-ci bina, blok 5, 62 saylı mənzilin sahəsinin İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı müqavilənin 2.5-ci bəndinə uyğun olaraq yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Tədqiq olunan mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə uyğun olduğu müəyyən olunur.

10. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(012)-1673/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdeh 14 oktyabr 2015-ci il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən Cavabdeh pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzili tikib İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mənzilin sahəsi 85,5 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 94110,68 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 23,10 faiz, yəni 21740,8 manatdır. İddiaçı müqavilə qiymətinin qalan 72370 manat məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən cədvəl üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən 16 oktyabr 2015-ci il tarixdə götürdüyü 72.370.00 (yetmiş iki min üç yüz yetmiş) manat məbləğində kredit öhdəliyi tam ödənilmiş və 16 oktyabr 2018-ci il tarixinə həmin kredit üzrə borcu yoxdur. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanı (ümumi sahəsi 81.0 kv.m) xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, çıxarışda mənzilin sahəsi 81 kv.m. göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 85.5 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4.5 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 5173 (beş min yüz yetmiş üç) manat məbləğində artıq pul almışdır. Odur ki, Cavabdeh MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 5173 manat məbləğində pulun, dövlət rüsumu kimi köçürdüyü 60.40 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

12. Məhkəmə iş üzrə alınmış ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, İddiaçı və "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı müqavilənin 2.5-ci bəndinə uyğun olaraq yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Tədqiq olunan mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə olduğu olduğundan iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 389.1, 390.1, 405.1, 404.1, 404.2, 425, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 102.1, 103.1, 106.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsini tətbiq etsə də, onu düzgün təfsir etməmişdir. Halbuki, həmin normada göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, reyestr nömrəsi **********69- 05305-093018 olan ünvan 1 ünvanı İddiaçı adına xx.xx.2017-ci il tarixdə 31875 inventar nömrəsi ilə qeydə alınmışdır. Mənzil 9-cu mərtəbədə yerləşir, 3 otaqlı, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 50.5 kv.m-dir. Belə olan halda, məhkəmə Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını əsas götürməklə iddia tələbini təmin etməli idi. Lakin qətnamədən də göründüyü kimi, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını, yəni Mülki Məcəllənin 140-cı maddəsini tətbiq etməmiş, əvəzində müqavilələrin bağlanmasına dair ümumi müddəaları əks etdirən və hazırki işə tətbiq edilməli olmayan bir sıra maddi hüquq normalarını tətbiq etmişdir. Nə qədər ki, sözü gedən çıxarış, qüvvədədir, ləğv olunmayıb və ya dəyişdirilməyib, bu o deməkdir ki, mənzilin ümumi sahəsi 81.0 kv.mdir və müqavilədə göstəriləndən azdır, iddia tələbi qanuni və əsaslıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə1, vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

21. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

22. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

23. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

26. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

27. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

28. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

30. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

31. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

33. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

36. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli payçı müqaviləsinə əsasən cavabdeh mübahisəli 62 nömrəli mənzili tikib “Payçı” İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri cavadehə ödənilməsini, həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mənzilin sahəsi 85,5 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 94110,68 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 23,10 faiz, yəni 21740,8 manatdır. İddiaçı müqavilə qiymətinin qalan 72370 manat məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən cədvəl üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı beton sütunların alt sahəsi daxildir.

44. Göründüyü kimi tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mənzil sahəsinə hansı hissələrin daxil edildiyi, hansı hissələrin daxil edilmədiyini müfəssəl müəyyənləşdirmişlər.

45. Müqavilənin 2.1-ci bəndində isə mənzilin hesablaşma sahəsinin 85.5 kv metr olduğu göstərilmiş və bu sahəyə müvafiq olaraq 2.2-ci bənddə qiymət müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zərəri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.

47. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində həll edilməlidir. Çünki mənzilin təmir və tikinti işləri nəticəsində işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.

48. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2676 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli mənzilin sahəsinin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Lakin mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə uyğun olduğu müəyyən olunur.

49. İş materiallarında olan qeyd edilən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan (iş v.19mənzilin planından) isə müəyyən olunur ki, mənzilin faktiki olaraq sahəsi 85,6 kv.m-dir. Belə ki, lociya 3,4, mətbəx 10,2, sanitar qovşağı 2,4, holl 12,6, sanitar qovşağı 3,3, yataq otağı 15,4, yataq otağı 12,3, lociya 3,2, ümumi otaq 22,8 kv.m-dir.

50. İddiaçı göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə onun mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməklə çıxarış verilmiş, həmin çıxarışda mənzilin sahəsi 81 kv.m göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 85.5 kv.m-in tam dəyərini almış, əslində isə ona təxminən 4.5 kv.m az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 5173 manat məbləğində artıq pul almışdır. Ondan artıq alınmış həmin vəsait vurulmuş maddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır.

51. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə bağlanarkən mənzilin ölçülərini əks etdirən plan sxem iddiaçıya təqdim edilmiş və tanış edilmişdir. Həmin sənəddə mənzilin sahəsinə hansı divarların və hansı sütunların alt sahələrinin daxil olduğu ətraflı göstərilmişdir.

52. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

53. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

54. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələbləri yalnız mübahisəli mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alına bilər ki, həmin tələblər yuxarıda adı çəkilən müqavilənin şərtlərinə aid edilmir.

55. Göründüyü kimi tərəflər arasında müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, cavabdeh mənzili müqavilə şərtinə uyğun olaraq iddiaçıya təhvil vermiş, iddiaçı isə dəyərini ödəməklə mənzili qəbul etmiş və həmin mənzilə dair mülkiyyət hüququna dair çıxarışı və texniki pasportu xx.xx.2017-ci il tarixdə almışdır.

56. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara müqayisəli şəkildə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilə tələbləri mənzil sahəsi ilə bağlı hissədə icra edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(012)-1673/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(012)-1673/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar