Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-526/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin törətdiyi əmələ görə ondan üzr istəməsi, 3000 manat mənəvi və 2400 manat çəkilmiş maddi ziyanın və ödənilmiş 74 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Xaçmaz rayonu, Çiləgir kəndindəki evinin həyətinə gəlmiş, onunla mübahisə zamanı üzərinə hücüm edərək onu vuraraq sağ göz almasına qansızma, burun nahiyyəsinin əzilmə yarası və burun sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirməklə xüsusi amansızlıqla törədilməklə qəsdən sağlamlığına zərər vurmuşdur. Bununla bağlı cinayət işi açılmış və cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin yekun hökmü ilə təqsirli bilinmişdir. Cavabdeh ona dəymiş ziyanın əvəzini ödəməmişdir. Onun müalicə almağı üçün 2400 manat xərci çıxmışdır. Cavabdehin hərəkətləri və törətdiyi cinayət nəticəsində sağlamlığını itirmiş, fiziki və mənəvi iztirablar keçirmişdir. O, ailəsinin və uşaqlarının yanında biabır olmuşdur. Özünə dəyən mənəvi ziyanı 3000 manat miqdarında qiymətləndirir. Yuxarıda qeyd olunan hadisənin baş verməsi nəticəsində cavabdeh ümumilikdə ona dəymiş maddi və mənəvi ziyanı geri qaytarmamışdır. Çəkdiyi xərclərə dair qəbzləri mövcuddur.
3. Cavabdeh iddiaya dair etiraz ərizəsində göstərmişdir ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq təcrübəsi haqqında” Ali Məhkəməsinin “20” fevral 2020-ci il tarixli əlavə və dəyişikliklərin (bəndlər 7, 12 və 13-cü) Plenumun Qərarını və Azərbaycan Respublikasının “Mülki Məcəllənin 21 və 23-cü maddələrin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına (“31” may 2022ci il tarixli) uyğun olmayaraq, iddiaçı konkret olaraq hansı halda real zərər dəyməsini göstərə bilməyərək sadəcə olaraq cəfəngiyyət bir iddia yazmaqla nəzərə almır ki, xx.xx.2023-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə onun barəsində Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyərək cinayət işinə xitam verilmişdir. Çox təəssüflü haldır ki, iddiaçı 3 il ərzində bir gün də olsun ki, o, öz işindən qalmamış və mütəmadi olaraq öz işində olmuş və onun səhhətində heç bir problem yaranmayan halda məhkəməyə saxta sənədlər tərtib etməklə özünün burnunda köhnədən yaranmış problemi onun üzərinə atmaqla qanunsuz olaraq ondan hansı bir formada pul vəsaiti almağa çalışır. Bununla yanaşı onu da qeyd etmək istəyir ki, 3 ilə yaxındır cinayət işinin icratı zamanı onun tərəfindən qəsdən məhkəməyə iddia ərizəsi verməmişdir. Özü çox yaxşı bilnişdir ki, ona heç bir xəsarət yetirilməmiş və bu fakt cinayət işi icraatında ekspertizanın rəyləri ilə və digər sübutlarla tam şəkildə sübuta yetirilmişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2400 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 49 manat hissəsinin alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə yaranmış mübahisə zamanı iddiaçının sağlamlığına zərər vurmulması ilə əlaqədar cinayət işi açılmış və cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin yekun qərarı ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. İddiaçı müalicəsi ilə əlaqədar 2400 manat məbləğində pul sərf etmiş, lakin cavabdeh ona dəymiş ziyanın əvəzini ödəməmişdir. Cavabdeh iddianı qəbul etməyərək öz etrazında həmin xərclərin iddiaçının mübahisədən əvvəl burnunda olan xəsartlərlə bağlı çəkilən xərclər olduğunu qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçının müalicə ilə bağlı çəkdiyi xərclər məhz həmin cinayət hadisəsindən sonraki tarixlərə aiddir. Həmçinin cavabdeh iddiaçının hadisə zamanı heç bir xəsarət almadğını qeyd etsə də qüvvədə olan məhkəmə qərarında istinad edilən ekspert rəyində yetirilmə müddəti xx.xx.2020-ci ilə uyğun gələn iddiaçının sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığının sağlamlığına yüngül zərərvurma kimi qiymətləndirildiyi qeyd edilmişdir. İddiaçı ona dəymiş mənəvi zərərin 3000 manat məbləğində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə hesab edir ki, iş materiallarından və işin digər faktiki hallarından cavabdehin hərəkətləri və törətdiyi cinayət nəticəsində iddiaçının sağlamlığını itirməsi, fiziki və mənəvi iztirablar keçirtməsi müəyyən olunur.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 23.1, 1096.1, 1097.1, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkməsinikn Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarxili Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə də göstərildiyi kimi Xaçmaz Rayon Məhkəməsinin 1(067)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsiv edilməklə “ 8 Noyabr-Zəfər günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən barəmdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-34/2023 saylı hökmü ilə Xaçmaz Rayon məhkəməsinin 1(067)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CPM-nin 44.2.1-c maddəsinə əsasən cəza təyin edilməmişdir. Qeyd olunan qərarlardan da göründüyü kimi onun əməlində Azərbaycan Respublikası CM-nin 127.2.1-ci və 127.2.2-ci maddələrinin tərkibi mövcud olmamışdır. Bu səbəbdən də tərəfindən İddiaçı az ağır xəsarət yetirməyi barədə göstərdikləri tamamilə əsassız hesab edilməlidir. Məlum olduğu kimi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün sağlamlığa yüngül xəsarət vurulması nəzərdə tutulur. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli, 269 nömrəli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısının 3.1-ci maddəsində burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı yüngül xəsarətlər siyahısına aid edilmişdir. (3.1.3) İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən və qətnamədə göstərildiyi kimi İddiaçı burun çəpər əyriliyi; Rinokifoz diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixdə ümumi endotraxeal anesteziya altında rinoseptoplastika əməliyyatı aparılmışdır. Burun çəpəri əyriliyi ilə əlaqədar rinoseptoplastika əməliyyatı plastik əməliyyat olmaqla, çəpər əyriliyi əməliyyatı ilə burun plastika əməliyyatının birgə icra olunmasıdır. İddiaçının hadisədən, yəni xx.xx.2020-ci il tarixdən əməliyyat olunduğu xx.xx.2021-ci il tarixədək ötən müddət ərzində, habelə hadisədən əvvəl istənilən vaxt başqa yerdə xəsarət ala bilərdi və bunun ona heç bir aidiyyatı ola bilməz. Digər tərəfdən xəsarət növlərinin siyahısında yüngül xəsarət növünə burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı yüngül xəsarət hesab edilir. Qətnamədən də göründüyü kimi onun İddiaçı az ağır bədən xəsarətləri yetirməyi barədə göstərdikləri Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-5/2022 saylı qərarı və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-34/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə tam təkzib olunur. Bu səbəbdən də güya ona yetirdiyi burun sümüyünün sınığı ilə nəticələnən xüsusi amansızlıqla sağlamlığına zərər vurmağı və nəticədə 2400 manat pul xərcləməsi və buna görə 3000 manat miqdarında mənəvi ziyan tələb etməsi tamamilə əsassız hesab edilməlidir. İddiaçı bədəni üzərində ekspert rəyi ilə aldığı xəsarətlər müəyyən olunmuş, o cümlədən burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixdə ümumi endotraxeal anesteziya altında rinoseptoplastika cərrahi əməliyyatına məruz qalmışdır. İddiaçının məhz onunla mübahisə zəmnində aldığı xəsarətə görə, yəni burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığına görə cərrahi əməliyyata məruz qalması iş materialları ilə təkzib olunur. Burun çəpəri əyriliyi ilə əlaqədar rinoseptoplastika əməliyyatı plastik əməliyyat olmaqla, çəpər əyriliyi əməliyyatı ilə burun plastika əməliyyatının birgə icra olunmasıdır. Başqa sözlə iddiaçı burun çəpəri əyriliyinə görə plastik əməliyyat keçiribsə də buna xərclənmiş vəsaiti ondan tələb edə bilməz. Çünki özü üçün görkəminin dəyişdirilməsi ilə əlaqədar plastik əməliyyat icra etdirmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı qismən təmin edib. Halbuki, o, iddiaçını vurmamış, sadəcə itələmişdir. İddiaçı isə itələmənin təsirindən yerə yıxılmışdır. İddiaçıya xəsarət yetirməmişdir. Cinayət işi də səhv aparılmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-5/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-83/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 1(067)-5/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-83/2024 nömrəli hökmündə istinad olunan “Oki” Medikal Klinikasının 141 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə klinikada septoplastika əməliyyatı aparılmış İddiaçı əməliyyatdan qabaq şikayətləri burun tənəffüsünün pozulması, baş ağrıları, burundan ifrazat gəlməsi və burun tənəffüsünün çətinləşməsidir. Burunun həm qığırdaq, həm sümük hissəsində burun çəpərində əyrilik aşkar olunur, hər iki tərəfdən burun tənəffüsü çətinləşmişdir. Diaqnoz: burun çəpərinin travmatik sınığı. Burun tənəffüsünün pozulması. Əməliyyat adı Septoplastika.
15. Oki” Medikal Klinikasının epikrizlərindən görünür ki, 23 aprel 2021-ci il tarixdə və 24 dekabr 2021-ci il tarixlərdə İddiaçı burnunda septoplastika əməliyyatları aparılmışdır.
16. Ödəniş qəbzlərindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə “Oki” Medikal Klinikasına 131 manat, 800 manat, 9.40 manat ödənişlər edilmişdir. 17.Ödəniş qəbzlərindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə DOKTA MMC-nə 0.70 manat, 13.10 manat, "xxxx" QSC-nə 16.40 manat, xx.xx.2021-ci il tarixdə OKİ aptekə 0.40 manat, 7.90 manat, 1.49 manat, DOKTA MMC-nə 16.90 manat ödənişlər edilmişdir.
18. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 74 manat rüsum ödənilmişdir. 19.“Oki” Medikal Klinikasının xx.xx.2022-ci il tarixli 9 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən 24 dekabr 2021-ci il tarixdə “Oki” özəl tibbi müalicəxanasının kassasına 1347 manat məbləğ ödənilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarının 1-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 9-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
22. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarxili qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qərarda qeyd olunur ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-83/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 1(067)-5/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Həmin hökm İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə yaranmış mübahisə zamanı cavabdehin iddiaçının sifət nahiyəsinə bir dəfə yumuruqla vurması, iddiaçının sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığına yüngül zərərvurması ilə bağlı olmuşdur.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və nəticəni əsaslandırması ilə tam razılaşaraq cavabdehin izahatına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında iddiaçının sağlamlığına zərər yetirədiyini iddia etsə də bu hal Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-83/2024 nömrəli hökmü ilə sübut olunmaqdadır. Həmçinin, həmin hökmlə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya yetirilmiş xəsarətdən sonra cavabdehə “Oki” Medikal Klinikasında burun çəpərinin travmatik sınığı və burun tənəffüsünün pozulması diaqnozu qoyulmuşdur. Həmçinin, iş materiallarında olan sübutlarla Oki” Medikal Klinikasında 23 aprel 2021 və 24 dekabr 2021-ci il tarixlərdə iddiaçının burnunda septoplastika əməliyyatları aparılması, bu əməliyyatların, müalicə və dərmanların alınması ilə əlaqədar isə xərclərə məruz qalması sübut olunmaqdadır. 28 Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-40/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.