Məhkəmə qərarları › İş №2(105)-606/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-606/2021

17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-606/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı ödənilmiş pula pay hüququnun tanınması və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdeh X1 qarşı ödənilmiş pula pay hüququnun tanınması və pul tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X1 qarşı “ödənilmiş pula pay hüququnun tanınması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh S.M.Bayramovaya Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a ünvanında yerləşən 32-33 saylı mənzilə görə verilmiş 30150 manat məbləğində kompensasiyadan ona çatası payın ½ hissədə müəyyən edilməsi və cavabdehdən 15.075 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh S.Bayramova onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 1995-ci ildə faktiki, xx xxxx 2009-cu ildə isə rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Gülnar adlı bir qızları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a ünvanında əvvəlcə 32 saylı bir otaqları olmuş, daha sonra 33 saylı otağı da əldə etməklə hər iki otaqdan istifadə etmiş və bu ünvan üzrə daimi qeydiyyata alınmışlar. Lakin birgə yaşadıqları vaxt otaqların arasını açmaqla hər iki otağı birləşdirmişlər. Sonradan aralarındakı münasibətlər pozulmuş və 2014-cü ilin noyabr ayının 25-də cavabdeh onu həmin mənzildən qovmuşdur. Bundan sonra o, həmin mənzilə köçürülməsi barədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2016cı il tarixli qətnaməsinə əsasən onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Qarşı tərəf məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, AR X2 MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən AR Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MK-nm xx xxxxx 2016-cı il tarixli qərarı ilə qarşı tərəfin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmaqla həmin mənzildən istifadə qaydalarının müəyyən olunması, 32 saylı otağın onun, 33 saylı otağın isə cavabdehin istifadəsinə verilməsini iddia etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nm xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən qarşı tərəfin apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qarşı tərəf qətnamədən kassasiya şikayəti vermiş, işə Ali Məhkəmədə baxılan vaxtlarda həmin yataqxana söküldüyü üçün iddia tələbi üzrə icraata xitam verilmişdir. Cavabdeh bu vəziyyətdən istifadə edərək yataqxananın sökülməsi ilə bağlı otağa görə müəyyən edilmiş 30150 manat məbləğində kompensasiyanı özü almış, bu ona məlum olduqdan sonra məhkəmə qərarları əsasında o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və ərazi MİS-nə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə qərarları ilə həmin yataqxana otaqlarına hər ikisinin birgə istifadə hüquqlarının olması müəyyən edilmişdir, bu isə yataqxanadakı otağın sökülməsi ilə bağlı verilmiş kompensasiyanın da bərabər şəkildə aralarında bölünməsinə əsas verir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən çəkişmə tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çataraq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Lakin məhkəmə işin bu hallarını, onun da qeyd edilən mənzilə iddiaçı ilə bərabər hüquqlarının olmasını və bu səbəbdən də ona verilmiş kompensasiyasının aralarında bərabər şəkildə bölünməsinin qanuna uygunlugunu nəzərə almayaraq əsaslı olan iddia tələbini rədd etmişdir. Məhkəmə həmin iddia tələbini rədd edərkən həmin kompensasiya məbləği verilərkən yalnız 2 nəfər, cavabdeh və qızı nəzərə alınmış və o həmin vaxt mənzildə yaşamagı üçün onun payın nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv etməklə, onun cavabdeh S.Bayramova qarşı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a ünvanında əvvəlcə 32-33 saylı mənzilə görə verilmiş 31.000 manat məbləğində kompensasiyadan ona çatası payın ½ hissədə müəyyən edilməsi və cavabdehdən 15.075 manat məbləğində pulun, 30 manat köçürdüyü dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili C.H.Eyyubova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən kompensasiya ödənildikdə orada yaşamamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7346/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər S.M.Bayramovaya və qeyrinə qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası təmin edilərək İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a-da yerləşən 32-33 saylı otaqlara köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli aktın məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7346/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbkar İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6a-da yerləşən 32-33 saylı otaqlara köçürülməsi təklif edilmiş, tələbkar birgə yaşamağın mümkün olmadığını əsas gətirərək yaşayış sahəsində yaşmaqdan imtina etmiş və köçürülmə təxirə salınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 171s nömrəli Sərəncamından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə 5 mərtəbəli, 4 girişli 6a nömrəli yataqxanadan 209 ailənin köçürülməsi üçün ailə üzvlərinin sayı 1 nəfər olduqda 25000 manat, ailə üzvlərinin sayı 2 nəfər olduqda 30000 manat, ailə üzvəlrinin sayı 3 nəfər və daha çox olduqda 35.000 manat dəyərində birdəfəlik maddi yardım ödənilir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun sorğusuna cavabından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən 6a nömrəli yataqxana 2018-ci ilin mart-aprel aylarında sökülmüşdür. Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 171c nömrəli Sərəncamına əsasən ailə üzvlərinin sayı iki nəfərdən ibarət olduğu üçün Cavabdeh 30000 manat məbləğində birdəfəlik maddi yardım və 150 manat məbləğində kirayə haqqı ödənilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən 6a nömrəli yataqxanada yaşayan iki nəfərdən ibarət olan ailələrin Siyahısından görünür ki, həmin yataqxanada 32-33 saylı otaqlar üzrə ailə tərkibi 2 nəfər olmaqla Cavabdeh və G.İddiaçı siyahıya alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTB-nin 22 saylı MKS tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx xxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı nikah pozulduqdan sonra, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 6a nömrəli yataqxana, 32-33 nömrəli otaqlarda faktiki olaraq yaşamayıb, həmin otaqlarda faktiki olaraq İddiaçı keçmiş arvadı qızı ilə birgə yaşadıqları üçün yataqxana sökülərkən kompensasiyanın verilməsi onlara şamil olunmuşdur. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan yataqxananın sökülməsi ilə bağlı qeydiyyatda olduğu otaqlara görə verilmiş kompensasiyaya məbləğinə ½ hissədə pay hüququnun tanınması və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini iddia edir. İddiaçı iddia tələbinin əsası olaraq mübahisə predmeti olan yaşayış sahəsini birgə nikah dövründə aldıqlarını, həmin ünvanda yaşadıqlarını, qeydiyyatının həmin ünvana olduğunu və cavabdehlə nikahları pozulduqdan sonra həmin yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə qətnaməsinin olduğuna, hüquqi əsas olaraq Ailə Məcəlləsinin 32, 34, 36-cı maddələrinə istinad etmişdir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 33, 36-cı maddələrinə istinadən qiymət verərək hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin statusu onun tərəflərin birgə nikah dövründə əldə edilmiş və ər-arvadın əmlakının birgə mülkiyyət rejiminə daxil olan əmlak kimi qiymətləndirilməsinə yol vermir, bu barədə iddiaçının göstərdiklərinin hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının özünün izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı 2014-cü il tarixdən həmin ünvanda yaşamamış, yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə qətnaməsi tələbkarın (hazırkı iş üzrə iddiaçı) özünün imtinası nəticəsində icra olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 171s nömrəli Sərəncamına əsasən qəza hallarının qarşısının alınması məqsədi ilə sökülməsi nəzərdə tutulan Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə 5 mərtəbəli, 4 girişli 6a nömrəli yataqxanada yaşayan ailələrin köçürülməsi üçün ailə üzvlərinin sayına uyğun olaraq kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehə müvafiq kompensasiya ödənişi edilərkən 2 nəfər ailə tərkibinə görə, yəni cavabdeh və onunla birgə yaşayan qızına görə ödəniş həyata keçirilmiş, ödənilmiş kompensasiyasının həcmi iki nəfər üçün nəzərdə tutulmuş, iddiaçı faktiki olaraq həmin ünvanda yaşamadığı üçün ona kompesasiya ödənişi şamil edilməmişdir. Odur ki, həmin ödənişdə pay hüququnun tanınması və həmin məbləğin iddiaçıya ödənilməsi barədə iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin yataqxanada 2014-cü ildən yaşamamış və bunlara birinci instansiya məhkəməsi nəzərə alıb, iddianı haqlı olaraq təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)-3588/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar