Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-548/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək, Quba şəhəri 22-ci məhəllədə, 56 kv.metr torpaq sahəsində yerləşən qeyriyaşayış binasına (mağaza binasına) faktiki ölçüləri müəyyən edilməklə bütövlükdə İddiaçı mülkiyyət hüquqları müəyyən olunmuşdur. Hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə (hakim Vüqar Seyidov) Maraqlı şəxs2 MMC-nin Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Maraqlı şəxs2 MMC-nin iş üzrə tərəf olmaması əsası ilə geri qaytarılmışdır. Maraqlı şəxs2 MMC şikayət verərək Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi və qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını nəzərə alaraq apellyasiya şikayətinin baxılması üçün göndərilməsini, əks təqdirdə şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə (hakim Vüqar Seyidov) Maraqlı şəxs2 MMC-nin şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə Maraqlı şəxs2 MMC-nin Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi Maraqlı şəxs2 MMC-nin maraqlarına toxunmadığından onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ yoxdur, ona görə də Maraqlı şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Həmin qərardaddan Maraqlı şəxs2 MMC tərəfindən şikayət verilərək Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi, qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını nəzərə alaraq apellyasiya şikayətinin baxılması üçün göndərilməsini, əks təqdirdə şikayətiin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsi əsasında İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 reyestr nömrəli çıxarış verilmişdir. Maraqlarına toxunan şəxs kimi qeyd edilən qətnamədən 30 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 15 noyabr 2024cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardaddan şikayət vermiş, Quba Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərardadı ilə 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ləğv edilmiş və işə baxılmışdır. Şikayətinə məhkəmədə baxılaraq məhkəmənin 18 dekabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Məhkəmə qətnamənin maraqlarına toxunmadığını bildirmişdir. Qeyd edilən qərardadla razılaşmır. Məhkəmə apellyasiya şikayətini geri qaytarmaqla qanunvericilikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəsisəsi MMC-nin hüquqları pozulmuş və qeyd edilən qətnamə "xxxx" Kiçik Müəsisəsi MMC-nin maraqlarına toxunsa da, məhkəmədə iştirakı təmin edilməmişdir. Belə ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə "xxxx" Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmış, "xxxx" kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəssisədə tikinti-quraşdırma işləri başa çatandan sonra obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı müəssinin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən müəssisəsi və obyektin texniki pasportu 16 mart 2006-cı il tarixdə tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X2r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. Həmin çıxarışa dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. "xxxx" Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri-yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya 11 iyul 2024-cü il tarixli cavabda Maraqlı şəxs2 MMC-yə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsində İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 reyestr nömrəli (çıxarış verilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 nömrəli qətnaməsi) çıxarışın verilməsi qeyd edilmişdir. Göründüyü kimi "xxxx" Kiçik Müəsisəsi MMC-yə daimi istifadəyə verilmiş torpaq sahəsində başqa şəxsə yəni iddiaçıya mülkiyyət hüququ tanınmışdır. Halbuki "xxxx" Kiçik Müəsisəsi MMC-yə torpaq sahəsinin verilməsinə əsas olan Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ləğv edilməmiş, qüvvədədir. Bundan əlavə həmin torpaq sahəsinə dair "xxxx" Kiçik Müəsisəsi MMC-yə Dövlət Aktı verilmişdir. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq ayrılmasına dair XDS qərarının və XDS tərəfindən verilmiş Dövlət Aktlarının daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsas sayılır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi "xxxx" Kiçik Müəsisəsi MMC-yə aid çıxarışda da torpaq sahəsinin ölçüsü 1,50 ha göstərilmişdir. Bütün bunlara əsasən qeyd edilən qətnamə "xxxx" Kiçik Müəsisəsi MMC-nin hüquqlarına toxunur. Hazırkı iddia tələbi ilə işə baxılan zaman qəbul ediləcək qətnamə maraqlarına toxunduğu üçün "xxxx" Kiçik Müəsisəsi MMC işə cəlb edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz qərarlarında qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Göründüyü kimi Quba Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyim qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəsisəsi MMC-nin iştirakı təmin edilməmiş və həmin qətnamə onun hüququnun pozulmasına səbəb olmuşdur. Quba Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən şikayətə yazılı etiraz verilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.1-ci maddəsinə görə, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır.” Göstərilənlərə əsasən Maraqlı şəxs2 MMC 1992-ci ildən indiyə qədər onun istifadəsinə verilmiş torpaq sahəsini ya dövlətdən satın almalı, ya da icarəyə götürməli idi. Maraqlı şəxs2 MMC isə bunların heç birini etməmişdir. Belə olduğunda, Maraqlı şəxs2 MMC-nin göstərilən torpaq sahəsinə münasibətdə hüquqi statusu (mülkiyyətci və ya icarədar) müəyyən olunmadan onun bu torpaq sahəsinə aidiyyatda maraqlı şəxs kimi məhkəmə tərəfindən qəbul olunması əassız olardı. Belə ki, yuxarıda da izah etdiyi kimi, Maraqlı şəxs2 MMC 1992-ci ildən hal-hazıra qədər, 33 il ərzində istifadəsində olan torpağı ya özəlləşdirməli, ya da icarəyə götürməli idi. Maraqlı şəxs2 MMC isə torpağın ona istifadəyə verilməsindən sui-istifadə edərək, bunların heç birini etməyib. Bu halda mübahisəli əmlaka üzrə Maraqlı şəxs2 MMC-nin maraqlı şəxs qismində məhkəmə tərəfindən qəbul olunması hal-hazırda mövcud olmayan hüquq əsasında qanunsuz məhkəmə qərarının çıxarılmasına gətirib çıxara bilər. Maraqlı şəxs2 MMC-nin nümayəndəsi bildirir ki, göstərilən torpaq sahəsi MMC-nin istifadəsinə verildiyinə görə, MMC məhkəməyə cəlb olunmalı idi. Mülki Məcəllənin 152.3-cü maddəsində əmlakdan istifadə hüququnun açılışı verilib: “İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər”. Yəni burada əmlakdan ancaq istifadədən söhbət gedir, istifadə hüququ mülkiyyət və sərəncam hüquqları ilə fərqləndirilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı çıxararkən Maraqlı şəxs2 MMC tərəfindən irəli sürdüyü tələblərini əsaslandırılması üçün barəsində söhbət gedən torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini MMC-nin həmin sahəyə mülkiyyət və sərəncam hüquqlarının olmaması kimi qiymətləndirmişdir. İş ilkin instansiyada araşdırılarkən, barəsində söhbət gedən torpaq sahəsinin Maraqlı şəxs2 MMC-nin mülkiyyətində və ya icarəsində olması barədə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Burada həmçinin nəzərə alınmalıdır ki, barəsində söhbət gedən torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış və digər mülkiyyət növünə keçməmişdir. Məhz bu səbəbdən müvafiq səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Bu səlahiyyət Maraqlı şəxs2 MMC-də yoxdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti də torpağın mülkiyyətçisi kimi səlahiyyətləri daxilində hal-hazırda İddiaçı xüsusi mülkiyyətində olan və üzərində ona məxsus daşınmaz əmlak olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında ona satmışdır. Torpaq sahəsinin mülkiyyətçisi və sərəncam vericisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti olduğundan torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə satılması barədə alqı-satqı müqaviləsi şübhə altıana alına bilməz. Belə olduğunda Quba Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi Maraqlı şəxs2 MMCnin maraqlarına toxunmadığından, onun göstərilən qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Hal-hazırda ƏMDX dövlət əmlakının özəlləşdirilməsi sahəsində icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirir və öz səlahiyyətləri daxilində həmin torpaq sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi ilə əlaqədar məsələlərin həll olunması ƏMDX-nin vəzifəsidir. Çox təbii haldır ki, ƏMDX dövlətin mülkiyyətində olmaqla, onun sərəncam verici kimi hüququnun olduğu torpaq sahəsini İddiaçı satmışdır. Maraqlı şəxs2 MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi məhkəmə qərarları ilə əlaqədar bildirir ki, bu iş araşdırılarkən bu qərarlar sübut kimi dəyərləndirilə bilməz. Belə ki, birincisi, həmin məhkəmə qərarlarında barələrində mübahisə gedən əmlak və torpaq sahələri bu işdəki əmlak və torpaq sahələrindən fərqlənir. Həmin əmlakların yerləşdiyi torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsi (hal-hazırda Xidməti) tərəfindən göstərilən vətəndaşlara satılmamışdır. Bu halda isə torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi (hal-hazırda Xidməti) tərəfindən İddiaçı satılmışdır. İkincisi, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(02xx-xx/2024 saylı və xx.xx.2024cü il tarixli, 2(027)-52/2024 saylı qərardadlarının qanuni qüvvələrini almaları barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Üçüncüsü, Maraqlı şəxs2 MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-2(119)-195/2024 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(105)-13/2025 saylı qətnamələri də məhkəmədə sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin qətnamələr qanuni qüvvəsini almamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı və həmin qərardadla bağlı 24 yanvar 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllnin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətini - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını - müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadından qətnamənin "xxxx" Kiçik Müəssisəsinin maraqlarına toxunmadığını qeyd etsə də buna dair hər hansı bir əsaslandırma aparmamışdır. Halbuki, iş materiallarında çıxarılmış qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunmasını ehtimal etməyə əsas verən müvafiq sübutlar olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, həmçinin çıxarılmış qətnamədə istinad edilmiş Quba şəhər Bələdiyyəsi Sədrinin xx.xx.2000-ci il tarixli, 26 nömrəli sərəncamından görünür ki, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin ərazisindən kommersiya mağazası tikintisi üçün yer ayrılması barədə müraciətini və "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2000-ci il tarixli, 20 saylı razılıq məktubunu nəzərə alaraq İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin 22-ci məhəlləsindən "xxxx" Kiçik Müəssisəsinin ərazisindəki boş, istifadəsiz ərazisindən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan X5 ilə İddiaçı arasında bağlanmış 30 dekabr 1999-cu il tarixli müqavilədən görünür ki, X5 XDS İK-nin xx.xx.1992-ci il tarixli, 107 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində yerləşən yarımçıq tikilini İddiaçı satmışdır. İş materiallarında olan DƏDKR Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Quba şəhərin 29-cu məhəlləsində Maraqlı şəxs2 MMC-nin istifadəsinə verilmiş 1,5 ha torpaq sahəsi üzərində yerləşən tikiliyə dair İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 reyestr nömrəli (çıxarış verilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 83/2015 nömrəli qətnaməsi) çıxarışın verilməsi qeyd edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında 0,0056 ha dövlət mülkiyyətdində olan torpaq sahəsi üzərində yerləşən 49,1 kv.metr daşınmaz əmlak İddiaçı mülkiyyət hüququ kimi xx.xx.2015-ci il taridə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki. Quba şəhəri, 29-cu məhəllə ünvanında 1,50 ha dövlət mülkiyyətdində olan torpaq sahəsi üzərində yerləşən, tikinti altı sahəsi 2866,8 kv.m, ümumi sahəsi 2454,4 kv.metr olan ticarət obyekti Maraqlı şəxs2 MMC-nin mülkiyyət hüququ kimi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Quba rayonu, X1 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Maraqlı şəxs2 MMC-nin istifadəsinə Quba şəhəri 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha toprpaq sahəsi verilmişdir. Göründüyü kimi iş materiallarıa əlavə edilmiş sənədlər qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunmasını ehtimal etməyə əsas verən müvafiq sübutlar olmuşdur. Bununla yanaşı iddiaçının nümayəndəsi mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin Maraqlı şəxs2 MMC-nin nə mülkiyyətində, nə də ki, istifadəsində olmadığını iddia etməkdədir. Lakin, birinci instansiya məhkəməsi həmin sübutlara, o cümlədən iddiaçının izahatında dair hər hansı bir qimyətləndirmə aparmadan qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Quba şəhəri, 29-cu məhəllə ünvanında 0,0056 ha dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən və iddiaçının mülkiyyətində olan 49,1 kv.metr sahədən ibarət daşınmaz əmlakın, Maraqlı şəxs2 MMC-nin istifadəsinə ayrılmış 1,50 ha torpaq sahəsində yerləşib-yerləşməməsi, 49,1 kv.metr sahədən ibarət daşınmaz əmlakın, Maraqlı şəxs2 MMC-nin mülkiyyətində olan tikinti altı sahəsi 2866,8 kv.m, ümumi sahəsi 2454,4 kv.metr olan ticarət obyektinin tərkibində olub-olmamasını müəyyən etməklə, bunun üçün isə zəruri olduğu təqdirdə müvafiq mütəxəssis və ekspert rəyi əldə etməklə qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli olduğu halda, bunu etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunmaması ilə bağlı gəldiyi nəticə əsaslı hesab olunmur. Buna görə də Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı, həmin qərardadla bağlı 24 yanvar 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı ləğv edilməli və hazırkı qərardadda qeyd olunan hallar araşdırımaqla müvafiq qərarın qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs2 şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı və həmin qərardadla bağlı 24 yanvar 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-548/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-548/2025
19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver