Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-467/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5039/2018 nömrəli 24 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 99/103 saylı fərdi yaşayış evinə görə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, həmin mənzilə görə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv olunması və əmlak üzərində onun mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 99/103 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması və hər hansı icra hərəkətinin aparılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(060)-5039/2018 nömrəli qərardadı ilə ərizə təmin olunmuş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin olunması tədbiri kimi Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 99/103 saylı evin üzərinə həbs qoyulması və hər hansı icra hərəkətinin aparılmasına qadağa qoyulması qərara alınmışdır (hakim İlqar Məmmədov). Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli 2(060)-5039/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 99/103 saylı fərdi yaşayış evinə görə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, həmin mənzilə görə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv olunması və əmlak üzərində onun mülkiyyət hüququnun bərpa olunması barədə iddia tələbi təmin edilməmişdir (hakim İlqar Məmmədov). İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(105)-1248/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi Səyyad Qafari, hakimlər Lətifə Məmmədova, Fuad Məmmədov). Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(102)-5836/19 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi Qürbət Əsgərov, hakimlər Elşanə Vəliyeva, Tatyana Qoldman). Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 25 oktyabr 2022-ci il tarixdə müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(060)-5039/2018 nömrəli qərardadının ləğv edilməsini, həmin qərardadla müvəqqəti təminat tədbiri kimi "xxxx" QSC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 99/103 saylı fərdi yaşayış evinin üzərinə üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini və həmin qərardadın surətinin icra olunması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5039/2018 nömrəli 05 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 99/103 saylı evinin üzərindən həbsin götürülməsi qərara alınmışdır (hakim Rəşad Qoşqarlı). Qərardaddan İddiaçı şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5039/2018 nömrəli 24 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət elektron qaydada verilməməsi əsası ilə geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr və 24 noyabr 2022-ci il tarixli qərardadlarının ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5039/2018 nömrəli 24 noyabr 2022-ci il tarixli qərardadından şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli qərardad qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə əsaslandırmışdır. İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 və 24 noyabr 2022-ci il tarixli qərardadlarının ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizəsinin geri qaytarılmasına səbəb kimi şikayət ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirməməyi olmuşdur. Şikayət ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirməməyinə səbəb “Elektron məhkəmə” informasiya sistemində yaranan problemlər (əl ilə imzalanmış məhkəmə qərardadlarından şikayət vermək mümkün olmamışdır) olmuşdur. Yaranmış problemlərlə əlaqədar olaraq Ədliyyə Nazirliyinin 880 Qaynar xəttinə müraciətindən sonra problem aradan qaldırılmışdır. Bu səbəbdən də şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(060)-5039/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7.-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, lazımı qaydada elektron kabinet vasitəsilə verilməmiş ərizə hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmaq üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin elektron qaydada verilməməsi əsası ilə şikayəti geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(060)-5039/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-467/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-467/2023
25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver