Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-59/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, “Azərbaycan X5 Agentliyi” X11 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir), onun nümayəndəsi Nümayəndə4, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-530/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-517/2021 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-277/2021 saylı 08 iyun 2021-ci il tarixli hökmü zərərçəkmiş şəxslərin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.3-cü maddəsi tətbiq edilmiş və hazırkı qərala Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəs ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, üzərində 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərvumtemə əlavə cəzası saxlanılmış, Cavabdeh1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslər Nümayəndə4, İddiaçı və Vüsal Əlicanovun apellyasiya şikayəti təmin edilmişdir. Qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-277/2021 saylı 08 iyun 2021-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması qərara alınmışdır.
2. “İmplant” X6 məhkəmə sorğusuna cavab xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, pasient İddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə müraciət etmiş və gərəkli müayinələrdən keçmişdir, pasient ümumilikdə 170 manat ödəmişdir.
3. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X15 “Akademik M.Ə.Mirqasımov adına Respublikas Klinik Xəstəxanası” X10 məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Babaxan oğlu müayinə və müalicə üçün müraciət etməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, “Azərbaycan X5 Agentliyi” X11 və "xxxx" MMCyə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı müalicəsi üçün 50000 manat və mənəvi ziyanın əvəzi kimi 50000 manat olmaqla, cəmi 100000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 1(012)- 277/2021 saylı 08 iyun 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan X5 Agentliyi "xxxx" MMC-yə məxsus “Man TGS-3360” markalı, **-JT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən Abşeron rayonu, Güzdək qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun Qobu qəsəbəsi, ərazisindən keçən döngəli hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, yəni hərəkətin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda buna riayət etməmiş və əks istiqamətli yola daxil olaraq həmin əks istiqamətli yolla hərəkətdə olan sürücü X2 idarə etdiyi “VAZ 2103” markalı, 0576o05 dövlət qeydiyyat nişanlı (RF) avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin sürücüsü Vüsal Əlicanov başın alın-təpə, çənəaltı və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmin avtomobildə olmuş sərnişin sürücünün yanında əyləşmiş İddiaçı baş beynin əzilməsi, baş beyinin maddəsinin hemorragik kontuziyası (əzilməsi, təpə payında subdural hematoma (yumşaq qişanın altına qanın toplanması) sağ gicgah sümüyünün xətti sınığı, ağciyərlərin əzilməsi, üz sümüklərinin çoxsaylı, basılmış qəlpəli sınıqları, alın təpə nahiyyəsinin, burun nahiyyəsinin, üst dodaq nahiyyəsinin və dilin uc səthinin əzilmiş cırılmış yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Nümayəndə4 məxsus “VAZ 2103” markalı, 0576o05 dövlət qeydiyyat nişanlı avtomobilə 5600 manat maddi ziyan vurmuşdur. Ona görə də, məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin materialllarından görünür ki, Cavabdeh1 Azərbaycan X5 Agentliyi "xxxx" MMC-də sürücü işləyir. Hadisə zamanı Azərbaycan X5 Agentliyi "xxxx" MMC-yə məxsus “Man TGS-3360” markalı, **-JT-*** dövlət nömrə nişanlı avtomobili yol vərəqəsi ilə idarə edilmişdir. İddiaçı müalicəsi üçün faktiki olaraq çəkilmiş xərclərlə birlikdə ümumilikdə 50000 manat xərc tələb olunur. Bundan başqa, İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində onda olan bədən xəsarətləri nəticəsində fiziki ağrılar və psixi izdirab çəkdiyindən ona 50000 mənəvi ziyan da dəymişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-530/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən (15 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC) müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarındakı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarındakı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqelərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 106.1, 106.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-530/2024 nömrəli qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxlılarkən, nə iddiaçı, nə də onun səlahiyyətli nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı tərəfindən məhkəməyə ona dəymiş maddi ziyanın məbləği ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə iş materiallarına əlavə edilmiş məhkəmə hökmündə əks edilmiş iddiaçının yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərinə qiymət verməklə, guya hadisə nəticəsində bərpa edilməz xəsarətlər aldığına istinad edərək, 20000 manat maddi ziyan vurulması qənaətinə gəlmişdir. Məhkəmə işə baxarkən, heç bir araşdırma aparmamış, cavabdeh məhkəmə iclaslarında iştirak edərək, iddiaçıya hadisə baş verən zaman onun müayinə və müalicəsi üçün 7000 manat maddi ziyan ödəməsini bildirməsinə baxmayaraq, bununla bağlı iddiaçının mövqeyini öyrənməkdə maraqlı olmamış, iş materiallarında heç bir sübut olmadığı halda, ağlabatan məbləğ kimi 20000 manat maddi ziyan və 5000 manat mənəvi ziyanın tutulması qənaətinə gəlmişdir. Hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsində iddia tələbinin əsası kimi qeyd edilmişdir ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymiş, iddiaçı bu zərərin miqdarının 50000 manat təşkil etdiyini göstərmişdir. Belə ki, işdə bu barədə mötəbər sübut olmasa da, məlum hadisə nəticəsində iddiaçının ağır xəsarət alması ilə ona 20000 manat məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab etdiyini qeyd etmişdir. Məhkəmənin 20000 manat məbləğində maddi ziyan 5000 manat məbləğində mənəvi ziyan dəyməsini ağlabatan məbləğ olmasını əsas götürülməklə iddianın qismən təmin edilməsi hissəsində məhkəmənin mövqeyi əsaslı olmamışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən işə baxılarkən iddiaçı və onun vəkili məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin nə iddiaçı, nə də onun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Buna baxmayaraq məhkəmə müdafiə mövqeyini üzərinə götürərək, işə iddiaçının iştirakı olmadan baxaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər “Azərbaycan X5 Agentliyi” X13, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər.
14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
15. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
24. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
25. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-530/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya mübahisənin predmeti bölünməz olduğundan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam yoxlanmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 170 manat məbləğində maddi zərər, 5000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
35. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.
36. İşin hallarına görə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-517/2021 saylı qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin 1(012)-277/2021 saylı 08 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
37. Belə ki, Cavabdeh1 "xxxx" MMC-yə məxsus avtomobillə əks istiqamətli yolla hərəkətdə olan sürücü X2 idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin sürücüsü Vüsa Əlicanov başın alın-təpə, çənəaltı və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmin avtomobildə olmuş sərnişin sürücünün yanında əyləşmiş İddiaçı baş beynin əzilməsi, baş beyinin maddəsinin hemorragik kontuziyası (əzilməsi, təpə payında subdural hematoma (yumşaq qişanın altına qanın toplanması) sağ gicgah sümüyünün xətti sınığı, ağciyərlərin əzilməsi, üz sümüklərinin çoxsaylı, basılmış qəlpəli sınıqları, alın təpə nahiyyəsinin, burun nahiyyəsinin, üst dodaq nahiyyəsinin və dilin uc səthinin əzilmiş cırılmış yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Tərəflər arasındakı hazırki mübahisə iddiaçıya dəymiş maddi və mənəvi zərər ilə bağlıdır.
38. Kollegiya tərəfindən apellyasiya şikayətin dəlillərini nəzərə alınaraq İddiaçı “baş beynin əzilməsi, baş beyinin maddəsinin hemorragik kontuziyası (əzilməsi, təpə payında subdural hematoma (yumşaq qişanın altına qanın toplanması) sağ gicgah sümüyünün xətti sınığı, ağciyərlərin əzilməsi, üz sümüklərinin çoxsaylı, basılmış qəlpəli sınıqları, alın təpə nahiyyəsinin, burun nahiyyəsinin, üst dodaq nahiyyəsinin və dilin uc səthinin əzilmiş cırılmış yaraların” aradan qaldırması üçün aparılmış müalicədən sonra üz və baş nahiyəsində fiziki qüsurlar yaranıb-yaranmaması, həmin qüsurların aradan qaldırılması mümkün olub-olmamasının və digər məsələlərin öyrənilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertiza təyin edilmişdir.
39. Aparılmış ekspertiza tədqiqatı nəticəsində əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı baş beyinin əzilməsi, baş beyin maddəsinin hemorragik kontuziyası (əzilməsi), təpə payında subdural hematoma (yumşaq qişanın altına qanın toplanması), sağ gicgah sümüyünün xətti sınığı, ağciyərlərin əzilməsi, üz sümüklərinin çoxsaylı, basılmış qəlpəli sınıqları, alın-təpə nahiyəsinin, burun nahiyəsinin, üst dodaq nahiyəsinin və dilin uc səthinin əzilmiş-cırılmış yaraları, sol diz oynağı nahiyəsinin ön səthinin və sol baldır nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2020-ci ilə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərə görə aparılmış müalicədən sonra üz və baş nahiyəsində hər-hansı fiziki qüsur yaranmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2015 və xx.xx.2020-ci il tarixli rəylərə əsasən İddiaçı sağ gözündəki qüsur xəstəlik nəticəsində yol-nəqliyyat hadisəsindən əvvəl yaranmışdır. Həmin xəstəliyin sağ gözdə görmənin geridönməz təqdim edilmiş kranial KT-qrafık CD və skaneroqrafık görüntülərin ekspert- radioloq tərəfindən tədqiqatı zamanı hal-hazırda üz skeleti sümüklərində rekonstruksion müdaxiləyə səbəb ola biləcək fəsad aşkar edilməmişdir.
40. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinə zərərin vurulması ekspert rəyi ilə və cinayət işi üzrə qəbul olunmuş qərarlarla öz təsdiqini tapsa da, iddiaçıya vurulmuş maddi zərərin məbləği yalnız 170 manat hissəsidə öz təsdiqini tapmamışdır.
42. Belə ki, iddiaçı məhkəməyə çoxsaylı ödəniş qəbzləri təqdim etsə də, məhkəmə araşdırması zamanı həmin ödənişlərin məhz iddiaçıda yol nəqliyyat hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün xərclənməsi mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin maddi zərərlə bağlı hissəsi iddiaçının səhhətinə vurulmuş maddi zərərin həcminə görə əsaslı olmamışdır.
44. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə verilmiş sorğulara cavab olaraq əldə olunmuş məktubların məzmunundan görünür ki, “İmplant” X8 pasient İddiaçı xx.xx.2023cü il tarixində Mərkəzə müraciət etmiş və gərəkli müayinələrdən keçmişdir, pasient ümumilikdə 170 manat ödəmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X13 tərəfindən məhkəməyə ünvanlanmış məktubunda isə ümumiyyətlə İddiaçı Babaxan oğlunun həmin tibb müəssisəsinə müayinə və müalicə üçün müraciət etməməsini göstərilmişdir.
45. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
48. Bundan başqa, işdəki məlum məhkəmə aktları ilə müəyyən edilir ki, hadisə baş verərkən Cavabdeh1 Azərbaycan X5 Agentliyi “15 saylı Xüsusi Təyinatlı Yol İdarəsi" MMCyə məxsus “Man TGS-33360” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh1 “15 saylı Xüsusi Təyinatlı Yol İdarəsi" MMC-də sürücü vəzifəsində işləyir.
49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qət edilmiş maddi və mənəvi zərərin əvəzi Cavabdeh1la birlikdə onun sürücü vəzifəsində işlədiyi “15 saylı Xüsusi Təyinatlı Yol İdarəsi" MMC-dən də tutulmalıdır.
50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının səhhətinə zərərin dəyməsi işin mübahisəsiz halı olduğundan, vurulmuş maddi zərərin məbləği isə yalnız 170 manat hissəsində öz təsdiqini tapdığından, iddia bu hissədə təmin olunmalıdır.
51. Kollegiya həmçinin hesab edir ki, iddiaçının mənəvi zərərlə bağlı iddiası qismən əsaslı olduğundan, 5000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
52. Kollegiya mənəvi zərərin məbləğini müəyyən edərkən, ilk öncə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının səhhətinə dəymiş zərərin həcmini və ağırlığını, bunun nəticəsində iddiaçı tərəfindən keçirilən mənəvi iztirabı, sarsıntını, stressləri, əzab və əziyyətləri nəzərə alır.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
54. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarın 10- cu bəndində plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
55. Yuxarıda qeyd olunanaları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada vurulmuş maddi zərərə görə 170 manat və mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-530/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada vurulmuş maddi zərərə görə 170 (yüz yetmiş) manat və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.