Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-508/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin məcburi icrası” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(012)-2126/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin məcburi icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddia təmin edilmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli (sədrlik edən T.Quliyev, hakimlər G.Tağızadə və F.Zeynallı) qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin cavabdeh "xxxx" MMCnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir.
5. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli Qərarı ilə cavabdeh "xxxx" MMC-nin kasasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilən məhkəmə qətnaməsi onun hüquq və mənaefələrinə toxunduğu halda birinci instansiya məhkəməsi onu işdə iştirak edən şəxs qismində cəlb etməmişdir. Nəticədə məhkəmənin qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı Cavabdeh) arasında bağlanmış 12 mart 2007-ci il tarixli müqaviləyə əsasən Cəmiyyətin ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzilini 13.572 manat dəyərini tam ödəməklə tərəfindən alınmış və bu barədə ona maliyyə arayışı verilmişdir. O cümlədən Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 saylı qətnaməsi ilə onun Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilərək "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi qərara alınmışdır. Hal-hazırda həmin mənzil onun istifadəsindədir və həmin mənzili təmir etdirərək ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(012)-2126/2019 saylı qətnaməsi ilə İddiaçı “Abşeron LTD” 2013” MMC-yə qarşı “öhdəliyin məcburi icrası” tələbinə dair iddiası təmin edilərək İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 may 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi” müqaviləsində nəzərdə tutulan ünvan 4 ünvanında inşa olunan 14 mərtəbəli yaşayayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Məhkəmə mübahisəyə baxarkən onu işdə iştirak etmək üçün cəlb etməli idi. Lakin məhkəmə onu işdə iştirak edən şəxs qismində cəlb etməmiş və nəticədə onun hüquq və mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Qeyd edir ki, onunla "xxxx" MMC ilə bağlanmış “Kooperativ binada mənzil tikintisi üçün” müqavilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi” üçün müqavilədən daha əvvəl, yəni 12 mart 2007-ci il tarixdə bağlanmışdır. Beləliklə, öhdəlik onun xeyrinə daha əvvəl əmələ gəlmişdir, bu səbəbdən üstünlük hüququ mövcuddur. Qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 may 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqına mqavilə bağlandığı andan etibarsızdır, çünki həmin müqavilənin predmeti qismində çıxış edən əmlak daha əvvəl 12 mart 2007-ci il tarixli müqaviləyə əsasən dəyəri tam ödənilməklə tərəfindən alınmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə ona təhvil verilmiş və hazırda onun istifadəsindədir. Əlavə olaraq qeyd edir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən əmlak faktiki olaraq hansı şəxsin istifadəsindədirsə, qəbul ediləcək məhkəmə aktı həmin şəxsin istifadə hüquqlarını pozmadan qəbul edilməlidir. Bildirir ki, mübahisəli qeyri-yaşayış sahəsi hazırda onun istifadəsindədir. Belə ki, 19 aprel 2022-ci il tarixdə tərtib olunmuş Akta əsasən o, ailəsi ilə birlikdə mübahisəli mənzilə köçürülmüş, o cümlədən həmin mənzili təmir etdirərək orada ailəsi ilə birlikdə yaşayır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçının vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
9. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında iki müxtəlif iddia tələbi olmuş və hər iki iddia üzrə məhkəmələrdə işə baxılarkən Cavabdeh MMC-nin nümayəndələri iddia tələblərinə edilmiş etirazlarda, verilmiş apellyasiya və kassasiya şikayətlərində mübahisə predmeti olan mənzilin iddiaçı Maraqlı şəxs satılması barədə heçnə bildirilməmişdir. Hesab edir ki, ümumiyyətlə tərəflər arasında belə bir müqavilə olmamış, cavabdeh qətnaməni icra etməkdən boyun qaçırmaq məqsədi ilə yalandan müqavilə bağlayaraq məhkəməyə müraciət etmişlər. Belə ki, sadalanan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, birinci iş üzrə mübahisəli mənzilin tikintisinin başa çatdırılaraq İddiaçı təhvil verilməsi, ikinci iş üzrə isə həmin mənzilə dair Mehparə İbrahimovayla bağlanmış müqavilənin etibarsız sayılaraq onun həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, Cavabdeh (əvvəlki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) mübahisəli mənzilin Maraqlı şəxs satılmasına dair hər hansı dəlil irəli sürməmiş, həmin halı təqdim etdiyi şikayətlərdə qeyd etməmiş, məhkəmə iclaslarında verilən izahatlarda etirazın əsası kimi həmin hala istinad etməmişdir. Belə ki, iddiaçı X3 cavabdehlər X2 və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin iclasında iştirak edən MMC-nin nümayəndəsi mübahisəli mənzilə dair Maraqlı şəxsla bağlanmış 12 mart 2007-ci il tarixli müqavilənin olması barədə məhkəməyə məlumat verməmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində də həmin dəlili qeyd etməmişdir. Digər tərəfdən, Maraqlı şəxs iddiası üzrə birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsinin olmaması, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmaması barədə yanıldıcı izahat vermişdir. Lakin həmin qətnamədən maraqlı şəxs olaraq verdiyikləri apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadan iddiaçı ilə bağlanan müqavilənin İddiaçı mübahisəli mənzillə bağlı tələblərindən yayınmaq üçün görünüş məqsədi yaratmaq üçün bağlanan əqd olub-olmamasını araşdırmamış və qiymət verməmişdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Bundan başqa işin hallarından mübahisəsiz qaydada görünür ki, Maraqlı şəxs mübahisəli mənzilin ona təhvil verilməsi barədə iddiasını məhkəməyə xx.xx.2021-ci il tarixdə verdiyi halda qanuni qüvvədə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə artıq həmin mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bununla yanaşı İddiaçı həmin mənzilin qanuni sahibi kimi bundan sonra mübahisəli mənzillə bağlı MMC ilə İbrahimova Mehparə arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsızlığı və sonuncu tərəfindən mənzilin boşaldılması barədə iddia vermiş və onun bu iddiası Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Ona görə də hesab edir ki, hazırkı iş üzrə iddianı verməmişdən əvvəl mübahisəli mənzil İddiaçı sahibliyinə keçdiyindən MMC ilə Maraqlı şəxs arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə ehtimal olaraq etibarlı bir müqavilə kimi qəbul edildiyi halda da bu hal Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbinə əsasən İddiaçı iddiasının təmin edilməsinə əsas ola bilmişdir. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
12. İş üzrə cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 422. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır. Maddə 423.1. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Maddə 423.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Maddə 423.4. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir. Maddə 423.5. Şikayət və ya ərizə onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(012)-2126/2019 nömrəli qətnaməsindən maraqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(105)-508/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.
16. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmənin qanuni qüvvəsini almış yekun məhkəmə aktları mövcuddur.
17. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bu baxımdan demək olar ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması mülki-prosessual qanunverciliyin tələblərinə uyğun deyildir.
18. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(105)-508/2023 nömrəli qərardadı ləğv edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir.
22. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, maraqlarına toxunan şəxsin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və maraqlı şəxsə Azərbaycan Respublikası MPM-nin 423.2-ci maddəsinin tələblərinə riayət etməsi izah olunmalıdır.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldi:
Şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(105)-508/2023 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(012)-2126/2019 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.