Məhkəmə qərarları › İş №2(105)-620/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-620/2022

06.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-620/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı hüquqi varis hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)- 2947/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı hüquqi varisin hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, yeni yaradılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialında yenidən təşkil edilmiş əvvəlki Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Teniki İdman Cəmiyyətinin (KHVTİC) hüquqi varisi hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1986-cı ilin mart ayından 2014-cü ilin sentyabr ayının 10-a kimi keçmiş “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti”ndə müəllim işləmiş, “Avtomobilin quruluşu” və “Yol hərəkəti qaydaları” fənnini tədris etmiş, işlədiyi müddətdə bilik və bacarığını yüksək səviyyədə şagirdlərə çatdırmışdır. Cavabdeh onun işindən razı qaldığı üçün sonrakı illər 2017-ci ilin mart ayına kimi onunla müqavilələrini yeniləmişdir. “Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti”nin Sumqayıt Avtomobil məktəbi 1992-ci ildən 2012-ci ilə kimi ona əmək məzuniyyətlərinin pulunu ödəmədiyindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəl filialında işləyərkən həmin müəssisənin və “Hərbi Vətənpərvərlik və X1” MMC-nin rəhbərindən həmin dövr üçün əmək məzuniyyət pullarının ona ödənilməsini tələb etmişdir. Müəssisənin hər iki rəhbəri ona bildirmişdir ki, müəssisənin imkanı yoxdur, imkan olan kimi 1992-2012-ci illərdə işlədiyi müddət üçün ödənilməyən əmək məzuniyyətinə görə kompensasiya ödəniləcəkdir. Çünki, Cəmiyyətin əmlakı dövlətə verilmiş, dövlətin əmlakına da Maliyyə Nazirliyi sərəncam verir. O, almadığı dövr üçün məzuniyyət pullarının ona ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə rəsmi ərizə ilə müraciət etmiş, Nazirlik onun yazdığı ərizəni araşdırılıb tədbirlər görülməsi üçün Sumqayıt şəhərində fəaliyyət göstərən 7 saylı region üzrə X3 göndərmişdir. Yazdığı ərizəyə cavab olaraq həmin müfəttişlikdən bildirilmişdir ki, 1992-2014-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə İddiaçı məzuniyyət pulları ödənilməmiş qalmışdır. 08.06.2015-ci il tarixli yoxlama aparılması haqqında qərara əsasən 09.06.2015-ci il tarixli yoxlama aktı yazılmış, 12.06.2015-ci il tarixli yoxlamanın nəticəsi üzrə icrası məcburi olan qərar qəbul edilmişdir. Qərarda 3 ay müddətində istifadə olunmayan illər üçün məzuniyyət pullarının hesablanıb ona ödənilməsi filial müdirinə bildirilmişdir. Buna baxmayaraq, bu günə kimi 19 ilin məzuniyyət pulları hələ də ona ödənilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq onun əmlakı bu Fərmanın 1-ci bəndi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə verilməsi, Fərmanın 6-cı bəndinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın 3-cü hissəsi ilə Cəmiyyətə verilən əmlakın siyahı üzrə qəbul etməsi, qəbul edilmiş əmlakın qiymətləndirilməsini təmin etməsi, cəmiyyətin nizamnamə kapitalı formalaşdırılarkən qiymətləndirilmiş əmlakın dəyərini nəzərə alınması, 8-ci bəndində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görülməsi qərara alınmışdır. Fərmanın qeyd olunan bəndlərinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi üçün əmlakı yeni hüquqi şəxs yaradılmış “Hərbi Vətənprvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilmiş və Vergilər Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazirki iddia tələbi və onu əsaslandırdığı hallar cavabdehlə arasında olmuş mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş qətnamədəki tələb və əsaslardan tam fərqlidir. Göründüyü kimi məhkəmənin iş üzrə bu nəticəsi iddia tələbinin rədd olunması üçün əsas hesab edilə bilməz. Məhkəmənin iş üzrə nəticəsi onun tərəfindən müəyyən edilmiş təkzibedilməz sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi məhkəmənin subyektiv mülahizəsi əsasında deyil, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialına məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddia tələbi hüquqi varis hesab olunması barədədir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılması ilə bağlı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi və əmlakını dövlətə verdiyini nəzərə alaraq onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə verilməsi qərara alınmışdır. Mülki Məcəllənin 59.1. maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Qanunun mənasına görə hüquqi şəxsin ləğvi hüquq və vəzifələri hüquqi varisliyi qaydasında başqa şəxslərə keçmədən onun fəaliyyətinə və mövcudluğuna xitam verilməsidir, başqa sözlə hüquqi şəxsin ləğvi onun bir hüquq subyekti kimi varlığına son qoyulmasıdır. Bu hal iş iş materiallarına əlavə edilmiş və qüvvədə olan məhkəmə aktlarında da öz əksini tapmışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hüquqi şəxsin yenidən təşkili və yaranma əsasları Mülki Məcəllənin 55.1., 55.2., 56.1-56.5-ci maddələrində təsbit edilmişdir. Bu maddələrin məzmununa görə hüquqi şəxslərin yenidən təşkili onların mövcudluğuna son qoyulması demək deyildir. Onlar öz təşkilati-hüquqi formalarını dəyişdirərək, bəziləri öz hüquqi şəxs statusundan imtina etsələr də, öz fəaliyyətlərini davam etdirirlər. Buna görə də onların hüquq və vəzifələri hüquq varisliyi əsasında yeni yaranmış və ya fəaliyyətdə olan hüquqi şəxslərə keçir. Göründüyü kimi hüquqi şəxsin hüquq varisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi şəxsin yenidən təşkil edilməsi yolu ilə yaranır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı bu tələbə məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verir. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməli, iddiaçıya ləğv olunmuş müəssisənin əmlakının verildiyi orqana müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 262.3, 263, 264, 384.0.5, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı hüquqi varisin hesab edilməsi barədə iddia tələbi üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar