Məhkəmə qərarları › İş №2(105)-456/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-456/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-456/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehlərin vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3723/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilərək, İddiaçı övladları 11.08.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivindəki 576 saylı torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmələri qət edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs ondan apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1303/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı övladları, 11.08.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş Maraqlı şəxs məxsus yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehlər Maraqlı şəxs və Cavabdeh kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. AR Ali Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(102)-5206/2021 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1303/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun övladları - 11.08.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun Cavabdehlə nikahından olan övladları mübahisəli ünvanın daxil olduğu sahə poliklinikasında qeydiyyatına alınmış və ərazi üzrə orta məktəbdə təhsil almışdır. Cavabdeh müxtəlif bəhanələrlə söz-söhbət salmış, onu təhqir etmiş, bir neçə dəfə döymüşdür. İddiaçı övladlarının boşanmış ailədə yaşamaması üçün, münasibətlərin düzələcəyinə ümid edərək yoldaşının hərəkətlərinə dözməyə çalışsa da, nəticəsi olmamışdır. Sonuncu dəfə baş verən şiddətli mübahisədən sonra evdən sadəcə geyim əşyaları ilə birlikdə aranın sakitləşməsi üçün məcbur olub evdən çıxmışdır. Daha sonra nikahın pozulması barədə məhkəməyə müraciət edilmişdir. Cavabdehlərlə birlikdə həmin evin bərpasında, abadlıq işlərində iştirak etməklə birgə təsərrüfat aparmışdır. Əmlakları hazırda həmin evdədir. Həmin ev özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. Onun başqa yaşayış yeri yoxdur. Buna görə də iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsində iddiaçı ərizə təqdim edərək, Maraqlı şəxs cavabdehlikdən çıxarılmasını, apellyasiya mərhələsində isə cavabdeh kimi tanınmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində Maraqlı şəxs cavabdeh qismində işə cəlb edilmiş və buna uyğun prosessual hərəkətlər yerinə yetirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 158.4-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Maraqlı şəxs cavabdehlikdən çıxarıldıqdan sonra, onun məlumatı olmadan oğlunun nümayəndəsi kimi məhkəmədə iştirak etmiş həyat yoldaşı Fəridə Əliyeva tərəfindən iddianın etiraf edilməsi barədə ərizə verilmiş və məhkəmə tərəfindən həmin etiraf qəbul edilərək iddia tələbinin hüquqi əsasının olub-olmaması yoxlanılmadan onun təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı və Cavabdeh ailə qurduqdan sonra, faktiki olaraq ona məxsus evə gəlin köçmüş və onun razılığı ilə həmin evdə yaşamışlar. Cavabdeh məxsus Novxanı qəsəbəsində fərdi yaşayış evi mövcud deyildir və Maraqlı şəxs özünə məxsus olan və hazırda yaşadığı evi Fəridə verməmişdir. Maraqlı şəxs İddiaçı yaşamaq üçün evlə təmin etmək öhdəliyi daşımır. Bununla bağlı onların arasında hər hansı bir müqavilə bağlanmamış və Maraqlı şəxs onun qarşısında ailəsi dağılacağı halda belə bir vəzifə daşıyacağı barədə vəd verməmişdir. İddiaçı Cavabdehlə ailə qurmamışdan əvvəl, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən və valideynlərinə məxsus olan evdə yaşamışdır və Fəridlə ayrıldıqdan sonra da həmin evdə yaşamaqda davam edir. Göründüyü kimi, iddiaçının daimi yaşamaq üçün yaşayış sahəsi vardır. Mübahisə predmeti olan ev Maraqlı şəxs Azərbaycan SSR Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03.09.1988-ci il tarixli, 150/6 saylı qərarı ilə Novxanı qəsəbəsi ərazisində 530 saylı sahədə verilmiş 600 kv.metrlik torpaq sahəsində yerləşir və faktiki olaraq onun sahiblik və istifadəsindədir. Həmin fərdi yaşayış evinin Maraqlı şəxs tərəfindən tikilməsi və faktiki olaraq ona məxsus olması işin mübahisələndirilməyən halı olmaqla, işin bu halı İddiaçı tərəfindən verilmiş iddia ərizəsində də göstərilmiş, iddiaçı tərəfindən təsdiq və etiraf edilmişdir. Maraqlı şəxs qeyd olunan evə mülkiyyətçi hüquqları olsa da, iddiaçının həmin evə dair heç bir hüququ mövcud deyildir. Belə olan halda, İddiaçı heç bir hüququ olmadan, Maraqlı şəxs faktiki sahiblik və istifadəsində (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları olmaqla) olan fərdi yaşayış evinə onun razılığı olmadan köçürülməsi qanunsuz və əsassızdır. İddiaçı Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçməsinə əsas verən qanunvericilik normaları yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili və nümayəndəsi X6 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kəllegiyasının iclasında İddiaçı şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarından çıxarışdan görünür ki, X4 Abşeron rayonunun Novxanı Sovxozu ərazisindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Yenə işdə olan nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh və X7 arasında 07.08.2009-cu ildə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, Cavabdeh və X5 birgə nikahından 11.08.2010-cu il təvəllüdlü X10 və 20.03.2013- cü il təvəllüdlü X9 doğulmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 07.08.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində nikaha girməklə ailə qurmuş, birgə nikahlarından 11.08.2010-cu il təvəllüdlü X10 və 20.03.2013-cü il təvəllüdlü X9 doğulmuşlar. Ailə qurduqdan sonra, İddiaçı Cavabdeh atası Maraqlı şəxs məxsus Abşeron rayonu, Novxanı bağlar massivindəki 576 (sənəddə həmin bağ sahəsi 530 №-li sahədir) torpaq sahəsində tikilmiş yaşayış evinə cehiz əmlakları ilə birlikdə köçürülmüşdür. Sonradan İddiaçı və Cavabdeh arasında olan ailə münasibətləri pozulmuş və iddiaçı mübahisəli evdən çıxarılmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, himayəsində olan iki azyaşlı uşağı ilə Abşeron rayonu, Novxanı bağlar massivindəki 576 torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddianın etirafı barədə ərizə təqdim edərək Abşeron rayonu, Novxanı bağlar massivindəki 576 torpaq sahəsində tikilmiş evə iddiaçının uşaqları ilə birlikdə köçürülməsinə etiraz etmədiyini bildirdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2 və 191.3-cü maddələrinə əsasən iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, çünki bu nəticə işin faktiki hallarına uyğun gəlmir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, iş materiallarınan görünür ki, köçürülmə tələb edilən yaşayış evi cavabdehlərdən Maraqlı şəxs məxsusdur. O isə iddianın etiraf edilməsi barədə hər hansı şəxsə, o cümlədən X1 heç bir səlahiyyət verməmişdir. Buna görə də məhkəmədə Cavabdeh nümayəndəsi qismində iştirak edən Fəridə Əliyevanın hazırkı mübahisə üzrə iddianı etirafı əsaslı və qanuni sayıla bilməz. Mübahisənin mahiyyətinə gəlincə isə hər şeydən öncə qeyd edilən yaşayış evinin hüquqi statusu müəyyən edilməli və yalnız bundan sonra iddiaçının oraraya köçürülübköçürülməməsi məsələsi həll olunmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı köçmək istədiyi fərdi yaşayış evini özbaşına tikili hesab edərək maddi hüquq norması kimi Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə istinad etmişdir. Bu yanaşma ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, həmin evin inşa olunmasına müvafiq icazənin məhkəməyə təqdim olunmamasına baxmayaraq, evin yerləşdiyi torpaq sahəsinin Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarına əsasən Maraqlı şəxs ayrıldığı işin mübahisəsiz halıdır. Eləcə də, ötən əsrin 80-90-cı illərində bağçılıq-bostançılıq üçün müxtəlif şirkətlərdə(hazırki halda “Badam” şirkəti) birləşmiş vətəndaşlara torpaq sahələri ayrılarkən həmin vətəndaşlara orada bağ evinin tikintisinə ümumi qərarla icazələr verilməsi də mübahisə olunmaz faktdır. Belə olan halda, səlahiyyətli orqanın qərarı ilə inşa edilmiş həmin fərdi yaşayış evinin özbaşına tikili kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasına görə o, yaşayış evləri özbaşına tikili sayılır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İstinad olunan normaların tələbindən göründüyü kimi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarı ilə X4 Abşeron rayonunun Novxanı Sovxozu ərazisindən ayrılmış 600 kv.metr torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Doğrudur, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Maraqlı şəxs məhkəməyə sübut təqdim edə bilməsə də, bu hal onun həmin torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olması faktını inkar etmir. İddiaçı bütün hallarda mübahisəli torpaq sahəsinə və orada inşa edilmiş fərdi yaşayış evinə qanuni gözlənti hüququ olan şəxsdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi Önəryıldız Türkiyəyə qаrşı iş üzrə 30 noyаbr 2004-cü il tаrixli qərаrındа göstərmişdir ki, 1 sаylı Protokolun 1-ci mаddəsinin 1-ci hissəsində “mülkiyyət” аnlаyışı fiziki mаllаr üzərində mülkiyyətlə məhdudlаşmаyаn müstəqil mənаyа mаlikdir və dаxili qаnunvericilikdəki formаl təsnifаtdаn аsılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin hаllаrı ilə həmin mаddə əsаsındа müdаfiə olunаn əhəmiyyətli mənаfelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibаrətdir. Müvаfiq olаrаq, bu müddəаnın məqsədləri üçün fiziki mаllаrlа yаnаşı, əmlаkı təşkil edən bəzi digər hüquqlаr və mаrаqlаr dа “əmlаk hüquqlаrı” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” аnlаyışı “mövcud mülkiyyətlə” məhdudlаşmır və ərizəçinin mаrаqlаrını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyаtа keçirilməsinin əldə olunmаsınа ən аzı əsаslı və “qаnuni gözləntiyə” mаlik olduğunа dаir tələblərini də əhаtə edə bilər (§ 124). Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin hallarından görünür ki, ev tikintisi üçün 03.09.1988-ci ildən Maraqlı şəxs ayrılmış 600 kv.metr torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi qanunsuz tikili kimi qiymətləndirilməməlidir, çünki bu əmlaka dair mülkiyyətçi kimi Maraqlı şəxs gözlənti hüququ vardır. Evlə bağlı tərəflər arasında münasibətlər isə 07.08.2009-cu ildə yaranmışdır. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları baxımından yanaşılmalı və qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsinə 07.08.2009-cu ildə köçməsinə görə, həmin yaşayış sahəsinə hüquqları Mülki Məcəllənin 228-ci maddəsinin dispozisiya şərtləri əsasında müəyyən edilməlidir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ali Məhkəmə mülki kollegiyası iş üzrə qərarında mövqeyini belə ifadə etmişdir: Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeyd-şərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun. 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə bu məsələləri başqa formada tənzimləyir. Həmin müddəalar mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ arzulayan şəxs arasında notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və eyni zamanda bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Lakin İddiaçı ilə evin sahibi olan Maraqlı şəxs arasında bu cür müqavilə bağlanmamışdır. Mübahisəli evin üzərində cavabdehin mülkiyyət hüquqlarının qeydiyyata alınmaması səbəbindən İddiaçı Maraqlı şəxs məxsus olan yaşayış evinə gəlin köçərkən yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq imkanının olmaması barədə dəlil də əsassız hesab olunmalıdır, çünki işdən iddiaçının köçdüyü evin sahibi ilə müqavilə bağlamağa səy göstərməsi müəyyən olunmur. Bundan başqa, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbi imperativ tələbdir və istifadə hüququnu başqa hüquqi əsasla əlaqələndirmir. Mülki Məcəllənin 228.5-ci maddəsinin iddiaçıya şamil edilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün MM-in 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qeyd olunduğu kimi, evin sahibi Maraqlı şəxslə İddiaçı arasında belə bir razılıq olmadığından, onun mübahisəli evə köçürülməsi öz hüquqi əsasını itirir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh Maraqlı şəxs isə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində onun vəsaiti ilə inşa edildiyindən və o, qanuni gözlənti hüququna malik olduğundan, bu evin tikilməsində iddiaçının hər hansı rolu (iqtisadi marağı) və iştirakı olmadığından, tərəflər arasında əmlakdan istifadə ilə bağlı yazılı razılıq bağlanmadığından İddiaçı uşaqları ilə birlikdə oraya köçürülməsi əsaslı hesab oluna bilməz. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evin faktiki sahibi Maraqlı şəxs oğlu Cavabdehlə nikahda olmasına əsaslanması və buna görə də həmin evə köçürülməli olması barədə dəlili əsassızdır və bu hal, evə dair gözlənti hüququ olan Maraqlı şəxs hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır (Mülki Məcəllənin 560-cı maddəsi). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı övladları 11.08.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivindəki 576 (530) saylı torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmələri barədə iddiası əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3723/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3723/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. Mübahisə üzrə tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar