Məhkəmə qərarları › İş №2(105)-491/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-491/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-491/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tələbinə dair (Açar sözlər: istehsalatda xəsarət-sağlamlığın pozulmasına görə ödənc tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)-6458/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. xx.xx.1982-ci il tarixli, İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci ilədək “malların saxlancı” vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “mühafizə” vəzifəsini icra etmişdir. xx.xx.1990-ci il tarixdə əmək qabiliyyətini itirdiyinə görə tutduğu vəzifədən azad edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı peşə xəstəliyi səbəbi ilə əmək qabiliyyətinin 80% itirilərək müddətsiz olaraq 2-ci qrup əlildir. Diaqnoz: Xr toksiki toz bronxiti astma komponentli. Ağ ciyərlərin emfizeması. TÇ İİ dərəcə. Ü.İ.X. Gərginlik stenokardiyası. Qiymətləndirmə tarixi – xx.xx.1999-cu ildir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSE-0 seriyalı, AR № 106203 saylı arayışdan görünür ki, İddiaçı peşə xəstəliyi nəticəsində müddətsiz 2-ci qrup əlildir.

4. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırılaraq sağlamlığınızın pozulması və əlilik dərəcəsinin müəyyən edilməsi ilə bağlı, aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək müvafiq rəsmi sənədin təqdim edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-132415/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq, əməkhaqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1- dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək v.ə ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.5-ci və 5.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilir. Qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 19 aprel 2022-ci il tarixli **********21 nömrəli məktuba əsasən "Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin özəlləşdirilməsi 11 aprel 2022-ci il tarixində tam başa çatmışdır. Bu səbəbdən, İddiaçı təyin olunmuş zərərə görə ödəncin əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır.

6. Apellyasiya icraatı zamanı əldə olunmuş SOCAR-Azərkimya İB-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən müəyyən edilir ki, iddiaçının vaxtilə çalışmış olduğu vəzifə üzrə əmək haqqı 638-720 manat civarında olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət ərzində "xxxx" zavodunda əlverişsiz və zərərli istehsalat sahələrində əmək vəzifələrini yerinə yetirərkən peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuşdur. Peşə xəstəliyi müəyyən olunan zaman onun orta əmək haqqı 600 manat təşkil edirdi. "xxxx" zavodu iddiaçıya əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticəsində müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, 72 saylı cavab məktubu ilə vurulmuş zərərin ödənilməsi məsələsinin yaxın vaxtlarda müsbət həll olunmasına zəmanət versə də, sonradan müxtəlif bəhanələr gətirməklə verdiyi vədlərə sahib çıxmamışdır. Cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə könüllü ödəniş etməkdən boyun qaçırır. Bundan əlavə, cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla iddiaçıya mənəvi zərər vurmuşdur. Artıq bir il beş aydır ki, iddiaçı əvvəllər aldığı müavinətdən məhrum olunmuş, üstəlik cavabdehin qanunazidd davranışı və ölkədə baş verən bahalaşma maddi durumunu gündən-günə çətinləşdirir, bu səbəbdən də iddiaçı mənəvi iztirablara məruz qalır. Buna görə də, cavabdeh iddiaçıya 1000 manat məbləğində mənəvi təzminat ödəməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 480 manat məbləğində ödənişin, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın və 50 manat məbləğində mediasiya qurumuna edilmiş ödənişin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ş.Həxiyeva) 07 noyabr 2023-cü il tarixli, 2(060)-6458/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 11 aprel 2022-ci il tarixdən başlayaraq peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının peşə xəstəliyi nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödəncin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990-cu il tarixdə "xxxx" zavodunda mühafizə vəzifəsində işləyərkən peşə xəstəliyinə tutulmuşdur. Peşə xəstəliyinə səbəb olaraq diaqnoz- Xr toksiki toz bronxiti astma komponentli. Ağ ciyərlərin emfizeması. TÇ İİ dərəcə. Ü.İ.X. Gərginlik stenokardiyası olmuşdur. "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi 11 aprel 2022-ci il tarixində tam başa çatmışdır. Eyni zamanda araşdırma zamanı o da müəyyən edildi ki, iddiaçının peşə xəstəliyinə tutulması işəgötürənin təqsirli əməli nəticəsində baş vermişdir ki, bu halı da iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı təsdiq edir. Bundan əlavə müəssisənin özəlləşdirilməsi tam başa çatdıqdan sonra özəl təsərrüfat subyekti kimi fəaliyyət göstərmişdir. Qanunvericiliyin tələbinə görə müəssisənin özəlləşdirməsi başa çatdığı tarixdən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödəncin ödənilməsi təmin olunmalı idi. Məhkəmə qeyd edib ki, ödəncin ödənilməsi qaydası və miqdarı qanunvericiliyin şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edib ki, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 11 aprel 2022-ci il tarixdən başlayaraq İddiaçı peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödənc ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsi ilə bağlı qeyd edib ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının müvafiq bəndlərinə, Azərbaycan Respublikasi Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” 04 avqust 2008-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, və 217.3cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmənin qətnamədə istinad etdiyi qanunvericilik aktlarına və normalara istinadı tamamilə əsasız və qanunsuz yanaşmadır. Belə ki, müraciət edən və istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış şəxslərin indiki sağlamlıq vəziyyəti aydınlaşdırılmadan, ekspertiza təyin edilmədən, sadəcə 20 il əvvəlki sənədlərə istinad etməklə qətnamənin çıxarılması heç də ədalətin bərqərar edilməsi kimi qiymətləndirilə bilməz. Çünki insan bioloji varlıq olduğundan sürətli də olmasa, müəyyən zaman kəsiyində bərpaolunma və regenerasiya prosesi gedə bilər və təyin edilmiş faiz nisbəti dəyişə bilər. Bütün bunlar araşdırılmadan, həmçinin mənəvi ziyanın dəyməsi iddiaçı tərəfindən heç bir sübut ilə təsdiqini tapmadan məhkəmə öz mülahizəsinə əsasən müəssisənin üzərinə öhdəlik qoymuşdur. İddiaçının iddia tələbi ilə məhkəmə qətnaməsi arasında hüquqi və faktiki uzlaşma yoxdur. Məhkəmə işə baxarkən əvvəlcə şəxsin əmək qabiliyyətini itirib-itirməməsini, itiribsə hansı faiz dərəcəsinə uyğun olmasını müəyyənləşdirməli idi. Bunun üçün isə müvafiq eskpertizanın təyin edilməsi zəruri idi. Lakin məhkəmə əmək qabiliyyətinin itirilmə həcmini, ümumiyyətlə 20 il bundan qabaq olmuş hadisə nəticəsində xəsarətin izlərinin qalıb-qalmadığını müəyyən etmədən əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İşə baxan məhkəmə işin hallarını tam araşdırmış və əsaslı, qanuni qətnamə qəbul etmişdir. O cavabdeh "xxxx" zavodunda fəhlə işləmişdir. O, uzun müddət ərzində "xxxx" zavodunda əlverişsiz və zərərli istehsalat sahələrində əmək vəzifələrini yerinə yetirərkən peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuşdur. Peşə xəstəliyi müəyyən olunan zaman onun orta əmək haqqı 600 manat təşkil edirdi. "xxxx" zavodu iddiaçıya əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticəsində müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmış və həmin tarixdən ona təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Onun müraciətlərinin isə müsbət nəticəsi olmamışdır. Bundan sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Maddə 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Maddə 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. Maddə 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. Maddə 1126. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. Maddə 239 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

20. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarı İ bölmə 1.1-ci bənd, 2-ci hissə , işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

1.2-ci bənd, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. İİ bölmə 2.1-ci bənd, 2-ci hissə həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının İ bölməsindən görünür ki, bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 5-ci bölməsinin 5.1-ci bəndindən görünür ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5-ci bölməsinin 5.6-cı bəndindən görünür ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarının İ bölməsinin İ bəndinin İİ hissəsindən görünür ki, işçilər öz əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda) bədbəxt hadisənin baş verməsində xüsusi təhqiqat aktının nəticələrinə görə təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar onlara dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar və bu zərər həmin müəssisələrin vəsaiti hesabına ödənilir. Həmin Qərarın İİ bölməsinin 8-ci bəndindən görünür ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkən şəxsə ödənilməli olan aylıq ödənc, onun xəsarət almazdan, yaxud peşə əmək qabiliyyətinin itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Bu Qərarın İV bölməsinin 26-cı bəndindən görünür ki, zərərin dəyməsində təqsirkar müəssisə birləşdikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olunduqda onun işini davam etdirən hüquqi varis və yaxud yuxarı təşkilat zərərşəkənə zərəri ödəyir. Hüquqi varisin və ya yuxarı təşkilatın olmadığı hallarda zərərçəkənə zərərə görə ödənclərin ödənilməsi barədə yaranan mübahisələrə təqsirkar müəssisə və hüquqi varisin yerləşdiyi ərazinin xalq məhkəməsində baxılır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)-6458/2023 nömrəli qətnaməsini tam ləğv olunmasını xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya qətnaməsini tam yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi tutulması müəyyən edilmiş məbləğə münasibətdə dəyişdirilməlidir.

26. İddia tələbi istehsalatda xəsarət almış şəxsin sağlamlığının pozulmasına görə ödənc verilməsi barədədir.

27. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990-cu il tarixdə "xxxx" zavodunda mühafizə vəzifəsində işləyərkən peşə xəstəliyinə tutulmuşdur.

28. Peşə xəstəliyinə səbəb olaraq diaqnoz- Xr toksiki toz bronxiti astma komponentli. Ağ ciyərlərin emfizeması. TÇ İİ dərəcə. Ü.İ.X. Gərginlik stenokardiyası olmuşdur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

30. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi 11 aprel 2022-ci il tarixində tam başa çatmışdır.

31. Azərbaycan Respublikasi Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” 04 avqust 2008-ci il tarixli Fərmanına əsasən Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

32. Həmin Fərmanın 5.1 və 5.2-ci bəndlərinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

33. Həmin Fərmanın 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

34. Cavabdeh tərəfin apellyasiya şikayətində istinad etdiyi dəlillərindən biri ondan ibarət olmuşdur ki, “məhkəmə işə baxarkən əvvəlcə şəxsin əmək qabiliyyətini itirib-itirməməsini, itiribsə hansı faiz dərəcəsinə uyğun olmasını müəyyənləşdirməli idi. Bunun üçün isə müvafiq espertizanın təyin edilməsi zəruri idi. Lakin məhkəmə əmək qabiliyyətinin itirilmə həcmini, ümumiyyətlə 20 il bundan qabaq olmuş hadisə nəticəsində xəsarətin izlərinin qalıb-qalmadığını, onun şəxsin əmək qabiliyyətinə təsir edib-etmədiyini müəyyən etmədən qətnamə qəbul etmişdir”.

35. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır və qeyd edir ki, əvvəla iş materiallarına əsasən iddiaçının peşə xəstəliyinə tutulması məhz çalışdığı sahədə baş vermişdir ki, bu hal da iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı üzrə təsdiq edilir.

36. İkincisi, iş materiallarına əlavə olunmuş sənədlər əsasında sübut olunur ki, İddiaçı "xxxx" ASC-də xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci ilədək “malların saxlancı” vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “mühafizə” vəzifəsini icra etmişdir. xx.xx.1990-ci il tarixdə əmək qabiliyyətini itirdiyinə görə tutduğu vəzifədən azad edilmişdir.

37. Üçüncüsü, işə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı peşə xəstəliyi səbəbi ilə əmək qabiliyyətinin 80% itirilərək müddətsiz olaraq 2-ci qrup əlildir. Diaqnoz: Xr toksiki toz bronxiti astma komponentli. Ağ ciyərlərin emfizeması. TÇ İİ dərəcə. Ü.İ.X. Gərginlik stenokardiyası. Qiymətləndirmə tarixi – xx.xx.1999-cu ildir.

38. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSE-0 seriyalı, AR № 106203 saylı arayışdan görünür ki, İddiaçı peşə xəstəliyi nəticəsində müddətsiz 2-ci qrup əlildir.

39. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər iş materiallarında olan sənədlərlə tam təkzib olunur.

40. Kollegiya bildirir ki, apellyator ekspertizanın keçirilməsinin zəruriliyini bildirsə də, ekspert rəyinin hansı səbəblərdən zəruriliyini əsaslandırmamış, ekspertizanın keçirilməsinin buna dair ciddi dəlillər göstərməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

41. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi apellyatorun göstərdiyi dəlillər iş materialları ilə təsdiq olunur və həmin sənədlər hazırda qüvvədədir. Ləğv və ya etibarsız hesab olunmamış sənədin isə əsas olmadan şübhə altına alınması yolverilməzdir.

42. Bununla yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı qismən təmin edərək “11 aprel 2022-ci il tarixdən başlayaraq peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının peşə xəstəliyi nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödənc ödənilməsi” qənaətinə gəlsə də, qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməmişdir.

43. Halbuki Mülki Prossesual Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

44. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin qətnamənin (iddianın və ya onun hər hansı hissəsinin təmin olunmasının mümkünlüyü halında) icrası zamanı tərəflər arasında gələcəkdə əmələ gələ bilən mübahisəyə zəmin yaratmışdır.

45. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi bu hissədə qeyrimüəyyənliyə yol vermişdir.

46. Apellyasiya araşdırması zamanı müyyən edilmişdir ki, iddiaçının vaxtilə çalışmış olduğu vəzifə üzrə orta əmək haqqı 638-720 manat civarında olmuşdur. İddiaçı isə hər ay 480 manat məbləğində ödənişin verilməsini tələb edir. Göründüyü kimi iddiaçının tələb etdiyi hazırki məbləğ, heç də vaxtilə çalışmış olduğu vəzifə üzrə orta əmək haqqının 80% yuxarı təşkil etmir (638x80%=510.4). Ona görə də kollegiya iddia tələbindən kənar çıxılmaması səbəbindən həmin məbləği (480 manatı) əsas götürür.

47. Kollegiya sonda qeyd edir ki, mübahisələndirilən qətnamənin 27-ci bəndində işə aidiyyəti olmayan şəxsin – “X3” nun adı qeyd edilmişdir. Kollegiya bunu texniki səhvin nəticəsi kimi qiymətləndirir.

48. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin

49. Göstərilənlərə əsasən kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, tutulmalı olan məbləğin faizi hissəsində dəyişdirilməlidir.

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(060)-6458/2023 nömrəli qətnaməsi dəyişdirilsin. "xxxx" ASC-dən İddiaçı xeyrinə 11 aprel 2022-ci il tarixdən başlayaraq peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının, peşə xəstəliyi nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin 80 faizi miqdarında, (600%x80=480) 480 manat olmaqla hər ay aylıq ödənc ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar