Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-623/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə qanunsuz müdaxilələrin dayandırılması, maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-101/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələrinin dayandırılması vəzifəsinin qoyulması, Cavabdeh maddi ziyana görə 1000 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 150 manat məbləğində pulun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1687 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 iyun 2009-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.16 ha olan torpaqdan 0.031 ha torpağı əvəzi ödənilməklə alınmışdır. Qeyd olunan müqavilə Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 19 iyun 2009-cu il tarixdə, 4Ə/864 nömrəsiylə reyestrdə qeydiyyata alınmışdır. Daha sonra həmin müqavilə əsasında qeyd olunan torpağa Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Lakin bəzi səbəblərdən bir müddət həmin torpaq sahəsindən faktiki istifadə edə bilməmişdir. Hazırda isə qeyd etdiyi torpaq sahəsindən istifadəyə Cavabdeh adlı şəxs qanunsuz olaraq mane olur və əsassız olaraq bildirir ki, həmin ərazi ona məxsusdur. Yəni həmin torpaq sahəsinə qanunla müəyyən edilmiş heçbir mülkiyyət hüququ olmadan torpaq sahəsini müxtəlif üsullarla özbaşına tutaraq ona mane olaraq istifadəsinə imkan vermir. Dəfələrlə həmin ərazidə olmuş və hər dəfəsində də Cavabdeh və yanındaki şəxslərin müqaviməti ilə üzləşmişdir. Həmin ərazidə divarda özünə məxsus telefon nömrələrini yazmağına baxmayaraq Cavabdeh qanunsuz olaraq həmin nömrələrinin üzərini rəngləmiş və görünməyinə mane olmuşdur. Nəhayət məcbur qalıb bununla bağlı öncə “102” çağrı mərkəzinə, daha sonra Abşeron rayonu X7 müraciət etmişdir. Onlar da işi araşdırılması üçün aidiyyəti üzrə Saray qəsəbəsinin sahə rəisi Bədrəddin Fərzəliyevə göndərmişdirlər. Lakin təəssüf ki, X5 aparılan araşdırma da heç bir hüquqi nəticə verməmiş və faktiki olaraq pozulmuş hüquqları bərpa olunmamışdır. Belə ki, hazırda ona məxsus olan daşınmaz əmlakın dövlət reyestrindən reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.031 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə ona məxsus olmağına baxmayaraq, həmin torpaq sahəsindən faktiki olaraq istifadəsinə Cavabdeh tərəfindən imkan verilmir və özbaşına qadağa qoyulmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, torpaq sahəsinin plan ölçüdə göstərilən koordinatlar üzrə sərhədlərinin naturada dəqiq müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsinin faktiki olaraq sərhədləri məlum olmuşdur. Həmçinin, həmin torpaq sahəsi açıq ərazidə yerləşir, yalnız iki tərəfdən qonşu hasarları ilə əhatə olunmuş, digər iki tərəfdən isə hasarsızdır. Üzərində hazırda heç bir təsərrüfat fəaliyyəti aparılmamışdır. Göründüyü kimi bu qanunsuz davranış Konstitusiyanın əsas prinsipi olan mülkiyyətin toxunulmazlığının kobud pozulmasıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Cavabdeh 3/15 hissədə pay hüququ ilə məxsusdur. Əgər mübahisə torpaqla bağlı olsaydı, gərək həmin çıxarış əsasında sözügedən torpağa pay hüququ olan digər şəxsləri də cavabdeh qismində cəlb etməli idilər. Lakin iddia tələbinin əsası, yəni əsas mübahisə torpağa müdaxilə ilə bağlıdır. Cavabdeh müdaxilə etdiyi torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsi qonşu torpaqlar olsa da aralarında 50 metr məsafə vardır. Hazırki mübahisənin obyektiv həllinə nail olmaq üçün mülki iş üzrə təkrarən ekspertiza təyin edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertləri tərəfindən yenə də işlə bağlı rəy verilməmişdir. Belə ki, ekspertlər mübahisəli məsələ barədə araşdırma aparmamışlar. Bu səbəbdən onlar mütəxəssisə müraciət etmişlər və həmin mütəxəssis tərəfindən verilmiş rəyə əsasən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Hesab edir ki, mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrin qarşısının alınması Dövlətin əsas məqsədlərindən olduğundan cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə son qoyulmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində, uzun müddətdir ki, iddiaçı özünə məxsus olan torpaqdan faktiki olaraq istifadə edə bilmir, yəni iddiaçı həmin əmlak üzərində sahiblikdən məhrum olmasaydı, bu müddət ərzində torpaq üzərində təsərrüfat işləri aparmaqla və ya torpağı icarəyə verməklə və yaxud digər hər hansı bir formada həmin torpaqdan gəlir əldə edə bilərdi. Buna görə də cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 1000 manat məbləğində kompensasiya tutularaq ödənilməlidir. Cavabdehin öhdəliklərinin icrasından yayınması nəticəsində iddiaçı faktiki olaraq maddi zərərə məruz qalmaqla yanaşı, eyni zamanda bunun nəticəsində daim əsəb və sarsıntı keçirmişdir və bu, iddiaçıda gərginliyin yaranmasına səbəb olmuşdur. Buna görə də, səhhətində problemlər əmələ gəlmişdir. Odur ki, cavabdehdən iddiaçıya dəymiş mənəvi ziyana görə 500 manat məbləğində kompensasiya tutulmalıdır.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-101/2024 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8566 saylı məhkəmə tikintitexniki ekspertizasına görə 50 manat və 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4044 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi (SAP (XİİS) hesabıDövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası MərkəziVÖEN **********; hesabAZ34CTRE********************), vəkil ilə bağlanmış müqaviləyə əsasən ödənilmiş 150 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin mübahisə predmeti olan daşınmaz əmlaka müdaxilə etməklə mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılmasına dəlalət edən hallar müəyyən edilməmiş, torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqlar aşkar edilmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh tərəfindən ona 1000 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iddianın mənəvi ziyan hissəsi də əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 21, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(012)-101/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 iyun 2009-cu il tarixli, AN-İ №0187366 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 (xx.xx.1965) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.16028 ha olan torpaqdan 0.03138959 ha torpağı əvəzi ödənilməklə almışdır. Qeyd olunan müqavilə Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 19 iyun 2009-cu il tarixdə, 4Ə/864 nömrəsiylə reyestrdə qeydiyyata alınmışdır. Daha sonra həmin müqavilə əsasında qeyd olunan torpağa AR DƏDRX-nın Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Lakin bəzi səbəblərdən bir müddət həmin torpaq sahəsindən faktiki istifadə edə bilməmişdir. Hazırda isə qeyd etdiyi torpaq sahəsindən istifadəsinə Cavabdeh adlı şəxs qanunsuz olaraq mane olur və əsassız olaraq bildirir ki, həmin ərazi ona məxsusdur. Yəni, həmin torpaq sahəsinə qanunla müəyyən edilmiş heçbir mülkiyyət hüququ olmadan torpaq sahəsini müxtəlif üsullarla özbaşına tutaraq mənə mane olaraq istifadəmə imkan vermir. Dəfələrlə həmin ərazidə olmuş və hər dəfəsində də Cavabdeh və yanındaki şəxslərin müqaviməti ilə üzləşmişdir. Həmin ərazidə divarda özünə məxsus telefon nömrələrini yazmağına baxmayaraq Cavabdeh qanunsuz olaraq həmin nömrələrinin üzərini rəngləmiş və görünməyinə mane olmuşdur. Nəhayət məcbur qalıb bununla bağlı öncə “102” çağrı mərkəzinə, daha sonra Abşeron rayonu X7 müraciət etmişdir. Onlar da, işi araşdırılması üçün aidiyyəti üzrə Saray qəsəbəsinin sahə rəisi Bədrəddin Fərzəliyevə göndərmişdirlər. Lakin təəssüf ki, X5 aparılan araşdırma da heç bir hüquqi nəticə verməmiş və faktiki olaraq pozulmuş hüquqları bərpa olunmamışdır. Odur ki, məcburiyyət qarşısında qalaraq Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət edir. Belə ki, hazırda ona məxsus olan daşınmaz əmlakın dövlət reyestrindən reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.031 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə ona məxsus olmağına baxmayaraq, həmin torpaq sahəsindən faktiki olaraq istifadəsinə Cavabdeh tərəfindən imkan verilmir və özbaşına qadağa qoyulub. Torpaq sahəsinin plan ölçüdə göstərilən koordinatlar üzrə sərhədlərinin naturada dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsinin faktiki olaraq sərhədləri məlum olmuşdur. Həmçinin, həmin torpaq sahəsi açıq ərazidə yerləşir, yalnız iki tərəfdən qonşu hasarları ilə əhatə olunmuşdur, digər iki tərəfdən isə hasarsızdır. Üzərində hazırda heç bir təsərrüfat fəaliyyəti aparılmamışdır. Hazırki işdə, cavabdehin qanunsuz əməlləri nəticəsində uzun müddətdir ki, ona məxsus olan torpaqdan faktiki istifadə edə bilmir. Məhkəmə təəssüf ki, təqdim edilən sübutlara diqqət etmədən iddiaçının iddia tələbini sübut etmədiyini əsassız olaraq bildirir. Belə ki, torpağa dair təqdim etdiyi mülkiyyət sənədlərindən, mütəxəssis rəyindən aydın görünür ki iddiaçıya məxsus torpaq mövcuddur lakin heç bir əsaslı sübut təqdim etmədiyi halda illərdir cavabdeh qanunsuz olaraq iddiaçıya həmin torpaqdan istifadəsinə mane olur. Nəticədə də iddiaçını əldə etməli olduğu gəlirdən tam məhrum edir. İllərdir qanunsuz müdaxilə nəticəsində istifadə edə bilmədiyi torpaqdan istifadə edə bilsəydi qat-qat artıq gəlir əldə edə biləcəyi halda minimal dəymiş maddi zərər olaraq iddia etdiyi 1000 (min) manat məbləği əsassız olaraq rədd etmişdir. Cavabdehin mübahisə predmeti olan daşınmaz əmlaka müdaxilə etməklə mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Halbuki məhkəmənin qeyd olunan nəticəsi tam qanunsuz və əsassızdır. Məhkəmə mötəbər sübut dedikdə nəyi nəzərdə tutduğunu qeyd etsəydi daha açıqlayıcı olardı. Belə ki, əmlaka dair yekun mötəbər mülkiyyət sənədi mülkiyyətin dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışdır. İddiaçı həmin torpağa dair xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarış təqdim etmişdir. Eyni zamanda həmin çıxarışla naturada göstərilən torpağın üst-üstə düşdüyünə dair mütəxəssis rəyi də də təqdim edilmişdir. Həmçinin cavabdeh torpaqdan istifadəsinə mane olduğunu özü də polisdə verdiyi izahatında təsdiq etmişdir. Bununla belə məhkəməyə də torpaq sahəsində yazdığı nömrələrin silinməsinə dair fotoşəkillər təqdim etmişdir. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. Məhkəmə sadəcə heçbir tədqiqat aparmadan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına istinad edərək rəy verilən ekspert rəylərini əsas götürmüşdür. Hansı ki, qeyd olunan fərmanın icrası 2020-ci ilin sonunadək yekunlaşmalı olduğu həmin fərmanın özündə göstərilmişdir. Hansı ki, oxşar işlə bağlı məhkəməyə təqdim olunan 3-16-16/210/9586 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində necə bir tədqiqatın aparıldığı ekspertin hansı nəticəyə gəldiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin məhkəmə buna da məhəl qoymamışdır. Hazırki işdə heçbir tədqiqat aparılmadan tərtib olunan rəyi daha mötəbər qəbul etmişdir. Bununla belə məhkəmə qətnaməsində də öz əksini tapdığı kimi müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin heçbir məntiqi əlaqəsi olmayan fikrini məhkəmə yəqin ki, daha mötəbər hesab etmişdir. Bir də məhkəmə təqdim etdiyi 2009-cu il tarixli çıxarışı deyil də, cavabdehin belə olmayan başqasına aid 2022-ci il tarixli çıxarışı nədənsə daha mötəbər hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi heçbir sübuta, vəsatətə hərtərəfli və obyektiv baxmamış, hüquqi qiymət də verməmişdir. Belə ki, işə əlavə olunan mütəxəssis rəyində açıq aydın şəkildə aparılan tədqiqatın metodu göstərilərək, gəlinən nəticənin iddiaçıya məxsus torpağın naturada dövlət tərəfindən təqdim edilmiş torpağın mülkiyyət sənədləri üzərində əks olunan kordinatlarla üst-üstə düşdüyü bildirilmişdir. Məhkəmə isə qanunsuz olaraq mütəxəssis rəyində iddiaçıya məxsus torpağın kordinatlarının cavabdehə məxsus torpağın kordinatlarıyla üst-üstə düşdüyünü bildirmişdir. Eyni zamanda məhkəmə qanunsuz olaraq paylı mülkiyyətə dair **********13 reyestr nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə X2 hüququ qeydiyyata alınmış çıxarışı Cavabdeh həmin torpağa tam mülkiyyət sənədi kimi qəbul etmişdir. Məhkəmə müəyyən etdi ki, cavabdehin torpağa dair irəli sürdüyü arqumenti əsassızdır, belə ki onun məhkəməyə təqdim etdiyi çıxarışın surətindən məlum olur ki hardasa paylı mülkiyyətin payçılarından biri olan cavabdeh məhz hansı paya hansı ərazidə sahibdir məlum deyil. Bununla belə ekspertlər real araşdırma aparmasa da mütəxəssis araşdırması nəticəsində gəlinən rəydə torpağın iddiaçıya məxsus çıxarışın, texniki passportun kordinatları ilə üst-üstə düşdüyü məlumdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbi məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmamış, məhkəmə iclasları vaxtı verilmiş vəsatətləri, ərizələri nəzərə almamış, münasibət bildirilməmişdir. Torpaq sahəsi dörd bir tərəfindən hasarlanmamış, iki tərəfdən mövcud qonşuların hasarı var. Cavabdehin iddia etdiyi ərazi ilə onun hasarının arasıdna 10 metr məsafə var. Faktiki olaraq iki tərəfi hasarsızdır. Məhkəmə iddianı rədd etməklə torpağa müdaxiləni qanuniləşdirib. Torpaq sahəsi boşdur, tikili yoxdur. Müdaxilə ondan ibarətdir ki, ərazi boş ərazidir, qonşunun onlara yaxın olan divarında iddiaçı torpağın satışı ilə bağlı telefon nömrəsini qeyd edib, cavabdeh nömrənin üzərini qaraldılır. Polisdə verdiyi izahatı ilə bu hal müəyyən edilir. Həmin əraziyə gedilərkən cavabdeh və qohumu tərəfindən onların həmin ərazidən çıxarılmasına cəhd edilmiş, bildirilmişdir ki, torpaq onlara babalarından qalıb. İddiaçı çıxarışı olan ərazini ödənişi edərək alıb, alqı-satqı müqaviləsi bağlanıb və 2009-cu ildə çıxarış əldə edilib. 2022-ci ildə iddia qaldırılandan sonra cavabdeh ümumi çıxarış gətirib, hansı ki, cavabdeh payçılardan biridir. Məhkəmə həmin payçı ilə onların torpaq sahələrinin üst-üstə düşməsini belə müəyyən edib ki, onlara müdaxilə edən həmin şəxsdir. Məhkəmə kifayət qədər araşdırma aparmamışdır. İddiada göstərilən ərazi mütəxəssis tərəfindən təqdim edilib. Oxşar işlə bağlı məhkəməyə təqdim olunan ekspert rəyində necə bir tədqiqatın aparıldığı ekspertin hansı nəticəyə gəldiyi məhkəməyə təqdim edilmişdir. Özəl mütəxəssis rəyi əldə ediblər, mütəxəssis çıxarışa əsasın koordinatları müəyyən edib. Mütəxəssis rəyində torpağın üst-üstə düşməsi müəyyən edilib. Cavab məktubunda prezident fərmanına istinad olunur, fərmanda isə sözügedən işlərin 4 il müddətinə yekunlaşdırılmasına dair göstəriş verilib, lakin üzərindən 9 il keçməsinə baxmayaraq ortada heç bir nəticə yoxdur, buna görə rəy əsassızdır. İddiaçının hüquqları pozulur. Abşeron Rayon Məhkəməsində icraatda olan oxşar başqa bir işdə tərəf dəfələrlə şikayət verdiyindən, reyestr rəy təqdim edib, lakin hazırki iş üzrə əsassız olaraq rəy verməkdən yayınır.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsinə dair iki sənədi, 1997-ci ildə verilmiş dövlət aktı və torpaq sahəsinə çıxarış var. Torpaq sahəsi 1997-ci ildə verilib, iki hissəli 0,67 ha torpaq sahəsi olmuşdur ki, çox hissəsi mübahisəli ərazidə, az hissəsi isə üzüm bağlarında olub. Dövlət aktları ilə çıxarışların koordinatlarında sürüşmələr var, bu səbəbədn mütəxəssis rəy verməyib. Ümumi torpaq sahəsini yarıya kimi tikmişdir, yarı hissəsini boş saxlamışdır, öz ərazisindən gediş-gəliş üçün ümumi yol ayırmışdır. İddiaçı boş saxladığı üç tərəfi hasar olan ərazinin ona məxsus olduğunu iddia edir, halbuki həmin sahənin üç tərəfi də ona məxsusdur, ora giriş yoxdur, öz sahəsini hasarlamışdır. Ümumi sahənin sağ, sol, aşağı tərəfləri boşdur, öz sahəsindən qonşuların gediş-gəlişi üçün yol ayırmışdır, onlar da bilirlər ki, gələcəkdə aşağıdan hasarını çəkib, yuxarı hissədə də darvaza qoymaq niyyətindədir. İddiaçıya məxsus olan torpaq sahəsinə gəldikdə isə həmin torpaq sahəsini iddiaçıya satan bildiyinə görə Ərəstun adlı şəxs hazırda dələduzluq cinayətinə görə həbsdədir, eyni torpaq sahəsini üç nəfərə satmışdır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh müstəqil tələb irəli sürməyən üçünü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. MH Seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0313 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il qeydiyyat tarixi ilə İddiaçı adına qeydiyyata alınmışdır.
14. Çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,4274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına **********13 reyestr nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və həmin əmlaka payı 3/15 hissədə müəyyən edilmişdir.
15. DƏDKR publik hüquqi şəxsiin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-332/2-9258/2023 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, AA 017563 saylı, xx.xx.2009-cu il tarixli, **********80 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarış əsasında) göstərilən torpaq sahəsinin koordinatları ilə Cavabdeh 3/15 hissədə pay hüququ ilə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında) göstərilən torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
16. DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 32/332/2-5616/24 nömrəli mütəxəssis rəyinə əsasən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
17. DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2- 7976/2025 nömrəli, 20 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra məhkə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
21. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanı
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki:
2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
22. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-101/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-101/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyini və torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələr yaratdığını iddia etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə məxsus torpaq sahələrinin koorrdinatlarına müvafiq olaraq yerləşdiyi ərazinin və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilsə də DƏDKR publik hüquqi şəxsiin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-332/2-9258/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 32/332/2-5616/24 nömrəli mütəxəssis rəyləri ilə hazırkı vaxtda və vəziyyətdə qeyd edilən halların müəyyən edilməsinin mümkünsüzlüyü bildirilmişdir.
26. Məhkəmə kollegiyası tərəfindən də iddiaçıya məxsus Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin koordinarları ilə cavabdehə məxsus Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi, həmin torpaq sahələri hansı ərazidə yerləşməsi, qonşu torpaq sahələri olub-olmaması, Torpaq sahələrinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarının naturada iddia edilən torpaq sahələrinə uyğun olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilsə də həmin halları apellyasiya icraatı zamanı da müəyyən etmək mümkün olmamışdır. Belə ki, DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-332/2-9258/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 32/332/2-5616/24 nömrəli mütəxəssis rəylərində qeyd olunuduğu kimi apellyasiya icraatı zamanı əldə edilmiş DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-7976/2025 nömrəli, 20 may 2025-ci il tarixli imtina məktubunda, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınması, hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılması, torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılmasının təmin ediləcəyi, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı bildirilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqlar yalnız hazırkı tərəflərə aid olmamaqla, ölkə ərazisində bir sıra torpaq istifadəçilərinə də aid olan məsələ olmuşdur ki, bununla əlaqədar olaraq da “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanına əsasən qeyd edilən uyğunsuzluqların mərhələlərlə tənzimlənməsi nəzərdə tutulmişdir. Belə ki, qeyd edilən Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmış, lakin hazıkrı vaxtadək iş üzrə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə qeyd edilən işlər başa çatdırılmamışdır. Buna görə də cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsini müəyyən etmək mümkün olmamışdır.
28. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanına uyğun olaraq, tərəflərin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsini zəbt etdiyini iddia etdiyi halda məhkəməyə müraciət edə bilər.
29. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X3 və Ekspertiza Mərkəz” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin sübut kimi qiymətləndirilməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, həmin rəydə yalnız iddiaçıya məxsus hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsinin naturada göstərilən torpaqla üst-üstə düşməsi qeyd olunmaqla, cavabdehə məxsus torpaq sahəsinin koordinatları ilə iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi və sair hallar müəyyən edilmir. Digər tərəfdən DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-332/2-9258/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 32/332/2-5616/24 nömrəli mütəxəssis rəylərində və 3- 21-3-32/2-7976/2025 nömrəli, 20 may 2025-ci il tarixli imtina məktubunda qeyd edilən halların mövcudluğu halında mütəxəssis rəyinin mötəbər sübut kimi qəbul edilməsi də mümkünsüz hesab olunur.
30. Beləliklə, torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqlar səbəbindən mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, o cümlədən bununla əlaqədar olaraq cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurması sübut olunmamışdır. Buna görə də iddianı təmin etməyən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-101/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.