Məhkəmə qərarları › İş №2(105)-534/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-534/2025

13.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-534/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Abşeron, Xırdalan-11" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, məhkəmə aidiyyəti) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "Abşeron, Xırdalan-11" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı "maneələrin aradan qaldırılması, əmlak sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi" tələbinə dair idddiası üzrə Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh MMC-yə qarşı maneələrin aradan qaldırılması, əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCyə onunla əlaqəli digər şəxslərə İddiaçı MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən halların, o cümlədən İddiaçı MMMCnin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və.s.) hərəkətlərin qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən və hazırda onların idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti VÖEN: ********** nömrəsi ilə AZ0100, ünvan 2 ünvanında qeydiyyata alınmışdır.

3. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh MMC ********** nömrəsi ilə AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, 21- ci məhəllə ünvanında qeydiyyata alınmışdır.

4. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) iddiaçı «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı «maneələrin aradan qaldırılması, əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. İddiaçı «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1460/2025 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1460/2025 saylı qərardadı ləğv edilməsini, işə mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1460/2025 saylı qərardadından iddiaçı «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

8. İddiaçı «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmış və bunu onunla əsaslandırmışdır ki, “İddia ərizəsi əsasında müəyyən olunmuşdur ki, hazırkı iş üzrə tərəflər «Abşeron, Xırdalan 11” Mənzi Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və Cavabdeh MMC vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. İddia ərizəsindən də göründüyü kimi, qeyd olunan iddia tələbi tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlir. Ona görə də, məhkəmə hesab etmişdir ki, tərəflərin subyektiv tərkibi və mübahisənin predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan hazırkı mülki iş kommersiya mübahisələrinə aiddir. Beləliklə, məhkəmə iddia ərizəsinə əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarını nəzərə alıb hesab etmişdir ki, hazırkı mülki işdə subyektiv tərkibinə görə iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olmaqla, iddia tələbi predmetinə görə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətdən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı, bu səbəbdən də hazırkı iddia ərizəsi geri qaytarılmalıdır.” Eyni iddia ilə Sumqayıt Kommersiya məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2025-ci il tarixli e-16(119)-7/2025 saylı Qəraradadla işi geri qaytarmışdır. Məhkəmənin Qərardadı ilə razılaşmır. Hesab edir ki, Qərardad ləğv edilməli işə mahiyyəti qzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Abşeron, Xırdalan-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən, Cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.7-ci bəndinə əsasən, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait cəmiyyətin iştirakçılarına dividend kimi verilmir və yalnız cəmiyyətin üzvlərinin ümumi yığıncağının qərarı ilə binanın birgə istifadəsində olan hissələrinin və cəmiyyətin yerləşdiyi yaşayış binasının istismarına və kommunal xidmətlər təchizatı qurğu və avadanlıqlarının təmir və bərpasına yönəldilir. Həmin Nizamnamənin 2.1ci bəndinə əsasən, cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Məhkəmə Qərardada fəliyyətini kommersiya fəaliyyəti kimi qiymətləndirməklə qeyd edilən maddi hüquq normasını pozmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 22-ci bəndində qeyd edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Adı çəkilən Qərarın 25-ci bəndində, həmçinin göstərilmişdir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Onların fəaliyyəti qeyri kommersiya fəaliyyətidir. «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri kommersiya təşkilatı kimi qeydiyyatdan keçmişdir. Məhkəmə mübahisələndirdikləri Qərardadı çıxararkən hüquq normalarını düzgün tətbiq etməmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)- 1460/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə tərəflər «Abşeron, Xırdalan 11» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və Cavabdeh MMC vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. İddia ərizəsindən də göründüyü kimi, qeyd olunan iddia tələbi tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlir. Ona görə də, məhkəmə hesab etmişdir ki, tərəflərin subyektiv tərkibi və mübahisənin predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan hazırkı mülki iş kommersiya mübahisələrinə aiddir. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadından şikayət verərək mübahisələndirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Kollegiya qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, “Abşeron, Xırdalan-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən, Cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 22-ci bəndində qeyd edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qərarın 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. İddiaçı Cəmiyyətin Nizamnaməsinə istinadən kollegiya qeyd edir ki, Cəmiyyətin əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunla müəyyən edilmiş hədlərdə sərəncam verilməsini tələb etməkdən bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Cəmiyyətin fəaliyyəti cəmiyyət iştirakçılarının (yaşayış binası sakinlərinin) ümumi maraqlarına cavab verən işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlıdır. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı halda iddiaçının tələbi Nizamnamədə nəzərdə tutulan məqsəd və fəaliyyət növlərinin həyata keçirilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, araşdırılan iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qiymətləndirilə bilməz. Belə olan halda iddia tələbinə kommersiya məhkəməsində baxılması istisna olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)- 1460/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiya məhkəməsi hazırkı halda iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul etməkdə haqlı deyildir. Belə ki, sadalanan hallara aydınlıq gətirilməsinə zərurət vardır. Eyni zamanda qeyd olunmalıdır ki, iddianın mümkünlüyü məsələsi yalnız mübahisələndirilən halla bağlı deyildir. İddianın icraata qəbul edilməsi üçün digər əsasların da mövcudluğu tələb olunur və bu hallar araşdırılaraq qiymət verilməlidir. Hazırkı halda birinci instansiya məkəməsinin mübahisələndirilən qərardadı ilə prosessual qanunvericilikdə nəzərədə tutulan digər əsaslara qiymət verilməsi görünmür. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilərək iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir.

13. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçı "Abşeron, Xırdalan-11" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(012)-1460/2025 nömrəli qərardadı ləğv olunsun. İddiaçı "Abşeron, Xırdalan-11" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı "maneələrin aradan qaldırılması, əmlak sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar