Məhkəmə qərarları › İş №2(105)-872/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-872/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-872/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə borc olaraq 1000 manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdeh qeyd olunan məbləğin iddiaçıya qaytarılmasına dair öhdəliyini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. İddianın digər hissəsində, yəni 870 manat vəsaitin qaytarılması hissəsində isə iddiaçı həmin vəsaitin cavabdehə verildiyini sübut edə bilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1870 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşayır. Cavabdehləri Cavabdeh və Şahid Sumqayıt şəhərində tanımışdır. Belə ki, Cavabdeh Şahid sayəsində tanımışdır. Bir müddətdən sonra Cavabdeh pul lazım olduğunu bildirmiş, o isə pulunun olmadığını demişdir. Şahid ona zəng edib demişdir ki, Rakifə köməklik etsin, Rakif pulu qaytarmasa özü ona ödəyəcəkdir. Cavabdeh ilk dəfə xx.xx.2023-cü il tarixdə Şəhanə restoranın yanında 500 manat, sonra isə xx.xx.2023-cü il tarixdə Əşya bazarının yanında 1300 manat pul vermişdir. Verəndə demişdir ki, uzağı 1-2 aya pulunu qaytaracaqdır. xx.xx.2023-cü il tarixdə pulu verəndə ona pensiya kartını vermişdir ki, ordan 65 manat çıxartsın borcundan, yanvar ayında 65 manatı kartdan çıxartmışdır. Ondan sonra bir dəfə də 65 manat kartından çıxartmışdır ki, ona zəng elədi və 65 manatın 30 manatın istədi, dedi uşaqlarına görə lazımdır. Onun da yazığı gəlib 30 manatını qaytarmışdır. Daha sonra Gündüz adlı kişi 100 manat ona Cavabdehın borcundan verdi. Cavabdeh əvvəlki borcundan 270 manat var idi. Fevral ayından sonra cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, borcunu ödəməkdən yayınmışdır.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh borc vermişdir. Borcunu 1-2 ay müddətinə qaytaracağını bildirsə də, cəmi 100 manat ödəniş etmişdir. Ondan borc istəyən zaman vermək istəməmişdir. Lakin tanışı Şahid onun güvənli şəxs olduğunu bildirərək borc verməyini məsləhət görmüşdür. Cavabdehə dəfələrlə borcun qaytarılması barədə müraciət etsə də, borcunu ödəməkdən yayınır. Qalıq borcu 1870 manat təşkil edir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh izahatında bildirdi ki, iddiaçı tərəfindən ona 1000 manat məbləğində borc verilmişdir. Ona bildirmişdir ki, hər ay borcundan 20-30 manat məbləğində ödəmək imkanı vardır. Lakin qarşı tərəf bununla razılaşmamışdır. Ona görə də borcunu ödəməmişdir.

6. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, İddiaçı kafedə işlədiyi zamandan tanımışdır. İddiaçıya Cavabdeh borc verməsini məsləhət bilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə borcun verilməsini şəxsən görməmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 30 (otuz) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 743.1, 743.2, 442, 443.1, 448.1, 425.1, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə X3 vasitəsi ilə tanış olmuşdur. Cavabdehə onunla tanış olduqdan sonra pul lazım olduğuna görə, X5 ona zəng edib cavabdehə köməklik etməsini dedikdən sonra o ilk dəfə xx.xx.2023-cü ildə, “Şəhanə” restoranının yanında 500 manat xx.xx.2023-cü ildə “Əşya” bazarının yanına 1300 manat pulu cavabdehə borc vermişdir. Cavabdeh pulu aldıqdan sonra pulu 1-2 aya qaytaracağına söz vermişdir. Cavabdeh həmin puldan ona Gündüz adlı şəxs vasitəsi ilə 100 manat pul qaytarmışdır. Cavabdehin köhnə borcunu da hesabladıqda ona 1870 manat borcu qalmışdır. Bu pulu cavabdehə verilməsi məhkəməyə təqdim etdiyi “CD” diskində olan səs yazı ilə tam sübut olunur. Cavabdeh bu diskdə borcunun olmasını etiraf edir. Ancaq məbləği demir. Bu da bir daha onu sübut edir ki, Məhkəmənin onun iddiasını qismən təmin edib iddianı 1000 manat həcmində təmin etməsi onu sübut edir ki, məhkəmə iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlməmişdir. İşə baxan məhkəmə iddianı qismən təmin edərkən Mülki Məcəllənin 739.1, 743.1 747.2, 442, 443.1, 425.1, 448.1, 425-ci maddələrinin tələbinə kobud şəkildə pozulmuşdur. Belə ki, Məhkəməyə təqdim etdiyi “CD” diskində cavabdeh ona olan borcunu etiraf etmişdir. Ancaq o pulun məbləğini demir. Məhkəmə cavabdehin ona borcu olmasına dair səs yazısını sübut kimi qiymətləndirməmiş, nəticədə iddiası tam təmin olunmamışdır. İş üçün mühüm əhəmiyyət kəsb edən cavabdehin etirafla bağlı səs yazısını tam aşdırmadan məhkəmə iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.

14. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 739. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi müabahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, 1870 manat pul vəsaitinin 1000 manat məbləğində hissəsinin iddiaçı tərəfindən cavabdehə verilməsi cavabdehin etirafı əsasında öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində videokonfrans vasitəsilə iclasda iştirakı təmin edilmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçı borca 1000 manat pul vəsaiti aldığını etiraf etmişdir. Lakin iddiaçı tərəfindən qalan 870 manat məbləğində vəsaitin cavabdehə verildiyini təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəmsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə qeydə alınmış səs yazılarından isə cavabdehin iddiaçıya məhz 1870 manat məbləğində borcunun olması müəyyən edilmir. Belə ki, həmin səs yazıları ilə tərəflər arasında borcun qaytarılması ilə bağlı mübahisənin olduğu görünsə də, borcun məbləğinin məhz 1870 manat məbləğində olduğu öz əksini tapmır.

36. Belə olan halda Məhkəmə kollegiyası iddiaçının dəlillər ilə razılaşmayaraq qeyd edir ki, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

37. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir.

39. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

40. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-101/2025 nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar