Məhkəmə qərarları › İş №2(105)-467/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-467/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-467/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə ilk, Cavabdeh1 cavabdehlər İddiaçı və X6 qarşı pul tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4132/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhər Pİ-nin İŞ-nin 26 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunması qərara alınmışdır. Həmçinin qərardan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, o Vüsal İsgəndərlini 2016-cı ildən, Koreyada tanışı Rəhmanın vasitəsilə tanımışdır. 2020-ci ildən Koreyadan Bakıya gəlmiş, daha sonra həmin ilin dekabr ayında yenidən yarımçıq işlərini yekunlaşdırmaq üçün Koreyaya qayıtmışdır. Koreyaya qayıtdıqdan sonra 2022-ci ilin dekabr ayında Vüsal ona zəng edərək Azərbaycana 3 ədəd avtomobil göndərmək üçün ondan konteyner təşkil etməsini xahiş etmişdir. Daha sonra Vüsal ona konteynerdə 4-cü avtomobil üçün də boş yer olduğunu və onun istifadəsində olan “Kia Pride” markalı avtomobili satmasını istəmişdir. O da həmin ərəfələr Koreyadakı işlərini yekunlaşdırıb Azərbaycana qayıtmaq istədiyinə görə bu təkliflə razılaşmış və öz avtomobili üçün 3200 (üç min iki yüz) dollar pul istəmişdir. Bundan əlavə onun maşınının Azərbaycana göndərilmə xərci 2000 (iki min) dollar təşkil etmişdir. Buna görə də X10 tərəfindən onun Koreyadakı bank hesabına 6200 (altı min iki yüz) dollar pul göndərilmişdir. Bu pulun 1000 (bir min) dollarını Vüsal İsgəndərli özünə götürmüşdür. Bundan sonra onun şirkəti tərəfindən alınan konteynerə Vüsal İsgəndərlinin daha öncə aldığı 3 ədəd Kia Sorento markalı avtomobili yerləşdirmişlər. Ondan aldıqları Kia Pride onun şəxsi istifadəsində olduğu üçün və avtomobilin export sənədlərini hazırlamaq üçün çox vaxta ehtiyac olduğundan, yüklənmiş konteyneri gecikdirməmək üçün özünə aid olan və eksport sənədləri hazır olan başqa bir “Hyundai Accent” avtomobilini konteynerə yerləşdirmiş və Azərbaycana göndərmişdir. Bu konteyner Gürcüstan Respublikasının Poli limanına çatdıqdan sonra Vüsal İsgəndərli sənədləri gizlətdiyinə görə və ödənişi vaxtında etmədiyinə görə bu yüklərin hamısı cərimələnmiş və 6600 (altı min altı yüz) dollar əvəzinə 11000(on bir min) dollar pul ödənilmişdir. Buna görə də Rasim İsgəndərli atası vasitəsilə 10980 (on min doqquz yüz səksən) dollar pulu onun Koreyadakı bank hesabına göndərmişlər. O da öz növbəsində bütün ödənişləri yerinə yetirərək konteynerdən avtomobilləri çıxartdıraraq Azərbaycana göndərtmişdir. Daha sonra Vüsal onunla əlaqə saxlayaraq ondan aldıqları maşını göndərməyini tələb etmişdir. Həmin ərəfədə Azərbaycan Respublikasında xaricdən gələn avtomobillərlə bağlı qərar dəyişildiyindən və 10 ildən köhnə avtomobilləri ölkəyə idxal etməyə icazə olmadığına görə o həmin vaxt “Kia Pride” markalı avtomobili Azərbaycana göndərə bilməmişdir. Lakin sonradan qanunda edilən daha bir dəyişiklikdən sonra bildirdilər ki, qanun qüvvəyə minməmişdən, pulu ödənilmiş və exportda olan avtomobilləri ölkəyə gətirməyə icazə verilib. O da Vüsalgilə maşını tezliklə Azərbaycana göndərəcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5200 ABŞ dolları, digər Cavabdeh2 isə 4400 ABŞ dolları məbləğində pulun qaytarıldığı vaxtda manatla olan məzənnəsi əsasında və ödədiyi 140 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlk iddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yay aylarında oğlu X2 olarkən Cavabdeh1la görüşmüş və Koreyadan onlar üçün maşın gətiriləcəyində köməklik göstərilməsi ilə bağlı razılığa gəlmişdir. 3 ədəd Kia Sorento markalı avtomaşının Azərbaycana gətirilməsi ilə bağlı o Cavabdeh1 18000 ABŞ dolları pul göndərmiş və daha sonra oğlu Vüsal ona zəng vuraraq bildirmişdir ki, maşınları göndərmək üçün 4-cü maşın da alınmalıdır və cavabdeh Orxan da oğluna Kia Pride markalı avtomaşınını 3000 ABŞ dollarına təklif etmişdir. O da həmin maşının alınması və gətirilməsi məqsədi ilə cavabdeh Orxanın ona təqdim etdiyi bank hesabına ümumilikdə 5200 ABŞ dolları məbləğində vəsait mədaxil etmişdir. Bundan bir müddət sonra isə ona məlum olmuşdur ki, 4-cü maşının pulunun və gətirilmə xərcinin onun tərəfdən ödənilməsinə baxmayaraq həmin maşın digər 3 maşınla birgə Gürcüstanın Poti limanına daxil olmamış və maşınlar 1 aydan da artıq müddəti limanda qalmışdır. Daha sonra Cavabdeh1 həmin maşınların Azərbaycana gətirilmə xərcinin 6600 ABŞ dollar olmasına baxmayaraq guya maşınların uzun müddət qalması səbəbindən cərimə hesablandığını və 11000 ABŞ dolları ödənildikdən sonra həmin maşınların Azərbaycana gətirilə biləcəyini demişdir. Lakin pulun yaxın qohum tərəfindən göndərilə biləcəyini dediyi üçün o cavabdeh Orxanın təklifi ilə onun atası cavabdeh Bəhramla görüşmüş, ona 11000 ABŞ dolları məbləğində pul vermişdir. Bir müddət sonra 3 ədəd Kia Sorento markalı maşınlar Azərbaycana gətirilsə də 1 maşın bu vaxta kimi ona çatdırılmamışdır. Halbuki o, həmin maşina görə 5200 ABŞ dolları məbləğində pul ödəmişdir. Bundan başqa digər Cavabdeh2 6600 ABŞ dolları əvəzinə ondan 11000 ABŞ dolları pul almışdır ki, həmin vəsaiti də ondan tələb edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

4. Cavabdeh1 cavabdehlər İddiaçı və X6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın qarşı tərəf, İddiaçı və X4 dəymiş ziyanlar 25109 manat dəyərində müştərək şəkildə cavadehlərdən alınıb ona geri qaytarılması barədə qətnamə, X5 və İddiaçı və gömrük idxalında iştirak etmiş onun ailə üzvləri barəsində saxta sənədlərin dövriyyəsi, dövlət qurumunu saxta sənədlərlə aldatmaq üzrə cinayət isinin başlanması və Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı və onun oglu X5 törətdiyi əməllər səbəbindən o, Cavabdeh1 həm maddi və həm də mənəvi ziyan çəkmişdir. Belə ki, X8 və onun atası İddiaçı onun Koreya Respublikasında qanuni olaraq yaşadığı və qanuni olaraq biznes fəaliyyəti ilə məşğul olduğu müddət ərzində məqsədli olaraq onun Koreyadakı işgüzar nüfuzundan istifadə edərək özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışmışlar. İddiaçı və onun övladı Koreya Respublikasında qeyri-qanuni yaşayan X5 əməllərindən aşağıdakı göstərilən maddi itkilər ilə qarşılaşmışdır. 2,370 USD (iki min üç yüz yetmiş ABŞ dolları) Konteynerin Gürcüstanda saxlanması üçün xərc (Demurrage) İddiaçı ödəməni gec icra etdiyi üçün Konteyner Gürcüstanda saxlanılmışdır. 800 USD (səkkiz yüz ABŞ dolları) Avtomobilin birkasının kəsik olması səbəbindən Gürcüstan Respublikasında Re-export sənədi verilməsi üçün Ekspertiza təyin olunması X5 öz adına nağd yolla aldığı avtomobilin VİN kod olan hissəsində birkanın cırılmış və pozulmuş olması və oxunulmaması səbəbindən, 5,700 USD (beş min doqquz yüz ABS dolları) Hyundai Accent markalı avtomobilin VİN: KMHCT41UBCU232667-in Gürcüstanın Poti limanından çıxdıqdan sonra ortadakı şirkət tərəfindən mənimsənilməsi Konteynerin çatdırılma İddiaçı və İsgəndərov Vüsala aid olan avtomobillər üçün üzləşdiyi xərclər səbəbindən X5 ona ödəniləcək 800 USD məbləği ödəmədiyi üçün əsas götürür, 500 USD (beş yüz ABS dolları) MAERSK şirkətindən almalı olduğu 2-ci konteynerin təchizatçı tərəfindən verilməməsi və sistemdə “icra edilməməsi xərci” (X22 Fee) İddiaçı oglu tərəfindən İnvoys ödənişinin gec ödənilməsi səbəbindən MAERSK şirkəti tərəfindən növbəti konteynerdən imtina edilməsi, 600 USD (altı yüz ABŞ dolları), təxirə saxılanan konteyner səbəbindən avtomobillər üçun Koreyada saxlama xərcləri (parking xərcləri+ daxili daşıma xərcləri) İddiaçı və X5 göndərilən İnvoys və Müqavilə üzrə ödəməni vaxtında etmədiyini üçün yaranan borcdan dolayı MAERSK şirkəti tərəfindən imtina edilən avtomobillər üçün Koreya Respublikasında saxlama (parking) və digər daxili daşıma xərcləri, 6,000,000 KRW (altı milyon Koreya vonu) -4400 ABŞ dolları İdxal sertifikatında (export license) Avtofnobil çəkisinin hər avtomobil üzrə 200 KG və toplam 600 KG yazılması səbəbindən Koreya Gömük Xidməti tərəfindən X1 aldığı 3 (üç) ədəd avtomobil üzrə təqdim etdiyi gömrük ixrac bəyannaməsində məlumatları səhv olması səbəbindən cərimələnməsi, 22,000,000 KRW (iyirmi iki milyon Koreya vonu) 16.300 ABS dolları Koreyada əməkdaşlıq etdiyi X16 (İndustrial Bank of Korea) və Seoul Kredit Qarantiyası Fondunun birgə ona ayıracağı biznes kreditindən imtina olunması, Seoul Kredit Qarantiyası Fondu tərəfindən (X17 Fund) ona aid firmanın kredit limit reytinqinin aşağı salınması və ona ayrılacaq kreditdən məhrum olma, X6 göndərilən İnvoys və Müqavilə üzrə ödəməni bank yolu icra etməkdən imtina etməsi, onun tərəfindən Müqavilə və invoysun bir nüsxasi öncədən Koreyadakı müştərək banka, X19 (İndustrial Bank of Korea) təqdim edilmişdir. Avtomobillərin Gürcüstan Respublikasına çatdıqdan sonra X4 avtomobillərin Koreya Respublikasından qeydiyyatdan çıxarılması haqqında şəhadətnaməni (Vehicle De-regstration Certificate) orijinalını Poti limanında tranzit keçiş etməyi üçün istədiyi zaman X8 ona foto montaj olunmuş saxta sənədləri təqdim etdi. O, həmin sənədlərin saxta olduğunu bildirərək X6 etiraz etmiş və özü ilə Azərbaycana apardığı və Koreya Respublikasında ona təqdim etməkdən imtina etdiyi orijinal sənədləri ona təqdim etməyi istəmişdir. O da öz növbəsində bu saxta sənədlər ilə daima daha öncə Azərbaycana idxal etdikləri avtomobilləri idxal gömrük rəsmiləşdirilməsi etdiklərini və qeydiyyatından keçirdiklərini və heç bir problem olmadığını bildirərək onun bu saxta sənədləri Gürcüstana yönləndirməmi üçün inandırdı. O, da belə bir isin heç bir zaman etmədini və etməyəcəyini X6 bildirmişdir.Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz etdi. O, bildirdi ki, qarşılıqlı iddiada qeyd edilən çəki məsələsi yalandır. Çünki daşınma zamanı çəki yox say nəzərə alınır. Bundan əlavə onun ödənişi etmədiyinə görə maşının gəlmədiyi bildirilir. Amma bu da yalandır. Çünki o, bütün ödənişi etmişdir. Səhv qarşı tərəfdə olub ki, yol pulunu tam göndərməyib. Qarşılıqlı iddiada bundan əlavə maşına görə cərimə edildiyi bildirilir. O, ödənişi tam etmişdir. Maşın orda qalıb cərimə edilməsin deyə gürcü ilə əlaqə saxlamış, orada olan gürcü əməkdaş maşını öz həyətinə apardığını və sonra bura göndərdiyini bildirmişdir. Qarşı tərəf yalandan bəhanələr uydurararaq onu aldatmışdır. 4400 dolları məcbur qalıb göndərmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qismən qəbul etdi. O, bildirdi ki, iddiaçı ilə aralarında avtomobilin Koreya respublikasından alınıb göndərilməsi üçün şifahi razılıq olub. İddiaçı daşınma pulu göndərmədiyi üçün o, cərimə ödəmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan ona avtomobillərin daşınması və cəriməsi üçün 11000 dollar pul göndərmişdir. Kia Pride markalı avtomobilə görə 3000 dollar, onun daşınma xərci üçün 2200 dollar pul göndərmişdir. X21 markalı avtomobili iddiaçıya göndərə bilməmişdir.

8. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 ilkin iddia tələbini qismən qəbul edərək, bildirdi ki, o, iddiaçı və onun oğlu ilə birlikdə Beynəlxalq bankın Xırdalan filialına gəlmiş, iddiaçının verdiyi 10000 dollar məbləğində pulu kassa vasitəsilə xaricdə olan oğluna göndərmişdir. Səhəri gün iddiaçı ona yenidən 1000 dollar pul vermiş və o, həmin pulu oğlunun kart hesabına köçürmüşdür. İddiaçı və oğlu ona cəmi 11 min dollar məbləğində pul vermişlər. Kia Pride markalı maşının buraxılış ili 2012-ci il olduğu üçün həmin avtomobili gətirilə bilinməmiş, iddiaçı qarşısında öz öhdəliklərini tam yerinə yetirə bilməmişlər. Daşınma xərci üçün lazım olan pul əvvəlcədən ödənilməli idi. Ödəniş olmadı deyə maşınları Gürcüstandan buraxmadılar və ona görə də orda əlavə vaxt qaldı və cərimə edildi. Maşınların hərəsi üçün 250 dolları da əlavə olaraq pul ödəniş etmişlər. Cərimə vaxtında yolpulu ödənmədiyi üçün yazılmışıdr. O, 5200 dolları pulun qaytarılması hissəsində iddia tələbini qəbul edir.

9. İştirak etdiyi məhkəmə iclasında X8 qarşılıqlı iddia tələbinə etiraz edərək, rədd edilməsini xahiş etdi. O, bildirdi ki, Cavabdeh1 maşınları birbaşa Koreyadan Bakıya göndərib. Razılaşma 4 ədəd avtomobil üçün olsa da, qarşı tərəf razılaşmanın şərtlərini pozmuş və 3 avtomobil göndərmişdir. 4-cü avtomobil göndərilmədiyi üçün, o da daşınma pulunu ödəməmiş və buna görə də konteyner Gürcüstanda qalmış və cərimə yazılmışdır. Cavabdeh1 ona Koreyada söz verdiyi maşını vermədi. O, da bu səbəbdən daşınma pulu olan 6600 dolları ödəməmişdir. O, Cavabdeh1 avtomobil üçün ödənilmiş 5200 dolları daşınma pulu üçün xərcləməyi bildirmişdir. Lakin Orxan razılaşmamışdır. Dəfələrlə Cavabdeh1 göndərilməyən avtomobilin göndərilməsini, ondan sonra daşınma pulunun göndərəcəyini bildirmiş və aralarında borc qalmaması barədə müraciət etmişdir. Bununla da aralarındakı münasibətlər korlanmışdır

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4132/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyana görə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 5200 ABŞ dolları məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 108,40 manat pulun tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 31,60 manatı iddiaçının özünə aid edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və X6 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 443.1, 442, 777, 778, 779-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrnə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4132/2024 nömrəli qətnaməsini iddia tələbinin təmin olunmaması hissəsində ləğv etməklə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi norma kimi sadalanan normalara istinad etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənaraçıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 779-cu maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalətalanın qabiliyyəti və keyfiyyətləri.

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalanan normalara istinad edən məhkəmə iddia tələbi qismən - 5200 ABŞ dolları məbləgində vəsaitin tutulması hissəsində təmin etmiş və bunu belə əsaslandırmışdır ki, guya tərəfindən verilmiş pulu cavabdehlər təyinatı üzrəsərf etmiş, sifariş edilən 4 maşından 3-nü ona təhvil vermiş, yalnış dəyəri 5200 ABŞ dolları olan maşını ona təhvil vermədikləri ücün Cavabdeh1 bu vəsaiti ona qaytarmalıdır.

15. Halbuki məhkəmə araşdırması zamanı onun cavabdehlərə iddia tələbində qeyd olunan məbləgdə pulu verməyi onların öz izahatları və polisdə verdikləri izahatla təsdiq olunmuş, lakin cavabdehlər ondan əlavə oaraq aldıqları pulun məqsədəuygun ödənilməsi ilə baglı sübut təqdim edə bilməmişlər. Lakin məhkəmə qarşı tərəfin borc olaraq etiraf etdiyi məbləglə kifayətlənməklə hazırki qətnaməni qəbul etmişdir.

16. AR Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə olunan başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. AR MM-nin 1097-ci maddəsinə görə isə həmin zərər zərərvuran tərəfindən tam ödənilməlidir. Lakin ona maddi ziyan vurulması tam təsdiq olunsa da məhkəmə iddiantələbini tam təmin etməmişdir.

17. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə qətnaməsi mötəbər sübutlara söykənməlidir. Lakin məhkəmə işdə olan mötəbər sübutları nəzərə almayaraq iddia tələbini qismən təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

28. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

29. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

30. Maddə 778. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

31. Maddə 779. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı

32. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4132/2024 nömrəli qətnaməsindən iş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməni mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilki iddianın təmin olunmayan 100 ABŞ dolları hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir.

45. İşin mübahisəsiz hallarından, sadalanan xüsusatlardan, iş materiallarından göründüyü kimi, tərəflər arasında tapşırıq müqaviləsi ilə bağlı münasibətləri olmuş, Cavabdeh1 İddiaçı xarici ölkədən maşınların Azərbaycana göndərilməsi üçün pul vəsaiti almış, lakin aralarında olan razılaşmaya əsasən 4 avtomobil əvəzinə 3 avtomobil göndərmiş və verilən tapşırığı lazımi qaydada yerinə yetirmədiyi üçün, yəni Kia Pride markalı avtomobili razılaşmalarına əsasən göndərmədiyi üçün, həmin avtomobilə görə ümumilikdə 5200 ABŞ dolları məbləğində İddiaçı zərər vurmuşdur. Tapşırıqla bağlı tərəflər arasında yazılı müqavilə olmasa da, cavabdehin məhkəmə iclasında verdiyi izahat və polisdə verdiyi izahatları etiraf kimi qiymətlədirilə bilər. Beləliklə, cavabdeh tapşırığı qısa müddətə yerinə yetirilməsinə dair öhdəlik götürsə də, lakin onu tam icra etməmişdir

46. Kollegiya hesab edir ki, ilkin iddia tələbi üzrə 4400 ABŞ dolları məbləğində pulun Cavabdeh2 tutulması hissəsində birinci instansiya məhkəməsi 100 ABŞ dolları tutmamaqla səhvə yol vermişdir. İlk iddia üzrə cavabdehlər tərəfindən təqdim olunmuş ödəniş qəbzindən görünür ki, cavabdeh 3 maşına görə əlavə olaraq 4400 ABŞ dolları məbləğində deyil, 4300 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Belə olan halda kollegiya hesab edir ki, 100 ABŞ dolları hissəsində qətnamə ləğv olunmalı, qətnamə həmin hissədə təmin olunmalıdır.

47. Məhkəmə kollegiyası qalan mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin mövqe ilə razılaşır və hesab edir ki, qətnamə iddianın təmin edilməyən 4300 ABŞ dolları hissəsində dəyişdirilmədən saxlanmalıdır.

48. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

50. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

51. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

53. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – ilk iddia üzrə Cavabdeh2 100 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmaması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı Cavabdeh2 100 ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolların manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı ödənilməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4132/2024 nömrəli qətnaməsi qismən – ilk iddia üzrə Cavabdeh2 100 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmaması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarısın. İlk iddia üzrə Cavabdeh2 100 (bir yüz) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolların manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar