Məhkəmə qərarları › İş №2(105)-446/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-446/2024

25.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-446/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-43/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(027)-43/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir (hakim Vüqar Seyidov). İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(027)- 43/2023 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0.08 ha torpaq sahəsi ******* nömrəli və xx.xx.2013 tarixli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olmuşdur. Quba rayonu, Küpçal kəndində yerləşən 0.08 ha torpaq sahəsi ******* nömrəli və xx.xx.2017 tarixli çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin torpaq sahələrini, İddiaçı2 və İddiaçı1, X4 notarial qaydada alqı-satqı müqaviləsi ilə əldə etmişlər. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2236/2017 qətnaməsi ilə X2 və qeyrilərinin iddiaları təmin edilərək, İddiaçı2 Quba rayonu, Küpçal kəndində yerləşən 0.08 ha torpaq sahəsi ******* nömrəli və xx.xx.2017 tarixli çıxarışı, İddiaçı1 Quba rayonu, Küpçal kəndində yerləşən 0.08 ha torpaq sahəsi ******* nömrəli və xx.xx.2013 tarixli çıxarışı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 1833/2021 saylı qətnaməsi ilə mülki işə baxılıb qurtarmış, hazırki mülki iş üzrə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək, hazırki mülki işdə mübahisələndirilmiş çıxarışın verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 2236/2017 qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh2 Şıxseyid oğlu, X10, X11, X7 və X1 cavabdehlər X15, X20, maraqlı tərəf Quba Rayon Küpçal Bələdiyyəsi, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi və Quba rayon Notariat Kontoruna qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama və çıxarışların ləğv edilməsi tələblərinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 Şıxsaid oğlu və qeyriləri tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4140/2022 saylı qərarı ilə təmin edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-174/2023 saylı qətnaməsi ilə, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilmiş, Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(027)-2236/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh2 Şıxseyid oğlu, X10, X11, X7 və X1 cavabdehlər X15 və X12 qarşı(müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba Rayon Küpçal Bələdiyyəsi, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, İddiaçı1, X5, X13, X16, İddiaçı2, X3, Babaşov Vəli Vəli oğlu, X8 və X6) şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-174/2023 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin xx.xx.2023-cü iltarixli 2(102)-3482/2023 saylı qərarı ilə təmin edilməmişdir. Beləliklə, hazırki mülki iş üzrə mübahisələndirilmiş X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, tərəflər əvvəlki vəziyyətə qayıtmışlar. İcraatın təzələnməsindən sonra işə mahiyyəti üzrə baxmağa davam etmiş Quba Rayon Məhkəməsi göstərilən qərardadla mülki işin icraatına xitam verilməsini qərara almışdır. Qərardadın çıxarılması üçün məhkəmə göstərmişdir ki, X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli çıxarışın verilməsinə, X32 Komissiyasının 15 saylı, 18 noyabr 1998-ci il tarixli qərarı, həmçinin Quba rayon Küpçal Bələdiyyəsinin alqı-satqı aktları əsas olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-43/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməmiş, İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(027)-43/2023 saylı qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Vüqar Seyidov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndində məhkəmələrə izah edilir ki, “ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. ...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün, həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı “çıxarışın etibarsız hesab edilməsi” barədə müvafiq inzibati orqana müraciət edə, mübahisənin həllindən narazı qaldığı halda isə həmin orqanın hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə icraata xitam verərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-43/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar