Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-630/2022 23.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(012)-822/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 15 noaybr 2021-ci il tarixli, 2(012)-822/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia tələbi qismən təmin edilib, Cavabdeh sığorta ödənişi üçün 3249 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və Cavabdeh 50 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 50 manat məhkəmə ekspertizası xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 15 noaybr 2021ci il tarixli, 2(012)-822/2021 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh «Porsche Hamman» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 8118,48 manat pulun və ödənilmiş dövlət rüsumu üçün 30 manat pulun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “OMNİ Finance" MMC BOKT tərəfindən “Azsığorta" ASC-də AZ/MİP/15/0087 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnamə ilə 09.06.2015-ci il tarixdən 08.06.2017-cı il tarixədək sığortalanmışdır. Cavabdeh X4 özünün sahibliyində olmuş “Mercedes-Benz" markalı, **-CZ-*** dövlət qeydiyyatlı avtomobillə 24.09.2016-cı il tarixdə, saat 14:10 radələrində Bakı şəhəri Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək “OMNİ Finance" MMC BOKT-yə məxsus olan “Porsche Hamman” markalı, **-UD-*** dövlət nömrə qeydiyyat nişanla avtomobillə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Bakı BPİ-nin DYPİ-si tərəfindən qeydə alınaraq cavabdeh barəsində KYP 555758 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Azsığorta" ASC tərəfindən “Porsche Hamman" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, maşına dəymiş ümumi ziyan 13300 (on üç min üç yüz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərinin icbari sığortası üzrə 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik ödənildiyindən, zərər məbləğindən 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik və 300 (üç yüz) manat azadolma məbləği çıxılaraq zərərçəkənin bank hesabına, cəmi 8118 (səkkiz min bir yüz on səkkiz) maral 48 qəpik sığorta ödənişi ödənilmişdir. Yol nəqliyyat hadisəsi bilavasitə Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci və 69-cu maddələrinin tələbini kobud şəkildə pozulması nəticəsində baş verdiyinə görə "xxxx" ASC-nin ziyana görə "xxxx" MMC BOKT-ya 8118 (səkkiz min bir yüz on səkkiz) maral 48 qəpik məbləğində etdiyi sığorta ödənişini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 15 noaybr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 14.1-14.3, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 26.01.2017-ci il tarixli, 10-183 saylı məktubundan, mülki işin 13-cü vərəqəsində olan "xxxx" ASC-nin İdarə Heyətinin 06.01.2017-ci il tarixli məktubundan, mülki işin 14-cü vərəqəsində olan "xxxx" ASC-nin Sığorta Hadisələri Departamentinin məktubundan və digər sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Porsche” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin qiyməti 3218 (üç min iki yüz on səkkiz) manat məbləğində dəyərləndirilmiş və faydalanan şəxsə həmin məbləğdə pulu götürmək və ya avtomaşının sözügedən məbləğdə təmiri təklif edilmişdir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı son nəticədə faydalanan şəxsə 13300 (on üç min üç yüz) manat məbləğində ziyan dəydiyini və həmin məbləğdə pulu ödədədiyini əsas gətirərək, icbari sığorta ödənişi ilə təmin edilmiş məbləğində azaldılmasından və azadolma məbləği çıxıldıqdan sonra yerdə qalan 8118 manat məbləğində pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə işi tam, hərtərəfli və obyektiv araşdırmadan, sadəcə iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsaslanan ekspert rəyinə istinad etməklə iddia tələbini 3249 manat məbləğində təmin etmişdir. Lakin sadalanan rəsmi sənədlərdən də göründüyü kimi dəymiş ziyanın real məbləği 3218 manat məbləğində olmuşdur ki, bu məbləğ də icrabi sığorta ödənişi ilə qarşılanan məbləğdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AD seriyalı, 473781 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Porsche Hamman” markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. AB seriyalı, 945340 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Mercedes-Benz” markalı, 90-CZ041 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Bakı şəhəri DYPİ-nin 24.09.2016-cı il tarixli, KYP 555758 №-li inzibati xəta haqqında protokolunun surətindən müəyyən edilir ki, 24.09.2016-cı il tarixdə “Mercedes-Benz” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhər BPİ Yasamal Rayon Polisi İdarəsinin 27.09.2016-cı il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, 24.09.2016-cı il tarixdə saat 14:10 radələrində yol-nəqliyyat hadisəsi toqquşma baş vermişdir. Təqsiri olan şəxs “Mercedes" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Sürücü Cavabdeh sərxoş vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərər çəkən “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin arxa və qabaq hissəsi zədələnmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil 60.000 manat (hər bir hadisə üzrə 300 manat azadolma) məbləğində "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16.02.2017-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 13.300 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01.03.2017-ci il tarixli, 3064/CM-0132/2016-2017 saylı sığorta aktından müəyyən edilir ki, “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından "xxxx" Açıq Səhmdar Cəmiyyəti zərərə uğramış “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13300 (on üç min üç yüz) manat zərər dəymişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərinin icbari sığortası üzrə 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik ödənildiyindən zərər məbləğindən 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik və 300 (üç yüz) manat azadolma məbləği çıxılaraq cəmi 8118 (səkkiz min yüz on səkkiz) manat 55 qəpik sığorta ödənişi edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01.03.2017-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər ödənişi olaraq "xxxx" MMC BOKT-a 8118 (səkkiz min yüz on səkkiz) manat 55 qəpik sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" MMC BOKT-un 13.02.2017-ci il tarixli məktubun surətindən görünür ki, X3 məxsus sığortalanmış “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin vəsaitini onların “Nikoyl” İKB-da olan hesabına köçürülməsi üçün Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/3423 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin 16.02.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı, “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8430 manat müəyyən edilir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunmasını nəticəsinə gələrkən hesab etmişdir ki, Cavabdeh idarə etdiyi “Mercedes-Benz” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8118.55 manat məbləğində sığorta ödənişi edilmişdir. Dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyinə əsasən isə “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8430,0 manat müəyyən edilmişdir.Ekspertiza rəyini təkzib edən hər hansı sübut iş materiallarında mövcud olmadığından Cavabdeh iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən “Porsche Hamman” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci olaraq ümumilikdə 8430 manat təşkil edir. Həmin məbləğdən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4881 manat və 300 manat azadolma məbləği çıxılarsa, nəticə 3249 manat həddində iddia tələbi əsaslı olmaqla iddia tələbi həmin həddə qismən təmin edilməlidir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Məhkəmə kollegiyası iclasında Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş hissədə ləğv edilib, iddianın rədd edilməsinə dair apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 3249 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(012)-822/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-630/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-630/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver