Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-495/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə mənəvi zərərin əvəzi olaraq 500 (beş) manatın İddiaçı xeyrinə tutulması, ilkin iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddinın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İŞİN HALLARİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulması və yayılməş məlumatların təkzib olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, o, vətəndaş kimi hüquqlarını müdafiə etmək, hüquqlarını qorumaq üçün ona verilən hüquqlardan qanunauyğun şəkidə istifadə etmiş və etməkdədir. İddiaçı qeyd edir ki, cavabdeh prokurorluq və s. orqanlara müraciətlər edib və qeyd etdiklərinin böhtan və şər xarakterli olduğu müəyyən edilib. Hansı ki, belə olmuş olsaydı, ona qarşı xüsusi ittiham qaydasında verdikləri ərizə təmin edilərdi. Əksinə onlar onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri ittiham edərək ona qarşı qanunsuzluq etmişdirlər. Ona həm maddi, həm də mənəvi zərər vurublar. İşə əlavə edilən sənədlərdən də göründüyü kimi o, dəfələrlə prokurorluq və s. orqanlara müraciət edib ki, iddiaçının ona qarşı elədiyi əməllər üzə çıxsın və o layiqli cəzasını alsın. Hansı ki, onun müraciətlərinə ötəri yanaşılmış, gətirdiyi heç bir dəlilə baxılmamışdır. O da bir vətəndaş olaraq hüququndan istifadə edərək Azərbaycan Respublikasının Rrezidentinə, prokurorluq orqanlarına onun əməlləri barədə, məsuliyyətə cəlb olunması barədə ərizə ilə müraciətlər etmiş və ərizələri bu günə kimi cavabsız, nəticəsiz qalmışdır. Necə ola bilər ki, bu gün bu müraciət şərəf və ləyaqəti alçaldan məlumat hesab olunur. Onun rəhbər şəxsə, rəhbər orqanlara müraciəti nə üçün qarşı tərəf haqqında cəmiyyətdə mənfi rəy yarada bilərdi. Qanuna əsasən bu yayılma hesab oluna bilməz. Hansı ki, onun əməllərini hüquqi yolla, qanuni çərçivədə sübuta yetirə bilmək üçün illərdir ki, mübarizə aparır. Bu yolu tutmuş olsaydı, məqsədi və niyyəti onun ləyaqətini alçatmaq olsaydı, heç hüquqi yolla mübarizə aparmaz və bunun üçün də çalışmazdı. Tək məqsədi onun qanunla etdiyi əməllərə görə cəzalanması, müraciətlərinə baxılması olmuşdur. Qeyd edir ki, o, hər hansısa marağa, işə və s. görə bu şikayətləri etməyib. Aralarında yaranan inzibati və s. hüquq münasibətlərindən irəli gələn səbəblərdən şəxs barəsində müvafiq müraciətlər edib. Onun əməllərindən narazı qalaraq hüquqlarımı müdafiə etmək adına bu şikayətləri edib və nəticəsi olana qədər də bunu edəcək. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da vəkili işlə tanış olanda məlumatı olub, hansı ki, surətləri ona təqdim edilməmişdir. Həmin qərardan da qanunauyğun şəkildə şikayət edəcək. Həmçinin qeyd edir ki, o, iddiaçını dələduz və s. adlandırmayıb. Ona qarşı dələduzluq etdiyini, onu aldatdığını, ondan rüşvət vermək adı ilə 8000 pul aldığını bildirmiş, ona görə də müvafiq şikayətləri etmişdir. Bundan başqa bildirdi ki, onun ərizələrində göstərdiyi xüsusatlar həqiqətə uyğundur. Belə ki, işə əlavə etdiyi qəbzdən də görünür ki, iddiaçı öz xətti ilə yazıb ona 8 min manatlıq qəbz vermişdir, özü də bunu etiraf edir və bildirir ki, belə bir pul məbləğini alıb, orda yazılan xüsusata görə-şərik oduğu üçün bu pulu qəbul edir. Hansı ki, o, bu torpağı qanunla, hərrac yolu ilə əldə edib. Belə olduğu halda nə üçün İcra Hakimiyyətinin işçisi də ona şərik olmalı idi? Nə üçün məhkəmədə sual yaranmır ki, qanuni yolla alınmış əmlaka şərik olub, nə üçün 8 min manat məbləğində pulu ona verməli idi, hansı məntiqə sığır? Qeyd edir ki, iddiaçı pulu ondan həmin vaxt tikintiyə icazə məqsədilə almışdı. Bununla bağlı prokururluğa çoxsaylı müraciətlər etsə də bir nəticə verməmişdir, məcbur qalıb respublika prezidentinə və rəhbər orqanlara müraciət edib ki, tədbirlər görsünlər, işinə qanunla, ədalətli şəkildə baxılsın. Qeyd edir ki, işdə olan sərəncamlardan və digər rəsmi sənədlərdən də görünür ki, Əfqan müharibə veteranları birliyinə məxsus olan daşınmaz əmlaklar onun sədrlik etdiyi dövrdə iddiaçının adı və imzası ilə iddiaçıya yaxın olan şəxslərin adına özəlləşdirilmişdir. Hal-hazırda da onların mülkiyyətindədir, niyə bir məhkəmə, bir dövlət orqanı bu sənədlərə nəzər yetirmir? Ordakı möhür, ad və imza başqadır. Hansı əsasla bu gün ondan 1000 manat maddi, 50000 manat mənəvi ziyana görə pul tələb edir. Hansı ki, bu gün o, öz işini yenə davam etdirir. İş materiallarına bu halları sübut edən heç bir sənəd əlavə edilməmişdir. Müvafiq qanunvericiliyə görə bu hal əsaslandırılmalı idi. Qeyd etdiklərini vəkili birinci instansiya məhkəməsində bildirib. Lakin onun dediyi cümlələrin heç bir qətnamədə öz əksini tapmamışdır. Belə çıxır ki, vəkili orada iştirak etməmişdir. Əgər vəkili çıxış etməyəcəkdisə, o, nə üçün xərclə vəkillə müqavilə bağlayıb, onun iştirak etməsini təmin etməli idi. Ən azından bu hal ağlabatan deyil. Bundan başqa vəkilinin veridiyi vəsatət də məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Belə olan halda hansısa obyektivlikdən, qanunauyğunluqdan, ədalətdən söz gedə bilməz. Məhkəmə nə üçünsə qətnamə qəbul edərkən vəkilinin dediklərini əhəmiyyətsiz halmış kimi qəbul etmiş və qətnamədə onu göstərmək ehtiyacı belə görməmişdir. Birinci intsansiya məhkəməsində də dediyi kimi o, müharibə veteranıdır, 2-ci qrup əlildir, döyüşdə göstərdiyi igidlik və şücaətə görə bir orden, 8 medalla təltif olunub. Eləcə də dövlətin çətin günlərində ictimai asayişin qorunub saxlanılmasında fəal iştirak edib. Sumqayıt şəhərinin ictimai həyatında fəal iştrak etdiyindən və uzun müddət ictimai təşkilatın rəhbəri olduğundan ictimaiyyət tərəfindən tanınan bir şəxsdir. İddiaçı açıq məhkəmə iclaslarında iştrak edən şəxslərin gözü qarşısında, onu bilə-bilə, qəsdən öz vəkili və nümayəndəsi vasitəsi ilə cinayətlərdə ittiham etməklə şərəf və ləyaqətini ləkələyən məlumatları yayaraq nüfuzuma ciddi ziyan vurmuşdur. Qanunsuz məhkəmə qərarı nəticəsində həbs olunacağı təhlükəsi altında aylarla davam edən məhkəmə zamanı iztirab və mənəvi sarsıntı keçirib. Nəticədə sağlamlığına ciddi zərər dəymişdir. Sağlamlığımnın bərpasına xeyli məbləğdə pul xərcləyərək onu bərpa etdirdiyi üçün ona maddi ziyan vurulub. Özü kimi övladları da dövlətə, prezidentə və millətə sədaqətlə xidmət edirlər. Oğlu Xüsusi Təyinatlı Qoşunda Baş Leytenant rütbəsində dövlətinə, millətinə və prezidentinə sədaqətlə xidmət edir. 44 gün Vətən müharibəsinin getdiyi qızğın dövrdə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməsini bilən səngərdə raket zərbələri altında dövlətin ərazi bütövlüyü uğrunda döyüşən bir zabitin müharibə veteranı, əlil atasını dövlətin məmuru yalan olduğunu bilə-bil qanunsuz yolla həbs etdirməklə təhdid etməsi onunla bərabər oğluna da mənəvi və pisxoloji sarsıntı yaşatmışdı. Bir fikri atasının şərlənərək həbs olunacağında, bir fikri isə raket zərbələri altında düşmənlə döyüşdə olduğundan nəticədə oğlu X4 düşmə tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma" xəsarəti almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçisi X5əli oğlu reallıqda olan vəziyyət ilə beynində tutduğu vəziyyəti eyniləşdirir. Bu da nəticə etibarilə vətənin ərazi birliyi uğrunda döyüşən zabitin müharibə veteranı, 2-ci qrup əlil atası olaraq onun şərəf və ləyaqətinin, nüfuzunun Sumqayıt ictimaiyyəti qarşısında alçalmasına səbəb olur. Bundan başqa dövlət hesabına vəkillə təmin olunmağı üçün də vəsatət verib və təmin olunmalı olduğu halda hakim tərəfindən həmin vəsatət də əsassız olaraq təmin edilməmişdir. Məcbur qalaraq son prosesdə vəkillə müqavilə bağlayıb, vəkilinin işlə tanış olması üçün də normal şərait yaradılmamış, həmin işin cəmi 2-3 gün müddətinə təxirə salına biləcəyi bildirilmişdir. Hansı ki, belə bir iş üçün 2-3 gün necə kifayət edər. Həmçinin onu da qeyd edir ki, hakim məhkəmə iclasında tərəflərə özü də suallar verərək belə nəticəyə gəldi və dedi ki, onun müvafiq orqan və idarələrə göndərdiyi ərizə və şikayətlər araşdırılmamış və nəticəsiz qalmışdır. Qeyd etdiklərindən də görünür ki, məhkəmə işi obyektiv araşdırmamış, gətirdiyi dəlillərə hüquqi qiymət veməmiş, işinə qərəzli yanaşaraq həmin dəlillərə demək olar ki, ümumiyyətlə fikir verməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, Cavabdeh 2011-ci ildən hal-hazırkı tarixə qədər müxtəlif dövlət orqanlarına, inzibati orqanlara barəmdə böhtan xarakterli qərəzli yazılarla müraciət etmiş, şərəf və layəqətimi nalayiq formada alçaltmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış ərizəsinin məzmunundan görünür ki, müraciətində göstərmişdir: “Nəzərinizə çatdırmaq istəyirəm ki, X2 adlı şəxs onun mülkiyyətində olan “BMW- 318” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili 09 iyun 2009-cu il tarixdə altı min ABŞ dolları müqabilində etibarnamə ilə mənə satmış və alqı-satqı barədə öz xətti ilə qəbz yazaraq vermişdi. Lakin sonradan aramızda “BMW-318” markalı ** BT *** dövlət nömrə nişanlı avtomobilə dair alqı-satqı baş tutmamış, İ.Rəciyev aldığı altı min ABŞ dolları məbləğində pulun müqabilində mənə 30 il müddətinə etibarnamə vermiş, avtomobili rəsmi olaraq satmamışdı. Avtomobil İ.Rəciyevin mülkiyyətində qalmışdı. Hansı ki, o, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin işçisi X5əli oğlu ilə əlbir olaraq mənə qarşı dələduzluq edərək mülkiyyət hüququndan istifadə etməklə mübahisə predmetı olan avtomobili 17.02.2012-ci il tarixdə X3 alqı-satqı müqaviləsi əsasında satmışdı” “Onların mənə qarşı törətdiyi bu dələduzluq əməli barədə hüquq mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlərə baxılaraq hüquqi qiymət verilməsinə isə X5əli oğlunun pulu və əlaqələri imkan verməmişdi.” “Azərbaycan Dövləti əlehinə separat fəaliyyət göstərən “Tolışi Sədo“ qəzetinin Baş redaktoru Hilal Məmmədovun yaxın qohumu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçisi X5əli oğlunun sifarişi və özlərinin maddi və ya digər maraqları naminə Sumqayıt şəhər İcra Şöbəsi 28 avqust 2017ci il tarixli qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarını icra etmir” «İmran Mehtiyev kiçik oliqarxdı. İlqar Rəciyev onun əli ilə mənə qarşı bu dələduzluq əməlini törədib və onun himayəsi sayəsində bu günə qədər məsuliyyətdən kənarda qala bilib». “İmran Mehtiyev məni şantaj edərək Sumqayıt şəhər Bələdiyyəsinin keçirdiyi hərracda aldığım torpaq sayəsinə tikintiyə icazə verilməsi üçün məndən 8000 manat rüşvət almış, pulu məndən alması barədə öz xətti ilə yazdığı yazılı qəbz vermişdi. “ “ Nəzərinizə çatdırım ki, 32 saylı marşrut 20 ildir qanunsuz fəaliyət göstərir: İmran Mehtiyev heç bir vergi ödəmədən tək 32 saylı marşrutdan 7.200.000 manat cinayət yolu ilə əldə edib.” “Qanunsuz tikililərə görə küllü miqdarda rüşvət alır. Onun əmlakı həbs olunan məmurların əmlakından dəfələrlə çoxdur. İşdən aldığı 500-600 manat əmək haqqı ilə bu boyda əmlaka sahib olmaq mümkün deyil. 20 ildir ki, 32 saylı marşrut qanunsuz fəaliyyət göstərir. Obyetktlərə görə dövlətə vergi vermir. Pulu və əlaqələr vasitəsi ilə məhkəmə qətnamələrinin icra olunmasına imkan vermir. Çox yüksək vəzifəli məmurlar həbs edilir, əmlakı müsadirə olunur, İmran Mehtiyevə dur deyən yoxdur, öz cinayət əməllərini açıqaşkar nümayişyana davam etdirir”. “X1 tikintiyə icazə verilməsi adı ilə məndən 8000 ABŞ dolları alıb mənimsəmişdir “ İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun 07 mart 2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Cavabdeh rüşvət alması faktı təsdiq olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 16 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı ona qarşı dələduzluq edərək 8000 ABŞ dolları alması barədə Cavabdeh ərizəsi üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə, istər ilkin iddia üzrə, istərsə də qarşlıqlşı iddia üzrə cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən, təhqir xarakterli ifadələrin işlədilməsi halının mübahisələndirildiyini nəzərə alaraq, əvvəlcə bu hala mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab etişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən mübahisəli hala məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçının ünvanına həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələn ifadələr işlədilməsi araşdırılan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli, 4/617 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki iş materiallarındakı Cavabdeh adından müxtəlif dövlət orqanlarına ünvanlanan ərizələrdə istifadə edilən “...X5əli oğlu ilə əlbir olaraq mənə qarşı dələduzluq edərək... “Onların mənə qarşı törətdiyi bu dələduzluq əməli barədə...”, “İmran Mehtiyev məni şantaj edərək...”, “...məndən 8000 manat rüşvət almış...”, “İmran Mehtiyev heç bir vergi ödəmədən tək 32 saylı marşrutdan ******* manat cinayət yolu ilə əldə edib”, “Qanunsuz tikililərə görə küllü miqdarda rüşvət alır”, “öz cinayət əməllərin açıq-aşkar nümayişyana davam etdirir”, “İddiaçı da bunu bilərək qəsdən mənə qarşı dələduzluq edərək...”, “X5əli oğlu Sumqayıt şəhər Bələdiyyəsinin keçirdiyi hərracda 61 manata aldığım torpaq sahəsində tikinti tikməyimə icazə almaq adı ilə məni aldadaraq 8000 ABŞ dolları məbləğində pulumu alaraq mənimsəmişdi”, “...min bir zillətlə topladığım vəsaitimin dələduzlar tərəfindən mənimsənilməsi”, “...mənə qarşı dələduzluq əməlləri törətmiş İmran Mehtiyevin...”, “...8000 ABŞ dolları məbləğində pulumu alaraq mənimsəmişdi”, “X5əli oğlunun pulu və korubsoner əlaqələri imkan vermir”, “Mehtiyev İmran tərəfindən törədilmiş mənə məlum olan bütün cinayət əməllərini...”, “Mehtiyev İmranın cinayət əməlləri bununla bitmircümlələrində İddiaçı rüşvət alması, dələduzluq, şantaj və cinayət xarakterli əməllərlə məşğul olması fikirləri həqiqəti əks etdirmədiyi və həmin ərizələr yayılmış hesab edildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Həmin ifadələrin həqiqəti əks etdirib-etdirməməsi və tədqiq olunan ərizələrin yayılmış hesab edilib-edilməməsi ekspert linqivistin səlahiyyətlərinə aid olmayıb, hüquqi araşdırma tələb edən məsələlərdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: 1) məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır (qərarın 3-cü bəndi). Məhkəmə qeyd etmişdir ki, birinci - göründüyü kimi iddiaçının istinad etdiyi məlumatlar müvafiq ekspert rəyinə əsasən vətəndaşların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunur. İkinci - iddiaçının istinad etdiyi ərizə və şikayətlər formasında cavabdeh müvafiq orqanlara müraciət etmişdir ki, məlumatların bu formada ifadə olunması yayılma hesab olunur. Üçüncü - həmin məlumatların doğru olması cavabdeh tərəfindən məhkəmədə sübuta yetirilə bilmədi. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür(qərarın 6-cı bəndi). İş materiallarından görünür ki, toplanmış sübutlardan göründüyü kimi cavabdehin müxtəlif orqanlara şikayətləri nəticəsində araşdırma aparılmış, 07 mart 2011-ci il və 16 dekabr 2020-ci il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, qanunvericilik araşdırılan mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan hallların hər birinin məhkəmə tərəfindən müəyyən edilməsini şərtləndirir və qeyd edilən elementlərdən birinin olmaması mülki-hüquqi məsuliyyət öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu aspektindən yanaşaraq qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayılması barədə ilkin iddia üzrə iddiaçının əsasları məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından ilkin iddia qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən davranış şəxsiyyət haqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən qanun normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. İddiaçı göstərilən əsaslara istinad edərək ona cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi zərər vurulduğunu iddia edir, maddi zərər olaraq 1000 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manat tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab etmişdir ki, iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılması iddiaçıya mənəvi zərər vurması qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı bildirmişdiir ki, Ali Məhkəmənin Plenum qərarlarında qeyd olunmuş hüquqi mövqeyə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, iddiaçının şərəf və ləyaqətinin alçaldılması ilə mənəvi iztirab və sarsıntılar keçirməsinin real olması ehtimalını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Maddi zərərin tutulması hissədə də məhkəmə tələbi qismən əsaslı hesab etmişdir. Mülki iş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı 1100 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd ediənlərə əsasən məhkəmə hesab etmişdir ki, maddi zərərin əvəzi olaraq 300 manat ağlabatan məbləğ olmaqla ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ilkin iddianı «yayılmış məlumatların təkzib olunması» hissədə əsaslı hesab etməmişdir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdli, 7 saylı qərarında qeyd olunmuş hüquqi mövqeyə görə vətəndaşın şərəf və və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitələrində yayıldıqda, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar ərizə və şikayətlərdə yazılmaqla müxtəlif orqanlara göndərilmiş müraciətlərdə ifadə olunmuşdur. İlkin iddia üzrə iddiaçı həmin məlumatların kütləvi informasiya vasitələrində yayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, qeyd olunan hissədə ilkin iddia təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ilkin iddia tələbi ilə əlaqəli olmaqla, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə hesab etmişdir ki, qarşılıqı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddi üzrə iddiaçı öz tələbini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyantın apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında apelyant iş üzrə təkrar linqvistik ekspertizasının keçirilməsini xahiş etsə də məhkəmə kolegiyası bundan imtina etmişdir. Belə ki, iş üzrə ekspertiza keçirilmişdir, apelyant isə həmin ekspertizanın əsassız olmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant dəlillərini əsaslandıra bilməmişdir, onun dəlillərinə isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh dair münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-495/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-495/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver