Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-608/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4662/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdeh "xxxx" MMC-yə (İİİ şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona dəymiş 40.000 (qırx min) manat maddi və 10.000 (on min) manat dəyərində mənəvi zərərin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşları bərpa olunması, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, ona dəymiş 40000 manat maddi ziyan, 10000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi, kompensasiyanın 1 faiz həcmində dövlətə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01.07.2014-cü il tarixdə “X9” MMCdə sanitar-təlimatçı vəzifəsində işləmişdir. Ümumi yığıncağın 24 may 2016-cı il tarixli 03 saylı qərarına əsasən “X9” MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. İddiaçı işə daxil olan zaman iş qrafiki səhər saat 9:00 - 18:00-dək olduğu halda, halbuki onu gecə saat 00:00-dan səhər saat 3-4 radələrinə kimi qeyri-qanuni işlətmişlər. Gecələr sanitar-epidemiologiyaya nəzarət eləmişdir. 19.12.2017-ci il tarixdə dezinfeksiya zamanı kimyəvi dərmanların təsirindən zəhərlənmiş və onu həmin gün 23:40 radələrində Abşeron rayon X10 Stansiyasının müşayiəti ilə X7 Toksikologiya şöbəsinə aparmışlar. 2 gün ərzində - 19.12.2017 və 20.12. 2017-ci tarixlərində iddiaçıya müvafiq tibbi yardım göstərilmiş və sonradan evə buraxılmışdır. Müayinə zamanı ona kəskin infeksion fosfor üzvi birləşmələr ilə zəhərlənmə diaqnozu qoyulmuşdur. Xəstə vəziyyətdə olarkən 20.12.2017-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı əlində bir vərəq xəstəxanada ona yaxınlaşaraq iş yerindən maddi yardımın gətirilməsi ilə bağlı göstərilən yerə imza atmağını xahiş etdiyindən iddiaçı vərəqdə yazılanları oxumaq iqtidarından olmadığından imza atmışdır. Sonradan iddiçıya məlum olmuşdur ki, həmin sənəddə onun işdən azad edilməyi barədə xahiş etməyi göstərilmiş və son haqq-hesab, əmrin surəti, əmək kitabçasının təhvil verildiyi qeyd edilmişdir. 20 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin rəhbərliyi iddiaçını qeyri-qanuni olaraq, işdən azad etmişdir. Onun hüquqi savadsızlığından istifadə edərək ərizəyə qol çəkdirmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən 16.07.2020-ci il tarixli tövsiyə məktubundan görünür ki, "xxxx" MMC-nin əməkdaşı İddiaçı təqdim etdikləri xidmətlərə nəzarət etmiş və xidmətin qəbulunda məsul şəxs olmuşdur. Həmin müəssisədə xidmət göstərdiyi müddət ərzində hər zaman qüsursuz xidməti olmuşdur. Xəstə vəziyyətindən suiistifadə edərək öz xahişi ilə işdən çıxma ərizəsini ona imzalatdırmışlar. Yoldaşı həbsxanada, xəstə vəziyyətində dava-dərmana ehtiyacı olduğu bir vaxtda öz xahişi ilə işdən çıxmağında nə məntiq var idi. O bir ay əvvəl işdən çıxmağı üçün şirkətə müraciət etməmiş, başqa bir işə getmək üçün saziş də imzalamamış, təqaüdə çıxmamış, yaşadığı ünvanı tərk etməmişdir. Rəhbərliyin barəsində verilmiş 464 nömrəli əmr onun əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Vurulmuş mənəvi ziyan fiziki zərərlə, xəsarətlə bağlıdır. Cavabdehin təqsiri üzündən iddiaçı iztirablar, mənəvi sarsıntılar keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zəhərlənmənin hansı şəraitdə baş verməsi iddiaçının əmək vəzifəsinə əsasən yerinə yetirdiyi işlə birbaşa bağlı olduğundan məhkəmənin sadəcə tibbi sənəddə hadisənin harada və hansı şəraitdə baş verdiyinin göstərilməməsinə istinad etməklə iddianın təmin edilməməli olduğu qənaətinə gəlməsi qanunsuz və əsassız nəticə yaratmışdır. Belə ki, ümumiyyətlə tibbi sənəddə tibbi problemin yarandığı yer və şərait deyil, sağlamlığın pozulması halının nədən ibarət olduğu göstərilir. Bu halda məhkəmə məhz hadisə baş verən gün işçinin tələsik işdən azad olunmasına istinad edərək, işi hərtərəfli araşdırmalı idi. Məhkəmə yanlış olaraq AR Əmək Məcəlləsinin 296-cı maddəsinin hazırki mübahisəyə tətbiq etmişdir. Belə ki, həmin məcəllənin 296.4-cü maddəsinə əsasən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin məhkəmə iddianın təmin edilməməsini əsaslandırarkən 1 illik iddia müddətini tətbiq edərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxsin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni ddiaçının sağlamlığında baş verən pataloji dəyişikliklərin cavabdehin təqsirli hərəkəti nəticəsində yetirilməsi barədə işdə hər hansı sübut təqdim edilməməsi, mənəvi zərər tələbinin əsassız olması, iddia tələbinin ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşlarının bərpa olunması, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, kompensasiyanın 1 faiz həcmində dövlətə ödənilməsi hissəsinə münasibətdə hazırkı tərəflər arasında iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, həmçinin iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmış və iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbi ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşları bərpa olunması, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, ona dəymiş 40000 manat maddi ziyan, 10000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi, kompensasiyanın 1 faiz həcmində dövlətə ödənilməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı 01.07.2014-cü il tarixdə “X9” MMC-də sanitar-təlimatçı vəzifəsinə işə qəbul olunmuş, 24 may 2016-cı il tarixli 03 saylı qərarla “X9” MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Sonuncunun 20.12.2017-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ilə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı, vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair iddiası təmin edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı gecə növbəsində ştatdan kənar işlədiyi, qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı, bunun nəticəsində ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdehin təqsirli hərəkəti nəticəsində vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Həmçinin iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəldikdə də məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən hərəkətlər nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbinin bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (İddiaçı şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382., 384.0.1., 385.2., 393., 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-608/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-608/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver