Məhkəmə qərarları › İş №2(105)-564/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-564/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-564/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun, 10000 (on min) manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 (otuz) manat dövlət rüsumunun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh mülkiyyətində olan və Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 37 ünvanında yerləşən evini satmaq istəmiş və 2014-cü ilin oktyabr ayında o, həmin evə baxaraq bəyənmiş və cavabdehlə aralarında həmin evin 14000 (on dörd min) ABŞ dollarına alqı-satqısı barədə razılıq əldə etmişlər. xx xxxxxx 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6000 (altı min) manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8000 (səkkiz min) manat məbləğində pulu alqı-satqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh “xxxx” ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra bu evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həmin krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 2014- 2016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından, ümumilikdə, 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək bəhanəsi ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14000 manata razılaşdırılmış evə görə artıqlaması ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq, onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab edilməsinə dair iddiası rədd edilmişdir. Buna görə də, o, cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh 6000 manat pulu ondan evi adına keçirəcəyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürdüyü üçün həmin pulu, həmçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində puluda cavabdeh ona qaytarmalı, 10000 (on min) manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə qətnamədə göstərmişdir ki, guya o, cavabdehə evin behini ödədikdən sonra onun xxxxda olan kreditinə görə pul vəsaiti ödəməyini məhkəmədə sübut edə bilməmişdir. Həmin ödəmələr onun tərəfindən aparıldığı üçün bu barədə qəbzlər onda olmuşdur. Beh müqaviləsi onun tərəfindən pozulmamışdır. O, behi verməklə mübahisəli evə köçmüş və cavabdehin təklif etdiyi qaydada onun banka olan kredit borcunu ödəmişdir. Əvvəlki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ekspertiza rəyi ilə onun cavabdehin əvəzinə banka pul vəsaitlərini ödədiyi öz təsdiqini tapmışdır. Cavabdeh ondan beh alaraq, mübahisəli mənzil onun mülkiyyətində olmamışdır. Ödənişlər başa çatdıqdan sonra o, Qarabağ əlili kimi pulsuz mənzillə təmin olunduqdan sonra 2017-ci ildə bu evə dair çıxarış almış və çıxarışı əldə etməklə onun ailə üzvləri ilə bu evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qətnamə düzgün əsaslandırılmamış, maddi norma düzgün tətbiq edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv etməklə onun cavabdehə qarşı 20.440 manat məbləğində əsas borcun, 10.000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun tutulmasına dair iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən heç bir sübutun təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, qətnamədə tərəflər arasında evin alqı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə Cavabdeh İddiaçı beh alaraq, onu İddiaçı istifadəsinə verməsi, lakin beh müqaviləsində nəzərdə tutulmuş tarixə - xx.xx.2015-ci il tarixədək İddiaçı tərəfindən ödənişlərin tam həyata keçirilmədiyi, buna görə də Cavabdeh İddiaçı evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası İddiaçı məhkəmə tərəfindən digər qətnamə ilə onun cavabdehə pul verilməsinin sübuta yetirilməsi barədə gətirdiyi dəlilə qiymət verərək, həmin dəlili qəbul etmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh X1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri məhkəmə qaydasında müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2008-ci il tarixli Qərarının 1-ci bəndində də məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın .2-ci bəndinə əsasən «Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab kecirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab kecirməsi vahid kontekstdə olmalı, yəni, şəxsin öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntının kecirməsi ilə bərabər, eyni zamanda onun müəyyən iztirablara məruz qalması müəyyən edilməlidir. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərcəkən fiziki şəxsin mənəvi sarsıntı kecirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab kecirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab cəkməsi anlaşılır. Yəni, zərərcəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi ücün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab cəkməsi müəyyən edilməlidir. Qərarda o, da qeyd olunmuşdur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərcəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərcəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab kecirməsini, zərərcəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi və mənəvi zərərə məruz qalması, bundan başqa, vahid kontekstdə həm mənəvi sarsıntı kecirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin kecirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin kecirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını kecirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab cəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi və mənəvi zərərə məruz qalması, bundan başqa maddi, fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi «X2rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-31/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar