Məhkəmə qərarları › İş №2(105)-472/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-472/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-472/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(012)-2734/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 21050 manat və mənəvi ziyanın əvəzi kimi 10000 manat olmaqla, cəmi 31050 manat pulun və ödənilmiş 184 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(012)-2734/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 7000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 184 manat olmaqla, cəmi 8184 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(012)-2734/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və cavabdehdən mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə kollegiyasına ərizə təqdim edərək cavabdehlə aralarında barışıq əldə edildiyi üçün iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

6. Cavabdeh iddiaçı ilə aralarında barışıq əldə edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin fikrini dinləyərək, təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiadan imtina etdiyindən və iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 262, 370, 400 və 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(012)-2734/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar