Məhkəmə qərarları › İş №2(105)-587/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-587/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-587/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi: Vüsal Niyaz oğlu İsgəndərovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, həmin mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oradan çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinin likvid dəyərinin 45000 manat müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə 13.07.2017-ci il tarixli L033/2017/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22% faizlə 11139 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə İddiaçı ASC arasında 14.07.2017-ci il tarixli ipoteka müqaviləsinə görə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış RF/45827/64/22 saylı kredit müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış 14.07.2017-ci il tarixli İpoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.07.2015-ci il tarixli, RX0691401 №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanı bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqları müvafiq olaraq 18.07.2017-ci il tarixdə RX ******* saylı Çıxarışla qeydə alınmışdır. Cavabdehə edilmiş müraciətlərə baxmayaraq cavabdeh borc öhdəliklərini lazımınca icra etmir. Belə ki, onun 17.05.2021-ci il tarixə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat banka borcu yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ipoteka predmeti olan mülkiyyətindəki yaşayış evinin likvid dəyərinin 45.000 manat olaraq dəyəndərilməsi hissəsində tamamilə qanunsuz və əsassızdır. Qətnamə qəbul edərkən məhkəmə ipoteka predmetinin qiymətini 14 iyul 2017-ci il tarixli ipoteka müqaviləsinə istinad edərək 45000 olaraq dəyəndirilmişdir. 2017-ci ildən hazırki dövrə kimi daşınmaz əmlakın dəyəri dəfələrlə artmışdır. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirilməmişdir. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(012)-4571/2021 saylı qətnaməsinin ipoteka predmetinin likvid dəyəri 45.000 manat olaraq hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 13.07.2017-ci il tarixli L033/2017/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit sazişindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 22% faizlə 11139 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə aylıq 425.4 manat (sonuncu ay 431.9 manat) ödəniş etməsi müəyyən edilmişdir. İşə əlavə olan 17.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 17.05.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat təşkil edir. İş materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.07.2015-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İşin materiallarında olan 14.07.2017-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka qoyan Cavabdeh1 özünün ipoteka saxlayan İddiaçı ASC qarşısında kredit üzrə öhdəliyinin təminatı kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 45000 manat təşkil edir. İşin materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 18.07.2017-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 20.04.2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanına yönəldilməsi üçün məhkəməyə müraciət edəcəkləri barədə məlumatlandırmışdır. İşə əlavə olan 26.04.2021-ci il tarixli ərizədən müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə bankın tələbinin yönəldilməsi ilə əlaqədar “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş”in qeydə alınmasını İddiaçı ASC ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsindən xahiş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPİQ ŞVB tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında 17/292 №-li 14.07.2017-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanında qeydiyyatdadır. İş materiallarından olan 13.07.2017-ci il tarixli notariat qaydada təsdiq olunan ərizələrdən müəyyən edilir ki, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış mövcud və onlar arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən və razılaşmalardan əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin (ümumi sahəsi 79.1 kv.m) ipoteka ilə yüklü edilməsinə və ya satılmasına etiraz etmirlər. Həmin yaşayış sahəsinə tələb yönəldikdə və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya hərrac) ilə satıldıqda, onlar yaşayış sahəsini könüllü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmağı öhdələrinə götürürlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehlərdir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı ASC-yə ödənilməli olan borc məbləğlərini ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında imzalanan 14.07.2017-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin qiymətləndirmə aktına əsasən 45000 manat olması müəyyən edilmişdir. Tərəflər ipoteka predmetinin qiymətini mübahisələndirmir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilin birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbuledilməzdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş 02 mart 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən müəyyən edilir ki, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 38.000 manat təşkil edir, bu da, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus olan müəyyən edilmiş qiymətdən aşagı olduğu üçün qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 27 avqust 2021-ci il tarixli 2(012)- 4571/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq "xxxx" MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ******************** Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar