Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-472/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3764/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-3764/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinə dair bağlanmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim C.Səfiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, “Saray” kafesinin alqı-satqısına dair 24.11.2016-cı il tarixli, 3192 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, tam dəyəri 65 000 manat olan “Saray” kafesinin (344.8 kv.m) əmlakının 15 %-i güzəştli qaydada, 85 %-i isə hərrac yolu ilə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh satılmışdır. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına və müqavilənin şərtlərinə əsasən Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin güzəştli satışa yönəldilmiş dəyərinin, 9750 (doqquz min yeddi yüz əlli) manatın 30 %-ni, yəni 2925 (iki min doqquz yüz iyirmi beş) manatı və hərracda satın aldığı 85 %-in - 55 250 (əlli beş min iki yüz əlli) manatın - 70 %-ni, yəni 38 675 (otuz səkkiz min altı yüz yetmiş beş) manatı, ümumilikdə 41 600 (qırx bir min altı yüz) manatı satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, alıcı 41 600 (qırx bir min altı yüz) manatdan 23 500 (iyirmi üç min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 18 100 (on səkkiz min yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Odur ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia tələbini qəbul etmir. Belə ki alqı- satqı müqaviləsinin şərtlərinə əsasən 4l 600 (qırx bir min altı yüz) manatdan 23 500 (iyirmi üç min beş yüz) manat ödəmiş, maddi imkanı olmaması səbəbindən ödənişi tam aparmamışdır. Həmçinin 2021-ci ilin may ayında 500 manat, 18 iyun 2021-ci il tarixdə 300 manat və 16 oktyabr 2021-ci il tarixdə əlavə 700 manat və 2000 manat ödəniş etmişdir. Bunları nəzərə alaraq iddia tələbinin qalan hissəsinin də rədd edilməsini xahiş edir. İddia tələbinin "cavabdeh tərəfindən ödənilmiş 23500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsinə münasibətdə iddia tələbi əsassız olduğundan məhkəmə bu tələbi rədd etmişdir, bununla tam razıdır, lakin hesab edir ki, iddiaçının diqər tələbləri də təmin olunmamalıdır. Bu hallar məhkəmə tərəfindən tam araşdırılmadığından qətnamə ləğv olunmalı, iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, səhhətində yaranmış poblemlər, eləcə də “Covid-19” pandemiyası səbəbilə vaxtında ödəniş edə bilməmişdir. Vaxt verildiyi təqdirdə borcunu ödəyə bilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 şikayəti qəbul etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, məhkəmə gedişində cavabdeh tərəfindən əlavə ödənişlər edilmiş və hazırda qalıq borcu 13650 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 24.11.2016-cı il tarixli, 3192 №-li alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesini 55250 (əlli beş min iki yüz əlli) manat qarşılığında alıcı Cavabdeh satır. Həmin müqavilənin 2.2.1-2.2.4-cü bəndlərinə əsasən alıcı alqı-satqı müqaviləsi imzalandıqdan sonra qanunvericiliklə silinməsi nəzərdə tutulmuş borclar istisna olmaqla müəssisənin (obyektin) bütün öhdəliklərini və borcları üzrə mə’suliyyəti öz üzərinə götürməyi; özəlləşdirən müəssisənin (obyektin) nizamnamə kapitalının 15%-nin 70% güzəşt edilmiş dəyərini, yə’ni 65000.00 - altmış beş min manatının 2925.00 - iki min doqquz yüz iyirmi beş manat 1 qəpiyini ödəməyi, alınmış müəssisənin (obyektin) dəyərinin 30%-ni, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də daxil olmaqla 16575.00 - on altı min beş yüz yetmiş beş manatı müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud 26.12.2016-ci il tarixədək ödəməyi, müəssisənin (obyektin) alınmış hissəsini müqavilə bağlandığı andan 5 (beş) gün ərzində girov qoymaqla 40%-i, yə’ni 22100.00 - iyirmi iki min bir yüz manatı 2 (iki) il müddətində (hər il bərabər həcmdə) «Satıcı»nın Mərkəzi Bankdakı tranzit manat hesabına ödəməyi öhdəsinə götürür. Yenə iş materiallarında olan 27 aprel 2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh arasında bağlanmış 24.11.2016-cı il tarixli, 3192 №-li alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 41600 (qırx bir min altı yüz) manatdan 23500 (iyirmi üç min beş yüz) manat Cavabdeh tərəfindən ödənilmiş, qalan 18100 (on səkkiz min yüz) manat ödənilməmişdir. Qalan məbləğin 10 gün ərzində ödənilməsi Cavabdeh tələb edilmişdir. Bildiriş ona təqdim olunduğu tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamə mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3764/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, tam dəyəri 65 000 manat olan “Saray” kafesinin (344.8 kv.m) əmlakının 15 %-i güzəştli qaydada, 85 %-i isə hərrac yolu ilə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin güzəştli satışa yönəldilmiş dəyərinin, 9750 (doqquz min yeddi yüz əlli) manatın 30 %-ni, yəni 2925 (iki min doqquz yüz iyirmi beş) manatı və hərracda satın aldığı 85 %-in - 55 250 (əlli beş min iki yüz əlli) manatın - 70 %- ni, yəni 38 675 (otuz səkkiz min altı yüz yetmiş beş) manatı, ümumilikdə 41 600 (qırx bir min altı yüz) manatı satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, alıcı 41 600 (qırx bir min altı yüz) manatdan 23 500 (iyirmi üç min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 18 100 (on səkkiz min yüz) manatın ödənilməsini iddia ərizəsi məhkəməyə verilən tarixədək ödəməmiş, işin məhkəmə baxışı dövründə isə əlavə olaraq ödənişlər etmiş, nəticədə cavabdehin iddiaçıya 13650 manat borcu qalmışdır. Başqa sözlə, cavabdehin müqavilə öhdəliyini vaxtında icra etmədiyi, mübahisəli əmlak üzrə qalıq borcunun 13650 manat olması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi mübahisə üzrə qətnaməsini əsaslandırmaq üçün aşağıdakı hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normaları ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı alqı-satqı münasibətlərində cavabdehin üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə düzgün hüquqi qiymət vermiş, iddianın qismən təmin olunması barədə əsaslı nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3764/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-472/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-472/2022
03.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver