Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-450/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, istifadə hüququ itrilmiş hesab edilməklə yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)- 3425/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə, istifadə hüququ itirilmiş hesab edilməklə yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilinə köçürülməsi, Cavabdeh həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması, Cavabdeh X6 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilindən çıxarılması, Cavabdeh məxsus cehiz əşyalarının - yataq dəsti, qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor, ütü və s. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilindən onun öz hesabına çıxarılması və həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə bağlanmış 02.11. 2019-cu il tarixli nikahın pozulması, X2 anası Cavabdeh yanında saxlanması, İddiaçı 06 oktyabr 2022-ci il tarixdən başlayaraq, 26 may 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi, İddiaçı 06 oktyabr 2022-ci il tarixdən başlayaraq, 26 may 2021-ci il tarixdə doğulmuş X2 3 yaşına qədər hər ay 50 manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 may 2021-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək İddiaçı əlavə xərc kimi hər ay 50 manat məbləğində pulun tutulmaqla Cavabdeh verilməsi qət edilmişdir. Cavabdehlə nikahın pozulması haqda xx.xx.2023-cü il tarixdə akt qeydləri kitabında 89 nömrə ilə qeydə alınmaqla AZ-İ 442020 nömrəli şəhadətnamə verilmişdir. Onunla "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli, 16A/00-12 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqda fərdi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzili almışdır. Mənzilin dəyərini təşkil edən 36350 manat həmin gün, xx.xx.2019-cu il tarixdə tam ödənilmişdir və mənzil həmin tarixdən faktiki olaraq onun mülkiyyətindədir. Mənzili aldıqdan sonra onu tam təmir etdirmişdir. 2019-cu ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində cavabdehin cehiz əmlakları onun mənzilinə gətirilmişdir. Həmin ilin noyabr ayında Şəmkir rayonunda toy mərasimi olmuş, 5-10 gündən sonra qeyd olunan mənzildə yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra cavabdeh faktiki olaraq onu öz mənzilindən məhrum etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz evində yaşaya bilmir. Artıq bir neçə aydır ki, kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdeh ona məxsus mənzildə yaşamaqda davam etməklə və əşyalarını mənzildə saxlamaqla ona öz mənzilindən istifadə etməsində, əmlakı üzərində sərəncam verməsində mane olur. Halbuki cavabdehin mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzil vardır. Cavabdeh bu mənzili hələ nikahdan əvvəl alqı-satqı yolu ilə əldə etmişdir. Göründüyü kimi, cavabdehin mənzil ehtiyacının təmin olunması üçün tam şəraiti və imkanı olmaqla onun 1 otaqlı mənzilindən istifadə edib yaşamasına ehtiyacı yoxdur. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsinin gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən onun Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilinə köçürülməsi, Cavabdeh həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması, Cavabdeh X6 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzildən çıxarılmaları, Cavabdeh məxsus cehiz əşyalarının - yataq dəsti qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor və ütünün həmin mənzildən Cavabdeh hesabına çıxarılması, cavabdehə məxsus əmlaklar bu mənzildən çıxarıldıqdan sonra həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Birinci instansiya məhkəməsində cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Cavabdeh bildirmişdir ki, iddiaçının mübahisəli evə köçüb yaşamasına etirazı yoxdur. İddianın digər hissələri isə əsassızdır. Bu mənzilin əldə edilməsinə görə onun valideynləri iddiaçıya 5000 manat maddi yardım göstərmişlər. Evin təmiri ilə o da məşğul olmuşdur. Bu hallara əsasən onun və uşağının mənzildən çıxarılması yolverilməzdir. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-3425/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının övladı X6 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/m, 16A saylı evin 12 saylı mənzilindən çıxarılması, İsrayıllı (Məmmədli) Məhbubə İsa qızına məxsus cehiz əşyaları - yataq dəsti, qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor və ütünün İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının hesabına həmin mənzildən çıxarılması və cavabdehə məxsus əmlaklar bu mənzildən çıxarıldıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/m, 16A saylı evin 12 saylı mənzili İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-3425/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Abşeron rayonu, Masazır qədəbəsi "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzilin xüsusi mülkiyyətdə olmamasını, həmin mənzilin alınmasında və təmirində cavabdehin iddiaçı ilə birlikdə iştirak etməsinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, tərəflərin uşaqların anadan gəlmə xəstə olması və mütəmadi müalicə almasına hüquqi qiymət verməmişdir. Halbuki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində təsbit edilmişdir ki, “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları oldiqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə göstərilən faktiki halları nəzərə almayaraq əsassız qətnamə çıxarmışdır. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, hal-hazırda cavabdeh onun ailə üzvləri sırasında deyildir və cavabdeh öz mənzil ehtiyaclarını onun mənzilindən istifadə etməklə ödəmək hüququna malik olan şəxs də deyildir. Beləı ki, iş materiallarına əlavə olunmuş sübutlarla müəyyən olunur ki, cavabdehin mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzil vardır. Qeyd olunan mənzilin cavabdehin mülkiyyətində olması barədə mötəbər sübut 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu-iddia qaldırarkən digər mötəbər sübutlar isə məhkəmənin gedişində təqdim olunmuşdur. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olur ki, X7 (hazırkı işdə cavabdeh) Nizami rayonu, Q.Qarayev pr., 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzili alqı-satqı yolu ilə əldə etmiş, həmin mənzilə dair ona seriya RX ******* saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli mülkiyyət haqda çıxarış verilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 (hazırkı işdə cavabdehin) iddiası təmin olunaraq cavabdehlər R.F.Nağdəliyev və digərlərinin onun mülkiyyətində olan Nizami rayonu Q.Qarayev prospekti 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzildən istifadə hüquqlarının itirilməsi qət edilmiş və işin icrası barədə mülkiyyətçiyə məlumat verilmişdir. Bütün bunlar onu sübut edir ki, Nizami rayonu, Q.Qarayev prospekti 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzil cavabdehə məxsusdur. Lakin son məhkəmə baxışında cavabdeh tərəfindən həmin mənzilin artıq digər şəxsə məxsus olması barədə çıxarış təqdim edilmişdir. Göründüyü kimi cavabdeh illərlə mülkyyətində olan mənzili məhz birdən birə məhkəmə gedişində özgəninkiləşdirmişdir. Hesab edir ki, illərlə mülkiyyətində olan mənzili hazırkı məhkəmə işinin gedişində (son baxış iclasında) özgəninkiləşdirməklə cavabdeh onun mənzilindən istifadə hüququ qazana bilən şəxs hesab oluna bilməz. Onun mənzilinin alınmasına görə guya 5000 manat pul verilməsi iddiası da tamamilə əsassız olmaqla heç bir sübutla təsdiq olunmur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 16A/00-12 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqda fərdi müqavilədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzilin tikintisi və təhvil verilməsi barədə İddiaçı ilə "xxxx" MTK razılaşmışlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzilin alınması üçün MTK-ya 36350 manat vəsait ödəmişdir və payçının mənzilə görə MTK-ya borcu yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı X4 adına Bakı şəhəri 50 saylı NK-nın 4ə-303 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X4 adına Biləsuvar rayonu, Əskərabad kəndində 3,0118 ha kənd təsərrüfatı təyinatlı torpaqlarına dair (6 nəfər ailə üzvləri ilə birlikdə) dövlət aktı vardır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş tam olmayan elektron baza məlumatlarında həmin vətəndaşa dair təvəllüd göstəriciləri aşkar edilməmişdir. İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər əmlaklar aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(007)-179/2023 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından 26 may 2021-ci il tarixdə doğulmuş X2 anası Cavabdeh yanında qalması, İddiaçı 06 oktyabr 2022-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(007)- 2751/2022 nömrəli qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla), 06 oktyabr 2022-ci il tarixdən başlayaraq uşağın 3 yaşına qədər hər ay 50 manat, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək tutulmaqla Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 442020 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahının pozulması xx.xx.2023-cü il tarixdə akt qeydləri kitabında 89 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin 43 saylı mənzili xx.xx.2023-cü il tarixdən X1 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 1 övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. Nikah münasibətləri məhkəmə qətnaməsinə əsasən 19 yanvar 2023-cü il tarixdə pozulmuş və bu barədə onlara xx.xx.2023-cü il tarixdə AZ-İ 442020 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İşdəki müqavilə və maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı hələ nikahdan əvvəl, yəni xx.xx.2019-cu il tarixdə 16A/00-12 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqda fərdi müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzili dəyərini ödəməklə almışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyinə görə, ona dair reyestrdən çıxarış mövcud olmasa da, o, həmin əmlakın faktiki mülkiyyətçisidir, belə ki Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2019-cu ildə yarandığından məhkəmə hesab etmişdir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. Cavabdehin mülkiyyətində daha geniş mənzil mövcuddur. İddiaçı bu əsasla hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Cavabdeh iddiaçı ilə nikahına xitam verildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Mövcud olmayan hüququn itirilmiş hesab edilməsi isə hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Bununla belə, yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab etmişdir ki, qeyd edilən mənzil iddiaçının faktiki mülkiyyətində olması səbəbindən və cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından onun azyaşlı uşağı və əmlakları ilə birlikdə oradan çıxarılması, həmçinin mənzilin iddiaçıya təhvil verilməsi barədə tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin çıxarılması hissəsində iddia tələbi təmin edildiyindən, iddiaçının həmin mənzil üzərində əvvəlki hüquqları bərpa edildiyindən və sonuncuya həmin mənzillə bağlı heç bir maneə yaranmadığından onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə bütün hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı onu yaşadığı evdən qanuni əsas olmadan məhrum edib. Qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiyyət (gözlənti) hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində məskunlaşması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi "xxxx" MTK-ya məxsus olan 16 A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzilin iddiaçının xüsusi mülkiyyətdə olmamasına, həmin mənzilin alınmasında və təmirində cavabdehin iddiaçı ilə birlikdə iştirak etməsinə düzgün hüquqi qiymət verilməməsinə dair münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan “yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” kimi təsbit olunmuş maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh bununla əlaqədar məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin 43 saylı mənzili faktiki dayısına məxsus olmuş, dayısının həyat yoldaşı ilə münasibətləri yaxşı olmadığına görə formal olaraq həmin mənzil onun adına rəsmiləşdirilmiş və dayısı tərəfindən digər şəxslərin kirayəsinə verilmişdir. 05 oktyabr 2023-cü il tarixdə isə həmin mənzil onun tərəfindən dayısına bağışlanmışdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etmiş və iddia ərizəsində cavabdehin mülkiyyətində yuxarıda qeyd olunan 3 otaqlı mənzilin olduğunu göstərmişdir. Lakin cavabdeh bununla əlaqədar birinci instansiya məhkəməsində həmin mənzilin faktiki olaraq yaxın qohumuna məxsus olmasına dair sübutlar təqdim etməmişdir. Göstərilən mənzilin qətnamənin çıxarılmasından 20 gün əvvəl, yəni 05 oktyabr 2023-cü ildə başqa şəxsə bağışlanmaqla özgəninkiləşdirilməsi isə həmin mənzilin 2015-ci ildə görünüş üçün cavabdehin adına rəsmiləşdirilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-3425/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-450/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-450/2024
22.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver