Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-453/2022 23.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5550/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddiaçı ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1252/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iddiaçı ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2,392.40 (iki min üç yüz doxsan iki manat 40 qəpik) manat pul ASC “Standard İnsurance" Sığorta Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1252/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC "xxxx" Sığorta Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2,392.40 (iki min üç yüz doxsan iki manat 40 qəpik) manat pulun ASC “Standard İnsurance" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.02.2019-cu il tarixində, saat 07:20 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh3 idarə etdiyi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, etibarnamə ilə Cavabdeh2 məxsus ‘'Chevrolet Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş və nəticədə X8 idarə etdiyi “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “OPEL Vectra" minik markalı avtomobildə olan sərnişinlər X9 və X1 ziyan dəymiş, həmçinin “OPEL Vectra” minik markalı avtomobilə maddi zərər vurulmuş, habelə sağlamlığa xəsarət halı da qeydə alınmışdır. Sumqayıt Şəhər Pİ-nin 05.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “OPEL Vectra" minik markalı, **-DL- *** dövlət nömrə nişanlı avtomobilə 1,612 (bir min altı yüz on iki) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1436/19, 1916/19 və 0977/19 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənlər X2 dəymiş zərərə görə 350 (üç yüz əlli) manat, X3 dəymiş zərərə görə 400 (dörd yüz) manat, “OPEL Vectra” minik markalı avtomobilə dəymiş zərərə görə X10 1,612 (bir min altı yüz on iki) manat, ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh3 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənlərə ödənildiyindən, ASC "xxxx" Sığorta Şirkətinin “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, Cavabdeh3 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC "xxxx" Sığorta Şirkəti Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 24 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 1108.2, 1108.3-cü maddələrinin və “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü madələrinin və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ASC "xxxx" Sığorta Şirkəti və sığortalı X11 arasında 04.09.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi bağlanmış və “Chevrolet Niva” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmışdır. 04.02.2019-cu il tarixdə Cavabdeh1 məxsus, digər Cavabdeh2 etibarnamə əsasında verilmiş və digər Cavabdeh3 idarə etdiyi “Chevrolet Niva” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı zərərçəkmiş tərəflərə cəmi 2362 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş 20.03.2019-cu il tarixli, TYP 107746 nömrəli İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh3 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və araşdırma zamanı X6 avtonəqliyyat vasitəsini idarəetmə (istifadə etmə) hüququ olmadan istifadə etdiyi (etibarnaməsiz) aşkar edilmişdir. Belə ki, "Chevrolet Niva" markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmiş və bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməz qeydi olunmuşdur. Lakin baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh2, ona yalnız idarə etməyə etibar olunmuş "Chevrolet Niva" markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili özü avtomobildə olmaqla Cavabdeh3 idarə etməyə verərək hesab etmişdir ona verilmiş səlahiyyəti ötürə bilər. İşə baxan birnci instansiya məhkəməsi isə bu faktı araşdırmadan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edilməsini iş materiallarında cavabdehlərə münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 25 və 63-cü maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin olması barədə sübut olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı mübahisələndirərək, apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan cavabdehlərin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi baxılan iş üzrə vurulmuş zərərə görə məsuliyyəti bilavasitə zərərvuranın daşıdığı barədə qənaətə gəlmiş apellyasiya instansiyası məhkəməsi hansı maddi hüquq normasına əsasən subroqasiya tələbinə üzrə pulun hər üç cavabdehdən, yəni sığortalı avtomobilin mülkiyyətçisindən, mülkiyyətçinin əri olan etibar edilmiş şəxsdən, habelə avtomobili idarə edən şəxsdən birgə qaydada tutulduğunu ümumiyyətlə əsaslandırmadığını, “İcbari sığortalar haqqında” Qanunun həmin münasibəti birbaşa tənzimləyən 25.2-ci maddəsinə ümumiyyətlə istinad etmədiyini, birinci instansiya məhkəməsində iddianın əsasını təşkil etməyən hallara (hüquqi faktlara) istinad edən apellyasiya şikayətinin dəlillərinin əsaslı hesab olunmasının MPM-nin 53-cü maddəsi ilə yanaşı 9.1-9.3, 14.1. və 14.2. maddələrinin tələblərinə zidd olmaqla, son nəticədə qarşı tərəfin yeni əsasla bağlı sübutlar təqdim etmək imkanından məhrum edilməsi nəticələndiyini, bu səbəbdən yeni apellyasiya baxışı zamanı müəyyənləşdirilmiş, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq əsasında qiymət verməklə əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, 04.02.2019-cu il tarixdə Sumqayıt şəhəri ərazisində Cavabdeh3 tərəfindən idarə olunan ASC "xxxx" Sığorta Şirkətində sığortalanmış “Chevrolet Niva” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə Natiq Şamilovun idarə etdiyi “Opel Vestra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər və eyni zamanda “Opel Vestra” minik markalı avtomobildə olan sərnişinlər Şamxal Məmmədov və Azər Şərəfxanovun sağlamlığına yüngül ziyan dəymişdir. Zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən N.Şamilova 1612 manat, A.Şərəfxanova 400 manat, Ş.Məmmədova 350 manat olmaqla ümumilikdə 2362 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baxılan iş üzrə iddia tələbi subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin əsası isə ondan ibarətdir ki, Cavabdeh3 sığortalı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən yayındığından icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxslərə ödənilmiş pul subroqasiya qaydasında cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin işin araşdırılan hallarında görünür ki, Cavabdeh3 sığortalı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən yayınmamışdır. “İcbari Sığortalar haqqında” Qanunun 25.2. maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Qanunun 63.1. maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində iddiasının əsasını təşkil edən hala deyil, yeni əsasa istinad etmiş və hesab etmişdir ki, sığortalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmiş və onun həmin etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə vermək hüququ olmamışdır. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 ona yalnız idarə etməyə etibar olunmuş avtomobili özü avtomobildə olmaqla Cavabdeh3 idarə etməyə verərək hesab etmişdir ki, ona verilmiş səlahiyyəti ötürə bilər. Halbuki iddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsində ərizə verməmişdir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fərqli əsaslarla iddianı təmin edə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından Cavabdeh3 sığortalı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən yayınmadığı müəyyən edildiyindən iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-453/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-453/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver