Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-565/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X21 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərin əvəzi olaraq 9600 manat və mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 12600 manat məbləğində pulun, eləcə də 127,80 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********31 olan çıxarışa əsasən qeydiyyata alınmış Xızı rayonu, Fındığan kəndinin ərazisində yerləşən 2,76 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların ailəsinin xüsusi mülkiyyətindədir. Tərəfindən həmin torpaq sahəsində çoxillik yem bitkisi olan yonca əkilmişdir. Həmin sahə tərəflərindən mütəmadi qorunmuş və aqrotexniki qaydalara uyğun qulluq edilməklə il ərzində dörd-beş dəfə biçilərək bol məhsul əldə etmişlər. Həmin sahə biçilərkən hər biçimdə hektardan 150 ədəd olmaqla, 400 ədəd ot bağlaması əldə edilmiş, bu da il ərzində orta hesabla 1600 ədəd təşkil etmişdir. Ot bağlamasının birinin isə orta bazar qiyməti 6 manatla hesablanılarkən nəticədə il ərzində 9600 manat olur. Həmin yonca sahəsinə ailə üzvləri tərəfindən mütəmadi baş çəkilmişdir. 05 avqust 2024-cü il tarixdə tərəfindən sahəyə baş çəkən zaman Fındığan kənd sakinlərinin iri buynuzlu mal-qarası (təxminən 400-500 baş) naxır halında onların yonca sahəsinin içində olduğunu görmüşdür. O, mal-qaranı sahədən uzaqlaşdırsa da artıq gec olmuş, mal-qara naxırı demək olar bütün yonca sahəsini tam yararsız vəziyyətə salmışdır. O, bu barədə dərhal 102 xidmətinə zəng vuraraq məlumat vermiş və əraziyə post patrul xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və sahənin video çəkilişi aparılmışdır. Qeyd etmək istəyir ki, kənd sakinləri növbəlilik əsasında mal-qaralarının otarılması üçün otlaqlara aparırlar. O, dərhal kəndə gəlib həmin gün kənd sakinlərinin mal-qaralarının otlaqlarda otarılmasının kimin növbəliliyi tərəfindən aparıldığını soruşmuş və həmin gün növbəlilik Fındığan kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 Hacıxəlil oğlunun tərəfindən aparıldığı məlum olmuşdur. Həmin şəxslərin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən ziyanın ödənilməsi ilə bağlı Xızı rayon polis şöbəsinə müraciət etmişdir. Lakin Xızı rayon polis şöbəsi tərəfindən müraciətinə 12 avqust 2024-cü il tarixli, 3-13-80/2-3769/24 saylı məktubla cavab verilərək bildirilmişdir ki, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bütün ailəsi mənəvi iztirab keçirmişdir. Keçirdikləri mənəvi zərər 3000 manat təşkil edir. Cavabdehlər onlara dəyən maddi və mənəvi zərəri ödəmək istəmirlər. Buna görə də, hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara dəyən 9600 manat maddi zərər və mənəvi zərərin əvəzi olaraq 3000 manat, ümumilikdə 12600 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməlidir.
3. Cavabdehlər iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişlər ki, iddiaçı X9 onlara qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə aşağıdakı əsaslarla qəti etiraz edirlər. Belə ki, ilk olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, iddia ərizəsi, MPM-nin 149.2.3-cü maddəsinin tələbi pozulmaqla, (”iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb”) tərtib edildiyinə görə əsaslı olmadığından, MPM-nin 152-ci (İddia ərizəsinin qaytarılması) maddəsinin 152.1.1-ci hissəsinin, yəni "bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” tələbini əsas tutaraq hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Başqa sözlə tələbin istər maddi, istərsə də mənəvi ziyanın tutulması hissəsində hər bir cavabdehə qarşı yönələn konkret məbləği göstərilməmişdir. Bundan başqa iddia tələbinin faktiki halları hər hansı möhtəbər subutlarla əsaslandırılmamış tələb iddiaçı tərəfindən yalnız formal şəxsi mülahizələri ilə ifadə edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, onun yonca sahəsinə kənd sakinlərinə məxsus olan 400-500 baş (məlum deyil ki, bu sayda malqaranı iddiaçı necə saya bilmişdir) mal-qara girərək sahəni yararsız hala saldığını bilmiş və sonrada öyrənimşdir ki, həmin günü mal naxırınin otarmaq növbəsində hazırki iş üzrə cavabdehlər olmuşdur. İddiaçının tələbin əsası kimi irəli sürdüyü bu arqumetinə cavab olaraq bildirirlər ki, onların sakini olduqları Fındığan kəndində, eləcə də əksər kəndlərdə uzun illərdən bəri adət halını almış belə bir ənənə formalaşmışdır ki, sahələrdə əkin-biçin işləri bitdikdən, yəni arpa və buğda zəmiləri biçildikdən sonra kənd sakinlərinin malqarasının otarması məqsədi ilə tərtib olunmuş növbəlik cədvəli ləğv olunur və sakinlərin mal-qarası heyvanların vərdiş etdikləri bulağa yaxın ərazidə səllimi yəni, özbaşına otlayır və iddaçının guya onun yonca sahəsinə ziyan vurulması da elə heyvanların səllimi otlaması, yəni növbəlik ləğv olunduğdan sonrakı zamanı baş vermişdir. Başqa sözlə şəxsi təsərrüfatlarda əkin-biçin işləri qurtardıqdan sonra kəndin bütün mal-qarası, o cümlədən xırda dırnaqlı heyvanlar biçilən sahələrdə naxırçısız otlayırlar. Buna sübut olaraq kənd sakinlərinin şahid ifadələri (Xızı rayon Fındğına kənd sakinləri X12, X19, X13 və X2 iş üzrə şahid qismində ifadə verilməsi üçün məhkəməyə çağrılmalar barədə vəsatət əlavə edilir) habelə həmin ərəfədə heyvanların başsız olması səbəbi ilə iddiaçının 3 baş danası canavarların hucumuna məruz qalmasını göstərmək olar. Habelə məhkəməyə təqdim edilimiş video diskə baxış keçirilərsə iddiaçının ziyan vurulduğunu idda etdiyi həmin sahədə hər hansı yonca bitkisinin olması məlum olmur və videoda həmin ərazidə yalnız dəvə tikanlarının olması görünər. Bundan başqa məlum olduğu kımı iddiaçı tələbin, yəni vurulan maddı ziyanı əsaslandığı halları üçün məhkəməyə hər hansı sübut, o cümlədən zıyan vurulması iddia edilən əraziyə hadisənin baş verməsinin güman edilən tarixdə mütəxəssis tərəfindən müayinə, baxış keçırılməyərək müvafiq akt tərtib edilməmiş və vurulan ziyanın məbləği müəyyən olunmamışdır. İddiaçı onlara qarşı bu tələbi qərəzli olaraq irəli sürmüşdur. İddiaçı əsasən də Cavabdeh1 qarşı qərəzinə görə bu iddanı irəli sürmüşdür. Belə ki, Cavabdeh1 vaxtı ilə iddiaçıya təsərrufat işlərində fəhlə kimi köməklik etmiş, lakin sonralar Xəyal iddiaçıya onun üçün günü 10 manata, yəni hazırkı aylıq mınumum əmək haqqı məbləğindən də aşağı məvaciblə işləmək istəmədiyini bildirdikdən, habelə az maaşa etraz etdikdən sonra onunla, habelə Cavabdeh2 Hacıxəlil oğlu ilə düşnüşmüş və onları özünə düşmən elan etmişdir. Bununla da nəyin bahasına olur olsun onlardan heyf çıxmaq qərarına gəlmişdir. Beləliklə də yuxarıda qeyd edilənləri, o cümlədən ziyanın vurulması ehtimal edilən yonca sahəsinin olmaması, eləcə də ziyan vurulmasının güman edilən zaman və ya hadisənin səhəri günü sahənin mütəxəssis tərəfindən müayinəsinin aparılmaması və hazırda tələb edilən ziyanın miqdarının müəyyən edilməməsi, habelə cavabdehlərin müəyyən olunmaması və bununla da iddia tələbinin faktiki əsasları iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq, tələbin məhkəmə tərəfindən rədd edilməsini xahiş etmişlər.
4. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Cabbarov) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyət hüququ əsasında Xızı rayonu Fındığan kənd ərazisində 2.76 ha torpaq sahəsinin (dəmyə əkinçiliyi) olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona maddi zərər dəyməsini göstərsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia tələbində də bəzi ziddiyyətlərə yol vermişdir. Belə ki, iddia ərizəsində cavabdehlərin ona 9600 manat maddi zərər vurmasını göstərsə də, polis şöbəsində yazdığı izahatda ona 2000 manat məbləğində maddi zərər dəydiyini qeyd etmişdir. Həmçinin iddia ərizəsində torpaq sahəsində çoxillik yem bitkisi olan yonca əkildiyini göstərsə də, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X29 Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon Fındığan kənd sakini İddiaçı 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün mərkəzə müraciət edərək 2,76 ha əkin sahəsində buğda əkdiyini bəyan etmiş və EKTİS (X17 İnformasiya Sistemində) qeydiyyata alınmışdır. Bütün bu ziddiyyətlər isə iddianın əsaslı olmaması ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. İddiaçı mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Fındığan kəndinin ərazisində yerləşən xüsusi mülkiyyətində olan 2,76 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində çoxillik yem bitkisi olan yonca əkilmişdir. İşə baхan hakimin şəhərdə doğulub bu mühitdə böyüməsi, müхtəlif bitkiləri tanımaması və ya birini, digərindən ayıra bilməməsi təbii haldır. Lakin o, video və fotoşəkillərdəki görüntülərin yonca bitkisinə deyil, müəyyən tikanlara aid olmasını bu sahədə yеtərli olmayan biliyinə əsasən müəyyən еtmişdir. Halbuki, o, həmin görüntüləri kənd sakini olan istənilən uşağa göstərmiş olsa idi, bu görüntülərin yonca bitkisinə aid olduğu bilgisini ala bilərdi. Hakim еyni zamanda “müəyyən tikanlar” dеdikdə əkin sahəsində məhz hansı tikan bitkisini müəyyən etdiyini qeyd edə bilməmişdir. Sahədə otlayan hеyvanlar camış dеyil, inəkdirlər ki, onlar da camışlardan fərqli olaraq tikanlarla qidalanmağı sеvmirlər. Bu hal isə onların sеvmədiyi tikanın bitdiyi sahəyə girmələrini istisna еdir. Halbuki, video və foto görüntülərlə təsdiq olunur ki, inəklər nəinki sahəyə girmişlər, hətta iştahla otlayırlar ki, ətrafda yığılanlara, avtomobillərə, səsküyə bеlə məhəl qoymurlar, hеç başlarını bеlə qaldırmırlar. İddiaçının 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X29 Mərkəzinin mərkəzinə müraciət edərək 2,76 ha əkin sahəsində buğda əkdiyini bəyan etməsi, mövcud vəziyyətin, yəni sahədə yonca bitkisi əkilməsi faktının görməzdən gəlinməsinə əsas ola bilməz. Bеlə ki, torpaq sahəsində digər bitki əkdiyini bəyan etməsindən asılı olmayaraq, torpaq sahəsindəki bitki yoncadır. Bu hal video və foto görüntülərlə yanaşı, şahidlər X14 və X3 ifadələri ilə də təsdiq еdilmişdir. Еyni zamanda, onun başqa gəliri yoхdur, illik dolanışıq хərcini 2,76 ha əkin sahəsində əkdiyi məhsuldan götürəcəyi gəlirlə ödəyəcəyi ümidində olmuş, cavabdеhlərin onu qazancından məhrum еtmələrinin şahidi olduqdan sonra ümidləri puç olmuş və hadisədən dərhal sonra polis şöbəsindəki ilk izahatını, gördüklərindən kеçirdiyi əsəb, fiziki və mənəvi sarsıntılar halında, ümidlərin puç olduğu vəziyyətdə vеrmiş, özünü toparlayıb zərərin məbləğini bеlə doğru dürüst hеsablamaq iqtidarında olmamış, ümumiyyətlə maddi zərərin 2000 manat olduğu barədə izahatı nеcə vеrdiyini bеlə хatırlamır. Bеlə ki, hadisədən sonrakı 4-5 gün səhhətində problеmlər yaşamışdır. Əslində sadə riyazi hеsablama yolu ilə zərərin iddia еdilən miqdarda olması təsdiq olunur ki, bu barədə də sübut olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X18” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubu təqdim еdilmişdir. Еyni zamanda əgər məhkəmə “şahid X3 iddiaçının əmisi olmaqla, işin nəticəsində marağı olan şəxs” olmasına görə onun ifadəsinə şübhə ilə və tənqidi yanaşacaqdısa, nə üçün onun ifadəsini ümumiyyətlə almışdır. X1 ifadəsi ilə isə avqust ayının 5-i onun növbəsi olduğu və onun da Cavabdeh1 pul verib növbəyə göndərməsi halı təsdiq еdilmişdir. Məhkəmənin gəldiyi nəticənin əksinə olaraq, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Başqa gəliri olmayan, illik dolanışıq хərcini 2,76 ha əkin sahəsində əkdiyi məhsuldan götürəcəyi gəlirlə (məhsulla) ödəyəcəyi ümidində olan iddiaçının, cavabdеhlərin onu qazancından məhrum еtmədə ifadə olunan hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntılar kеçirməsi şübhəsizdir. Bеlə ki, göz dikdiyi qazancından (məhsuldan) məhrum olan şəхsin ili nеcə başa vuracağı fikri onun rahatlığını yoхa çıхarmaya, onda fiziki və mənəvi sarsıntılar yaratmaya bilməz. Birinci instansiya nəzərə almamışdır ki, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 Hacıxəlil oğlunun səhlənkarlığı və qanunsuz hərəkətləri zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Bunun nəticəsində kənd sakinlərinin mal-qaralarından ibarət bütöv bir naxırın, iddiaçıya məхsus yonca sahəsinə girməsi və sahəni Cavabdeh2 sitat gətirdiyi sahə rəisinin “əmi, burada nə yonca var, nə də ot” sözlərində olduğu kimi bütünlüklə yararsız vəziyyətə salmaları təsdiq olunmuş, еləcə də X1 Cavabdeh1 pul verib növbəyə göndərməsi, bununla da heyvanları cavabdеhlərin sahibliyinə vеrməklə üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbir gördüyündən, iddiaçı qarşısında zərərin əvəzini ödəmək öhdəliyi cavabdеhlərə aid olmuşdur. Birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu da iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. Ailəsinin illik dolanışıq хərcini 2,76 ha əkin sahəsində əkdiyi məhsuldan götürəcəyi gəlirlə ödəyəcəyi ümidində olan iddiaçının, cavabdеhlərin qazancından məhrum еtmədə ifadə olunan hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntılar kеçirməsi şübhəsizdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinə sübut olaraq videogörüntülərin əks olunduğu diski təqdim etmişdir. Lakin məhkəmə videogörüntülərə baxmamış, əhəmiyyətli sübutu nəzərə almamışdır. Diskdə mal-qaranın yonca sahəsində otarılması və oradan çıxarılmasına dair görüntülər var. Odur ki, həmin diskdəki videogörüntülərin izlənilməsini, həmçini apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində işə baxılarkən həmin ərazidə yonca əkilməsi Habil adlı şahid də təsdiq edib. Şahid qismində ifadə verən kənd sakini olan qadın da bildirmişdir ki, avqust ayının 5-də onun nobatı olub, həmin gün Xəyala pul verib ki, onun əvəzinə mal-qaranı nobata aparsın.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mal-qara sahəyə girəndə orada yonca olmayıb. Əvvəllər nobatda olmuşdur, lakin mal-qaranın sahəyə daxil olduğu vaxt nobat olmayıb, əkin-biçiləndən sonra mal-qara özbaşına buraxılır. Birinci instansiyada məhkəmə prosesindən sonra iddiaçı torpaq sahəsində yonca əkmişdir. Əvvəl isə orada yonca olmamıdşır. Subsidiya alınması ilə bağlı 2023-cü ilin oktyabır ayında iddiaçı həmin torpaq sahəsində taxıl əkilməsi ilə bağlı bəyan edib. Həmçinin, yonca toxumunu sahəyə ola bilsin ki, daşqınlar nəticəsində su gətirib, ona görə də avqust ayında həmin sahədə az miqadarda yonca ola bilərdi.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpaq sahəsində yonca yox, dəvətikanı olub. Həmçinin hadisə vaxtı kəndin mal-qarası özbaşına buraxılıb, nobat olmayıb. Mütəxəssis rəyi ilə razı deyil. Torpaq sahəsi suvarılmayan, dəmyə ərazidir. Hadisə zamanı sahə rəisi bildirmişdir ki, orada biçiləsi nə yonca, nə də ot var.
İşdə olan sübutlar
13. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,7636 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022ci il tarixində tərtib olunmuş A seriyalı 756037 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,7636 ha torpaq sahəsi (dəmyə əkinçiliyi) İddiaçı adına qeydiyyata alınmışdır.
15. İddiaçı Xızı rayon Polis Şöbəsində yazdığı izahatdan görünür ki, 05 avqust 2024cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən kənd sakinlərinə məxsus 400-500 baş mal-qara ona məxsus Xızı rayonu, Fındığan kəndində yerləşən 2,76 ha torpaq sahəsinə salması nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir.
16. Xızı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur.
17. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X18” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Xızı X29 Mərkəzinin mütəxəssislərindən əldə etdikləri məlumatlara görə, yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində 3-4 dəfə biçilə, 1 hektar sahədən 600-900 pres əldə edilə bilər. Əgər yonca dəmyə ərazidə əkilərsə, il ərzində 1 dəfə biçməklə 1 hektardan 110-120 pres götürülə bilər. 2024-cü il ərzində yonca bitkisinin 1 presinin sahədən orta satış qiyməti 3.0-4.0 manat olub. Eyni zamanda, yığım mövsümündən sonrakı dövrlərdə orta satış qiyməti 5.0-7.0 manat/pres arasında dəyişir. Lakin yonca sahəsinə baxış keçirməklə əraziyə dəymiş ziyanı müəyyən etmək X6 fəaliyyət istiqamətinə aid olmadığı üçün bu məsələ ilə bağlı sahə mütəxəssislərinə müraciət etmək tövsiyə olunmuşdur.
18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X29 Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon Fındığan kənd sakini İddiaçı (FİN xxxxxxx) 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün mərkəzə müraciət edərək 2,76 ha əkin sahəsində buğda əkdiyini bəyan etmiş və EKTİS (X17 İnformasiya Sistemində) qeydiyyata alınmışdır.
19. Xızı-Fındığan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon Fındığan kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsinə mal-qara daxil olması nəticəsində sonuncuya ziyan dəyməsi ilə bağlı məlumat daxil olmamış, həmçinin 05 avqust 2024-cü il tarixdə naxır növbəsində kimin olması barədə bələdiyyəyə məlumat verilmədiyinə görə bu barədə hər hansı bir məlumatları yoxdur.
20. Xızı Rayon İcra Hakimiyyəti başçısının Fındığan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubundan görünür ki, subsidiya almaq üçün müraciətlər edərək X17 İnformasiya Sistemində elektron qaydada qəbul olunduğuna görə Xızı rayon Fındığan kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsində yonca əkib-əkmədiyi barədə nümayəndəliyə hər hansı bir məlumat verilməmişdir. Həmçinin naxır növbəsi kənd sakinlərinin öz aralarında razılaşdırılaraq təyin edildiyinə görə 05 avqust 2024-cü il tarixdə kimin və ya kimlərin növbədə olması, eləcə də İddiaçı mülkiyyətində olan torpaq sahəsinə mal-qaranın girməsi barədə dəqiq məlumatları yoxdur.
21. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X18” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Xızı X29 Mərkəzinin mütəxəssislərindən əldə etdikləri məlumatlara görə, yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində dəmyə sahədə may-iyun aylarında, suvarılan sahədə isə may-oktyabr aylarında biçilir.
22. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 128 manat dövlət rüsumu ödəmişdir.
23. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, mərhum qardaşı Paşa Məmmədov və Ramazan Məmmədovun yaşadıqları kənddə pay torpaqları vardır. Həmin torpaqların birində qardaşı uşaqları yonca əkmişlər. Əvvəla həmin sahəni şumlayıb, 2023-cü ilin payız ayında arpa əkmiş, lakin əmələ gəlməmişdir. Onun özünün əkin sahələri üçün texnikası olduğundan 2024-cü ilin fevral ayında şumlama işlərini aparmışdır. Bir vaxtlar Cavabdeh1 onun sahəsinə də heyvanları buraxıb, ona maddi ziyan vurmuşdur. Keçən ilin martın 1-2-si həmin yeri yonca üçün əkib qurtarmış, qardaşı şəhərdə olduğuna görə onun torpaq sahəsinə də yonca əkmişdir. 2024cü ildə ildırım vurma hadisəsi olmuş, buna görə də rayonda 1 gün işıq olmamış, suyun dəhnəsini sel aparmışdır. Yəni buna Azərişığın işçiləri də şahiddir. Dağın üstündə yararsız vəziyyətə düşən qüllələrin düzəldilməsinə də öz texnikaları ilə kömək etmiş, oradakı həmin işçilər də sahədə yonca əkildiyini görüb heyrətə gəlmişlər. Yoncanın nə vaxt biçilməyini təyin etmək üçün qardaşı oğlu Vüqarla əraziyə getmiş, səhər 11-12 radələrində əraziyə 500 metr qalmış yaxınlaşanda mal-qaranın yonca sahəsinin içərisində olduğunu görmüşlər. Həmin ərazi dərənin içində olduğundan telefonun seti tutmamışdır. Bundan sonra qardaşı oğlu ilə mal-qaranı sahədən kənarlaşdırmışlar. Gündəlik mal-qara növbəsinə gedən adamların növbəsini bildiyi üçün qardaşına zəng etmiş, növbədə Cavabdeh2 və Cavabdeh1 olduğunu öyrənmişdir. Daha sonra cavabdehlərin evlərinə zəng etmiş, ancaq zənginə cavab verən olmamışdır. Hətta onun qardaşı Xəyalın evinə gedib malları oradan gətirmək lazım olduğunu demiş, sonuncu da növbədə Şirəli ilə onun olduğunu etiraf etmişdir. Onların sahədən kəndə gəlməkləri 15-20 dəqiqə vaxt almış, gəlib çatanda Şirəliyə zəng edərək, niyə belə bir hərəkət etdiyini, mal-qaranı yonca sahəsinə aparıb ötürdüyünü və artıq ikinci dəfədir onlara ziyan vurduğunu demiş, sonuncu isə cavabında yaxşı etdiyini bildirmişdir. Bu cavabı eşidəndən sonra qardaşı oğluna DİN-nin 102 qaynar xəttinə zəng edib, məlumat verməsini demişdir. Bundan sonra polis əməkdaşı ilə qardaşı oğlu Vüqar əraziyə getmiş, o da onların dalınca getmişdir. Polis əməkdaşı özü ərazidə video çəkiliş aparmış, əraziyə kütləvi şəkildə mal-qara daxil olmasının şahidi olmuşlar.
24. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, həmkəndliləri Cavabdeh1 həmişə mal növbəsinə getdiyindən, onun da növbəsi olanda Xəyala pul verib heyvanlarını növbəyə göndərmişdir. Belə ki, avqust ayının 5-i onun növbəsi olmuş, o da Xəyala pul verib növbəyə göndərmişdir. Bundan əvvəl növbə 2 gün dağılmış, amma sonra yenidən düzəlmişdir. Canavarın mal sürüsünə hücum etməsindən məlumatı yoxdur.
25. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, uzun müddətdir Xızı rayonu Fındığan kəndində yaşayır və sənəti traktor idarə etməkdən ibarətdir. Təxminən keçən ilin mart ayında İddiaçı sahəsinə 100 kq yaxın yoncanın əkilməsində köməklik etmişdir. May-iyun aylarında yonca biçilir, biçiləndən sonra isə növbəyə ehtiyac qalmır. Lakin axşamlar malqaranı çöldə canavarlar yeməsin deyə Xəyal yığıb gətirirdi.
26. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır və onlarda əkin biçiləndən sonra növbə olmur, mallar səllimi otlayır. İddiaçıya məxsus sahə də ayaqaltı olmuş, gün qızan kimi mallar çaya qaçmış və onun sahəsindən keçmişlər. Sahəyə də baxanda orada əkin olub-olmaması ümumiyyətlə bilinmir. İddiaçının sahəsi çaya yaxındır, lakin yayda orada su olmur. Bulaqdan azca su gəlmiş, oradan da mal-qaranın su içməyi qeyri mümkündür.
27. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, Bahadurla qardaşı oğlu Vüqar ilk dəfə deyil onlara şər atır. Belə ki, o, həmin sahənin yanından keçən yolla Siyəzən rayon bazarına gedib-gəlir. O sahədə yonca əkini olmamışdır. İddiaçının dediyinə görə ildə 4 dəfə yonca biçilib, onların yoncasını həmişə Əbdül biçib. Onun da gəlib şahid kimi danışmasını istəyir. Əbdül deyib bir dəfə yonca biçmişəm, o da taxıl, ot qarışığıdır. Onların kəndində yonca biçiləndən sonra həmişə heyvanlar səllimi otlamışdır.
28. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3- 22/2-1972/2025 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Fındığan kəndi sakini İddiaçı Dövlət reyestrindən **********31 saylı çıxarışa əsasən 2,76 ha kənd təsərrüfatlı təyinatlıq torpaq sahəsində həqiqətən çoxillik yonca bitkisinin əkilməsi müəlum olmuşdur. Həmin sahədə əkilmiş bitki yonca bitkisidir, əkin tarixi 2024-cü ilin mart ayıdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.
30. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
31. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
32. Məhkəmə kollegiyası tərəfindən Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsinin tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsi maddi zərərin əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 1650 manat və 17 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə çəkilmiş videogörüntüdə iddiaçının paylı mülkiyyətində olan Xızı rayonu, Fındığan kəndinin ərazisində yerləşən 2,76 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində çox sayda iribuynuzlu heyvanın otlaması görünməkdədir. Cavabdehlər 05 avqust 2024-cü il tarixdə naxır növbəsində olmadıqlarını, həmin vaxt heyvanların naxır növbəsi olmadan səllimi otladıqlarını, ümumiyyətlə xx.xx.2024-cü il tarixdə iddiaçının paylı mülkiyyətində olan Xızı rayonu, Fındığan kəndinin ərazisində yerləşən 2,76 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində yonca bitkisinin olmadığını bildirirərək, iddianın rədd edilməsini xahiş etmişlər.
35. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində cavabdehlərin ona 9600 manat, polis şöbəsində yazdığı izahatda isə 2000 manat məbləğində maddi zərər vurmasını, torpaq sahəsində yonca əkildiyini iddia etsə də Xızı X29 Mərkəzinə 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün 2,76 ha əkin sahəsində buğda əkdiyini bəyan etdiyini, bununla da iddiaçının tələblərinin əsasında ziddiyyətlərin olmasını əsas gətirməklə yanaşı, həmçinin şahidlər X10 və X5 ifadələrinə mötəbər sübut kimi yanaşılsa belə iddianın təmin edilməsinin mümkünsüz olduğunu, belə ki, “X18” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda əsasən yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində dəmyə sahədə may-iyun aylarında biçildiyinin göstərildiyini, kəndin mal-qarasının iddiaçıya məxsus sahəyə 05 avqust 2024-cü il tarixdə daxil olmasının iddia olunduğu əsas gətirilərək rədd edimişir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya məxsus 2,76 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində xx.xx.2024-cü il tarixdə çox sayda iribuynuzlu heyvanın otlaması və bununla da iddiaçıya zərər vurulması sübut olunmaqla, zərər məbləğinin iddiaçı tərəfindən polis orqanına müraciətində və hazırkı iddia ərizəsində fərqli göstərməsi iddianın rədd edilməsi üçün əsas olmamışdır. Qeyd edilən halda zərərin məbləğinin müəyyənləşdiriməsi məhkəmənin vəzifəsi olmuşdur.
37. İddiaçının torpaq sahəsində yonca əkildiyini iddia etməsinə baxmayaraq, Xızı X29 Mərkəzinə 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün 2,76 ha əkin sahəsində buğda əkməsinə dair bəyanına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X7 həmin torpaq sahəsində 2023-cü ilin payız ayında arpa əkildiyini, lakin əmələ gəlmədiyindən sonradan yonca əklidiyini bildirmişdir ki, bu da mümkün olan hal hesab olunur. Digər tərəfdən iş üzrə müəyyən edilməli olan əsas hal bəyandan asılı olmayaraq, həqiqətən də mübahisəli vaxt həmin ərazidə yonca bitkisinin əkilib-əkilməməsinin müəyyən edilməsindən ibarət olmuşdur. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası tərəfindən Xızı X29 Mərkəzininin mütəxəssisin iştriakı ilə yerində baxış keçirilmiş, mütəxəssis yerində baxış keçirilən zaman həmin ərazidə yonca bitikisinin əkildiyini, videogörüntünün keyfiyyətsiz olması, yaxından çəkilməməsini əsas gətirərək, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə çox sayda iribuynuzlu heyvanın otladığını əks etdirən vidogörüntüdəki torpaq sahəsində yonca bitkisinin olub-olmamasını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Lakin, iş materiallarında olan sübutlarla həmin mübahisəli torpaq sahəsində 2024-cü ilin mart ayında yoca bitkisinin əkilməsi sübut olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində 2024-cü ilin mart ayında iddiaçının torpaq sahəsinə 100 kq yaxın yoncanın əkilməsində iştirak etdiyini təsdiqləmişdir ki, qeyd edilən şahidin ifadəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Xızı X29 Mərkəzininin xx.xx.2025-ci il tarixli rəyi ilə də təsdiq olunmuşdur. Belə ki, həmin rəyə əsasən 2,76 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində həqiqətən çoxillik yonca bitkisinin əkilməsi, əkinin isə 2024-cü ilin mart ayında aparılması müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiaçının torpaq sahəsində yonca əkmədiyini, yonca toxumunu sahəyə ola bilsin ki, daşqınlar nəticəsində su gətirdiyini, buna görə də avqust ayında həmin sahədə az miqadarda yonca ola biləcəyi ehtimalına dair izahat vermişdir ki, bu izahat cavabdehin dolayısı ilə həmin ərazidə qeyd edilən vaxtda yonca bitkisinin olmasını etiraf etməsi kimi qiymətləndirilmişdir. Bundan başqa cavabdehlər yalnız həmin ərazidə tikanlardan ibarət kolların olduğunu iddia etsələr də iş materiallarında olan xx.xx.2024-cü il tarixdə çəkilmiş videogörüntüdə çox sayda iribuynuzlu heyvanın məhz iddiaçının mülkiyyətində olan yaşıllıq ərazidə otlaması müşahidə olunur ki, inəklərdən ibarət iribuynuzlu heyvanların tikanları yeməsi də ağılabatan deyildir.
38. Məhkəmə kollegiyası cavabdehlərin 2024-cü ilin avqust ayında səllimi otlaması, naxır növbəsinin olmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi Xızı rayonu, Fındığan kəndindəki yaşayış evlərindən çox uzaq məsafədə yerləşməklə, çox sayıda iribuynuzlu heyvanın eyni vaxtda iddiaçıya məxsus torpaq sahəsində otlaması onların planlı, yəni naxır şəkilində həmin əraziyə gətirildiyini təsdiq etməklə yanaşı, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsi ilə də həmin vaxt naxır növbəsinin olması təsdiq olunmuşdur.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, yonca bitkisinin biçildikdən sonra yenidən inkişaf etməklə növbəti biçin üçün yaralı bitki növü olmasını və ildə bir neçə dəfə biçilməsinin mümkünlüyünü və iş materiallarında olan “X18” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən hesab edir ki, iddiaçının 2.76 ha torpaq sahəsində bir biçimdə hər hektar əraziyə görə 120 bağlama yemlik yonca bitkisi əldə etmək imkanı olmuşdur. Yığım mövsümündən sonrakı dövrlərdə bir bağlamanın orta satış qiymətinin 5 manat olması nəzərə alındıqda isə iddiaçıya vurulmuş zərərin məbləğinin (330 bağlama x 5 manat = 1650 manat) 1650 manat olması müəyyən edilir.
40. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim edə bilməməsi və buna görə də iddianın rədd edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
41. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsi maddi zərərin əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 1650 manat və 17 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-8/2025 nömrəli qətnaməsi maddi zərərin əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1650 manat vurulmuş maddi zərər və 17 manat dövlət rüsumu olmaqla, cəmi 1667 manat (min altı yüz altımış yeddi) tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdelər tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.