Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-46/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsinin cavabdeh tərəfindən boşaldılması, yolun cavabdehin hesabına bərpa olunması, cavabdeh tərəfindən ona qarşı yaradılmış süni maneələrin aradan qaldırılması, gələcəkdə belə süni maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, cavabdehdən 10000 manat maddi, 5000 manat mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun və 200 manat məhkəmə xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində Yeni Yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsi onun mülkiyyətində olan xüsusi əmlakıdır. Həmin torpaq sahəsi onun mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən hüquqları dövlət qeydiyyatına alınmaqla verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən keçmişdir. Torpaq sahəsi mülkiyyətinə verilərkən koordinatları müəyyənləşdirilmiş, plan-ölçü sxemi tərtib olunmuşdur. Eyni zamanda, həmin yaşayış massivində olan torpaq sahələri vətəndaşların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magistral yola çıxışlar olmuşdur. Bundan sonra o, mülkiyyətində olan həmin torpaq sahəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin tərtib etdiyi eskiz-layihəyə uyğun özünə ev inşa etdirmiş və hazırda, ailə üzvləri ilə həmin evdə yaşayır. Sonradan zərurət yarandığından o, bir müddət ölkə hüdudlarından kənarda olduğundan ona məxsus evdə yaşayış olmamışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra evinə gələrkən ona məlum olmuşdur ki, qonşuluqdakı evin sahibi, hazırki iş üzrə Cavabdeh onun evinə gedən giriş yolunu qanunsuz olaraq bağlayaraq (yola daş tökərək) onun mənzilindən istifadə yolundan məhrum etmiş, ümumi istifadə olunan yolun ərazisini mənimsəyərək, yolu yararsız vəziyyətə salmışdır. Bununla maraqlandıqda məlum olmuşdur ki, cavabdeh yolu mənimsədikdən sonra həmin evdə yaşamır, evi digər şəxsin istifadəsinə vermişdir. O, cavabdehlə əlaqə saxlayıb bunu aydınlaşdırmaq istəmiş, cavabdeh isə ona yolun yerləşdiyi torpaq sahəsinin Saray Bələdiyyəsinin ona satdığını bildirmişdir. Hətta yol istədiyi təqdirdə, həmin torpaq sahəsini (yolun yerləşdiyi sahəni) ondan satın almağı və özünə təkrar yol açmağı bildirmişdir. Cavabdehin özbaşına, heç bir əsası olmadan onun evinə gedən yolu qanunsuz zəbt edərək bağlaması barədə aidiyyatı üzrə Abşeron Rayon İcra Hakimiyyətinə, Saray Bələdiyyəsinə müraciət etsə də heç bir tədbir görülməmiş, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi ona tövsiyyə etmişlər. Belə ki, cavabdeh qanunsuz olaraq yolunu bağladığından o, əmlakından tam, yararlı istifadə edə bilməmiş, torpaq sahəsindən bəhər-fayda əldə edə bilməmişdir. Yolu bağlamaqla qanuna zidd hərəkətləri ilə cavabdeh ona 10000 manat maddi və 5000 manat mənəvi zərər vurmuşdur. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoymağı, qanunsuz olaraq zəbt edərək bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsə də cavabdeh könüllü olaraq yolu boşaltmamış, gedişgəlişinə maneələri aradan qaldırmamışdır. Hazırda, cavabdehin onun mənzilindən istifadəsinə yaratdığı maneələri onun nəticə etibarı ilə, mülkiyyətindən istifadə etməsini məhdudlaşdırmışdır. Eyni zamanda, qeyd edir ki, hazırki yaşayış şəraitinin vəziyyəti bərbad olduğundan, bu hal da onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Onun cavabdehdən istədiyi yalnızca mənzilinə girişinə maneələri aradan qaldıracaq yolun açılmasıdır. Belə ki, cavabdehin mülkiyyətində olan mənzilinə açılan yolu olduğundan nəticədə, öz mənzilindən istifadə edə bilir. Lakin onun göstərilən bu hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2827 saylı rəyinə münasibət bildirərək isə qeyd edir ki, onun hazırki tələbi sadəcə ona yolun verilməsidir. Mənzilindən istifadə edə bilməməsi nəticəsində, o, qəyyumluğunda olan İ qrup əlil, 62 yaşlı xəstə olan bacısına baxa bilmir, nəticədə, bacısına rəfiqəsinə məxsus olan mənzildə baxmalı olur. Onun mənzilinə olan giriş kələ-kötür yollarla, otların kənarı ilə, hasarın üzərindən keçməklə mümkündür ki, bunu da qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Cavabdeh sözügedən yoldan hazırda istifadə etməsə də, əvvəllər istifadə etmişdir. Əgər həmin yol cavabdehə məxsus olmuş olsaydi, ona məxsus olduğunu təsdiq edən sənədi ona göstərərdi. Halbuki, cavabdeh həmin yol salınanda yolun kimsənin istifadəsində olmadığını bildirmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Tonqol X2 Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 iyun 2022-ci il tarixli 2(012)-284/2022 nömrəli qətnaməsi tamamilə qanunsuz və əsassızdır, qətnamə qəbul edilərkən maddi və prosesual hüquq normaları pozulmuş, iş üçün zəruri olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə qeyri-möhtəbər, aidiyyatı olmayan sübutlarla qətnaməni əsaslandırmış, səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir. Məhkəmənin bu qənaətə gəlməsi tamamilə qanunsuz və əsassızdır. İddia tələbində torpaq sahəsinin təyinatı mübahisə predmeti olmadığından məhkəmə iddia tələbindən kənara çıxmış və məhkəmənin torpaq sahəsinin kənd təsərüfatı təyinatlı torpaq sahəsi olduğundan iddianın təmin olunmaması qənaətinə gəlməsi qanunsuz və əsassızdır. Məhkəmənin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı olmadığından iddianın təmin olunmaması qənaətinə gəlməsi də tam qanunsuz və əsassızdır. Məhkəmə araşdırma aparılarkən cavabdehin məhkəməyə dəvət edərək dindirilməsini təmin etməmişdir. Cavabdehlə iddiaçı arasında olan münasibətləri tam dəqiqiliyi ilə araşdırılmadığından araşdırma əhəmiyyətsiz olmuşdur. İddia tələbi təmin olunmaması barədə qətnamə qəbul edilərkən iddiaçı tərəfin hər hansı bir arqumentinə istinad edilməmiş və iddiaçı ilə cavabdehin iddia üzrə münasibətləri tam aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 146, 152.1, 180.1, 180.2, Torpaq Məcəlləsinin 9, 10, 13, 80-ci maddələrinə istinad etmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2015-ci il tarixli 4Ə- 2558 saylı alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinin olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsini ümumi yolla birləşdirən yolun cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4, 1096.1, 1097.1, 21-ci maddələri təşkil edir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4-cü maddəsi). Maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün əşya özündə olan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyini sübut etməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/813 nömrəli 05 iyun 2023-cü il tarixli ekspert rəyi ilə Dövlət aktına əsasən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 18 İyun 2015-ci il tarixli: ********** nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsi İddiaçı verilmiş 0.04 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Hüquqların Döylət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 10 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsi Cavabdeh verilmiş 0.0296 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel terixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/221 nömrəli 27 fevral 2024-cü il tarixli ekspert rəyi ilə "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrində 63 saylı reyestr kitabının 108 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsünün faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi müəyyən edildi. "xxxx" MMC-nin Bakı LTl-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 95 saylı reyestr kitabının 165 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsinin plan və ölçüsünün faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi müəyyən edildi. "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli A № 014088 saylı torpaq sahəsinin həmin ərazinin ümumi torpaq layihəsinə (plan ölçüsünə) əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə giriş yolunun hər hansı tərəfdən nəzərdə tutulmadığı, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinə giriş-çıxış yolunun olmadığı müəyyən olundu. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Bakı LTl-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A № 450863 saylı torpaq sahəsinin həmin ərazinin ümumi torpaq layihəsinə (plan ölçüsünə) əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0296 ha torpaq sahəsinə giriş yolunun torpaq sahəsinin qərb istiqamətindən nəzərdə tutulduğu müəyyən olundu. "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Bakı LTl-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh və İddiaçı mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq mövcud olması səbəbindən giriş yolunun tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Məhkəmə kollegiyası tərəfindən 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış cavab məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır. Göründüyü kimi iddiaçı ilk növbədə cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törətdiyini sübut etməli olduğu halda Mülki Məcəllənin 157.4. və Mülki Prosessual Məcəllənin 77.1. maddələrinə əsasən bu halı sübut edə bilməmişdir. Bu o halda mümkün ola bilər ki, həmin ərazidə aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi proseduru tam yekunlaşdırılmış olsun. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrində ifadə olunmuş dispozisiya şərtlərinə əsasən isə bu cür iddianın təmin olunması üçün əmlaka zərərin vurulması, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən olunmalıdır. Lakin qeyd olunan hallar müəyyən olunmadığından, eləcə də bu tələblərlə bağlı olan iddiaçının əvvəlki tələbi təmin edilmədiyindən, iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, bu tələblərin rədd edilməsi mübahisəli ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdıqdan sonra iddiaçının ona məxsus torpaq sahəsini zəbt etmiş şəxsə qarşı iddia qaldırmaq hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50+50=100 (yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-46/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-46/2024
03.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver