Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-536/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın evdən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 5140/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları Müəyyən etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, № 078933 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2016cı il tarixli 4Ə-1712 saylı alqı-satqı müqaviləsi olmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 868 saylı reyestr kitabının 48 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5632/2019 nömrəli qərarı ilə cavabdeh Əliyev Həsən Arif oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(105)- 1919/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Qərardan daha sonra görünür ki, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(012)-3662/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Əliyev Həsən Arif oğlu ilə Cavabdeh arasında 09 iyul 2010-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin nikahından doğulmuş 27 mart 2010-cu il təvəllüdlü X3 atası Əliyev Həsən Arif oğlundan alınıb iddiaçı Cavabdeh himayəsinə verilməsi, 27 mart 2010-cu il təvəllüdlü X3 və 09 noyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Əliyev Həsən Arif oğlundan hər ay hər bir uşaq üçün 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının azyaşlı 27 mart 2010-cu il təvəllüdlü X3 atası Əliyev Həsən Arif oğlundan alınıb anası Cavabdeh himayəsinə verildiyi vaxtdan, 09 noyabr 2013cü il təvəllüdlü X5 anası Cavabdeh himayəsində olduğundan alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30 may 2018-ci il tarixdən hesablanması qət edilmişdir.
5. Qərardan daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(105)-1919/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(012)- 3662/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 11 (on bir) ədəd fotoşəkillərdən görünür ki, həmin fotolarda 1 qutu qab-qacaq, “JVC” markalı televizor və televizor altlığı, 1 yataq örtüyü, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd termo, 1 ədəd şifoner, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 3 ədəd stul əşyaları əks olunmuşdur.
7. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyeva X1 rayonu Mehdiabad qəsəbəsi N.Tusi küçəsi 1 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan tikilidən cavabdehin cehiz əşyaları olan 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacağın cavabdehin hesabına çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu Əliyev Həsən Arif oğlu ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3662/2018 saylı qətnaməsi ilə cavabdehin onun oğlu ilə nikahı pozulmuş, həmin qətnamə yuxarı instansiya məhkəmələrinin qərarları ilə qüvvədə saxlanılmışdır. Nikahda olduqları zaman bir müddət onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş evdə yaşamışlar, həmin zaman cavabdeh cehiz əşyalarının bir hissəsini sözügedən evə gətirmişdir. Nikahın pozulmasından uzun müddət keçməsinə baxmayaraq, cehiz əşyaları qismində sözügedən evə gətirilmiş 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacaq hələ də göstərilən ünvanda qalmışdır. Sadalanan əşyaların ona məxsus daşınmaz əmlakda qalması mülkiyyətçi kimi onun sərbəstliyini pozur, əmlakından tam istədiyi kimi yararlanmağa imkan vermir. Dəfələrlə cavabdehə həmin əşyaların çıxarılması təklifini irəli sürsə də, cavabdeh tərəfindən əşyaların çıxarılması təmin edilməmişdir. Cavabdeh artıq 6 ildir ki, fərdi yaşayış evini tərk etmişdir. Onun oğlu hazırda, növbəti dəfə nikaha daxil olmaq istəyir. Bu səbəbdən də hesab edir ki, cavabdeh onun oğlu ilə boşandığından əşyalarını da götürüb aparmalıdır, əks təqdirdə, onun cavabdehdən hər hansısa bir tələbi yoxdur.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-5140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsi təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yerləşdirilmiş 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacaq cavabdehin hesabına fərdi yaşayış evindən çıxarılması və Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan fərdi yaşayış evində cavabdehə məxsus cehiz əşyalarının olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən də məhkəmə cavabdehin iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarının ona məxsus olmasına dair etirafını qanuni və əsaslı sayıb, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh məxsus olan və İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş cehiz əmlakı cavabdehin hesabına çıxarılmalıdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi norma kimi AR MM-nin 152,157-ci maddələrinə və İnsan hüquq və azadlıqların müdafiəsinə dair Konvensiyanın 1 saylı Protokoluna istinad etmiş və bu qənaətə gəlmişdir ki, qeyd edilən evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu üçün oa məxsus əşyalar həmin evdən çıxarılmalıdır. Məhkəmənin bu mövqeyi ilə razı deyil, belə ki, işdə olan sənədlərdən də aydın olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışına əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 868 saylı reyestr kitabının 48 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni torpaq kənd təsərrüfatı təyinatlı olduğu üçün həmin torpan sahəsi üzərində inşa edilmiş və onun əmlakları olan ev qanunsuz tikilidir və o, AR MM-nin 228.2-ci maddəsinə əsasən həmin evdən istifadə hüququ ilə bağlı mülkiyyətçi ilə müqavilə bağlaya bilməzdi və onun də hamı kimi uşaqları ilə həmin evdə yaşamaq hüququ vardır, bu səbəbdən də məhkəmənin onu həmin qanunsuz tikilidən çıxarması qətnamənin də qanunsuz olması deməkdir. Məhkəmə bu halda AR MM-nin 180ci maddəsinə istinad etməklə mübahisəyə qiymət verməli və iddia tələbini rədd etməli idi. AR MM-nin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, keçmiş qayınanası ona qarşı iddia qaldıraraq, cehiz əşyalarının çıxarılmasını tələb edir. Lakin o etiraz edir və yaşamaq hüququnu tələb edir. 2018-ci ildə iddiaçının oğlundan boşanmış, həmin vaxtdan da cehiz əşyaları mübahisəli evdədir. Əşyalarını bu gün də çıxarmaq niyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpağın mülkiyyətçisi odur, evi də özü tikmişdir. Cavabdeh 9 il onun gəlini olmasına baxmayaraq, münasibətləri yaxşı olmamışdır. Hazırda oğlunu evləndirmək istəyir, lakin cavabdehin əşyaları onların mülkiyyət hüququnu pozur. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Əliyeva X6 Rayon Məhkəməsinin 2(012)-5140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
23. Ona görə də, kollegiya birinci instansiya qətnamənin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iddiaçının xüsusi mülkiyyətində olan və cavabdehə məxsus 17 adda məişət əşyasının çıxarılması barədədir.
27. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından müəyyən edilir ki, mübahisəsi gedən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, 2018-ci il tarixdə iddiaçının oğlundan boşanmaqla, uzun müddət başqa ünvanda yaşamışdır. Hazırda sözügedən yaşayış evi iddiaçıya məxsus məxsus olmasına baxmayaraq cavabdeh özünə məxsus olan cehiz və məişət əşyalarını həmin mənzildən çıxarmaqdan imtina edir. İddiaçı hesab edir ki, cavabdeh yaşayış evinin mülkiyyətçisi kimi onun ailə üzvü sayılmadığından sonuncuya məxsus olan əşyalar mənzildən çıxarılmalıdır.
28. Cavabdeh tərəf isə iddia etiraz edərək bildirir ki, mübahisəsi gedən yaşayış evi lap əvvəldən iddiaçıya məxsus olmuş, o da həmin evə gəlin köçmüşdür. Hesab edir ki, onun həmin yaşayış evində yaşamaq (istifadə hüququ) mövcuddur. Onun digər yerdə yaşamağa imkanı olmadığından əşyalarını çıxarmaq niyyəti yoxdur.
29. Göründüyü kimi cavabdeh tərəf iddiaya etirazını, həmçinin apellyasiya şikayətini mübahisəli yaşayış sahəsinin iddiaçının adına olub-olmamasından asılı olmayaraq, həmin yaşayış evindən onun və övladlarının istifadə hüququnun olması əlaqələndirir.
30. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.
31. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
32. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
33. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi dəlillərdən biri də, qeyd olunan yaşayış evindən ona məxsus əşyaların çıxarılması zamanı hüquqlarının pozulmasıdır.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli yaşayış evində istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
35. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi iddiaçının torpağa mülkiyyətçi kimi, yaşayış evinə münasibətdə isə qanunla qorunan gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
36. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.