Məhkəmə qərarları › İş №2(105)-439/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-439/2025

04.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-439/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi X3 qızının iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(027)-2042/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. AR DTXK Quba rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş JN-546F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli qərarı ilə Quba rayonu, Digah kəndi ərazisindən 0,18 ha torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir.

2. Ölüm haqqında AZ-İİ 131432 nömrəli şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1998-ci ildə ölmüşdür.

3. xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, JN-546F, KOD 30327028 olan torpağa mülkiyyət hüquna dair şəhadətnaməyə əsasən Quba rayonu, Digah kəndində yerləşən 0,18 hektar torpaq sahəsindən və AR Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1990cı il tarixli, 596 reyestrli qeydiyyat vəsiqəsinə əsasən həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 66.0 kv.m, yaşayış sahəsi 33.0 kv.m., yardimçı sahəsi 33.0 kv.m. olan 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət əmlak Cavabdeh Tofan qızına əri X6 miras qalmışdır.

4. 2V/01-480 reyestr nömrəli vərəsəlik işinin materiallarına əsasən xx.xx.2013-cü il tarixində Babayeva X20 Rayon Notariat Kontoruna müraciət edərək, xx.xx.1998-ci il tarixində vəfat etmiş əri X6 miras qalmış Quba rayonu, Digah kəndində yerləşən 0,18 hektar torpaq sahəsindən və AR Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 596 reyestrli qeydiyyat vəsiqəsinə əsasən həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 66.0 kv.m, yaşayış sahəsi 33.0 kv.m., yardimçı sahəsi 33.0 kv.m. olan 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və ondan başqa vərəsələrin olmadığını qeyd etmişdir. Həmin tarixdə ona qeyd olunan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və 2V/01-480 nömrə ilə reyestrdə qeydə alınmışdır.

5. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh Tofan qızına məxsus olmuşdur.

6. 18.06.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh Tofan qızı özünə məxsus Quba rayonu, Digah kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir.

7. Ölüm haqqında AZ-İİ 351928 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Tofan qızı xx.xx.2021-ci ildə ölmüşdür.

8. 28.03.2024-cü il tarixdə İddiaçı1 həmin Notariat kontoruna ərizə ilə müraciət edərək, atasından qalan əmlakdan ona çatan hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, ona mirasın qəbulu müddətinin ötürüldüyü, vərəsələr arasında mübahisə olduğu, mirası faktiki qəbul etməsinə dair sübüt təqdim etmədiyi göstərilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust 1998-ci ildə vəfat etmiş X6 miras qalmış əmlaka dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 23 noyabr 2013-cü il tarixli, 2V/01- 480 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın və 18 iyun 2014-cü il tarixli, 4ə/02-825 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, ataları X6 miras qalmış Quba rayonu, Digah kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən vərəsəlik üzrə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ataları X17 15 avqust 1998-ci ildə vəfat etmiş, vəfatından sonra beş vərəsəsi qalmışdır: anaları Cavabdeh Tofan qızı, övladları X12, X13, İddiaçı3, İddiaçı4 və özü (X14). Anaları Cavabdeh Tofan qızı 17 may 2021-ci ildə, X13 12 aprel 2009-cu ildə, X15 atası Sadıq Babayevin vəfatından əvvəl 1997-ci ildə vəfat etmişdir. Cavabdeh mərhum qardaşları X7 qızıdır. X11 ölümündən sonra Quba rayonu, Digah kəndində yerləşən JN-546F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 04 sentyabr 1990-cı il tarixli, 596 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evi miras qalmışdır. O, anası Cavabdeh Tofan qızının vəfatından sonra ana və atadan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Vərəsələr arasında mirasın mübahisəsi olduğundan şəhadətnamənin verilməsi mümkün olmamış və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Aidiyyəti üzrə orqanlara müraciət etdikdən sonra məlum olmuşdur ki, 15 avqust 1998-ci ildə vəfat etmiş X6 miras qalmış əmlaka dair 23 noyabr 2013-cü il tarixli, 2V/01-480 saylı vərəsəlik işi açılmış, həmin əmlaka anası Cavabdeh Tofan qızı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Bundan sonra ananın adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriya № ******* saylı çıxarış verilmişdir. 18 iyun 2014-cü il tarixli 4ə/02-825 nömrəli bağışlama müqaviləsi ilə həmin çıxarışa əsasən analarına məxsus daşınmaz əmlak Cavabdeh bağışlanmışdır. Beləliklə atadan miras qalmış əmlaka dair vərəsəlik işi açılarkən vərəsəliyə çağırılmamışlar və onların xəbəri olmadan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

11. Cavabdeh qanuni nümayəndəsi X8 iddiaya etiraz ərizəsi təqdim edərək, iddia əsassız olduğundan iddia ərizəsinin təmin olunmamasını, iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddaçılar İddiaçı3 və X21 Babayev dünyasını dəyişən zaman Rusiyada olmuşlar. Bibisi İddiaçı1 və əmisi Bəybala Babayev kənddə olmuş, ailəli olmuşlar. Hər ikisinin ayrıca təsərrüfatı olmuş, atası öləndə bibisi Ruxsarə gəlmişdir. El adəti ilə yas mərasimini yola verəndən sonra yenidən Rusiyaya qayıtmışdır. Atası 2009-cu ildə ölmüşdür. Digər bibisi İddiaçı3 isə nə babası Sadıq Babayev rəhmətə gedəndə, nə də ondan sonra gəlməmişdir. İddaçılar iddia ərizəsində miras əmlakın faktiki qəbulun özləri tərəfindən həyata keçirildiyini bildirsələr də, mirası faktiki özləri, yəni cavabdehlər qəbul etmişlər. X2 dünyasını dəyişəndən sonra o evdə onun atası və nənəsi yaşamışlar. Dəfni də atası və nənəsı həyata keçirmişdir. Dəfn pulunu da nənəsi almışdır.

12. Quba Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(027)-2042/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü tarixli Qərarının təsiri altına düşmür, iddiaçılar mirası faktiki qəbul etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin miras qoyanın ölümündən 26 il sonra notariat kontoruna müraciət etsələr də, mirasın qəbul etmə müddətinin bərpası ilə bağlı bu günədək məhkəmədə hər hansı bir iddia qaldırmamışlar. Bununla da, iddiaçıların miras əmlakı nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməklə qəbul etmələri məhkəmə baxışı zamanı sübuta yetmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi miras əmlakdan onlara çatası payların da cavabdehin xeyrinə özgəninkiləşdirilməsini göstərmişlər. Cavabdeh öz sağlığında şəxsən notariat əməliyyatlarında iştirak etməklə, iradə ifadəsini həmin əmlakı nəvəsi olan hazırki iş üzrə cavabdehə bağışlamaqda ifadə etmişdir. İddiaçılar iddia tələblərində istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməməklə yanaşı, məhkəmədə müəyyən edilmişdir ki, iddia edilən miras əmlakı faktiki olaraq qəbul etməmişlər və buna dair sübut təqdim etməmişlər.

14. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə miras qoyan 15 avqust 1998-ci il tarixdə rəhmətə getdiyindən, həmin dövr qüvvədə olan Mülki Məcəllənin tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə belə qənaətə gəlib ki, yalnız ana X18 mirasi faktiki olaraq qəbul etmişdir. Əslində isə bu belə deyil. İddiaçı1 atası rəhmətə gedən zaman evli olmuş, həyat yoldaşı ilə birlikə yaşayırdı. Təbii olaraq atası rəhmətə gedən zaman gəlib dəfndə iştirak etmiş, yasın yola verilməsində kömək etmiş, vaxtaşırı anasının yanına gəlib getmişdir. Faktiki qəbul üçün bütün günü həmin evdə keçirməsi kimi bir hal qanunda nəzərdə tutulmur. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, notariat kontoru olmayan yerlərdə isə zəhmətkeş deputatları sovetinin kənd, qəsəbə icraiyyə komitələrindən, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin verilməsini xahiş edə bilər. Məhkəmə belə qənaətə gəlib ki, ana Cavabdeh Tofan qızına verilmiş şəhadətnamə tam qanunidir. Reallıqda isə qeyd edilən iş üzrə notarius qanunsuzluğa yol vermişdir. Belə ki, yalnız rəhmətə gedənin arvadı gedib vərəsəlik üçün müraciət edib, notarius digər vərəsələrin dairəsini müəyyən etməli, digər vərəsələri də vərəsəliyə çağırmalı, onların mövqeyini öyrənməli idi. Belə çıxır ki, kim gedib birinci ərizə yazsa, bütün miras ona qalmalıdır? İddiaçılar sadəcə olaraq sənəd işləri ilə məşğul olmamışlar. Bu şəhadətnamənin verilməsindən xəbərsiz olublar. Yalnız anaları Cavabdeh Tofan qızı rəhmətə gedən zaman notariat kontoruna gedib vərəsəliklə maraqlandıqda həmin mirasla bağlı vərəsəlik şəhadətnaməsinin artıq verildiyini öyrənmişlər. Miras əmlakın bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Məhkəmə bu maddəyə də məhəl qoymamışdır. Belə ki, miras əmlak üzərində bütün vərəsələrin bərabər hüququ olmasına baxmayaraq, yenə də notarius kontoru tərəfindən verilmiş şəhadətnaməni qanuni hesab etmişdir. Digər vərəsələrin hər birinin hüquqları kobud şəkildə pozulmuşdur.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili və nümayəndəsi X3 qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh və üçüncü şəxslər Quba Regional “ASAN” Xidmət Mərkəzinin notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145 və 1146. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar.

20. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. 528-ci maddəsinə görə, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud ölmüş elan edilməsi ilə açılır. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılığını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 532-ci maddəsinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası İddiaçı1 vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin mübahisəsiz hallarına əsasən, Quba rayonu, Digah kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət əmlakın mülkiyyətçisi X17 1998-ci ildə vəfat etdikdən sonra miras əmlaka dair arvadı Cavabdeh Tofan qızına xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Cavabdeh Tofan qızı 18 iyun 2014cü il tarixli 4ə/02-825 nömrəli bağışlama müqaviləsi əsasında özünə məxsus daşınmaz əmlakı nəvəsi Cavabdeh bağışlamışdır. Cavabdeh Tofan qızı xx.xx.2021-ci ildə ölmüşdür. Cavabdeh ailəsi ilə həmin evdə yaşayırlar.

25. Hazırda iddiaçılar- miras qoyan Babayev Sadıqın övladları anaları Cavabdeh Tofan qızına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, bağışlama müqaviləsinin ləğv edilməsi, miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsini tələb edirlər.

26. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar miras qoyan X11 qanun üzrə vərəsələridir və Cavabdeh Tofan qızı ilə yanaşı ata mülkünü faktiki idarə edərək mirası qəbul etmişlər.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, miras qoyan 15 avqust 1998-ci il tarixdə vəfat etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü tarixli Qərarının təsiri altına düşmür və mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülkiu Məcəllə də mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 11-ci bəndində (Plenumun 1990-cı il 25 oktyabr tarixli 6 N-li qərarı ilə edilmiş dəyişikliklərlə) göstərilirdi ki, vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə - binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s., yaxud sığorta tədiyyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və s., hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bununla belə nəzərə alınmalıdır ki, vərəsə öz miras payını digər vərəsələrə və başqa şəxslərə idarə etmək üçün tapşırmaq hüququna da malikdir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2007-ci il 29 oktyabr tarixli 3 №-li qərarıqərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.

29. Apellyasiya şikayətinin iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü eyni məzmunlu dəlillərlə bağlı kollegiya qeyd edir ki, həm iddiaçıya münasibətdə mirasın açıldığı zaman (atası S.Babayevin vəfat etdiyi xx.xx.1998-ci il) ), həm də hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.

30. Məhkəmə kollegiyası vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

31. İstər işin birinci instansiya məhkəməsində araşdırılması zamanı toplanılmnış sübutlar, istərsə də iddiaçının apellyasiya şikayətində də qeyd etdiyi dəlillər (“...atası rəhmətə gedən zaman evli olmuş, həyat yoldaşı ilə birlikə yaşayırdı. Təbii olaraq atası rəhmətə gedən zaman gəlib dəfndə iştirak etmiş, yasın yola verilməsində kömək etmiş, vaxtaşırı anasının yanına gəlib getmişdir. Faktiki qəbul üçün bütün günü həmin evdə keçirməsi kimi bir hal qanunda nəzərdə tutulmur”) iddiaçının atasının vəfatından sonra ondan qalmış miras əmlakı faktiki qəbul edilməsinə dair dəlillərini tamamilə təkzib edir.

32. Belə ki, işdə olan sübutlar-2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün faktiki yeganə vərəsə kimi Cavabdeh Tofan qızının müraciət etməsi, iddiaçıların miras əmlakı faktiki qəbul etməni atalarının hüzür mərasimində iştirakla, ildə 1-2 dəfə analarına baş çəkməklə əlaqələndirmələri, X9 xx.xx.1983-cü il tarixdə, Babayeva Ruxsarənin xx.xx.1991-ci il tarixdə, Babayeva Zərifənin xx.xx.1987-ci il tarixdə nikaha daxil olmaları; X10 isə Rusiya Federasiyası vətəndaşı olması, iddiaçının bacısı Rəhilənin ondan əvvəl ərə getdiyi və Rusiya Federasiyasına köçməsi barədə izahatı, həmçinin bacısı Ruxsarənin də ərə getdiyi vaxtdan ər evində, 2009-cu ildən isə Rusiya Federasiyasında yaşamasını, onun və qardaşı Bəybalanın da ailə qurandan sonra başqa ünvandakı evdə yaşadıqlarını bildirməsi ilə bağlıdır. Qeyd edilən hallar özü-özlüyündə iddiaçının atasından qalmış mirası faktiki olaraq qəbul etməsi və bu əsasla da miras əmlak barədə sonradan anasının adına verilmiş vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin və bağışlama müqaviləsinin etibarsız sayılması və ya ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

33. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bununla bağlı yetərli mötəbər sübutlar olmadığı halda etibarsız hesab olunması, bunun nəticəsi olaraq çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulmasına səbəb ola bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin dəlillərində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(027)-2042/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar