Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-449/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-659/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2646,80 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 9000 (doqquz min) manat maddi zərər və 10000(on min) manat mənəvi zərər və müştərək qaydada cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 dekabr 2017-ci il tarixində saat 11 radələrində KAMAZ-4310 yük markalı 40BA012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Quba şəhəri, M.Əcəmi küçəsi və H.Əliyev prospektinin kəsişməsində VAZ-21150 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vurulmuşdur. Həmin nəqliyyat vasitələrinin toqquşması nəticəsində xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan VAZ-21150 avtomobilə 2646 (iki min altı yüz qırx altı) manat 80 qəpik zərər vurulmuşdur. Ziyan aktı "xxxx" MMC tərəfindən 06.08.2018-ci il tarixində tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Hadisə zamanı VAZ-21150 dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən verilmiş etibarnamə əsasında X2 tərəfindən idarə olunmuşdur. Dəyəri avtmobil bazarında 9000 manat civarında olan ona məxsus həmin avtomobil faktiki bu hadisə nəticəsində təqsirkarların təqsiri səbəbindən tamamilə yararsız vəziyyətə düşmüşdür. O, avtomobilindən məhrum olmuşdur. KAMAZ-4310 yük markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. Hadisə zamanı avtomobili idarə edən şəxs Cavabdeh2 heç bir idarəetmə hüququ verən sənəd olmadan qanunsuz idarə etmişdir. Avtomobil 3 ildən artıq heç bir texniki baxışdan keçmədən və sığorta olunmadan istismar edilmişdir. Hadisə zamanı da həmin maşının sığortası olmamışdır. Cavabdehlər könüllü olaraq vurduqları zərərin əvəzini ödəməkdən imtina edirlər, öz məsuliyyətlərini dərk etməyərək zərəri qarşılamaqdan yayınırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Quba rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. İddia tələbi ilə onun barəsində tərtib edilmiş inzibati qərarlar arasında heç bir səbəbli əlaqə mövcud olmadığından, iddiaçı ona verilmiş hüquqlarından sui-istifadə etdiyindən və iş materiallarında hadisənin baş verməsinə onun səbəb olmasını təsdiq edən hər hansı bir dəlil sübut olmadığından, qətnamə əsassız və qanunsuzdur. Cavabdeh2 Quba rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. İddia tələbi ilə onun barəsində tərtib edilmiş inzibati qərarlar arasında heç bir səbəbli əlaqə mövcud olmadığından, iddiaçı ona verilmiş hüquqlarından sui-istifadə etdiyindən və iş materiallarında hadisənin baş verməsinə onun səbəb olmasını təsdiq edən hər hansı bir dəlil sübut olmadığından, qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin təqsirli hərəkəti ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus VAZ- 21150 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəyməsi ilə əsaslandırmış, cavabdehlər bu nəticədən narazı qalaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirmişlər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı VAZ-21150 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi avtomobil digər Cavabdeh1 məxsus olmuş və hadisə törədən vaxt Cavabdeh2 avtomaşını idarəetmə hüququ olmadan qanunsuz idarə etmişdir. Bu hal sonuncunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla öz əksini tapmışdır. Göründüyü kimi cavabdehlərin iddiaçı qarşısında mülki hüquq məsuliyyəti yaranmışdır. İş materiallarında olan ziyan aktına əsasən “VAZ-21150” minik markalı, 10-OH375 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nəticəsində sıradan çıxmış və yararsız hala düşmüş ehtiyat hissələrinin ümumi məbləği 2646,80 manat təşkil edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 27 may 2021-ci il tarixli 129 №li ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilən qüsur aktı məlumatlarına əsasən, VAZ-21150 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsindən, avtomobil sahibinə dəymiş ziyanın məbləği 2646,80 manat təşkil edir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçının təqsirli olması barədə hər iki apellyasiya şikayətində göstərilən dəlillərə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Quba rayon məhkəməsinin 06.06.2018-ci il tarixli qərarı ilə Eldar Abdullayev barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 01.12.2020-ci il tarixli qərarı ilə Quba rayon məhkəməsinin 06.06.2018-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Quba rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası "xxxx" MMC-nin (X6 Mall filialı, kod: 201025, VÖEN **********, Muxbir hesab: AZ37NABZ********************, SFİFT BİK: AİİBAZ2X), hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-449/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-449/2021
13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver