Məhkəmə qərarları › İş №2(105)-461/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-461/2024

22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-461/2024 22.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.875 (on min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. (hakim V.Seyidov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsinin açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahatında bildirdi ki, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Sözügedən qətnamə onun elektron kabinetinə 08 noyabr 2023-cü il tarixində yerləşdirilsə də, qətnamə onun tərəfindən 13 noyabr 2023-cü il tarixdə oxunmuşdur. Yəni qətnamənin onun tərəfindən qəbul edilmə tarixi 13 noyabr 2023-cü il hesab edilməlidir. Bundan başqa qeyd olunan tarix qeyri-iş gününə təsadüf etmişdir. Bu hallar nəzərə alındıqda o qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti ötürməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini iddiaçı tərəfin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Yaranmış mübahisəli ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3 və 133.5. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)- 1566/2023 nömrəli qətnaməsi İddiaçı elektron kabinetinə 08 noyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin axımı, qətnamənin məhz iddiaçının elektron kabinetinə yerləşdirildiyi vaxtdan (xx.xx.2023-cü il tarixi) hesablanmalıdır. Göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin son günü 08 dekabr 2023-cü il tarixinə təsadüf edir. Cavabdeh isə apellyasiya şikayətini elektron kabinet vasitəsilə 11 dekabr 2023-cü il tarixdə vermişdir. Yəni qanunda nəzərdə tutulan prosessual müddət ötürülməklə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iddiaçının qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət çərçivəsində qeyri-iş günlərin mövcudluğu barədə izahatına münasibət bildirərək qeyd edir ki, MPM-in 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi qanunverici prosessual müddətin son günü qeyri-iş gününə təsadüf etdiyi təqdirdə məsələnin həllini müəyyən etmişdir. Başqa sözlə iddiaçının istinad etdiyi hal (qeyri-iş günləri ilə əlaqəli) onun tərəfindən prosessual müddətinin ötürülməsini aradan qaldırmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halı prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə yoxlayıb, qətnamənin iddiaçıya elektron qaydada təqdim edilmə tarixini dəqiqləşdirmədən, apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərərkən iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq birinci və apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən forma və məzmuna riayət olunması, müddət və dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin qaytarılması apellyatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 361, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı:

Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar